Qəhrəmanlarımıza
ehtiram abidələri
Abidələr təkcə daşdan-dəmirdən, mərmərdən,
qranitdən olmur. Yazılan kitab özü də abidədir.
Yadigar Təvəkgülün ardıcıl olaraq
yazdığı "Qisas" əməliyyatı",
"İlğım" və "Qayıtmayan durnalar"
kitabları da həmin abidələrdən biridir. Müəllifin
başdan-başa ürək yanğısı ilə
yazdığı bu kitablar Vətən müharibəsinə
və bu müharibədə mərdlik və qəhrəmanlıq
göstərərək düşmən üzərində qələbə
çalmış Ali Baş Komandanımızın, rəşadətli
ordumuzun, əsgər və zabitlərimizin, vətən naminə
canlarını qurban vermiş şəhidlərimizin,
sağlamlıqlarını itirmiş qazilərimizin misilsiz
hünərinə həsr olunub.
Kitablarda diqqəti cəlb edən bir də odur ki,
müəllif öz hiss və duyğularının təsiri
ilə qələmə aldığı mövzu ilə təkcə
qaynayıb-qarışmır, onun incəliklərinə, dərinliklərinə
məharətlə baş vurur və oxucularını da istər-istəməz
o məkana çəkib aparır.
"Vətən hünər meydanı, cəsarət
meydanıdır" - deyən müəllif düşmən
üzərindəki tarixi qələbəmizi Böyük
Turan arzusu və Ulu Turanın varlığı ilə əlaqələndirir
və şanlı zəfər müjdəsindən iftixarla söhbət
açır. Elə bu məqamda xain və məkrli
düşmənə üz tutaraq nifrətlə deyir: "Səni
bəd və xain əməllərinin, törətdiyin vəhşiliklərin
qəzəbindən kim qurtaracaq? Sən unutma ki, əcəlindən
kam alıb qurda dönən əsgərlərimizin, şəhid
övladlarının yasına, necə deyərlər, toy
quran mərd ata-anaların, daim haqq-ədalətə söykənən,
vətən bayrağına sarılan oğulları olan
qüdrətli bir ölkəyə, igid bir xalqa sənin
gücün çatmaz. Necə ki, çatmadı da. Bunun
üçün sənin nə gücün, nə haqqın,
nə ləyaqətin, nə də qüdrətin var..."
"Qisas" əməliyyatında xüsusi fədakarlıq
göstərmiş Nəzər Əzizov və onun kimi şəhidlərimizin
timsalında müəllif Vətən sevgisinin müqəddəsliyindən,
Vətən yolunda şəhid olmağın xoşbəxtliyindən
söz açır. Vətən sevgisini və məğrurluğunu
ata-anasından öyrənən Nəzər çətinliklərə
məharətlə sinə gərir, ən ağır
döyüşlərdə ölümün gözünə
dik baxaraq şəhid olur. Ağacəlil atanın, Cəmafət
ananın şəhid oğulları barədə ürək
sözləri təkcə kədər deyil, həm də məğrurluq
və qürur ifadəsi kimi diqqəti cəlb edir:
İçindən qırılıb parçalanmışdı,
İndi kimi vardı əldən tutası?
O, dünən Nəzərin atası idi,
Bu gündən olmuşdu şəhid atası.
Ananın gəldiyi qənaət isə bu misralarda əks
olunub:
Sözüm də tükənib "balam" deməkdən,
Yastığı, döşəyi Vətən
daşıdır.
Yorğanı qar olub sinəsi üstə
Bəlkə sənin qoynun bizdən
yaxşıdır.
Vətənə şəhid verən ata-ana
üçün "bu dərd dərdlərin gözəlidir"
deyən müəllif ürəkləri, qəlbləri ovudan
bu təsəlli ilə vətənpərvərliyin, yenilməzliyin
nə qədər böyük və uca olduğunu, eləcə
də ürəklərində kədər və fəxarət
hissini birlikdə daşıyan ata-ananın vətən yolunda
hər şeydən keçməyə hazır
olduqlarını faktların dili ilə oxucuya
çatdırır.
Zirvədə şığıyan bir qartal idi,
Bir gecə dərəyə endi, Nəzərim.
Düşmənlə qisasdan gözü doymadı,
Əsl Koroğluya döndü Nəzərim - deyən
müəllif Nəzərin yadigarları olan azyaşlı
körpə uşaqların dilindən cəbhələrdə
döyüşən ataya çatdırır ki, ata, sən
bizim kimi uşaqlar sevinc içərisində yaşasınlar
deyə əsirlikdə qalan həmyaşıdlarımız
xilas olsunlar deyə vuruşursan. Buna görə biz səninlə
fəxr edirik!
Vətən, Bayraq və ana istəklərini bir rəmz
kimi özündə birləşdirən "Bir igid
ömrü" poemasında müəllif sıravi
döyüşçü Nəzər Əzizovun və digər
igidlərimizin nümunəsində qisasın qiyamətə
qalmadığından, vətən oğullarının hərbi
xidmətə və döyüşlərə ürəklə
can atmalarından, general Polad Həşimovun bir sərkərdə
kimi igidliyindən, qayğı və
mehribanlığından, əsgər və zabitlərimizin
ona olan hörmət və ehtiramından bəhs olunur.
İgid əsgərlərin gəzir dilində,
Hamıya diqqəti, mehribanlığı.
Ordumuzun zəfər salnaməsində
Tarixə çevrilib qəhrəmanlığı.
Kitabdakı şeirlərdə Ali Baş
Komandanımızın dəmir yumruğu böyük
qürur və fəxarət hissi ilə vəsf olunur:
Torpağında illər boyu at oynadan düşməni
Vurub dəmir yumruğuyla məhv etdi Baş Komandan.
Vətənə layiqli övladlar bəxş etməklə
mərdanə bir ömür yaşayan ata-anaların əzəməti,
oğullara ata-ana tövsiyələrinin gərəkliyi, bu
qarşılıqlı istəyin uğurlu nəticələri
bu şeirlərdə fəxrlə tərənnüm olunur.
Həmvətənlərimiz, soydaşlarımız
vaxtilə düşmən təcavüzü nəticəsində
onların əlindən alınmış torpaqlarına
qovuşmalı, öz doğma yurd-yuvalarına, el-obalarına
qayıtmalıdırlar. Bu arzu və istək müəllifin
"Göyçəyə" şeirində də öz əksini
tapıb.
"İlğım" kitabında müəllif hərbi
təyyarəçi şahini Şaban Yunusovun və onun
döyüş yoldaşlarının hünərindən
söz açır. Təyyarəçi oğlu ilə fəxr
edən, uzun müddət üzünü görə bilmədiyi
övladının nə vaxtsa qayıdacağı ümidi ilə
gözlərini göylərə dikən ananın ürək
çırpıntıları bir-birindən maraqlı
misralarda əks olunub. Atasını vaxtsız itirmiş
Şabanın hələ kiçik yaşlarından üzləşdiyi
çətinliklərdən söhbət açan müəllif
"Tükəzban ananın güman yeri, ümid
çırağı idi Şaban" deyərək, onun
yaşadığı hiss və duyğuları təsirli ifadələrlə
əks etdirib.
Müəllif hərbi təyyarəçi
Şabanı "göylər qartalı" adlandıraraq
yazır:
Vətənin ən ağır, çətin
günündə
Bir yerdə dayanıb qərar tutmadın.
Gah oldun təlimdə, gah da döyüşdə,
Evdə dincəlmədin, evdə yatmadın.
Müəllifin "Qayıtmayan durnalar" kitabı
Vətən müharibəsində qalib gəlmiş Azərbaycanın
mərd oğullarına, o cümlədən Kürdəmir
rayonundakı şəhid Tahir İslamov adına Dəyirmanlı
kənd tam orta məktəbin şəhid məzunlarına,
qazi və müharibə veteranlarına həsr olunub.
Adlarını tarixə yazmış şəhidlərimizdən
Tahir İslamov, Şaban Yunusov, Mübariz Osmanov, Əsgər Yəhyayev,
Teymur İsgəndərli, Qurban Rəhimov, Nəzər
Əzizov vaxtilə həmin orta məktəbdə oxuyublar.
Adları çəkilən şəhidlərin bir vaxt məzun
olduqları məktəbin müəllim və şagirdləri
onların xatirəsini daim əziz saxlayır.
Şəhidlərimizə göstərilən daimi
hörmət və ehtiram Yadigar Təvəkgülün
kitablarında öz geniş əksini tapıb.
Tofiq ABDULLAYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.14.