Qulu Ağsəsin bir şeiri:
Qarabağın üç halı
Qulu Ağsəsin "Xankəndi və M.Zəkiyə"
şeiri Qarabağ torpağına həm sevgi, həm
ağrı, həm də qayıdış həsrətinin
poetik etirafıdır. Şeirin ilk misralarında Xankəndi
adi coğrafi məkan kimi deyil, sanki ümumi yurd - binə kimi
təsvir olunur: "Tavanı - göy şüşəli,
döşəməsi - meşəli". Bu bənzətmə
Xankəndinin təbiətini gündəlik məişət
obrazına çevirərək həm sadəlik, həm də
doğmalıq yaradır.
"Ovçunun yuxusunda marala bənzəyir o"
misrası isə daha çox tarix və münaqişə
kontekstindən doğan məna daşıyır. Buradakı
"ovçu" - düşməndir, (burada: erməni tərəf).
Maral isə həm zərifliyini, həm də cazibəsini
qoruyan Qarabağın özüdür. Əsrlər boyu bu
torpaq düşmənin nəzərində belə cəlbedici
olub, ovçunun yuxusuna girəcək qədər dəyərli
görünüb. Bu bənzətmə əslində
Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin
necə arzuolunan, necə həsəd doğuran bir nemət
olduğunu xatırladır.
"Dağların yaxasında medala bənzəyir
o" misrası isə artıq başqa bir məqamı - Zəfəri
tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə
bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi
ilə Qarabağ Zəfərinin tamlığı,
bütövlüyü simvolizə olunur. Yəni Xankəndi
dağların qoynunda parlayan, qələbəni təsdiqləyən
son medaldır.
Şeirin ortasında Qulu Ağsəs torpağın
insan yetişdirmə gücünə toxunur: "Burda
doğulmur adam, əkilir şitil kimi". Bu misra həm
poetik, həm də fəlsəfi anlam daşıyır, belə
ki, bu torpaq insanı yalnız doğmur, həm də
yetişdirir, formalaşdırır. Şair özünü bu
torpağın yazdığı sətrə, bir misraya bənzədir
və "şütüyən sətir kimi" yurd-yurd
dolaşsa da, sonunda yenə öz "Xanım"ına, yəni
Xankəndinə dönür.
Buradakı "Xanım" müraciəti əslində
çoxqatlı simvolik məna daşıyır. Bu söz həm
Xankəndinin adındakı "Xan"a işarədir, həm
də Qarabağ musiqisinin səsini - Xan Şuşinskinin irsini
çağırır. Beləliklə, şair təkcə
torpağa yox, bu torpağın səsinə, musiqisinə,
xatirəsinə də dönür.
Şeirin ən yüklü misralarından biri isə
"Yaşamaq vaxtı öldük, ölmək vaxtı
yaşayaq!" misrasıdır. Burada müəllif şəxsi
həyatının illərini Qarabağın taleyi ilə
eyniləşdirir: onun gənclik illəri Qarabağdan
qaçqın düşdüyü dövrlərə,
qocalıq çağı isə geri dönüşün
mümkün olduğu zamana təsadüf edir. Yəni
yaşamalı olduğu çağlarda - ömrün
baharında itirmiş, ağrı çəkmiş,
ömrün payızında isə yenidən o torpağa
qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm
də gec də olsa qayıdış sevincini özündə
cəmləyir.
Bütün bu məna qatları şeiri sırf
nostalji mətn etmədən, həm tarixi, həm mənəvi,
həm də bədii çalarlarla doluolan çoxqatlı bir
poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə Xankəndini
həm maral kimi həzin, həm medal kimi dəyərli, həm
də ev kimi doğma göstərərək Qarabağın
üç halını bir yerdə təqdim edir: şeirdə
itirilən gözəllik, ulduz kimi parlayan Zəfər və
gec də olsa qayıdışın sevinci var.
Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.10.