D-8: Azərbaycanın təşəbbüsləri
ilə yaranan canlanma
Pərvanə
Azərbaycan üzv olduğu platformaların
inkişafı, güclənməsi üçün müxtəlif
təşəbbüslər irəli sürür, səylər
göstərir. Bakının bu fəaliyyəti həm
qoşulduğu təsisatları daha da gücləndirir,
nüfuzunu yüksəldir, eyni zamanda daxili həmrəyliyi
artırır, yeni əməkdaşlıq imkanları
açır. Qısa müddət əvvəl İqtisadi
Əməkdaşlıq Təşkilatına (D-8) üzv
olmasına baxmayaraq, Bakı burada da mühüm rola malikdir,
qurumun inkişafı üçün öz töhfələrini
verir.
D-8-dən danışarkən bir məqamı mütləq
vurğulamaq lazımdır ki, məhz ötən il dekabrın
19-da Qahirədə (Misir) keçirilən üzv ölkələrin
dövlət və hökumət
başçılarının XI sammitində Azərbaycanın
yekdilliklə üzv seçilməsi ilə otuz ilə
yaxın fəaliyyət göstərən təşkilat
genişləndi.
Prezident İlham Əliyev yerli televiziya kanallarına
müsahibəsində Azərbaycanın üzvlüyü məsələsinə
toxunaraq deyib ki, D-8-ə qəbul edilməsi ölkəmizin
nüfuzunu bir daha göstərir. Otuz ilə yaxın bundan əvvəl
yaranmış təşkilatın birinci genişlənmə
qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan
olduğunu vurğulayan dövlət başçısı
bildirib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq
aləmdə rolunu göstərir: "Dünyada 60-a yaxın
müsəlman ölkəsi var və məhz Azərbaycan yeni
üzv seçilib. Əlbəttə ki, bu, bizim
üçün həm böyük şərəfdir, həm
də böyük məsuliyyətdir".
Məlumat üçün bildirək ki, Təşkilatın
təməli Türkiyənin təşəbbüsü ilə
1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş,
İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı
ilə təşkil edilən İnkişaf Əməkdaşlıq
Konfransında atılıb. 1997-ci il iyunun 15-də
İstanbulda 8 ölkənin dövlət və hökumət
başçılarının sammitində təşkilat rəsmən
elan olunub, katibliyi İstanbul şəhərində yerləşir.
Bu təşkilatın məqsədi üzv ölkələr
arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı
inkişaf etdirmək, sosial və mədəni əlaqələri
gücləndirməkdir. Ölkəmiz ilk dəfə Prezident
İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi
2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə
görüşündə təmsil olunub. Dövlət
başçısı Zirvə görüşündəki
çıxışında bildirib ki, Azərbaycan
üçün İslam həmrəyliyi xüsusi əhəmiyyət
kəsb edir və ölkəmiz bu istiqamətdə öz
töhfələrini verir.
Birliyin bayrağındakı altı ulduz onun əsas
prinsiplərini simvollaşdırır: müharibə deyil,
sülh, münaqişə deyil, dialoq; ikili standartlar deyil, ədalət;
üstünlük deyil, bərabərlik; müstəmləkə
deyil, ədalətli düzən; zülm və
hökmranlıq deyil, insan haqları, azadlıq və
demokratiya.
Ədaləti və beynəlxalq hüququn norma və
prinsiplərini özünün prioritet məqsədi kimi
qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin
qorunmasında, təşkilat çərçivəsində
əməkdaşlığın daha da dərinləşməsində
mühüm rol oynayır. Bu çərçivədə, həmçinin
geniş regionda təhlükəsizliyin, sabitliyin, rifahın və
qarşılıqlı faydalı əməkdaşlığın
formalaşması, eləcə də iqtisadi və ticarət,
nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə
əlaqələrin inkişaf etdirilməsi vacib əhəmiyyətə
malikdir.
Üzvlərinin əhalisinin sayının ümumilikdə
dünya müsəlmanlarının 60 faizini təşkil edən
və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi"
adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə
olan etimadın bariz nümunəsidir. Xüsusilə Azərbaycanın
zəfəri ilə başa çatan 44 günlük Vətən
müharibəsindən sonra yaranmış yeni reallıqlar
regional və beynəlxalq əməkdaşlıq
üçün imkanları daha da artırdı. Azərbaycanın
enerji, logistika, nəqliyyat və digər sahələrdəki
rolu onu daha da cəlbedici edir.
Təşkilatın yeni hədəfləri
Banqladeşin ev sahibliyi ilə 10-cu Zirvə toplantısında
qəbul edilən və 2020-2030-cu illəri əhatə edən
On İllik Yol Xəritəsidir. D-8 ölkələri təşkilatı
daha güclü və daha da inkişaf etdirməyi hədəfləyən
bu yol xəritəsi ilə ticari əməkdaşlığı
dərinləşdirmək və daxili ticarət həcmlərini
ümumi "D-8" ticarətinin ən azı 10 faizinə
çatdırmağı planlaşdırıblar. Eyni zamanda,
Dəkkə bəyannaməsində tərəflər
irqçilik, ayrı-seçkilik, ksenofobiya və antimüsəlman
çıxışlara qarşı mübarizə aparma iradələrini
təsdiqləyiblər.
Təşkilatın üzvlərindən ikisi -
Türkiyə və İndoneziya "Böyük
iyirmiliy"in (G-20) üzvüdür.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan təşkilat
çərçivəsində bir sıra təşəbbüslər
irəli sürüb ki, bu da onun canlanmasına gətirib
çıxarır. Azərbaycan D-8-in güclü iqtisadi bloka
çevrilməsi məqsədilə təşkilatda
islahatlar, həmçinin iqlim, şəhərsalma və media
sahəsində əməkdaşlıq kimi yeni
mövzuları gündəmə gətirib. Azərbaycanda ilk
dəfə olaraq D-8 həftəsinin keçirilməsi, gənclər
və idman sahəsində əməkdaşlığın
gücləndirilməsi üçün atılan
addımları qeyd etmək olar.
Bakıda keçirilən D-8 Media Forumu üzv ölkələrin
media və informasiya sahəsində malik olduqları
böyük potensialın açılması, bu istiqamətdə
əməkdaşlığın qurulması, mübadilə
baxımından vacib əhəmiyyət daşıyır. Bu
onu göstərir ki, D-8 ölkələrinin əməkdaşlıq
sahələri daha genişdir və təkcə iqtisadiyyat
üzərində fokuslanmayıb, media və kommunikasiya sahəsi
də kənarda qalmalı deyil.
Azərbaycan Prezidentinin "Dialoqun, əməkdaşlığın
və regional həmrəyliyin təşviq edilməsi"
mövzusunda D-8 Media Forumunun iştirakçılarına
müraciətində vurğulanıb ki, Azərbaycan D-8 ailəsinin
üzvü olduğu gündən təsisatın
inkişafı ilə bağlı səylər göstərir.
Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və
humanitar əməkdaşlıq sahələrində
özünü büruzə verir: "Azərbaycanın D-8-ə
üzvlüyə qəbul edilməsindən ötən bir ilə
yaxın müddət ərzində ölkəmizin təşəbbüsü
ilə Bakı şəhərində D-8 ölkələrinin
QHT-lərinin ilk dəfə görüşü təşkil
olunmuş, D-8 Həftəsi çərçivəsində
"D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma
Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat
çərçivəsində əməkdaşlığın
daha da genişləndirilməsinə öz töhfəsini
verməyə davam edəcəkdir".
Eyni zamanda, müraciətdə, media mühitinin
sürətli transformasiyaya məruz qaldığı, qlobal
informasiya məkanında dezinformasiya, saxta xəbərlər,
hibrid təhdidlər, "deepfake"lər, süni intellektin
imkanlarından sui-istifadə və digər manipulyasiya
halları dayanmadan artmaqda olduğu vurğulanıb. Dövlət
başçısı qeyd edib ki, D-8 Media Forumunun əsas vəzifələrindən
biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli
informasiya mühitinin qurulması üçün üzv
ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın
formalaşdırılmasıdır.
D-8 Təşkilatının Baş katibi İsiaka
Abdulqadir İmam Media Forumunda çıxışı
zamanı media sahəsində əməkdaşlığın
əhəmiyyətinə toxunub, Azərbaycanın qurum çərçivəsində
səylərini vurğulayıb. Onun "Azərbaycan D-8-ə
üzv seçilən gündən öz töhfəsini əsirgəməyib,
bu təşkilatda qeyri-adi təşəbbüslərlə
çıxış edib. Ötən ay keçirilən D-8
Yüksəksəviyyəli İqlim və Şəhərsalma
Dialoqunda yol xəritəsi müəyyən olunub", fikirləri
bir daha Bakının təşkilatda önəmli mövqeyini
vurğulayır .
Baş katib bildirib ki, D-8 təşkilatı öz
mövqeyini, həmçinin medianın nüfuzunu və təsir
gücünü artırmalıdır, təşkilatın
tutduğu mövqe beynəlxalq səviyyəyə
çatdırılmalıdır.
Qeyd edək ki, Forumda 8 ölkədən və Təşkilatın
Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə
150-yə yaxın qonaq iştirak edib. D-8 Media Forumu təşkilat
daxilində media sahəsində dialoq qurmaq, həmrəylik,
dezinformasiya ilə mübarizə və s. baxımdan töhfə
verə bilər.
Üç qitəni əhatə edən, 4 trilyon
ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət
dövriyyəsi həyata keçirən, 1,2 milyard əhalini əhatə
edən D-8 daha da inkişafı, güclənməsi
üçün böyük potensiala malikdir. Bakının təşəbbüsləri
isə təşkilatı daha da canlandırıb. Necə ki,
biz buna Qoşulmama Hərəkatında da şahidlik etdik. Məhz
Azərbaycanın sədrliyi dövründə Hərəkat
daxilində həmrəylik gücləndi, təşkilatın
nüfuzu xeyli artdı. Azərbaycanın islam həmrəyliyinə
verdiyi önəm və töhfələr də xüsusi
vurğulanmalıdır.
Ölkəmizin İslam səkkizliyində olması
bir daha sübut etdi ki, Azərbaycan hazırda sürətlə
inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik,
yüksək iqtisadi göstəricilərə nail olan və
dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.
Pərvanə
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.5.