Şirvan Milli Parkı: günbəgün
canlanan və zənginləşən mənzərə
Zəfərlə yekunlaşan Vətən müharibəsindən
sonra qarşıda duran əsas vəzifələrdən biri
işğaldan azad edilmiş ərazilərdə ekosistemlərin
bərpası və biomüxtəlifliyin qorunması olub.
Əvvəlki dövrdə hərbi fəaliyyətlər,
qeyri-qanuni istismar, meşələrin qırılması və
torpaq eroziyası bölgənin ekoloji balansını ciddi
şəkildə pozub. Bu səbəbdən reintroduksiya tədbirləri
- yəni bölgədən yox olan və ya kəskin azalan
flora, fauna növlərinin yenidən təbiətə
qaytarılması - bərpa prosesinin əsas istiqamətlərindən
biri kimi müəyyən edilib. Yox olan və ya təhlükə
altında olan növlərin populyasiyalarını bərpa etmək,
zəngin təbii biomüxtəlifliyi yenidən
formalaşdırmaq, zədələnmiş ekosistemlərin
tarazlığını bərpa etmək, məcburi
köçkünlərin geri qayıdacağı ərazilərdə
sağlam ekoloji mühit yaratmaq, Qarabağ və Şərqi Zəngəzurun
xüsusi mühafizə olunan təbiət ərazilərini zənginləşdirmək
əsas hədəf seçilib.
İşğaldan azad edilmiş ərazilərdə
reintroduksiya tədbirləri Azərbaycanın ekoloji təhlükəsizliyinin
və biomüxtəlifliyinin qorunmasının əsas istiqamətlərindən
biridir. Bu proses yalnız təbiətin bərpası deyil, həm
də bölgənin sosial-iqtisadi dirçəlişi
üçün böyük əhəmiyyət kəsb edir.
Ekosistemlərin tədricən bərpa olunması və tarixi
növlərin geri qaytarılması Qarabağ və Şərqi
Zəngəzurun gələcək nəsillər
üçün sağlam və davamlı təbii mühitə
çevrilməsinə xidmət edir.
Bu günlərdə Şirvan Milli Parkından
götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə
buraxılıb. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və
Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi
ilə işğaldan azad edilmiş ərazilərdə
növbəti reintroduksiya tədbiri həyata keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis
müavini Arzu Babayevanın sözlərinə görə,
"Azərbaycan Respublikasında ceyranların mühafizəsi,
reintroduksiyası və tarixi areallarının bərpası"
layihəsi çərçivəsində bugünədək
ümumilikdə 424 baş ceyran tarixən
yaşadıqları təbii areallara reintroduksiya olunub.
Ceyranların məhz Şirvan Milli Parkından
seçilməsi təsadüfi deyil. Çünki bu parkda
ceyranlar daha çoxdur.
Bakı-Ələt-Astara magistralının üzərində,
cənub istiqamətdə, paytaxtın təxminən 100
kilometrliyində yerləşir. Parkın girişində ceyran
heykəli qoyulub, düzəngahda isə heyvanlar aləminin
şahzadələri - ceyranlar gəzir.
Şirvan Milli Parkı Prezidentin 2003-cü il 5 iyul
tarixli sərəncamı ilə Bakı şəhərinin
Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin
54373,5 hektarında yaradılıb. Kür-Araz
ovalığının cənub-şərqində, Şirvan
düzənliyində ümumi sahəsi 65580 hektar olan
xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5
hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan
Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə
Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd
yarımsəhra landşaftının başlıca komponentlərini,
adı Azərbaycan Respublikasının "Qırmızı
kitab"ına daxil edilmiş ceyranları və o ərazi
üçün səciyyəvi olan fauna növlərini
qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini
ekoloji maarifləndirmək, turizm və istirahət
üçün şərait yaratmaqdır.
Arzu Səmədova bildirib ki, Milli Parkın ərazisində
relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi
burada bir sıra təbii landşaft sahələrini
ayırmağa imkan verir. Ərazinin əsas hissəsini
yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər
və şoranotlu yarımsəhra düzənliyi təşkil
edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə
aydın nəzərə çarpır. Külək vasitəsilə
yaranan əsas relyef forması - düyün təpəcikləri
ceyranların sığınacağı və mühafizəsi
üçün çox sərfəlidir. Ərazidə
yayı quraq keçən mülayim-isti yarımsəhra və
quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini
şərqdən Xəzər dənizi, şimaldan Baş
Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala
(Qızılqaz) gölü və sair əhatə edir ki, bu da
ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin,
kanalların və gölün suyunun qışda donmaması
ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.
A.Səmədovanın dediyinə görə, Milli
Parkın ərazisində qaraşoranlı, şahsevdi,
duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı,
yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu,
efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu)
bitki formasiyaları üstünlük təşkil edir.
Landşaft, iqlim və relyef xüsusiyyətlərinə
görə Şirvan Milli Parkının ərazisində
xarakterik suda-quruda yaşayanlar və sürünənlər
faunası formalaşıb.
Şirvan Milli Parkının ərazisində 4 növ
suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya
sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası,
Kiçik Asiya ağac qurbağası və göl
qurbağasıdır. Suriya sarımsaqiyli qurbağa nadir və
nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş
növ olduğu üçün "Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının Siyahısı"na və
"Qırmızı Kitab"a daxil edilib və qanunla qorunur.
Şirvan Milli Parkının heterofaunasını 17 növ
sürünən heyvanlar təşkil edir. Bunlardan 3
növü tısbağa, 6 növü kərtənkələ
və 8 növü ilanlardır.
Xəzər gekkonu, koramal, cəld kərtənkələcik,
rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ,
zərif ilanbaş kərtənkələ.
İlanlar: kor ilan, adi su ilanı, su ilanı, zeytuni təlxə,
qızılı təlxə, xaltalı eyrenis, kələz
ilan və cənubi Qafqaz gürzəsi.
Aralıq dənizi və ya quru tısbağası
nadir və nəsli kəsilmək təhlükəsi ilə
üzləşmiş növ olduğu üçün
"Beynəlxalq Təbiəti Mühafizə
İttifaqının Siyahısı"na və
"Qırmızı Kitab"ına daxil edilmişdir və
qanunamüvafiq olaraq mühafizə olunur. Cənubi Qafqaz
gürzəsi Milli Parkın ərazisində geniş
yayılan sürünən növlərdəndir. Tibb
xammalı olan zəhərinə görə gürzə
ilanları qiymətli sürünən növü hesab olunur.
Rəis müavini deyir ki, Şirvan Milli Parkında 230
quş növü qeydə alınıb. Bu zənginlik Milli
Parkın quşların miqrasiya yolunda yerləşməsi və
ərazisində quşların yaşayışı
üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə
göllərin və dənizin dayaz yerlərində əsasən
yaşılbaş ördəklər, fitçi cürə,
boz ördək, marek, bizquyruq, cırıldayan cürə,
enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin
su sahələrində isə qırmızıburun,
qırmızıbaş, kəkilli və dəniz
dalğıcları, güləyən ördək və digər
ördək növləri toplantılar əmələ gətirir.
Göstərilən biotoplarda iyrəncələrə,
qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.
Göllərin ətrafındakı açıq
bataqlıq sahələrdə, dənizsahili nəmli
qumsallıqlar və laqunalarda çovdarçılar,
bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir:
"Qırmızıdöş qaz, boz, ağalın və
ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında
istirahət edir, yarımsəhraların dənli-efemer,
yovşanlı-efemer və digər bitki formasiyaları ilə
örtülü olan sahələrində qidalanır".
A.Səmədovanın sözlərinə əsasən,
Milli Parkda yırtıcı quşlardan çay qaraquşu,
ağquyruq dəniz qartalı, çöl sarı, adi sar,
çöl qartalı, böyük qartalça, məzar
qartalı, ütəlgi, şahin və s. növlərə az
miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb
və cənub-şərq hissəsində çox kiçik
sahələrdə yayılıb: "Azərbaycan və
dünya miqyasında təhlükədə olan quşlardan
Milli Parkın ərazisində 34 növə rast gəlinir.
Onlardan 14-ü yalnız Azərbaycanın
"Qırmızı Kitab"ına, 10-u ancaq "Beynəlxalq
Təbiəti Mühafizə Cəmiyyətinin
Siyahısı"na, 10-u isə həm Azərbaycanın
"Qırmızı Kitab"ına (1989), həm də
"Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin
Siyahısı"na (2002) daxil edilib".
Rəis müavini vurğulayıb ki, parkın ərazisində
yerləşən Böyük və Kiçik Çala
(Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən
qarğı və qamışlıqların əsas sakinləri
su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və
qamışlıq fərələridir: "Milli Parkın ərazisində
Böyük və Kiçik Çala (Qızılqaz-Flaminqo)
gölləri XX əsrin 50-ci illərində parkın ərazisindən
keçən Salyan sutoplayıcı kanalının
dağılması nəticəsində əmələ gəlib.
Göllər su-bataqlıq quşlarının yaşayışı
üçün çox əlverişlidir. Ərazidə Xəzərin,
kanalların və gölün suyunun qışda donmaması
canlıların qış mövsümündə burada
yaşamasına imkan yaradır. Vaxtilə bu göldə
qayıqla gəzmək də mümkün olub. Su
azaldığından indi, bu, mümkün deyil".
Məməli heyvanların Azərbaycanda yayılan
bütün dəstələrinin nümayəndələrinə
Şirvan Milli Parkının ərazisində rast gəlinir.
A.Səmədovanın sözlərinə əsasən, həşəratyeyənlər
dəstəsindən ağdöş və qulaqlı kirpilər,
quldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq,
bığlı, cırtdan və Küli şəbpərələri,
kiçik və böyük nalburunlar, ikirəng könlücə,
dağ könlücəsi, gəmiricilər dəstəsindən
ictimai çöl siçanı, qara və boz siçovullar,
qırmızıquyruq qum siçanı, kiçik və
Kiçik Asiya ərəb dovşanları, dovşankimilərdən
boz dovşan, yırtıcılardan canavar, çaqqal,
tülkü, gəlincik, safsar, porsuq, qamışlıq
pişiyi, çöl pişiyi, kürəkayaqlılardan xəzər
suitisi, cütdırnaqlılardan çöl donuzu və ceyran
Milli Parkda məməlilər faunasının özəyini təşkil
edir. Bu növlərdən ceyran, safsar və çöl
pişiyi "Qırmızı Kitab"a daxil edilib. Xəzər
suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti
Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif
statusla qorunan növlər elan edilib. Bütün yarasa növləri
"Avropa Yarasalarının Qorunması üzrə
Razılaşma"ya (EUROBATS) əsasən mühafizə
olunur.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.15.