Azadlığın 5
ili: Kəlbəcər
Bu gün Kəlbəcər rayonunun işğaldan azad
edilməsindən 5 il ötür. Kəlbəcər 10 noyabr
2020-ci ildə üçtərəfli bəyanata uyğun
olaraq həmin il 25 noyabr tarixində azad edildi. Prezident İlham
Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama
əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri
Günü kimi qeyd olunur.
Azərbaycanın ən böyük rayonu və ən
qədim yaşayış məskənlərindən biri olan
Kəlbəcərin işğalına son qoyulması növbəti
tarixi hadisə idi. Rayon 1993-cü ilin 2 aprel tarixində Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilmişdi. Bu işğalı həm də o zamankı
hakimiyyətin səriştəsizliyi, ordu rəhbərliyinin
yarıtmaz fəaliyyəti şərtləndirdi.
İşğal zamanı 511 dinc sakin öldürülüb,
321 nəfər əsir götürülüb və itkin
düşüb. Ermənilər digər ərazilərimizdə
olduğu kimi, Kəlbəcərin də tarixi-mədəni
irsini tamamilə dağıdıb, maddi sərvətlərini
talayıb, təbii ehtiyatlarını istismar edib. Yada salaq ki,
üçtərəfli bəyanata əsasən Kəlbəcər
noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan
tərəfi qanunsuz olaraq yerləşdirdiyi insanların
rayondan çıxarılması üçün əlavə
vaxt istədi. Azərbaycan dövləti humanistlik
nümayiş etdirərək müddəti noyabrın 25-dək
uzatdı. Ermənilər isə bu humanist addımdan həm də
sonuncu vandal əməllərini həyata keçirmək
üçün istifadə etdilər.
Kəlbəcərin bir güllə atılmadan azad
edilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki
uğurlu hərbi əməliyyatları nəticəsində
mümkün oldu. Prezident İlham Əliyev 2021-ci il avqustun
16-da Kəlbəcər şəhərində Azərbaycanın
dövlət bayrağını ucaldıb.
Həmin mərasimdə Prezident Kəlbəcərin
azad olunmasından danışıb: "İkinci Qarabağ
müharibəsinin ilk günlərində döyüşlər
gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan
Silahlı Qüvvələri tərəfindən
işğalçılardan azad edilmişdir. Murov
dağının ərazisində və ətraf yerlərdə
şiddətli döyüşlər gedirdi, şəhidlər
vermişdik. Ancaq strateji yüksəklikləri
götürdük və bu yüksəkliklər bizə imkan
verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya
infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin
şimal hissəsində strateji yüksəklikləri
götürərək erməni silahlı qüvvələrinin
hərəkətlərini bu istiqamətdə böyük dərəcədə
məhdudlaşdıra bildik və faktiki olaraq onlar
Basarkeçər-Kəlbəcər yolundan istifadə edə
bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum
əməliyyatının tərkib hissəsi idi".
Kəlbəcər Azərbaycanın ən səfalı,
gözəl təbiətə, zəngin resurslara malik
rayonlarından biridir. Dəniz səviyyəsindən 1500-3800
metr yüksəklikdə, Tərtər çayı vadisində,
Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin
flora və faunaya malik təbiət muzeyidir. Sahəsi 3054 km
olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə
(İstisu), 146 kənd var.
"Kəlbəcər" toponiminin mənşəyi
qədim türk dilində "çay üstündə
qala" deməkdir. Yaşayış məntəqəsinin
yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə
ilə düzülmüş qədim süni mağaralar
mövcuddur. Kəlbəcər həm də ən qədim
insan məskənlərindən biridir. Rayonda mağara
düşərgələrində aparılmış arxeoloji
tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək
alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox
tarixi olan qədim yaşayış məskənləri, 6 min
il yaşı olan qaya təsvirləri, çöp şəkilli
qədim türk əlifbası nümunələri aşkar
edilib. Kəlbəcərdə alban dövrünə aid xeyli
tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng
məbəd kompleksidir. Dünya əhəmiyyətli
memarlıq abidəsi olan Xudavəng məbədi də
işğal zamanı ermənilərin vandal aktlarına məruz
qalıb, erməni apostol kilsəsinin dəstəyi və Ermənistan
dövlətinin vəsaiti hesabına monastırda "bərpa"
adı altında qanunsuz işlər görülüb. Arzu
xatun, Böyük Həsən kilsələri və kompleksə
daxil olan digər tikililər üzərində
saxtalaşdırma əlamətləri olan əlavələr
edib, abidələrin bir çox hissələrini vandalizmə
məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən
sonra monastırda qalan erməni keşiş və rahiblər
abidələrdəki qədim freskaları xarici mütəxəssislərin
iştirakı ilə xüsusi üsulla kəsib
götürüb, qanunsuz olaraq Azərbaycan ərazisindən
çıxarıblar. Xudavəng monastır kompleksinin zəng
qülləsində yanaşı qoyulmuş bir-birinin
üstündə iki dairəvi xonça və həyat
ağacı şəklində xaç kompozisiyalı
xaçdaşlar və kitabələr də işğal
dövründə sökülərək talan edilib.
Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri
işğal etməsindən sonra BMT Təhlükəsizlik
Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə
bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunan
rayonlarından dərhal çıxarılması tələb
olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də
kağız üzərində qaldı. Beynəlxalq birliyin 30
ilə yaxın sadəcə kağız üzərində
qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu
cəmi 44 gün ərzində reallaşdırdı.
Bu il Kəlbəcər üçün həm də
Böyük Qayıdışın reallaşması ilə əlamətdardır.
Belə ki, artıq Kəlbəcər də öz doğma
sakinlərini qarşılayıb.
Prezident İlham Əliyev bu il avqustun 21-də Kəlbəcərə
səfəri zamanı 1-ci yaşayış kompleksinin ərazisində
fərdi və çoxmərtəbəli evlərdə
yaradılan şəraitlə tanış olub, buraya
köçən sakinlərlə görüşüb, onlara
mənzillərin açarlarını təqdim edib. Dövlət
başçısı çıxışında bildirib ki,
doğma Vətənə, doğma şəhərə 32 ildən
sonra qayıdış əlamətdar bir hadisədir. Dövlət
başçısı deyib ki, Azərbaycan xalqı öz
doğma torpağına bağlıdır və bütün
çətinliklərə baxmayaraq, işğal
dövründə nəinki inamımızı itirməmişik,
hər birimiz - bütün xalq hər gün bu müqəddəs
günü yaxınlaşdırırdı.
"Dövlət sizin üçün burada gözəl
şərait yaradıb. Kəlbəcər şəhəri
indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən
birinə çevrilir. Siz artıq birinci yaşayış
kompleksində evlərlə təmin olunursunuz, amma inşaat
işləri bununla bitmir. Bu gün təməlini qoyduğum
növbəti yaşayış komplekslərində yaxın gələcəkdə
sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək.
Birinci mərhələdə "Böyük
Qayıdış" Proqramı çərçivəsində
Kəlbəcər şəhərində dörd
yaşayış kompleksinin inşası nəzərdə
tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii
ki, lazım olan bütün digər infrastruktur layihələri
də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib,
yollar salınıb, minalardan təmizləmə işi
aparılıb", - Prezident bildirib.
Digər azad olunmuş rayonlarımız kimi, Kəlbəcərdə
də sürətli bərpa və quruculuq işləri davam
etdirilir, yaşayış məhəllələri
salınır. İnşa olunan yaşayış kompleksi 19,5
hektar ərazini əhatə edir. Birinci mərhələdə
201 ailə üçün 6 dördmərtəbəli bina və
39 "townhouse" tipli ev tikilib. Mənzillər iki,
üç və dördotaqlı olmaqla müxtəlif
planlaşdırılıb. İkinci mərhələdə
daha 323 ailənin yerləşdirilməsi nəzərdə
tutulur və bunun üçün 16 çoxmənzilli bina və
57 "townhouse" ev inşa ediləcək. Ərazidə
parklar, sosial obyektlər və istirahət zonaları
yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham
Əliyev 20 ailəyə mənzil açarlarını təqdim
edib. Bu günə qədər Kəlbəcərə
ümumilikdə 81 ailə, 338 nəfər
köçürülüb və proses uğurla davam edir.
Eyni zamanda Kəlbəcərdə infrastruktur sürətlə
yenilənir, 82 km-lik Toğanalı-Kəlbəcər-İstisu
yolunun 87 faizi hazırdır, Murovdağ tuneli isə
dünyanın ən uzun tunellərindən sayılır.
Rayonun enerji sistemi gücləndirilir, bir neçə su
elektrik stansiyası bərpa olunub və yeniləri inşa
edilib.
Azərbaycan liderinin Kəlbəcər sakinləri ilə
görüşdə söylədiyi kimi, bizim işimiz
quruculuqdur. Ermənilər işğal müddətində
bütün şəhər və kəndlərimizi
dağıdıb viran qoydular, kütləvi şəkildə
minalarla çirkləndirdilər. Ən çox
minalanmış ərazilərimizdən iri də məhz Kəlbəcərdir.
Azərbaycan isə bərpa edir, qurur, yaradır. Dövlət
başçısı Kəlbəcər sakinləri ilə
görüşdə eyni zamanda, Bakının humanist addım
ataraq qarşı tərəfə verdiyi əlavə vaxtdan
dağıdıcılıq məqsədi ilə istifadə
etməsinə də toxunub: "Onlar bütün şəhər
və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində
bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin
heç bir kəndində bir dənə də bina
qalmamışdır. O, vəhşilik idi. O, insanlığa
sığmayan hərəkət idi və bunu bir nəfər
yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər.
Bütün şəhər və kəndlər
dağıdılıb, məscidlər
dağıdılıb, təhqir edilib, insanlar qətlə
yetirilib, öldürülüb, yandırılıb. Hətta
İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər
tərəfindən vaxt istəmişdilər, burada öz
şələ-şülələrini yığmaq
üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər?
Yandırdılar, ağacları qırdılar. İnsan bunu
edər? Axı, bunu təkcə separatçıların
başçıları etməyiblər. Kütləvi surətdə
ediblər. Yəni biz bilməliyik ki, kiminlə üz-üzəyik,
bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt
unutmamalıyıq və ayıq olmalıyıq".
Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 1 may
tarixli Qərarı ilə "Kəlbəcər şəhərinin
2040-cı ilədək inkişafına dair Baş
planı"nı təsdiq olunub. Şəhərin
işğala qədərki, yəni 1969-cu ildə tərtib
edilən Baş Planında ərazisi 130 ha, əhalisinin
sayı isə 7500 nəfər təşkil etdiyi halda,
2040-cı ilədək inkişaf konsepsiyasına uyğun
olaraq bu rəqəmlər iki dəfədən çox artaraq
şəhər ərazisinin 290 hektara, əhalinin isə 17 min
nəfərə çatdırılması nəzərdə
tutulur.
Azərbaycan Prezidentinin sərəncamı ilə
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad
olunmasına görə" medalı təsis edilib və 9455
nəfər bu medalla təltif olunub.
Kəlbəcər bu gün öz qədimliyi, eyni
zamanda, müasir siması, turizm imkanları ilə göz
oxşayır. Burada, xüsusilə sağlamlıq turizmi
üçün böyük potensial var. İşğaldan əvvəl
turizm imkanları ilə fərqlənən "İstisu"
Müalicə-İstirahət Kompleksi yenidən bərpa olunur.
1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya
keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli
ikinci böyük kurort hesab edilirdi. Sovet dönəmində bu
kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək
imkanına malik olub. Kəlbəcərin malik olduğu
resurslar, aparılan quruculuq işləri Kəlbəcəri yaxın gələcəkdə təkcə
Azərbaycanın deyil, regionun ən füsunkar turizm istiqamətlərindən
birinə çevirəcək.
Pərvanə
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.5.