Xalq yazıçısı Anar: “Şəhərin elə
yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də
söz yoxdur”
Azərbaycan dili xalqımızın ən
böyük mənəvi sərvətlərindən, milli
kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan
xalqı öz ana dilinə sahib çıxmaqla milli
varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq
müstəviyə çıxarıb. Müasir dövrdə
bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib. Xüsusilə də Prezident İlham
Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
yubileyinə həsr olunmuş yığıncaqda
çıxış edərkən dilimizə verdiyi dəyər,
ana dilinin qorunması və inkişafı ilə bağlı
dediyi fikirlər ölkə ictimaiyyəti arasında
böyük əks-səda doğurdu. Həmin
yığıncaqda Azərbaycan dilinin yad təsirlərdən
qorunması, onun saflığı və təmizliyi
keşiyində dayanmaq alim, dilçi, şair və
yazıçıların qarşısında mühüm vəzifə
olaraq qoyuldu.
Həmişə ana dilimizin keşiyində duran Azərbaycan
yazıçıları yığıncaqda səsləndirilən
fikirlərə yüksək dəyər verərək onun
qorunaraq gələcək nəsillərə
ötürülməsinə həssaslıqla
yanaşırlar. Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anar AZƏRTAC-a
verdiyi müsahibədə dilimizin hazırkı durumundan, bu məsələdə
ədəbiyyatımızın üzərinə düşən
vəzifələrdən, yazıçıların bu
işin əsas aparıcı qüvvəsi olmasından
danışıb.
-Prezidentin həmin tədbirdəki dilin
saflığının qorunması ilə bağlı
çağırışları müasir dövrdə ədəbi
dilin qorunmasında yazıçıların və söz
adamlarının üzərinə böyük məsuliyyət
qoyur. Həmin vəzifələrin öhdəsindən gəlmək
üçün hansı addımlar atılmalıdır?
- Dilin qoruyucularından biri də ədəbiyyatdır.
Ədəbiyyat dili inkişaf etdirir, dilə yeni sözlər
gətirir, dilə qol-qanad verir, imkanlarını genişləndirir
və sair. Əsrlərin sınağından çıxaraq
daş kitabələrdən üzü bəri uzun, çətin
və şərəfi yol keçən, Dədə Qorqud
qopuzundan, Koroğlu sazından süzülüb gələn
doğma ana dilimiz həzin və şirin ana laylası ilə
canımıza, qanımıza hopub. Füzulinin, Nəsiminin,
Şah İsmayılın, Vaqifin, Səməd Vurğunun
sözündə, şeirinin avazında qanad açan, ana
südü kimi təmiz, dağ çiçəyi kimi təravətli
dilimiz ağız ədəbiyyatı nümunələri olan
bayatılarla, qoşmalarla, nağıllarla, dastanlarla uzun,
enişli-yoxuşlu yol keçib. Ona görə də, dilin
qorunması, inkişafı haqqında həmin
çağırışlara birinci növbədə
yazıçılar münasibət bildirməli və əməl
etməlidirlər. Yəni, dilin inkişafı, zənginləşməsi,
eyni zamanda, yad təsirlərdən qorunması
üçün ədəbiyyatın, söz
adamlarının üzərinə böyük məsuliyyət
düşür.
Texnoloji tərəqqi dövrü ilə əlaqədar
dilə yeni sözlər daxil olur. Onların bəziləri
işlədilməli, yaşamaq hüququ qazanmalı, bəzilərinin
isə qarşılığı tapılmalıdır. Yəni,
indiki mürəkkəb dövrdə ədəbiyyatın da vəzifəsi
dilin qorunması və inkişaf etdirilməsidir.
Mən vaxtilə Milli Məclisin deputatı olanda Mədəniyyət
komissiyasının sədri idim və onda biz “Azərbaycan
dilinin işlənməsi və qorunması haqqında” qanun qəbul
etdik. Həmin qanunda ölkədəki bütün idarə,
müəssisə, təşkilat, market və digər obyektlərin
adlarının, ilk növbədə, Azərbaycan dilində
yazılması, əgər lazım gələrsə, ingilis,
rus, ərəb və ya digər dillərdə olması barədə
müddəa var idi. İndi həmin qanunda yazılanların
kağız üzərində qaldığını görmək
üçün küçəyə çıxıb ətrafa
ötəri göz gəzdirmək kifayətdir. Hətta şəhərin
elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə
də söz yoxdur. Ona görə də bizim
hamımızın vəzifəsi həmin
yığıncaqda qoyulan məsələlərin həllinə,
onların həyata keçirilməsinə nail olmaqdır.
- Anar müəllim, sizcə, ədəbi dilimizin
qorunması üçün ən təsirli vasitə
hansıdır: klassiklərin təbliği, məktəb
proqramları, müasir bədii ədəbiyyatın gücləndirilməsi,
yoxsa mətbuatın dili üzərində nəzarət?
- Açığını deyim ki, “nəzarət”
sözündən xoşum gəlmir, sovet vaxtı onun xeyrindən
çox ziyanını görmüşük. Əlbəttə
ki, bu sahədə mətbuatın danılmaz rolu var. Əsrlər
boyu xəbərlər mətbuat vasitəsilə
yayılıb, mətbuat dilin təbliği və
inkişafında aparıcı rol oynayıb. Son vaxtlar sosial
şəbəkələr bu sahədə mətbuatın
mövqeyinə xələl gətirsə də, qəzet və
jurnallar öz yerini qoruyub saxlamalıdır. Çünki mətbuat
tarixdir, sənəddir, əbədidir, sosial şəbəkə
isə müvəqqətidir. Neçə il, neçə əsr
sonra da arxivlərdən, kitabxanalardan həmin mənbələri
tapmaq mümkündür, bəs sosial şəbəkədə
yazılanları necə əldə edəcəksən?
Bir də təkrar edirəm ki, ədəbiyyatın
rolu daha böyükdür. Yazıçılar Birliyinin rəhbəri
kimi deyə bilərəm ki, dilimizin yad təsirlərdən
qorunması, müdafiəsi və inkişafı
baxımından bədii ədəbiyyatın rolu əvəzedilməzdir.
Dil canlı orqanizmdir. Zaman keçdikcə yeni tələblər
ortaya çıxır və dil ona
uyğunlaşmalıdır.
Sözsüz ki, klassik ədəbiyyatın təbliğinə
xüsusi diqqət yetirmək lazımdır. Bu, çox
ümdə məsələdir. Təəssüf ki, indiki
dövrdə klassik ədəbiyyatın təbliğindən
razılıq edə bilmərik. Yaxşı bir atalar
sözü var: “Keçmişinə güllə atanı gələcəkdə
topa tutarlar”. Onları oxumadan, öyrənmədən,
tanıtmadan ədəbiyyatı təbliğ etmək
mümkün deyil. Klassik yazıçılarımız
haqqında filmlər çəkilməlidir. Yeri gəlmişkən,
deyim ki, mən onlardan dördü - Mirzə Fətəli
Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir
Hacıbəyli haqqında sənədli film çəkmişəm.
İndi də Cəfər Cabbarlı haqqında filmin
ssenarisini yazmışam və çox istərdim ki, onun
çəkilişləri alınsın. Hazırda həmin
filmin çəkilişi üçün vəsait
tapılmır. Bizim digər klassiklərimiz haqqında da filmlər
çəkilməli, başqa müəlliflər də bu
işə qoşulmalıdır.
Bu gün ədəbiyyatı təbliğ etməyin ən
yaxşı yolu televiziya və ekran əsərləridir.
İnsanlar bəzən kitab oxumağa vaxt tapmır, amma ekran
vasitəsilə həm əsəri tanıyır, həm də
yazıçının həyatını görür və
bu, ədəbiyyata marağı artırır. Ona görə
də bu sahəyə mütləq vəsait ayrılmalı,
bu işə ikinci dərəcəli məsələ kimi yox,
prioritet kimi baxılmalıdır.
-Müasir əsərlərin, eləcə də mətbuatın,
televiziya və radionun dili sizi qane edirmi?
-Biz bir neçə dəfə AYB-də həmin məsələyə
həsr olunmuş müşavirə keçirmişik,
xüsusilə mətbuat səhifələrində gedən
dil xətaları ilə bağlı ciddi
narahatlığımızı ifadə etmişik. Efirdə və
mətbuatda gedən dil xətaları, yanlış ifadələr,
jarqonlar barədə konkret misallar, nümunələr göstərmişik.
Yersiz ifadələr, düzgün olmayan cümlə
quruluşu, yol verilən üslub səhvləri haqqında
müzakirələr aparmışıq. Açıq
demişik ki, tamaşaçı və oxucu ilə belə
dildə danışmaq olmaz. Bizim əlimizdən gələn
budur: xəbərdarlıq etmək, yanlışdan çəkindirmək,
düzgün olanı göstərmək, istiqamət vermək.
Bacardığımızı edirik ki, dilimizin
saflığı qorunsun, onun qayda və qanunlarına əməl
edilsin. Lakin onun həyata keçməsi və həlli təkcə
bizdən asılı məsələ deyil...
- Dilimizin gələcəyi üçün hansı tədbirlər
görülməlidir?
- Bu, ötəri iş deyil. Dil hamı
üçün doğma olan məsələdir. Mirzə Cəlil
demiş, o dildəki anamız bizə layla çalıb, gərək
onun saflığını qoruyaq. Bu məsələ ilə
bir ay, bir il, iki il məşğul olmaqla istədiyimizə
nail ola bilməyəcəyik. Bu elə vacib məsələdir
ki, onunla daim məşğul olmaq lazımdır. Hər kəs
bu işi özü üzərinə götürməli və
özündən asılı olanı etməlidir. Birinci
növbədə mətbuat işçiləri öz
yazılarının dil və üslub xüsusiyyətlərinə
xüsusi fikir verməlidirlər. Gərək sən
özün nümunəvi olasan ki, başqalarından da bunu
gözləyəsən. Yazıçı masanın
arxasına keçəndə, qələmi əlinə
götürəndə oxunaqlı və maraqlı yazmaq
haqqında ciddi düşünməlidir. Çox vaxt qəzet
və jurnallarda böyük-böyük materiallar çap
olunur, amma heç kəs oxumur. Elə yazmaq lazımdır ki,
oxucunu cəlb etsin, maraqlı olsun. Həcm heç nəyi həll
etmir, əsas onun mahiyyətidir. Eyni zamanda, dilin xüsusiyyətlərini,
incəliklərini bilən və ondan düzgün, yerli-yerində
istifadə edən müəllifin yazıları həm cəlbedici,
həm də oxunaqlı olur. Yaxşı yazının dili də
yaxşı olur. Müəllifin deməyə sözü,
fikri varsa o, fikrini ifadə etmək üçün dilin ifadə
vasitələrini də tapır, onu çatdırmağa
üsul da. Müəllifin deməyə sözü, tutarlı
fikri yoxdursa, onda ümumi ifadə və ibarələrlə
yazmağa məcbur olur. Bizim ən böyük problemlərimizdən
biri də budur.
525-ci qəzet .- 2025.- 22 noyabr (¹ 213). - S.6.