BMT-də ikinci həyat
verilmiş Azərbaycan xalçalarının sərgisi təşkil
edilib
Noyabrın 24-də Azərbaycan Respublikasının
Birləşmiş Millətlər Təşkilatı
yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı
ilə əməkdaşlığı çərçivəsində
BMT-nin Baş Qərargahında "Azərbaycan
xalçalarının ikinci həyatı" adlı sərginin
açılışı olub. Daimi Nümayəndəlikdən
AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanda
2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması
münasibəti ilə keçirilib və ölkənin ən
məşhur mədəni ənənələrindən birinə
həsr olunub.
"İkinci həyat" təşəbbüsü
rəssamlar Sona Quliyeva və Dadaş Məmmədov tərəfindən
irəli sürülüb. Layihə çərçivəsində
ənənəvi və müasir sənətkarlıq
texnikalarının birləşməsi vasitəsilə qədim
və köhnəlmiş Azərbaycan xalçaları yenidən
canlandırılır. Atıla biləcək
parçaları bərpa etmək və yenidən
görünüş verməklə layihə mədəni
irsin davamlı aktuallığını vurğulayır və
məsuliyyətli istehlakın əhəmiyyətini əks
etdirir.
Açılış mərasimində Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı
yanında Daimi Nümayəndəsi Tofiq Musayev diplomatları,
BMT rəsmilərini və qonaqları salamlayıb. O, Azərbaycanda
xalçaçılığın dərin tarixi əhəmiyyətini
vurğulayıb, mədəni irsin canlandırılması da
daxil olmaqla, davamlı inkişaf üçün əsas dəyərləri
qeyd edib.
Açılış mərasimindəki qonaqlar həmçinin,
rəssam Sona Quliyevanın çıxışını dinləyiblər.
O, yaradıcılıq prosesi və köhnə xalçalara
yeni həyat verməklə bağlı fikirlərini
bölüşüb. Sərgi noyabrın 28-nə kimi BMT-nin
Baş Qərargahında nümayiş olunacaq.
525-ci qəzet .- 2025.- 26 noyabr (¹215).- S.9.