"Elizabet Ledererin portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı muzeyşünas Təranə Məhərrəmlidir.
Onunla məşhur rəssam Qustav Klimtin "Elizabet Ledererin
portreti" əsərindən danışmışıq.
Qustav Klimt (1862-1918) Avstriyanın ən
tanınmış simvolist rəssamlarından biridir. O, XIX əsrin
sonu-XX əsrin əvvəllərində yaranan Vyana
Secessiyası hərəkatının əsasını
qoyanlardan sayılır. Klimtin yaradıcılığı
qadın gözəlliyi, erotizm, dekorativlik, qızıl
ornamentlər və psixoloji dərinlikləri ilə
seçilir. Klimtin "Qızıl dövr" adlanan mərhələdə
yaratdıqları xüsusilə məşhurdur. Bu dövrdə
o, sənətdə qızıl yarpağından geniş
istifadə edərək əsərlərinə həm
monumental, həm də mistik dəyər qazandırıb.
Onun əsərləri yüksək simvolika, ornamental
naxışlar və psixoloji çalarları ilə fərqlənir.
Dövrünün avanqard sənətçisi sayılan Klimt
həm də klassik portret ənənələrini yeni formaya
salaraq sənət tarixinə yeniliklər gətirmiş rəssamdır.
- "Elizabet Ledererin portreti" nə vaxt yaranıb və
hansı material üzərində işlənib?
- Əsər 1914-1916-cı illər arasında çəkilib.
Klimtin gec dövr yaradıcılığına aid olan bu
portret yağlı boya texnikası ilə kətan üzərində
işlənib. Bu iş Klimtin portret
yaradıcılığının yetkinlik dövrünü əks
etdirir. Burada həm rəssamın dekorativ üslubu, həm də
portretin psixoloji incəliyi özünü göstərir.
- Elizabet Lederer kim idi? Klimt niyə onun portretini
yaratmışdı?
- Lederer Vyananın nüfuzlu Zuckerkandl ailəsinə
bağlı gənc bir aristokrat qadındır. Onun anası
Baronessa Serena Lederer Klimtin ən yaxın himayəçilərindən
və dostlarından biri idi. Lederer ailəsi Klimtə bir
neçə sifariş vermişdi və bu portret də həmin
sifarişlərdən biridir. Klimt Elizabeti sakit,
düşüncəli və aristokrat zərifliyi ilə təsvir
edib. Portretdə onun şəxsiyyəti həm zərifliklə,
həm də müəyyən psixoloji dərinliklə ifadə
olunub. Əsər psixoloji portret janrına aiddir. Üslub isə
Klimtin simvolizmə əsaslanan dekorativ-estetik maneraları ilə
xarakterizə olunur. Klimt burada həm realist təsviri, həm də
dekorativ fonu sintez edərək obrazı ön plana
çıxarır. Qadın fiquru ön planda son dərəcə
sadə və sakit təsvir edilsə də, fondakı ornamentlər
əsərə emosional dərinlik qatır.
- Tablo hazırda harada saxlanılır?
- Bu portret uzun müddət ABŞ-da şəxsi
kolleksiyada qorunub. Daha əvvəl isə Avstriyada Lederer ailəsinin
kolleksiyasının bir hissəsi olub. Lakin İkinci Dünya
müharibəsindən sonra bu əsər də bir çox
digər yəhudi ailələrinə məxsus portretlər
kimi, müxtəlif şəxsi kolleksiyalara keçib.
Hazırda o, sərgilənmək üçün muzeydə
deyil, xüsusi kolleksiyada saxlanılır.
- Təbii ki, "Elizabet Ledererin portreti" əsərindən
danışarkən hərrac məsələsinin üzərindən
keçə bilmərik. Bu günlərdə tablo Nyu-Yorkda
keçirilən hərracda rekord qiymətə - 236,4 milyon
dollara satıldı. Beləliklə, portret indiyədək hərracda
satılan ən bahalı müasir incəsənət əsəridir.
- Klimtin portretləri həmişə yüksək
qiymətləndirilir, çünki həm sənət tarixi
baxımından əhəmiyyətlidir, həm də nadir əsərlərdir.
"Elizabet Ledererin portreti" əsərinin
satışı isə Klimtin dövrümüzdə də nə
qədər qiymətli və tələb olunan rəssam
olduğunu bir daha sübut etdi. Bu hərrac həm sənət
bazarında Klimtə olan marağı, həm də klassik
avanqard portret sənətinin müasir dövrdəki dəyərini
göstərən mühüm hadisə kimi yadda qaldı.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Klimtin bu portretdə əsas məqsədi
qadının xarici görünüşündən daha
çox onun psixoloji enerjisini və daxili dünyasını
göstərmək idi. Elisabetin simasında gənclik, həssaslıq,
sakitlik və aristokrat təmkinini görmək olur. Fonun
dekorativliyi isə onun sosial statusunu və
yaşadığı dövrün estetik dəyərlərini
vurğulayır. Klimt qadın obrazını
ideallaşdırmır, o, şəxsiyyəti, duyğunu və
xarakteri özünəməxsus ornament dili ilə ifadə edir.
Buna görə də bu portret təkcə bir aristokrat
qızın təsviri deyil, həm də dövrün mədəni
simvolu kimi qəbul edilir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.10.