Mirzə İbrahimov
"Azərbaycan " qəzetində (1945-1946-cı illər)
Mirzə İbrahimov 1941-1946-cı illərdə Cənubi
Azərbaycanda baş vermiş Milli hərəkatda iki statusda
iştirak edirdi. Birinci, cənublu yazıçı və
ziyalı, kommunist kimi, ikinci isə stalinçi bolşevik,
beynəlxalq Kommunist hərəkatının əqidəli məxfi
döyüşçüsü kimi. 1941-ci ildə onun cəmi
30 yaşı vardı, Bakıda Azərbaycanın Maarif
komissarı vəzifəsini tuturdu. Onun bu fəaliyyətinin
leqal tərəfləri öz publisistikasında, xüsusilə,
1946-1956-cı illərdə yazdıqlarında öz əksini
tapmışdı. Lakin Mirzə İbrahimovun beynəlxalq Kommunist
hərəkatının məxfi
döyüşçüsü, İran Kommunist hərəkatının
təəssübkeşi kimi fəaliyyəti hələ kifayət
qədər işıqlanmayıb. Ədib özü ciddi
konspirasiyaçı idi, öz siyasi fəaliyyətinin məxfi
tərəflərini gizli saxlamağa
çalışırdı.
Sovet Ordusu 1941-ci ilin 25 avqustunda İran ərazisinə
daxil ediləndən sonra Mirzə İbrahimov Təbrizdə
çıxan Qızıl Ordu qəzetinin redaktoru təyin
edildi. İlk sayı 17 sentyabrda çıxan "Vətən
yolunda" adlı bu qəzet ərəb əlifbası ilə
və Azərbaycan dilində çıxırdı. Demək
olar ki, bu qəzetin ancaq adı ordu ilə bağlı idi, əsl
mahiyyəti isə Moskvanın İranla bağlı
planları, İran Kommunist partiyasının ölkədə
ictimai rəyi nəzarətə almaq istəkləri ilə əlaqəli
idi. Mirzə İbrahimov isə təkcə siyasi işçi
və jurnalist kimi deyil, həm də Kommunist həyat tərzinin
nailiyyəti, onun canlı təşviqatçısı kimi
çıxış edirdi. Məsələn, 1941-ci ilin
noyabrında Təbrizin "Şire-Xurşid" teatrında
"Faşizm mədəniyyətin qəddar düşmənidir"
mövzusunda mühazirə oxumuşdu və "Vətən
yolunda" qəzetində (13 noyabr) xəbər dərc
edilmişdi.
1945-ci il avqustun əvvəllərində Təbriz
ziyalılarının mədəniyyət evində Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü kimi
çıxış etmişdi. Səkkiz yaşında
ayaqyalın Bakıya gəlmiş Mirzənin akademik rütbəsində
təbrizlilərə tanıdılması o tayda təsirli
olmalı idi. Bu barədə hətta SSRİ-nin birinci qəzeti
olan "Pravda" xəbər yayırdı (9 avqust). Bundan əvvəl
həmin ilin iyulunda Mirzə İbrahimovu Sovet Həmkarlar
İttifaqının nümayəndə heyəti tərkibində
Təbrizdə çıxış edən
görürük. Bu faktlar göstərir ki, ədib İkinci
Dünya müharibəsi illərində İrandakı dərin
siyasi böhranı yaxından izləmiş, SSRİ-nin
İrandakı siyasətinin fəal iştirakçısı
olmuşdu. 1945-ci ildə Bakıda "Azərbaycan"
jurnalında "Səhər açılacaq" adlı
yazısı çıxdı və gənc ədibin
İranın demokratikləşməsi arzularını ifadə
etdi. Lakin ədibin Cənubdakı Milli Hökumət
dövrü hadisələrində iştirakı daha dramatik və
maraqlı, həm də məxfidir.
2008-ci ildə professor Teymur Əhmədovun tərtib
etdiyi kitab - "Mirzə İbrahimov müasirlərinin xatirələrində"
toplusu işıq üzü görüb. Qeyd edək ki, burada
yer alan xatirələrin hamısı Teymur Əhmədovun
öz sifarişi ilə yazılıb və toplanıb. Bu
topluda xüsusi xidmət orqanlarında
çalışmış yazıçı Yasif Nəsirlinin
də Mirzə İbrahimov haqda xatirəsi yer alıb. Xatirələr
2001-ci ildə, SSRİ dağılandan sonra qələmə
alınıb, buna görə də mətndə sovet vaxtı
məxfi sayılan bəzi məsələlərə də
toxunulur. Bu, xüsusilə Mirzə İbrahimovun 1945-1946-cı
illərdə S.C.Pişəvərinin
başçılığı ilə Cənubi Azərbaycanda
qurulmuş Muxtar Milli Hökumətin yaradılmasında
iştirakının bəzi detallarına aiddir.
Yazıçı Y.Nəsirli xatırlayır ki, Mirzə
İbrahimov ona Milli hərəkata rəhbərlik etməsi və
sair barədə danışmış və Azərbaycanı
birləşdirməklə bağlı İ.Stalinə və
surəti M.C.Bağırova olmaqla məktub yazmışdı.
Professor Teymur Əhmədov "Mirzə İbrahimov"
adlı foto-albomunda bu xatirələrdən qısa bir fraqment
verib. Burada deyilir ki, sözügedən məktubdan sonra Mirzə
İbrahimov Moskvaya çağırılmış, SSRİ
xarici işlər naziri B.Molotov tərəfindən qəbul
edilmiş və Azərbaycanı birləşdirmək (Məktubda
bu termindən istifadə edilməsi inandırıcı deyil)
təklifi ilə bağlı aydın cavab ala bilməmiş və
mətndə deyildiyi kimi, "get-gələ"
salınmışdı. "Xatirələr"də məktubun
yazılma tarixi konkret 1944-cü il kimi göstərilir (s.189).
Y.Nəsirli yazır:
"Elədir, - mən əlavə etdim, - 1944-cü
ildə yazmısınız, - birini Stalinə, surətini də
M.C.Bağırova.
- Düzdür... Bu məktubla əlaqədar olaraq
xeyli başım ağrıdı. Sizin idarəyə çox
aparıb gətirdilər. Allaha şükür,
salamatlıqla qurtardı", - deyə cavab verir Mirzə
İbrahimov. 189-cu səhifədəki bu dialoq 1944-cü il
tarixinin doğruluğuna şübhə yeri qoymur və Mirzə
İbrahimovun bioqrafiyası ilə bağlı çox
mühüm bir məsələni aydınladır. Bu məsələ
də Azərbaycan Demokrat Firqəsinin Məramnaməsinin Mirzə
İbrahimov tərəfindən yazılması
faktıdır. İ.Stalinin öz əli ilə redaktə
olunmuş bu Məramnamənin (proqramın) hansı şərtlərə
görə məhz Mirzə İbrahimov tərəfindən
yazıldığın izah edir.
Y.Nəsirlinin xatirəsində sözü gedən məktubun
məhz Moskvanın Milli Hökumət layihəsinə aid
olduğunu digər faktlar da təsdiq edir. Biz hadisələrin
1944-cü il aprel-dekabr dövrünü işıqlandıran
hissədə bu barədə geniş bəhs etmişik. Burada
qısaca qeyd edək ki, sonrakı hadisələrdə Mirzə
İbrahimovla "Üçlüy"ün üzvü
olmuş Həsən Həsənov 1974-cü ildə rusca
yazılmış memuarında Y.Nəsirlinin haqqında
konspirasiya ilə danışdığı məktubun əsl
mövzusunu açıq-aydın göstərir. Məlum olur
ki, H.Həsənov da Mirzə İbrahimov kimi İrandakı
1944-cü il sentyabr-dekabr Kommunist antişah çevriliş cəhdində
tam məxfi qaydada iştirak edib. İ.Stalinin İranda siyasəti
heyrətamiz dərəcədə planlı idi. Xatirələrdə
göstərilir ki, Həsən Həsənov 1944-cü ilin
aprelində azərbaycanlı qrupun rəhbəri kimi Təbrizə
ezam ediləndən əvvəl iki böyük dövlət və
partiya postuna qoyuldu, özü bunları M.C.Bağırovun ona
rəğbəti kimi anlasa da, əslində bunlar onu Təbrizdə
planlanan antişah çevrilişdə Azərbaycan qrupunun rəhbəri
vəzifəsinə hazırlanması idi. Sözü gedən
ərəfədə Həsən Həsənovu Azərbaycan
K(b)P MK-nın üçüncü katibi təyin etdilər və
Bakıdakı "aparat siçovulları" buna mat
qaldılar. Sonra Bakı miqyasından məntiqsiz görünən
daha bir təyinat verildi. Həsən Həsənov SSRİ-nin
Təbrizdə vitse-konsulu təyin olundu.
Xatirələrdən görünür ki, Həsən
Həsənov özü də əvvəlcə bu təyinatların
səbəblərini yaxşı anlamırdı.
Üçüncü katib təyin olunması o demək idi
ki, H.Həsənov 1944-cü ilin aprelində yenidən Cənubi
Azərbaycana göndərilən məxfi Azərbaycan kadr
qrupunun partiya xətti ilə də rəhbər şəxsi
olmalı idi. Necə ki, 1941-1942-ci illərdə Əziz
Əliyev Təbrizdəki Azərbaycan kadr qrupunun rəhbəri
idi: üçüncü katib kimi partiya xətti ilə.
Vitse-konsul vəzifəsi isə ona Cənubi Azərbaycanda fəaliyyət
vaxtı diplomatik status verirdi. Bu status Həsən Həsənovu
toxunulmaz edir, İranda dövlət çevrilişində
iştiraka görə həbs edilmək riskindən xilas
edirdi. Görünür, İ.Stalin onun haqqında
yazılanlardan daha humanist olub. Amma qəddarlığı da
olub. Çünki İranda uğursuz antişah qiyama Cənubi
Azərbaycanda rəhbərlik etmiş Həsən Həsənov
1945-ci ilin yanvarında Bakıya qaytarılan kimi onu Azərbaycan
K(b)P "MK-nın təbliğat üzrə katibi təyin
etdilər", yəni cəza kimi üçüncü katib
vəzifəsindən azad etdilər. Ancaq o, xatirələrdə
azad edilməsini yazmır, ancaq yeni təyinatını qeyd
edir.
Çevriliş baş tutmayandan sonra Həsən Həsənov
1945-ci ilin yanvarında Bakıya
çağırılmışdı. Bakıya gələndən
sonra Moskva ondan məxfi arayış tələb edib.
Görünür, Stalin antişah qiyamın
uğursuzluğunda kimlərin səbəbkar olduğunu bilmək
istirdi. Özü bu barədə yazır: "Öncə mənə
İran Azərbaycanı üzrə iqtisadi və siyasi xülasə
verməyi tapşırdılar, sonra da sonrakı işlər,
daha doğrusu, inqilabi hərəkat (İranda - R.Ə.) haqda təklif
verməyi istədilər".
Məlumdur ki, 1944-cü ilin payızında Moskva
İranda Tudənin və Həmkarlar İttifaqının əli
ilə Şah rejimini ləğv etməyə cəhd etməsi
sonrakı sovet-İran münasibətlərinə
köklü təsir etdi. Bizcə, 1944-cü il antişah
qiyamının əsas məğlubiyyət səbəbi
ABŞ-ingilis kəşfiyyatının bundan vaxtında xəbər
tutması, bunu cavan şaha xəbər verib onu öz təsirinə
ala bilməsi idi. ABŞ hələ Birinci Dünya müharibəsi
vaxtından öz xarici siyasətində monarxiyaları ləğv
etmək xətti tuturdu, olsun ki, İ.Stalin buna ümiddə
olub. Lakin aşkar fakt budur ki, 1944-cü ilin yazından şah
sarayı İran feodalizminin qərargahı kimi Stalinin
bütün gedişlərini qabaqcadan bilirdi, ABŞ-İngiltərə
cütlüyü ilə birgə planlar qurub həmlələri
dəf edirdi. Elə buna görə İngiltərə-ABŞ
diplomatiyasının qabaqlayıcı tədbirləri,
xüsusilə antisovet mətbuatın səfərbər edilməsi
Kommunist qiyamına yol vermədi, qərbpərəst
partiyaların hökumətlə əməkdaşlığı,
qiyamı yatırmaq üçün ordudan istifadə öz bəhrəsini
verdi. Moskvadan idarə olunan Tudə və həmkarlar
ittifaqları darmadağın edildi, İran parlamenti xarici
qoşunların İranda olduğu müddətdə neft
yataqlarını icarəyə verməyi qadağan edən
qanun qəbul etdi. Halbuki bu qanundan əvvəl parlament
ABŞ-İngiltərə cütlüyünün neft
yataqlarının icarəsi barədə müqavilələrini
təsdiq etmişdi. Moskva gördü ki, qərbpərəst
İran hökuməti ona qarşı açıq
düşmənçilik siyasəti aparır və bu,
Stalinin qəzəbinə səbəb oldu, o, İranda məğlubiyyəti
ilə nəinki barışdı, tələsik yeni
antişah planlar qurmağa başladı.
Həsən Həsənov da xatirələrində
1944-cü ildəki ağır məğlubiyyətin səbəbləri
barədə yazır: "Tehran bu zaman İran Azərbaycanında
inqilabi hərəkata rəhbərlik edə bilmədi. Onun rəhbəri
Azərbaycanın içərisindən olmalı idi".
Aydındır ki, buradakı Tehran ünvanı Tudəni nəzərdə
tutur, onun zəifliyindən söhbət gedir. Həm də Cənubi
Azərbaycanda hərəkata məhz azərbaycanlıların
özünün rəhbərlik etməsi zərurəti qeyd
edilir. Sonradan bu ideya bir il sonra Təbrizdə Tudədən
ayrı olan Demokrat adlı milli Azərbaycan kommunist partiyasının
(ADF) yaradılması ilə nəticələndi. 1974-cü
ildə belə azərbaycanlı kommunist bunu açıq deyə
bilməzdi. Amma Tudənin rəhbərləri içərisində
Şah sarayına işləyənlərin olması gün
kimi aydındır. İranda siyasətçilik həmişə
mütləq nökərliyin bir şəkli olub və burada hər
hansı sirrdən söhbət gedə bilməz.
Görünür, Mirzə İbrahimovun Moskvaya
sözügedən arayış-məktubu qiyamın
uğursuzluğunda Tudənin günahkar olması barədə
həm Həsənovun xidməti yazısı, həm də
Moskvada yaranan qənaətlərlə üst-üstə
düşüb. Lakin aydındır ki, onların
hesabatları eyni statuslu ola bilməzdi. Həsən Həsənov
Azərbaycandan ezam olan qrupun rəhbəri olmuşdu, bu, onun
arayışına xüsusi status verir. Mirzə İbrahimovun
da hadisələr vaxtı orada olduğunu bilirik, amma dəqiq
statusunu yox. Lakin onun hansısa ciddi statusu olub. Bəlkə də
Mirzə İbrahimovun sözü gedən arayışı
İranda inqilabı hərəkatın perspektivləri
haqqında olub. Bu tələb H.Həsənovun yekun
arayışından da istənmişdi, çünki 1945-ci
ildə İ.Stalin İran uğrunda mübarizəni davam
etdirməkdə qərarlı idi.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.12.