"Dönür sözə,
sözdə qalır..."
GÖRKƏMLİ MÜHACİRƏTŞÜNAS
ALİM ABİD TAHİRLİNİN 70 YAŞINA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Azərbaycan
mühacirət ədəbiyyatı" şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru, Lənkəran
Dövlət Universitetinin professoru Abid Tahirli bu gün ədəbiyyatşünaslıq
elmində mühacirət dövrü ədəbiyyatı və
mətbuatının əsas, aparıcı tədqiqatçılarından
biridir. O, Azərbaycan ədəbiyyatşünaslıq elmində
bu istiqamət üzrə ixtisaslaşan az sayda alimlərimizdəndir.
Abid Tahirlinin bütün həyat və fəaliyyəti
ziyalılıq nümunəsidir. O, yorulmaz tədqiqatçı,
istedadlı publisist, tələbələrinin yolunu həyəcanla
gözlədiyi, mühazirəsini həvəslə dinlədiyi
mahir pedaqoqdur, nümunəvi ailə
başçısıdır, halal nəsildən gələn,
saf kökdən şaxələnən layiqli övladdır!
Yumşaq təbiətinə, həlim xasiyyətinə, təbəssümlü
simasına aldanmayın! Yeri gələndə, misal
üçün, kiminsə haqqı tapdalananda sərt
mövqeyini ortaya qoyandır, sözü şax üzə deyəndir
Abid müəllim!
Əgər bu nurlu, işıqlı insanın
xarakterini bir sözlə ifadə etmək lazım gələrsə,
fikirləşmədən "əməksevərliyi" seçərdim.
Çünki professor Abid Tahirli qibtə ediləcək qədər
işgüzar, zəhmətsevərdir. "İstedadın 90
faizi zəhmətdir" - kəlamının hikmətinə,
doğruluğuna Abid müəllimin həyat və
yaradıcılıq yolunu incələyəndə, izləyəndə
bir daha əmin ola bilərsiniz. A.Tahirli gəncliyinin ən
gözəl illərini ölkəmizdə və xaricdəki
arxiv, kitabxana və muzeylərdə keçirən, istirahətini,
əyləncəsini tozlu sənədlərin
araşdırmağa dəyişən, əldə etdiyi ən
kiçik elmi uğura belə körpə uşaq kimi ürəkdən
sevinən elm, düşüncə, əqidə
adamıdır. Özü də etiraf edir həyatının
mənasını, ömrünün xoşbəxtliyini
sözdə axtardığını, sözdə
tapdığını: "Mən bütün gün ərzində,
hər yerdə-evdə, müxtəlif mərasim və tədbirlərdə,
səfərlərdə, işdə, hətta yuxuda...
"yazmaqla", imkan tapan kimi düşündüklərimi
ağ vərəqə köçürtməklə məşğulam.
Qələmim düşüncəmin, əqidəmin, ruhumun,
təxəyyülümün aynasıdır, eynən onlar
kimidir, sədd-sərhəd tanımır, xoş məramlıdır,
milli, dini dəyərlərdən qidalanır. Elmi-publisistik
yazılarımın mövzusu, toxunduğum problemlərin əhatə
dairəsi zəngin və genişdir, böyük əksəriyyətinin
qarşısında "ilk dəfə" sözünü
cəsarətlə, əminliklə dilə gətirməyi
oxucunun ixtiyarına buraxıram".
Abid müəllimin "Əvvəl qəlbim, sonra qələmim
susacaq" məqaləsini oxumusunuzmu? Mütləq oxuyun!
İçdən gələn bu yazı ədibin iç
dünyasının tanıtımıdır, zəngin mənəvi
aləminin sözdə əks edilmiş
güzgüsüdür, etiraflarından
hörülmüş portretidir. Həcmi böyük olmasa da,
məna yükü çox ağırdır, təsirlidir,
inandırıcıdır.
Sözü ucaldan, sözü ilə də
ucalmağı bacaran bu işıqlı ziyalıdan 70 illik
yubileyi günlərində söz açmaq təkcə Abid
Tahirliyə yox, sözü müqəddəs sayan
bütün söz adamlarına, ilahi sözə ehtiramın
nişanəsidir.
Alimin publisistik və elmi fəaliyyəti, demək olar
ki, bütünlüklə tariximizin mühacirət
dövrü ədəbiyyat və mətbuatını
araşdırmağa həsr olunub. 1997-ci ildə AMEA Nizami
adına Ədəbiyyat İnstitunda "Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığı (mühacirətəqədərki
dövr)" mövzusunda namizədlik, 2006-cı ildə BDU-da
"Azərbaycan mühacirət mətbuatında publisistika
(1921-1991-ci illər)" mövzusunda doktorluq
dissertasiyalarını müdafiə edib. Biri Türkiyədə
olmaqla, mühacirət ədəbiyyatının tədqiqinə
dair 19 kitabı işıq üzü görüb. Mühacirət
tariximizin ünlü siması olan Nağı
Şeyxzamanlının həyat və
yaradıcılığı haqqında, eləcə də
"Mühacir ədiblərin imzaları" adlı yeni
monoqrafiyaları bu yaxınlarda oxucuların ixtiyarına veriləcək.
A.Tahirlinin elmi fəaliyyəti haqqında respublika və
xarici ölkə nəşrlərində 200-dək məqalənin
dərc edilməsi onun mühacirətşünas alim kimi həm
ölkəmizdə, həm də xaricdə söz və
nüfuz sahibi olmasından xəbər verir.
Xatırladaq ki, ədəbiyyatşünaslığımızda
mühacirət dövrü ədəbi irsinin və mətbuatının
sistemli, ardıcıl araşdırılmasına 2013-cü
ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda "Azərbaycan
mühacirət ədəbiyyatı" şöbəsi
yaradıldıqdan sonra başlanılıb. 2016-cı ildən
bəri "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasından
10-a yaxın kitab işıq üzü görüb və bu nəşrlərin
ərsəyə gəlməsində Abid Tahirlinin də
özünəməxsus rolu olub.
Professor A.Tahirlinin Azərbaycan mühacirət ədəbiyyatı
və mətbuatının araşdırılması istiqamətindəki
elmi fəaliyyətindən bəhs edən alim və jurnalistlərin
fikri bir nöqtədə tam üst-üstə
düşür ki, o bu mühüm sahənin
özülünü qoyanlardan, yorulmadan külüng
çalanlarındandır.
Ceyhun Hacıbəylinin həyat və
yaradıcılıq yolunun tədqiqi, Azərbaycan mühacirət
probleminin, o cümlədən mühacirət mətbuatı
tarixinin araşdırılması, mühacirət mətbuatı
biblioqrafiyasının hazırlanması və nəşrində,
görkəmli mühacir ədiblərin irsinin tədqiqində
A.Tahirlinin böyük zəhməti var.
Mühacirətşünas alimin hələlik nəşr
edilmiş son tədqiqat işi olan "Abay Dağlının
həyatı və yaradıcılığı"
monoqrafiyasını Xalq yazıçısı Elçin
alimin yeni yaradıcılıq uğuru adlandıraraq
yazırdı: "Abid bu silsiləni belə bir
ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi
mühacirətşünaslığımızın mənzərəsi
bütövlük, müfəssəllik baxımından
qazanmış olar".
Ədəbiyyatşünas alimlərin fikrincə,
A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı
ilə bağlı araşdırmalarında, məqalə və
monoqrafiyalarında qələm sahiblərinə hörmət,
ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət
tədqiq və təhlil obyektinə ciddi və obyektiv
münasibətdən gedir.
Tədqiqatçı mühacirət
dövrünün araşdırılmasını ədəbiyyatşünaslığın
vacib qolu hesab edərək yazır: "Çağdaş ədəbiyyatşünaslığın
qarşısında duran mühüm vəzifələrdən
biri də mühacirət irsinin yaranmasını şərtləndirən
amillərin, onun yaradıcılarının həyat və fəaliyyətinin,
ədəbi, publisistik nümunələrin ideya, məzmun, sənətkarlıq
problemlərinin müasir tələblər səviyyəsində
araşdırılması, dəyərləndirilməsidir".
Professor A.Tahirli dövrü mətbuatda, sosial şəbəkələrdə,
radio və televiziyada müntəzəm olaraq mühacirət ədəbiyyatının,
mətbuatının araşdırılması ilə
bağlı məqalələr yazır,
çıxışlar, paylaşımlar edir. Akademik İsa Həbibbəyli
"Abid Tahirli geniş mənada elmi-publisist əsərləri
ilə azərbaycançılıq ideyalarına ləyaqətlə
və uğurla xidmət edən vətəndaş
ziyalıdır", professor Rüstəm Kamal "Abid
Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki
detalla portreti canlandıra bilir" deyir, professor Məhərrəm
Qasımlı onun elmi fəaliyyətini "bir mücadilə"
adlandırır.
Mühacirətşünas alimin "Azərbaycan
mühacirət mətbuatı" - I hissə (2002), "Azərbaycan
mühacirət mətbuatı" - II hissə (2003) və Azərbaycan
mühacirət mətbuatında publisistika" (2005)
kitabları mühacirət tariximizlə bağlı
boşluğu dolduran maraqlı tədqiqat əsərləridir
və ədəbiyytımızın həmin istiqamətdə
qızıl fondunu təşkil edir. Bu əsərlər
günümüzdə Azərbaycan mühacirətinin həyat
tərzi, təşəkkül tarixi, sosial tərkibi
haqqında ən dəyərli mənbə rolunu oynayır.
Ceyhun Hacıbəyli "Xalq xadiminin xatirəsi" məqaləsində
yazır: "Cəmiyyətdə bir qisim adamlar var ki, onlar
hay-küysüz, səsiz-səmirsiz iş görməklə,
xalqa fayda verməklə məşğuldurlar. Onlar şan-şöhrət
naminə yox, xalqın tərəqqisi, maariflənməsi
üçün ömür-günlərini şama döndərirlər".
Ədibin bu sözlərini professor Abid Tahirliyə də aid
etmək olar. "Millətə xidmət etmək istəyirsən,
əlindən gələn işlə başla!"
İsmayıl bəy Qaspıralının sözləri ilə
desək, Abid Tahirlinin mühacirət irsini belə səbirlə,
dəqiqliklə araşdırması xalqına ən
böyük xidmətidir.
Abid Tahirli bu gün elmi və publisistik
yaradıcılığını qoşa qanad kimi paralel
aparır. Məqalələrinin birində qələmi, məsləki
və idealı haqqında yazır: "Qələmimin əlimdən
düşəcəyi gün mən yoxam, başqa sözlə
desəm, yaradanımdan ölümümdən sonra qələmimin
əlimdən düşməsini təmənna edirəm. 50 il
mən qələmdən, qələm mənim əlimdən
tutdu, bir-birimizə həyan, dayaq olduq. Bircə dəfə də
olsa, bircə sətir, bircə cümlə də olsa əyri,
yalan, şər, böhtan, iftira, anonim yazmadım, haqqa göz
yumub haqsızı müdafiə etmədim, ləyaqətlinin,
layiqlinin ünvanına ən xoş, ən təzə, ən
təravətli, ən saf, ən sərrast, ən səmimi
sözləri söylədim, məddahlıq etmədim,
doğrunu, düzü yazdım. Ən ağır, ən
acı, çətin, dar günlərimdə, kədər, qəm,
qüssə mənə hücum çəkəndə -
babamı, valideynlərimi, bacımı itirəndə
də qələmimə sığındım, onunla ovundum,
sakitləşdim, onun köməyi ilə təsəlli, təskinlik
tapdım, büdrəmədim, yıxılmadım. Ən
xoş, ən sevincli günlərimi onunla
bölüşdüm, onunla paylaşdım".
Professor Abid Tahirli ömrünün 70-ci - yubiley
payızına bahar ovqatı, gənclik əhval-ruhiyyəsi,
ovqatı ilə qədəm qoyur. Maşallah, xarici
görünüşü, qıvraqlığı, iş ahəngi
70-i göstərmir. Hələ ardıcıl çap etdirdiyi
kitabları demirik. Abid müəllimi bu yaşında da belə
gənc saxlayan, şux göstərən bilirsiniz nədir?
Simasındakı ilahi nurdur, elmindən, idrakından, iç
dünyasının təmizliyindən, qəlbinin
paklığından qaynaqlanan işıqdır, fitri istedadla
gərgin zəhmətin çarpaşıq
harmoniyasıdır, adının taleyinə gətirdiyi ilahi
hikmətdir, həyata, insanlara, sevdiyi işinə, qələminə
bəslədiyi sonsuz məhəbbətdir!
Şair Məmməd İsmayıl ölməz söz
sərrafı M.Şəhriyarın həyat və
yaradıcılığını təhlil edərkən tədqiqatını
bir fikirlə ümumiləşdirmişdi: "Millət fərdlərinin
sayı ilə deyil, mərdlərinin sayı ilə
tanınır". A.Tahirli millətinin elə mərd
övladlarındandır ki, fəaliyyəti,
yaradıcılığı gələcək nəsillərə
örnək kimi nümunə göstərilə bilər. Onun
elmi-publistik-bədii irsi xalqımızın milli sərvətidir.
Abid Tahirlinin 70 illik ömründə qazandığı sərvət
bütün ömrü boyu sətir-sətir
yazdığı elmi araşdırmalarıdır, min bir zəhmət
bahasına ərsəyə gətirdiyi əsərləridir.
O əsərləri ki, qəhrəmanlarının həyat və
fəaliyyətlərində, həm də özünün
fikir və düşüncələrini, duyğu və hisslərini
əks etdirərək sözün, zamanın yaddaşına
köçürə bilib. Yazdığı hər kitabda
özünün də bir alim, publisist, müəllim,
yaradıcı insan kimi portretini yaradıb Abid müəllim...
Qələm-Adam, Söz-Adam! Yaradıcılıq həvəsiniz,
yazıb-yaratmaq sevginiz dediyiniz kimi: "Dönür sözə,
sözdə qalır..." Söz bulağınızın
gözü heç vaxt bağlanmasın, ilham çeşməniz
axarlı, coşqun olsun! Həmişə belə yorulmadan, bəhrəli
çalışın! Şair demişkən:
"Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!"
Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.13.