Xəzər dənizinin dayazlaşması: biomüxtəlifliyə və ekosistemə təhdid

 

Xəzər dənizindəki ekoloji fəlakətin qarşısının alınması üçün müvafiq vəsait ayrılması təklif olunur. Dənizdə suyun səviyyəsinin iki metrədək azalması ekoloji təhlükəsizlik baxımından risk yaradır. Bu riskin qarşısının alınması üçün isə yağış sularının toplanması, çirkli suların təmizlənməsi ilə bağlı tədbirlərə vəsaitlərin ayrılması məqsədəuyğun sayılır. 2026-cı ilin dövlət büdcəsindən ekoloji xərclərə ayrılan vəsaitin artırılması, onların düzgün xərclənməsi ekoloji məsələlərin həlli baxımından vacibdir.

Prezident İlham Əliyev bildirib ki, Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır: "2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir".

İlham Əliyevin dediyinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir: "Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir".

Mütəxəssislər deyir ki, dəniz səviyyəsinin dinamikası barədə uzun müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.

Son illər ərzində Xəzərin səviyyə dinamikasının dəyişməsindən bəhs edən ekoloq dənizin XX əsrdə ən aşağı səviyyənin 1977-ci ildə qeydə alındığını, sonradan isə qısa zamanda, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artdığını, nəhayət, bundan sonrakı dövrdə yenidən azalma müşahidə olunub.  Ümumilikdə 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə də nəzərə çarpır. 2019-cu ildə isə dənizin orta illik səviyyəsinin Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb. Bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Ekoloq Rövşən Abbasov bildirib ki, hər bir su obyektinin, xüsusi ilə qapalı göllərin su balansı var: "Bir gölə nə qədər su gəlirsə, o qədər də çıxmalıdır ki, onun səviyyəsi sabit qalsın. Əgər gəlir və çıxar arasındakı fərq çoxalırsa, əlbəttə, gölün səviyyəsi aşağı düşəcək. Xəzər qapalı göldür, çayların gətirdiyi su buxarlanma ilə çıxır. Lakin son 30 ildə çayların suyunda kəskin azalma baş verir, buxarlanma isə olduğu kimi qalır və ya daha çox olur. Bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olur. Xəzər dənizinə əsas su gətirən çay Volqadır. Dənizə gələn suların 80 faizindən çoxu Volqanın payına düşür. Volqanın suyunun azalması isə Xəzərin səviyyəsinə təsir edir. Hazırda Volqa boyunca, şimaldan cənuba doğru 8 iri su anbarı mövcuddur ki, onların ümumi sahəsi 30 min kv. km-dən çoxdur. Su anbarlarının əksəriyyəti elə dəniz adlanır. Məsələn, Kuybışev və Rıbinsk anbarları buna nümunədir. Bu anbarlarda buxarlanma son dərəcə yüksəkdir. Eyni fikirləri Samara su anbarına da aid etmək olar. Volqaboyu şəhərlərdə məskunlaşmanın getdikcə artması, əhalinin Sibirdən tədricən Volqa hövzəsinə köçməsi suya olan tələbatı artırır. Nəticədə Volqanın suyu azalır. Bu da təbii ki, Xəzərin səviyyəsinin düşməsinə gətirib çıxarır. Kür və Ural çayı isə Xəzərə tökülən suyun çox kiçik hissəsini təşkil edir. Bir müddət əvvəl bildirildi ki, artıq Rusiya Volqa sualtı kanallarını saxlaya bilmir. Suyun altından kanal çəkilib ki, gəmilər sərbəst hərəkət edə bilsinlər. Xəzər dənizinin səviyyəsi həmin ərazidə o qədər düşüb ki, kanalı su ilə təmin etmək çətinləşib. Bu isə Rusiyanın Xəzərə çıxışını zəiflədir. Rusiyanın elə gəmiləri var ki, Mahaçqala limanında qalıb və başqa yerə hərəkət edə bilmir".

Ekoloq deyir ki, yaranmış vəziyyət Azərbaycana da təsir edir və gəmiçilik imkanlarını məhdudlaşdırır: "Bu problemin həlli Xəzər hövzəsində sudan istifadəni azaltmaqdır. Yəni uzunmüddətli dövrdə bütün ölkələr bir araya gəlməlidirlər ki, Xəzərin çaylarını xilas etsinlər. Dövlətlər öz aralarında belə bir məcburetmə mexanizmi işləyə bilərlər ki, hər bir ölkə öz ərazisində olan çaydan Xəzərə nə qədər su verəcəyi ilə bağlı kvota götürsün. Bu baxımdan Rusiyanın imkanları genişdir, Volqa onun ərazisindədir. Azərbaycanın imkanları məhduddur. Çünki Kür çayı Volqa ilə müqayisədə çox kiçikdir və transsərhəd çaydır. Ermənistana, Gürcüstana necə əmr edək ki, su götürməsinlər. Onların Xəzərə çıxışları yoxdur və heç maraqlı da deyillər. Üstəlik də, su götürmələrini getdikcə artırırlar".

Ekoloq Ənvər Əliyev bəzi yeraltı proseslərin Xəzər dənizinə təsir göstərdiyini bildirib: "Xəzər dənizi okeanla əlaqəsi olmayan dünyanın ən böyük su hövzəsidir. Onun suyu dünya okenlarının suyundan xeyli şirindir. Florası və faunası da bir qədər fərqlidir. Vaxtilə bu ərazilərdə böyük bir okean olub. Xəzər dənizi onun qalığıdır. Xəzər dənizi yaranandan indiki dövrə qədər onda səviyyə tərəddüdü həmişə olub. Dünyanın ən məşhur tektonik qurşağında yerləşir. Burada bəzi yeraltı yaranan proseslər var ki, ona təsir göstərir. Uzun illər boyu onun səviyyə tərəddüdü haqqında müxtəlif fikirlər var. Bunun haqqında fikir söyləyən alimlər 2 qrupa bölünür. Bəzi alimlər var ki, bunu teksonik hadisələrlə, bəzi alimlər isə iqlimlə əlaqələndirirlər. Son dövrlərdə iqlimdə quraqlaşma var. Ona görə də çox vaxt bunu iqlimdə olan dəyişikliklər ilə əlaqələndirirlər. Bu hadisələr Azərbaycanda vaxtilə 1970-ci illərdə olub".

Ekspertin fikrincə, Xəzərin qurumasının qarşısını almaq hələlik mümkün deyil: "Vaxtilə bunun qarşısını almaq üçün belə təkliflər verilib ki, Rusiyada yerləşən çaylar vasitəsilə Xəzərin həcmi artırılsın.

Türkmənistan ərazisində Xəzərin bir şəlaləsi var, Qaraboğazgöl körfəzinə axır və ordan da kütləvi buxarlanır, sənaye duzları əmələ gəlir. Onun qabağı kəsildi və nəticədə kütləvi şəkildə boş torpaqları tutmağa başladı. Hətta Bakı-Lənkəran dəmir yolunun reyslərinə də ziyan verdi. Bunların hamısı sübut etdi ki, təbiətlə zarafat etmək olmaz. Təbiətlə ehtiyatlı olmaq lazımdır. Təbiətin qanununu dərk etmək lazımdır. Bu, əbədi bir qanundur. Xəzərin qurumasının qarşısını almaq mümkün deyil. Çünkü bu dəniz enib-qalxır. Ona görə də Xəzərdən çox nigaran olmağa dəyməz. Dəniz qalxanda kütləvi şəkildə quru torpaqları tutur. O ərazilərdə səviyyə sahəsi genişlənir, buxarlanma sürətlə gedir. Aşağıda enəndə bir sıra problemlər-gəmi dayanacaqları, limanlara problem olur. Daha sonra balıqlara da qida problemi olur. Hələlik narahat olmağa dəyməz. O boyda dəniz heç vaxtı quruya bilməz. Buna minilliklər lazımdır".

Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir: "Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir. AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə bölünəcək. Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2025.- 26 noyabr(№215).-S.15.