Kartıma at!
KARTDAN KARTA ÖDƏNİŞ
QANUNVERİCİLİKDƏ QANUNSUZ SAHİBKARLIQ
FƏALİYYƏTİ, VERGİ
ÖHDƏLİKLƏRİNDƏN YAYINMA HESAB OLUNUR
"Kartdan-karta köçürmə" əməliyyatı
yalnız fiziki şəxslər arasında şəxsi məqsədlər
üçün nəzərdə tutulan pul
köçürməsidir. Ticarət obyektlərində,
restoran-kafelərdə bu vasitə ilə ödəniş qəbulu
qadağandır. Çünki iaşə müəssisələrində,
ticarət yerlərində "card to card" yolu ilə, yəni
birbaşa kartdan karta pul köçürmə üsulu
birbaşa vergidən yayınma hesab olunur.
Vətəndaşlar nağdsız ödənişlərə
görə bonuslar, hədiyyələr və əlavə mədaxil
əldə edə bilirlər, nəticədə kartdan istifadəyə
maraq sürətlə artır. Lakin son dövrlər pərakəndə
ticarət və iaşə obyektlərində bəzi hallarda
nağdsız ödənişlərin POS-terminalla deyil,
"kartdan karta köçürmə" ilə tələb
edilməsi halları artıb. POS-terminalların ya işləməməsi,
ya da bilərəkdən istifadə edilməməsi kimi bəhanələrlə
müştərilərə "kartdan-karta
köçürmə edin" təklifli irəli
sürülür. Bu, qanun pozuntusu olmaqla yanaşı, həm
də vətəndaşlara, alıcılara zərər vurur.
Vergidən yayınmanın rəqəmsal üsulu
Dövlət Vergi Xidmətindən verilən məlumata
görə, pərakəndə ticarət və iaşə
obyektlərində ödənişlərin kartdan karta
köçürülməsi istehlakçıların
hüquqlarının pozulmasıdır. Çünki belə
hallarda müştəriyə POS-terminaldan
çıxarış və ya kassa çeki verilmir. Halbuki
kassa çeki satışı təsdiqləyən sənəddir
və alıcı aldığı maldan narazı olduğu
halda bu çek vasitəsilə alqı-satqını təsdiqləyib
hüququnu tələb edə bilir. Kartdan karta
köçürmə variantında isə çek verilmir və
beləcə alıcının gələcəkdə öz
hüquqlarını tələb etmək imkanını məhdudlaşır.
Əsas məsələlərdən biri - kartdan karta pul
köçürüləndə müştərilər
"ƏDV geri al" hüququndan məhrum olurlar. Nəhayət,
son vaxtlar banklar da kart əməliyyatlarına görə
müştərilərə bonus verirlər, amma bu,
POS-terminalla əməliyyatlara aiddir, "kartdan-karta" olan əməliyyatlarda
müştərilər ƏDV kimi bonusları da itirirlər.
Beləliklə, ödənişi POS-terminalla deyil, "kartdan
karta" üsulu ilə edən alıcı daha çox
öz büdcəsinə zərər vermiş olur. Buna
görə də onlar mal və xidmət aldıqları
obyektlərdə POS-terminal tələb etməlidirlər.
Məsələ təkcə vətəndaşların
ƏDV və bonus qazanmasında və ya aldıqları
malı geri qaytarmaq imkanında deyil. "Kartdan karta
köçürmə" üsulu faktiki olaraq vergidən
yayınmanın yeni, necə deyərlər, rəqəmsal
üsuludur. Bunu edən sahibkarlar və obyektlər faktiki olaraq
dövriyyələrini gizlədir və vergidən
yayınırlar. Buna görə də Vergi Məcəlləsinə
əsasən kartdan karta köçürmə qanun pozuntusu
olaraq vergidənyayınma məqsədi daşıyır və
belə əməliyyatlara yol verən vergi ödəyicilərinə
vergi orqanı tərəfindən əlavə vergilər,
faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna
bilər.
POS-terminalların quraşdırılmaması,
POS-terminal quraşdırılmış obyektlərdə isə
nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə
görə 6 min manatadək cərimə nəzərdə
tutulub. Belə ki, bu hallara görə, hadisə ilk dəfə
baş verdikdə 1000 manat, 2-ci dəfə baş verdikdə 3
000 manat, 3-cü və daha çox dəfə baş verdikdə
isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.
Qanunsuz sahibkarlıq fəaliyyəti
Hüquqşünas Əkrəm Həsənov deyir ki,
müxtəlif ictimai iaşə müəssisələrində,
ticarət yerlərində kartdan-karta ödəniş
üsulu birbaşa vergidən yayınma məqsədini
daşıyır: "Ticarət və xidmət obyektlərinin
fiziki şəxslərin şəxsi bank kartları vasitəsilə
"kartdan-karta" köçürmə qəbul etməsi
mövcud qanunvericilik baxımından qanunsuz sahibkarlıq fəaliyyəti,
vergi öhdəliklərindən yayınma hesab olunur. Eyni zamanda
bu, kassa-intizamının pozulması kimi də qiymətləndirilir.
Müvafiq qanunvericiliyə əsasən, ticarət və xidmət
sahəsində fəaliyyət göstərən sahibkarlar
ödənişləri POS-terminal və ya qanuni nağdsız
ödəniş sistemi vasitəsilə qəbul etməlidir.
Şəxsi kartla ödəniş qəbulu qadağandır.
Bu, qanun tələblərinə ziddir. Bu əməliyyatlar
hüquqi status baxımından gəlirin gizlədilməsi
kimi qiymətləndirilir".
POS-terminal olmayanda müştəri ödənişi
nağd şəkildə edə bilər
Onun sözlərinə görə, müəyyən
dövriyyəsi olan sahibkarlar üçün POS-terminalın
olması vacibdir. POS-terminal olmadığı halda
alıcı, müştəri ödənişi nağd şəkildə
də edə bilər. Amma kartdan karta etməsi
qadağandır: "Burada diqqət etməli məqam odur ki,
ödəniş kartla edilirsə, bu zaman onun sahibkar
hesabına yönəldilməlidir. Əgər ödəniş
sahibkarın və ya satıcının şəxsi
kartına edilirsə, bu, artıq vergidən yayınma,
qanunsuzluq hesab olunur. Bu cür hallarda qanunvericiliyə əsasən,
sahibkar tutulmalı olan vergini ödəməlidir. Həmçinin
vergidən yayınma aşkarlandıqda həmin məbləğin
50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bu,
müvafiq qanunvericilikdə öz əksini tapıb. Bundan əlavə,
gündəlik olaraq da cərimələr hesablanır. Cərimə
vaxtında ödənilmədikdə bu, sahibkara ikiqat zərər
gətirir".
Nağd pul ödəyəndə kimsə gəlib deyə
bilərmi ki..?
Əkrəm Həsənov bildirib ki, müştərilər,
alıcılar ticarət obyektlərində, restoran-kafelərdə
sözügedən bu vasitə ilə ödəniş qəbulu
halları ilə qarşılaşdıqda dərhal
müvafiq quruma şikayət etməlidirlər:
"Alıcı və müştərilər belə hallarla
qarşılaşdıqda dərhal ödənişi belə
etməkdən imtina etməli və aidiyyəti üzrə
şikayət etməlidirlər. Yalnız bu zaman belə
hallarla mübarizə effektiv ola bilər. Hazırda hər
hansı hüquqi və ya fiziki şəxs hansısa əmtəəni
aldıqda ondan "kartdan-karta" atmaqla ödəniş tələb
oluna bilər. Prinsipcə, nağd ödəniş də
mümkündür. Nağd pul verdikdə kimsə gəlib deyə
bilərmi ki, niyə bu cür pul verdiniz? Pul verməyimə
heç bir məhdudiyyət yoxdur. Mən deyəcəm ki,
pulu mal almaq qarşılığında yox, dostum olduğu və
ya borcum olduğu üçün verirəm.
"Kartdan-karta" ödənişdə də vəziyyət
eynidir. Dövlət orqanı gəlib deyə bilməz
axı, pulu niyə "kartdan-karta" vermisiniz? Cavab olaraq
bildirilə bilər ki, pul mənimdir, verdiyim adam da mənim
tanışımdır. Sübut lazımdır. Kimsə bu
barədə gərək şikayət etsin ki, buna da uyğun
müvafiq tədbirlər görülsün".
Ödənişlər POS-terminal vasitəsilə ediləndə...
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib
ki, ödənişlər POS-terminal vasitəsilə edildikdə
bu məbləğin bir hissəsi komissiya və vergi şəklində
tutulur. Bu zaman da sahibkar qazanc əldə edə bilmir. Ona
görə də bir çox ticarət obyektlərində vətəndaşlardan
ödənişi nağd şəkildə və ya
kartdan-karta köçürmə ilə etmələri
xahiş olunur: "Qeyd edim ki, hazırda POS-terminallardan istifadəyə
görə xidmət haqqının tutulması ilə
bağlı rəsmi bir qərar yoxdur. Bu məsələ
qanunvericilik çərçivəsində deyil, daha çox
banklar, POS-terminal xidmətləri göstərən şirkətlər
və Vergilər Departamenti arasında razılaşma əsasında
həll olunmalıdır. Məsələn, 5-10 manata qədər
olan alış-verişlərdən xidmət haqqının
tutulmaması kimi bir model müzakirə oluna bilər. Əgər
bu istiqamətdə konkret qərar veriləcəksə, o zaman
bu, qanunvericilikdə dəyişiklik tələb edə bilər.
Bu isə ayrıca bir qanunun qəbulu və ya mövcud
qanunlara əlavələrin edilməsi ilə
mümkündür. Hazırda məsələ daha çox
texniki və razılaşdırma mərhələsindədir.
İctimai maraqlar nəzərə alınaraq optimal həll
yolları axtarılır".
Kassa qəbzi olmasa, əməliyyat qeydiyyata
düşmür
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə
əsasən, ictimai iaşə müəssisələrində,
ticarət yerlərində "kartdan-karta" ödəniş
üsulu birbaşa vergidən yayınma məqsədini
daşıyır: "Məlum olduğu kimi, rəsmi kassa qəbzi
olmasa, həmin əməliyyat qeydiyyata düşmür.
Qeydiyyata düşmürsə, ondan vergi hesablanmır. Bəzi
obyekt sahibləri az vergi ödəməyə maraqlı
olmadıqlarına görə də POS-terminal vasitəsilə
ödənişdənsə nağd ödənişlərə
üstünlük verirlər. Qeyd edim ki, "Card to card" əməliyyatlarında
vətəndaş çətin vəziyyətdə qala bilər.
Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş
növünün fəsadları ilə tez-tez
rastlaşırıq. Məsələn, alıcı, yaxud
istifadəçi kartdan karta köçürmə etdikdə,
pul onun hesabından çıxır, lakin bir çox hallarda
satıcının hesabına köçmür. Burada texniki
səbəb də ola bilər. Yaxud rəqəmi səhv
yazanda başqasının hesabına da otura bilər. Bu zaman
ciddi problemlər yaranır. Alıcı pulu ödəyir,
satıcı isə deyir ki, pul çatmayıb. Bu kimi
halları nəzərə alsaq, hesab edirəm ki, kartdan karta
pul köçürməsi istehlakçı
hüquqlarının pozulmasına yol açır. Bu kimi
xoşagəlməz hallarla qarşılaşmamaq
üçün alıcılar ödənişləri
POS-terminal və ya nəğd üsulla etmələri daha məqsədə
uyğundur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.7.