Mirzə İbrahimov "Azərbaycan
" qəzetində (1945-1946-cı illər)
(Əvvəli ötən sayımızda)
Mir Cəfər Bağırovun 1944-cü il Təbriz
qrupunun da praktik kuratoru olduğunu nəzərə alsaq, Mirzə
İbrahimovun arayışının da hətta İran məsələsi
üzrə yeni rəhbər özək tərəfindən
formalaşdırıldığını güman etmək
olar. Bunun tarixini Həsən Həsənovun
üçüncü katib vəzifəsindən endirildiyi
vaxta, yəni 1945-ci ilin yanvarına aid etmək
mümkündür. Bunu Azərbaycandakı Təbriz qrupunun
üçüncü, bu dəfə Mirzə İbrahimov mərhələsi
saymaq olar. 1945-ci il iyun ayının 10-da, dava bitəndən
bir ay sonra SSRİ Komissarlar Sovetinin "İranın
Şimalında sovet sənaye müəssisələrinin təşkil
edilməsi haqqında" İ.Stalinin imzası ilə qərarı
çıxdı. Bu qərar nəyə lazım idi? Axı
SSRİ-nin yüzlərlə şəhəri müharibədə
xarabalığa çevrilmişdi, onları təzədən
tikmək lazım idi. Amma sözügedən məxfi qərar
İranda zavodlar tikməyi nəzərdə tuturdu, bu,
ağılsız bir addıma oxşayırdı,
çünki ölkədə çörək belə
kartoçka ilə verilirdi hələ. Amma bu qərar
İ.Stalinin hikkəsi ilə bağlı deyildi. 1946-cı
ilin yazında Moskvada Qəvvamla görüşdə o, məşhur
ifadəsini demişdi: "Biz Bakısız yaşaya bilmərik".
Yəni SSRİ-nin xaraba qalmış yüzlərlə şəhərini
təzədən tikmək üçün intəhasız qədər
müftə neft lazımdır. Bakı sözünün mənası
budur. Birinci qərardan on gün sonra, iyunun 21-də SSRİ-nin
İran siyasətinin məğzini əks edən ikinci məxfi
qərar çıxdı: "İranın Şimalında
neftlə bağlı geoloji kəşfiyyat işləri
haqqında". Bunların mətnində sanki SSRİ-nin
öz ərazisindən söhbət gedir. İki həftə
sonra iyulun 6-da üçüncü məxfi Qərar
çıxdı: amma bu, artıq SSRİ dövlətinin yox,
bolşevik partiyası Moskva MK-sının məxfi siyasi qərarı
idi: "Cənubi Azərbaycanda və İranın
şimalının digər vilayətlərində
separatçı hərəkatın təşkili üzrə
tədbirlər haqqında". Bu üç qərar əslində
bir qərarın hissələridir. Məxfilik mülahizələri
ilə üç hissəyə ayrılıb ki, onların
icraçıları ayrılıqda işləsinlər və
konsepsiyanı bütövlükdə bilməsinlər.
Üçüncü qərarın mətnindən
görünür ki, bu, təkcə azərbaycanlı və
kürdlərin yox, digər vilayətlərin də (Gilan,
Mazandaran, Gürgan, Xorasan) Muxtar qurumları, hökumətləri
yaranmalı idi. Əməldə ancaq ikisi yarandı. Deməli,
ilkin plan daha geniş olub və bəlkə də indiyəcən
məxfi qalan Layihənin: - İranda Şahlığın
devrilməsi - layihəsinin bir hissəsi olub. C.Həsənlinin
son kitabında bu barədə ayrıca fəsil var: "8.
"Tudə" partiyası ilə bağlı Əhməd Qəvvamın
"At gedişi". Burada şahı devirmək planı daha
çox Qəvvamla əlaqəli təqdim olunur. Biz isə
güman edirik ki, bu, Moskvadan Tudəyə atılmış bir
layihə olub, çünki ikincinin heç zaman müstəqil
iradəsi olmayıb. İkincisi, İranın şimalında
separatçı hərəkatların təşkili layihəsi
ilk variantda Cənubi Azərbaycandan çox geniş idi və
bu, təsadüfi ola bilməzdi. Yəqin ki, 1944-cü ilin
payızında Moskvanın İranda siyasi çevriliş
planı baş tutmayandan sonra İ.Stalin Tudənin bu hədəf
üçün zəif olduğu barədə nəticəyə
gəlmişdi. Ona görə də 1945-ci ilin iyul-avqustunda
İ.Stalin separatçı hərəkatları Azərbaycan
və Kürdüstanla məhdudlaşdırdı.
Şahın devrilməsi və respublika elan edilməsi haqda hədəfdən
tamam imtina etdi. Çünki ABŞ-İngiltərə
cütlüyü öz uzunmüddətli İran
planlarını məhz Şah sarayı ilə
bağlamışdı, onu qorumaq üçün
qabaqlayıcı tədbirlər görürdü.
İ.Stalinin 1946-cı ilin martında Qəvvamla
görüşündə bu məsələ
üstübağlı şəkildə xatırlanır. Bu,
təsadüfi ola bilməzdi, Qəvvamın sovet nümayəndələri
və tudəçilərlə bu mövzuda daha əvvəlki
kontaktları barədə Stalinin yəqin ki, məlumatı
vardı. Lakin Qəvvamın onunla bu barədə
danışmağa qorxduğunu hiss edən İ. talin məsələni
açmır. O, Qəvvamın əclaf və sifətsiz bir
adam olduğunu bilirdi və ona heç bir etibarı yox idi.
Həm də tikiləcək sənaye müəssisələrinin
fəhlələri, İ.Stalinin gümanına görə,
onun İranda yaratmaq istədiyi marksist rejimin "sosial
bazası" olmalı idi. Amma rəhbər bilirdi ki, marksist
rejimləri fəhlələr yox, silahlı adamlar, nizami
ordunun süngüləri yaradır. Ona görə
İ.Stalinin İranda revanşını icra edəcək əsl
qüvvəni yaratmağı nəzərdə tutan məxfi qərar
Muxtar Milli Hökumətin yaradılması barədə idi.
Bunun müəllifi isə İ.Stalin özü idi, lakin hər
xırda şey üçün əvvəlcə Bakıdan
M.C.Bağırovdan rəsmi təkliflər alırdı. Bu,
adi siyasi prosedur idi, hərəkatın arxasında Moskvanın
durduğunu pərdələmək üçün idi. Azərbaycanlılar
hərəkatın rəhbəri kimi M.C.Bağırovu
tanımalı idilər. Nə Mirzə İbrahimov, nə də
Pişəvəri bu məsələ ilə bağlı
İ.Stalin tərəfindən şəxsən qəbul
edilib.
Bağırovun Moskvaya yazdığı çoxlu təkliflərindən
bəzi jurnalistlər Milli Hökumətin Bakının təşəbbüsü
ilə yaradılması haqda sadəlövh nəticə
çıxarırlar. Bu, dərin bir səhvdir,
Bağırovun rəhbər İ.Stalinə siyasi məsləhət
vermək üçün nə hüququ, nə cəsarəti,
nə ağlı vardı. Sistem özü bunu istisna edirdi.
Bir də ciddi qərar qəbul etməzdən əvvəl
aşağılardan təkliflər təşkil edilir və
alınırdı. Bu, partiyada adi prosedur idi. Biz güman edirik
ki, Mirzə İbrahimovun Moskvaya 1944-cü il məktubu da onun
öz təşəbbüsü olmayıb. Bunu, ilk növbədə,
məktubun bir surətinin M.C.Bağırova ünvanlanması
təsdiq edir. Sonra da Azərbaycan problemi ilə bağlı
bütün məxfi yazışmalar M.C.Bağırov vasitəsi
ilə aparılıb. Məhz onun SSRİ dağılanda
Bakıda qalmış məxfi arxivi Milli Hökumət
dövrünü öyrənməkdə başlıca və
qiymətsiz mənbədir. Mirzə İbrahimov isə
artıq II Dünya Müharibəsi dövründən
İran Kommunist partiyasının rəhbərlərindən
biri olub, lakin Sovet vətəndaşı olduğuna görə
bunu məxfi saxlamaq lazım gəlib. Partiya liderləri
İran vətəndaşı olmalı idi.
1944-cü ildə Mirzə İbrahimovun Moskvaya, İ
Stalinə yazılmış məktubu çox güman ki,
1944-cü ilin payızında, İranda Kommunist
çevrilişinin məğlubiyyətindən sonra
yazılıb. Mirzə İbrahimov da hansı şəkildə
isə bu hadisələrdə iştirak edirmiş və Təbrizdə
imiş. Çünki Y.Nəsirlinin qeydlərində onun
Bakıya çağırılıb Moskvaya
uçmasından söhbət gedir. Məktubun bir surətinin
M.C.Bağırova yazılması onu da təsdiq edir ki,
1944-cü ilin yayından Mirzə İbrahimov İranda
M.C.Bağırovun rəhbərliyi (kurasiyası) altında
işləmiş və bütün xidməti
yazışmalarını, o sıradan Moskva ilə rabitəni
onun vasitəsi ilə həyata keçirmişdi.
Yazıçının məktubda dəqiq nələr təklif
etdiyini bilmirik. Amma şübhəsizdir ki, məktub 1944-cü
ilin payızında uğursuz Kommunist qiyamının təhlili
və onun nəticələri ilə bağlı olub. Ümumən,
1944-cü ilin Təbriz - Mirzə İbrahimov -
M.C.Bağırov xəttini İ.Stalinin şəxsi və məxfi
informasiya kanalı hesab etmək olar. Güman ki, bu xətlə
gələn informasiyalar qiyamın gedişini və məğlubiyyət
səbəblərini SSRİ Xarici İşlər Nazirliyinin
kanallarından daha dəqiq və düzgün şərh
etmiş və rəhbər bunları bəyənmişdi.
Sonrakı 1945-1946-cı il hadisələrində Mirzə
İbrahimovun fəal iştirakı təsadüfi ola bilməzdi.
İ.Stalin İranda uğursuz çevrilişin
intiqamını almaq niyyətinə düşəndə Mirzə
İbrahimovun məktub və məlumatlarından formal əsas
kimi istifadə edilib. Və bu məktub hansı şəkildəsə
müharibə bitən ərəfədə ÜİK(b)P
MK-nın İranda separatçı hərəkatların təşkili
və İran neft yataqlarının ələ keçirilməsi
barədə məxfi qərarlarının həyata
keçirilməsinə təkan olmuşdu.
Mirzə İbrahimovun məktubu nəyə görə
diqqəti cəlb etmişdi? Ona görə ki, sözü gedən
məxfi təkliflər hələ İkinci Dünya
müharibəsi ərəfəsində İ.Stalində
yaranmış İran və Türkiyə barədəki ilhaq
planları ilə üst-üstə düşüb. Finlandiya
müharibəsi, Qərbi Ukrayna və Moldovanın SSRİ-yə
birləşdirilməsi faktları təsdiqləyir ki, təkcə
Hitler və ABŞ deyil, İ.Stalin də hələ
1938-1939-cu illərdən dünyanın yenidən
bölüşdürülməsi planları ilə əməli
surətdə məşğul idi. II Dünya müharibəsi
nəticəsində dünya sosializm sisteminin yaranması bunu
təkzibolunmaz şəkildə sübut edir. Elə bunlara
görə 33 yaşlı sovet zabitinin davanın
qızğın çağında İ.Stalinə
yazdığı məktub Mirzə İbrahimovun Moskvaya dəvət
olunması və SSRİ xarici işlər naziri V.Molotovla
görüşməsi ilə nəticələndi.
Çünki Mirzə İbrahimovun məktubundan əvvəl
İ.Stalində və SSRİ Xarici İşlər Nazirliyinin
dərinliklərində çox ciddi ilhaq planları var idi və
Mirzə İbrahimovun məktubu düz hədəfə
vurmuşdu. Lakin son nəticədə nə İran, nə də
Türkiyə SSRİ-nin təsir dairəsinə keçdi, bu
isə dərin tarixi səbəbləri olan ayrı bir
mövzudur.
Məxfi qərarların Moskva bolşevik MK-sında
varlığı və onların 1945-1946-cı illərdə
Təbrizdə qurulan Muxtar Milli Hökumətlə əlaqəsi
barədə bizim tarixşünaslıqda ilk dəfə
professor Cəmil Həsənli bu mövzuda ilk kitabında
yazmışdı və biz də 2013-cü ildə
çıxan kitabımızda bunu Həsən Həsənovun
"İran gündəliyi"inə əsaslanıb qeyd
etmişdik. Lakin Mirzə İbrahimovun bu
"Üçlük"dəki fəaliyyəti hələ
də onun bioqrafiyasında az öyrənilmiş məsələ
olaraq qalır.
Milli Hökumət layihəsi şübhəsiz ki,
Moskva üçün alman faşizmi üzərində 9 may Qələbəsinin
yaratdığı yeni vəziyyətlə bağlı idi.
Müttəfiqlərlə razılığa görə, həm
İngiltərə, həm də SSRİ qələbədən
sonra İrandan çıxmalı idi. Amma İ.Stalin
İrandan əliboş çıxa bilməzdi. Nəzərə
almalıyıq ki, SSRİ qələbədən sonra öz
işğal zonasındakı Çexoslovakiya, Şərqi
Almaniya, Polşa, Macarıstan, Rumıniya və Yuqoslaviyadan da
gec-tez çıxmalı idi. Üstəlik, müttəfiqlərlə
birgə hələ Yaponiya ilə müharibə vardı irəlidə.
İ.Stalin bu ölkələri atıb çıxa
bilməzdi, axı onlar Hitlerin müttəfiqi olmuşdular,
qoşunları Qızıl Orduya qarşı
vuruşmuşdu. Bizcə, Təbrizdə nisbətən
asanlıqla qurulan Muxtar Milli Hökumət layihəsi
İ.Stalin üçün bir nümunə oldu. Həmin
nümunə üzrə Şərqi Avropa ölkələrində
Milli Kommunist partiyaları və Moskvadan idarə olunan hökumətlər
qurulmağa başladı. Təbrizdəki Milli Hökumətdən
isə imtina etmək lazım gəldi. Birinci ona görə
ki, bu layihə müttəfiqləri qəzəbləndirir,
Tehran və Yaltada aparılmış dünya bölgüsü
haqda razılaşmaları təhlükə altında qoyurdu.
Bolşevik İ.Stalin buna razı ola bilməzdi, çünki
Şərqi Avropada SSRİ işğal zonasındakı
yuxarıda sadalanan ölkələr sosializmi bir ölkə
çərçivəsindən çıxarıb dünya
sisteminə çevirmək üçün hazır imkanlar
yaratmışdı. Bu bolşevizmin Lenindən qalan idealı
idi. İrəlidə Çin boyda ölkəni kommunistləşdirmək
planı vardı.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.14.