“İgidlərin sözü” layihəsinin
ikinci antologiyası təqdim olundu
Muzey Mərkəzində Azərbaycan Mədəniyyət
Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən
müharibədən sonrakı “İgidlərin sözü”
adlı məşhur layihənin ikinci antologiyasının təntənəli
təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, birinci antologiya da Mədəniyyət
Nazirliyinin dəstəyi ilə beş il əvvəl - Vətən
müharibəsində Qələbədən dərhal sonra,
Azərbaycanın 44 gün ərzində erməni
işğalçılarını məğlub edərək
Qarabağın işğalına son qoymasının
ardından nəşr olunub.
Tanınmış şair və ictimai xadim Nigar Həsənzadə
tərəfindən əsası qoyulan “İgidlərin
sözü” layihəsi postmüharibə dövründə
ölkənin mədəni həyatında hadisə olmaqla
yanaşı, həm də istedadlı qaziləri - şairləri,
musiqiçiləri və vokalçıları bir araya gətirən
əhəmiyyətli bir reabilitasiya və sosial layihəyə
çevrilib.
“Layihənin mövcud olduğu beş il ərzində
iştirakçı şairlər ölkənin ən
nüfuzlu məkanlarında çıxış ediblər,
bu heyrətamiz gəncləri dinləmək və onlarla
görüşmək şansı qazanan hər kəsin
böyük marağına səbəb olublar. Onların
böyük uğur qazanan şeirləri antologiyalara daxil
edilib. Qazi-şairlər televiziya və radioda
çıxış etmək üçün dəvətlər
almağa başlayıb və bir çoxu sosial mediada
tanınıb. Onların arasında müxtəlif ədəbi
festivalların, müsabiqələrin, marafonların
iştirakçıları və Prezident təqaüdçüləri
var. 2022-ci ildə bu layihə Şuşada məşhur Molla Pənah
Vaqif Poeziya Günləri festivalının
açılışını edib və həm ölkə
daxilində, həm də xaricdəki həmvətənlərimiz
arasında böyük əks-səda doğurub”, - deyə o
qeyd edib.
Proqramın rəsmi hissəsində Mədəniyyət
nazirinin müşaviri Orxan Fikrətoğlu, şair və
layihənin direktoru Nigar Həsənzadə, Birinci Qarabağ
müharibəsi veteranları - polkovnik-leytenant Elmar Hüseynov
və polkovnik-leytenant Elxan Məmmədov, habelə Milli Məclisin
deputatı Vüqar İsgəndərov çıxış
ediblər.
Gecədə, həmçinin İkinci Qarabağ
müharibəsi qəhrəmanı Denis Quzlayev və Birinci
Qarabağ müharibəsi zamanı həlak olan Azərbaycanın
Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova
da iştirak ediblər.
İkinci antologiyanın təqdimatında şairlər
və musiqiçilər — Qarabağ müharibəsi qaziləri
Eyvaz Eyyub, Miri Abdullayev, Cavid Qasımov, Kərəm Aydın, Məbud
Əhmədov, Fərid Atazadə, İdris Hüseynov, Elşən
Bənnayev, eləcə də layihənin ən gənc
iştirakçısı, səkkizinci “Muğam” Televiziya
Müsabiqəsinin qalibi Həzrət Əzizlinin
çıxışlarından ibarət bədii-musiqili
proqram da təqdim olunub.
525-ci qəzet .- 2025.- 25 noyabr(¹214).-S.14.