Ay mənim Arzu
qızım...
VƏ YA 5 MİLYONUNCU VƏTƏNDAŞIMIZIN NAKAM
TALEYİ
"...1968-ci il avqustun 11-də Azərbaycanın 5
milyonuncu sakini dünyaya gəlir. Bu əlamətdar günə
respublika rəhbərliyi az qala bir ay əvvəldən
hazırlaşır. Mərkəzi Komitənin Bürosu iyulun
16-da Azərbaycan Respublikasının 5 milyonuncu vətəndaşı
barədə qərar qəbul edir. Qərarda deyilir ki, Mərkəzi
Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust
ayında Azərbaycanın 5 milyonuncu sakini dünyaya gələcək.
Mərkəzi Komitə bu doğumu təntənəli qeyd etmək,
doğulan körpəni xatirə medalı, anasını isə
qiymətli hədiyyə ilə təltif etməklə
bağlı tapşırıq verir. Nəhayət, həmin
gün gəlib çatır. Avqustun 11-də, gündüz
saat 11.05-də o körpə dünyaya gəlir.
Əli-Bayramlı şəhərinin doğum evində. Ana
Sabirabad rayonundakı Jdanov adına kolxozun
pambıqçısıdır - Vladimirovka kəndinin sakini
Meyxanım Mikayılova. Körpənin adını Arzu
qoyurlar. İndi həmin xanımım 55 yaşı tamam
olmalıdır. Harada yaşayır? Yaşayırmı?
Bilmirik... "
Sitat olduğu kimi, nöqtəsinə, vergülünə
toxunulmadan İctimai TV-də yayımlanmış "XX
yüzillik. Faktlar, hadisələr və insanlar"
verilişindən götürülüb. Tanınmış
jurnalist Müsəllim Həsənovun müəllifi olduğu
bu veriliş efirə getdiyi dövrdə böyük
populyarlıq qazanmışdı. Hər
buraxılışı ötən əsrdə Azərbaycanın
bir ilinə həsr edilmişdi. 1968-ci ildə baş verənlərlə
bağlı növbəti buraxılışı isə 2 il əvvəl
efirdə yayımlanıb.
5 milyonuncu vətəndaşımızla bağlı
hissə sosial şəbəkədə təsadüfən
rastıma çıxdı. Müsəllim müəllimin
"Harada yaşayır? Yaşayırmı? Bilmirik..."
suallarına instiktiv cavab verdim:
"Taparam!" Və beləcə, Arzunun
axtarışlarına başladım.
***
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli
Kitabxanasında 57 il əvvəlin qəzetlərini vərəqləyirəm.
5 milyonuncu vətəndaşımızla bağlı xəbərlər
o dövrün mətbuatında Arzunun dünyaya gəlişindən
4 gün sonra - avqustun 15-də tirajlanıb. "Bakinski raboçi" qəzetində
"Salam, 5 milyonuncu Azərbaycan sakini",
"Bakı"nın səhər buraxılışında
"Biz 5 milyonuq!", "Vışka"da "Azərbaycanda
5 milyonuncu vətəndaş doğuldu" sərlövhələri
ilə gedən məqalələrin məğzi demək olar
ki, eynidir. Yazılarda əlamətdar hadisə ilə
bağlı Mərkəzi Statistika İdarəsinin sədr
müavini Ş.M.Əfəndiyevin fikirləri və bəzi
statistik məlumatlar yer alıb. Fərqlilik "Kommunist" qəzetinin
əməkdaşı Bariz Əsədovun
hazırladığı "Beş milyonuncu"
başlıqlı reportajda hiss olunur. Jurnalist avqustun 11-də Mərkəzi
Statistika İradəsində yaşananları oxuculara
çatdırmaqla yanaşı, Statistika İdarəsinin mədəniyyət,
səhiyyə və əhali statistikası şöbəsinin
rəisi, 5 milyonuncu vətəndaşın müjdəsini verən
Yekaterina Pavlovna Rodionovanın, Əli Baryamlı (indiki
Şirvan - red.) Doğum Evinin baş həkimi Elmira Mirzəyevanın,
Vladimirovka Kənd Sovetinin katibi Maqsud Mustafayevin fikirlərini, hətta
Arzunun atası Ələkbər Mikayılovla qısa
müsahibəni təqdim edib:
- Bizim sevincimizə şərik olduğunuz
üçün çox sağ olun. Ailəmizə göstərilən
qayğıdan ötrü partiya və hökumətimizə
minnətdarlığımızı bildiririk.
"Kommunist"in bütün oxucularına da belə şad
günlər arzulayırıq.
- Qızınıza ad qoymusunuzmu?
- Bəli. Arzu!
Ertəsi gün, avqustun 16-da Azərbaycan Teleqraf
Agentliyinin fotomüxbiri F.Əliyevin Əli Bayramlı doğum
evindən çəkdiyi şəkil qəzetlərdə dərc
edilir, Azərbaycan xalqı 5 milyonuncu vətəndaşı və
onun anası ilə tanış olur.
Yeri gəlmişkən, arxivdəki qəzetləri vərəqləyərkən
qarşıma bəzi maraqlı məlumatlar da
çıxdı. Məsələn, 1920-ci ilin sonunda Azərbaycanın
əhalisi 1 milyon 952 min, 1939-cu ilin yanvarında 3 milyon 205 min,
1959-cu ilin eyni ayında isə 3 milyon 698 min nəfər olub.
Başqa maraqlı fakt: 1968-ci ildə Azərbaycan SSRİ-də
"ən gənc xalq" imiş. Əhalinin 45 faizini 15
yaşınadək uşaqlar təşkil edirmiş. Və
yaxud, qəzetlərin yazdığına görə, Azərbaycan
uzunömürlülərin nisbi sayına görə
dünyada birinci imiş. Yəni hər 100 min əhaliyə
yaşı 100-dən çox olan 84 nəfər
düşürmüş.
***
Arzunun "izinə" düşmək çətin
olmadı. Şirvan şəhərindəki
tanışlarım vasitəsilə onun böyük əmisi
Heydər Mikayılovun oğlu Əzizağa Mikayılovu tapa
bildik. 68 yaşlı Əzizağa kişi indi qonşu
Qarağac kəndində yaşayır. Uzun müddət
Ağaşirin Mikayılov adına Zalqaraağac kənd orta məktəbində
müəllim işləyib. Hazırda təqaüddədir.
Ağaşirin Mikayılov da Arzunun əmisi oğludur. Birinci
Qarabağ müharibəsində şəhid olub.
Mikayılovlar ailəsi əslən Qərbi Azərbaycandandır.
Ötən əsrin 50-ci illərində Vedi rayonunun Kotuz kəndindən
ukraynalıların məskunlaşdığı Xersonovkaya
köçürülüblər. Dolaşıqlıq
olmasın deyə, kiçik izah: Mikayılovlar ailəsi
Sabirabadın Xersonovka, indiki Nəsimikənd kəndində
yaşayırdı. Xersonovka isə indi Nizamikənd olan
Vladimirovka sovetliyinə daxil idi.
1937-ci il təvəllüdlü Ələkbər
kişi ilə 1945-ci ildə dünyaya gəlmiş
Meyxanım 60-cı illərdə ailə qurublar. Özü də
yaxın qohum olublar - dayıqızı və bibioğlu.
Bütün bunları Əzizağa müəllim mənə
sonradan danışdı. Ona ilk sualım isə Arzunun harada olması
ilə bağlı idi. Cavab üzücü oldu: "Arzu 8
aylığında qəflətən vəfat edib".
Ümumiyyətlə, o ailədən cəmi bir nəfər
həyatdadır. Meyxanım Mikayılova 30-40 il əvvəl
haqq dünyasına qovuşub. Ələkbər kişi isə
2014-cü ildə. Ailənin 4 övladı olub. Yalnız
böyük qızları - Arzudan 2 yaş böyük Şəlalə
Mikayılova sağdır.
***
Şəlalə xanımın Arzu doğulanda cəmi
2 yaşı var imiş. Olanları təbii ki,
xatırlamır, valideynlərindən eşidib: "Anam
deyirdi ki, bacım "top" kimi uşaq olub. Hər həftə
həkimlər gəlib yoxlayırdılar. Axırıncı
yoxlanışdan bir gün sonra qızdırması qalxdı,
qəfildən əlimizdən getdi. Səbəbini də
heç kim bilmədi".
Arzunun vəfatı təbii ki, ailəyə
böyük zərbə idi. Amma daha böyük dərdlər
irəlidə imiş. Arzudan sonra ailədə daha iki uşaq
doğulub - Mətanət və Vüqar. Hər ikisi də
körpə ikən ölüb: "Elə bil lənətlənmişdik,
göz dəymişdi. Arzudan sonra dünyaya gələn Mətanətlə
Vüqar da çox yaşamadı. Anam mən gənc olarkən
dünyasını dəyişdi. Atam isə 11 il əvvəl".
Bir neçə il bundan qabaq Şəlalə xanım
Nəsimikənddəki ata yurdunu satıb. İstəməyib
ki, ev baxımsızlıqdan dağılsın. Uzun müddət
Neftçalanın Bankə qəsəbəsində
yaşayıb, rayonun Xıllı qəsəbəsindəki Nərə
Balıqartırma Zavodunda işləyib. Hazırda ailəsi ilə
Bakıda yaşayır, bir qızı, bir oğlu var.
Başqa sözlə, Ələkbər kişi ilə
Meyxanım ananın iki nəvəsi var. Yeri gəlmişkən,
Şəlalə xanımın oğlu Babayev Mirsalam Asif
oğlu 44 günlük Vətən müharibəsinin
iştirakçısıdır, qazidir.
Həm Əzizağa kişi, həm də Şəlalə
xanımla söhbətimizdə hər ikisi maraqlı məqama
toxundular. Onların iddialarına görə, həmin dövrdə
Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Ay
mənim Arzu qızım" mahnısı məhz Arzu
Mikayılovaya həsr edilibmiş. Yüngülvari
araşdırmadan sonra məlum oldu ki, əslində, mahnı
Arzudan 2 il əvvəl "doğulub". Bəstəkar
Ələkbər Tağıyevin İsgəndər
Coşqunun sözlərinə bəstələdiyi "Ay mənim
Arzu qızım" mahnısının bir mənbədə
1966-cı ildə ilk dəfə Zeynəb Xanlarova tərəfindən
ifa edildiyi bildirilir. Onu da öyrəndim ki, mahnı elə həmin
il Azərbaycan Radiosunun fonotekasına qeydiyyata alınıb.
Şəlalə xanımda ailəsi haqqında ancaq
xatirələri qalıb. Bir də Arzunun medalyonu - üzərində
Azərbaycan və rus dillərində "Azərbaycan SSR-nin
5 milyonuncu vətandaşına" yazılmış medalyon.
57 il əvvəlin qəzetlərinin yazdığına
görə, təmiz qızıldandır. Sonradan məlum olub
ki, qızıl suyuna çəkilib. Yazının girişində
Mərkəzi Komitənin qərarı ilə 5 milyonuncu vətəndaşın
anasına qiymətli hədiyyələr verilməsi ilə
bağlı cümlə var idi. Maraqlıdır, Meyxanım
Mikayılovaya nə hədiyyə etmişdilər? Şəlalə
xanımın sözlərinə görə, verilən
medalyon, qızıl bilərzik, beşik və digər
xırda-xuruş hədiyyələrdən savayı, rəhbər
şəxslər Mikayılovlar ailəsinə Bakıda mənzil,
avtomobil də söz vermişdilər: "Anam deyirdi ki, 2-3 dəfə
Bakıya gediblər. İçərişəhərdə 3
otaqlı mənzil bağışlamışdılar. Mənzilə
baxıblar, çox bəyəniblər. Atama da avtomobil, heyvan
boyun olmuşdular. Arzu sağ ikən vermədilər. Öləndən
sonra isə..." Arzu öləndən sonra ev, avtomobil
söhbəti də "ölüb", heyvan da. Belə...
***
Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın
1-ə olan məlumatına görə, Azərbaycanın əhalisi
10 milyon 224,9 min nəfər olub. 2026-cı ilin
astanasındayıq. Təbii ki, artım var və 1-2 ilə 11
milyonuncu vətəndaşımız dünyaya gələcək.
Buna kimi isə illər əvvəl - 2010-cu il yanvarın 15-də
Naxçıvanda Azərbaycanın 9 milyonuncu vətəndaşı
doğulub. Əhmədovlar ailəsinin 2-ci övladı olan bu
körpəyə Prezident İlham Əliyevin şərəfinə
İlham adı qoyulub. 9 il sonra aprelin 6-da Bakıda 10 milyonuncu
vətəndaşımız dünyaya gəlib. Rauf Həsənov
və Nigar Ocaqova qızlarını Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın şərəfinə Mehriban
adlandırıblar. İlham Əhmədovun hazırda 15
yaşı var. Mehriban Həsənova isə artıq məktəblidir.
Bəs 6, 7, 8 milyonuncu vətəndaşlarımız?
İnternet resurslarda onlar haqqında məlumat yoxdur. Müsəllim
Həsənovun təbirincə desək, harada
yaşayırlar? Yaşayırlarmı?
Taparam...
İlqar TAĞIYEV
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.11.