Bakıdan Belemə: COP fərqi
Bu gün dünyanı narahat edən əsas problemlərdən
biri də iqlim dəyişmələridir. BMT-nin İqlim Dəyişiklikləri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransı (COP) bu məsələdə əsas platforma rolunu
oynayır. Hər il qeyd edilən çərçivədə
bir araya gələn beynəlxalq birlik çıxış
yollarını axtarır. Amma hər dəfə də
ümumi fikrə gəlmək, iqlim dəyişmələri
ilə mübarizədə effektiv qərarlar qəbul etmək
mümkün olmur. Bu mənada Azərbaycanın ötən il
ev sahibliyi etdiyi COP29 təkcə yüksək təşkilatçılıq,
diplomatik koordinasiya ilə deyil, həm də əldə
edilmiş nəticələrlə tarix yazdı.
Məlum olduğu kimi, COP30 bu il 10-21 noyabr tarixlərində
Braziliyanın Belem şəhərində keçirildi. Bu tədbirdə
ilk günlərdən bir sıra problemlər özünü
göstərdi. Sessiya həm zəif təşkilatçılıq,
həm təhlükəsizlik sahəsindəki boşluqlar, yetərsiz
koordinasiya, eyni zamanda, infrastruktur
çatışmazlıqları ilə müşayiət
olundu. COP30-un pavilyonunda baş verən yanğın zamanı
müdaxilənin gecikməsi, etiraz aksiyaları tədbirin
işinə öz mənfi təsirlərini göstərdi.
Digər tərəfdən, bir çox ölkənin yeni milli
iqlim öhdəliklərini təqdim etməməsi də iqlim
dəyişikliyi ilə mübarizə səylərinə mane
olmaqla yanaşı, siyasi koordinasiya baxımından problemlərə
səbəb oldu. COP30-da iştirakçılıq səviyyəsi
də aşağı idi.
Bakıda təşkil olunan COP29-da isə rəsmi
statistikaya əsasən, 72 min nəfər iştirak edib. Eyni
zamanda, 190-dan çox ölkə tədbirdə yüksək
səviyyədə - dövlət və hökumət
başçıları, nazirlər səviyyəsində təmsil
olunub. Sessiyada beynəlxalq qurumların rəhbərləri də
iştirak edib. Belemin ev sahibliyi etdiyi COP30-da isə ümumi
iştirakçı sayı 56 min nəfər oldu, bir
çox ölkə isə yüksək səviyyəli
nümayəndə heyəti ilə təmsil olunmadı.
Bakının COP29 sammiti zamanı qazandığı
etimad, eləcə də Braziliyada keçirilən COP30-a
hazırlıq prosesində yaxından
iştirakçılığı Azərbaycan nümayəndə
heyətinə Belemdə əsas missiyaların həvalə
edilməsinə imkan verdi. Bu, Paris Sazişinin həyata
keçirilməsində və iqlim dəyişikliyinə
qarşı mübarizədə qlobal əməkdaşlığın
gücləndirilməsində Azərbaycanın etibarlı və
əhəmiyyətli tərəfdaş kimi strateji rolunu
vurğulayır. Belə ki, COP29 çərçivəsində
qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına
uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal
iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə
dair "Bakıdan Belemə Yol Xəritəsi"ni
hazırlayaraq COP30 çərçivəsində təqdim
edib. Bu sənəd inkişaf etməkdə olan ölkələr
üçün 2035-ci ilə qədər ildə ən
azı 1,3 trilyon ABŞ dolları iqlim maliyyəsinin təmin
olunması üçün strateji addımları müəyyənləşdirir.
Yol xəritəsi əsasən 5 prioritet sahəni hədəfləyir
ki, bunlara güzəştli kreditlər, sosial məsuliyyət,
özəl investisiyaların cəlbi və ədalətli
maliyyə axını daxildir.
Xatırladaq ki, COP29 konfransı iqlim məsələlərində
tarixi yeniliyə imza atdı. Paris Sazişinin illərdir
işlək olmayan 6-cı maddəsi ilk dəfə tam şəkildə
razılaşdırıldı. 6-cı maddə ilə
bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf
mühitin bütövlüyünü, şəffaflığı
və karbon bazarlarının möhkəmliyini təmin etməkdə
mühüm rola malikdir. Digər tərəfdən, 6-cı
maddə üzrə əməkdaşlıq qlobal olaraq
mitiqasiya tədbirlərini, yəni emissiyaların
azaldılmasını tənzimləyə biləcək.
COP29-da əldə olunan əsas nailiyyətlərdən
biri də 2022-ci ildə təşəbbüs kimi irəli
sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə
ən çox məruz qalan ölkələrə maliyyə
yardımını nəzərdə tutan İtki və Zərər
Fondunun tam şəkildə institutlaşdırılması
oldu. İqlim dəyişmələrinin fəsadlarının
kiçik ada dövlətlərinə təsirlərinin
yaratdığı çətinliklərin həlli Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin
prioritetlərindən biri kimi müəyyən olunub. Bu
baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə
başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal
Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol
Xəritəsi yaradıldı. Bu, inkişaf etməkdə olan
ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin
hər il COP-larda müzakirə olunmasını təmin edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov
mövzu ilə bağlı "525"ə deyib ki, COP illik əsasda
keçirilir: "Yeni tədbirlər barədə
danışıqlar aparmaq və tərəflərin iqlim dəyişikliyini
məhdudlaşdırmaq üçün BMT-nin İqlim Dəyişiklikləri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının ümumi məqsədinə uyğun olaraq irəliləyişini
nəzərdən keçirmək yolunda bir fürsət
olaraq dəyərləndirilir. Hər bir COP konfransın sonunda
ictimaiyyətə açıqlanan bir bəyanatla və ya məcburi
bir konsensus ilə razılaşır. Məsələn,
2023-cü ildə keçirilən COP28-də Tərəflər
BƏƏ Konsensusu ilə razılaşdılar. UNFCCC-
BMTİÇK 198 Tərəf (197 dövlət və Avropa
İttifaqı) arasında bir razılaşmadır.
Razılaşma "istixana qazı konsentrasiyalarını
iqlim sisteminə təhlükəli antropogen yəni, insan tərəfindən
törədilən müdaxilənin qarşısını
alacaq səviyyədə sabitləşdirmək məqsədi
daşıyır. UNFCCC "çətir"
razılaşmasıdır, yəni onun çərçivəsində
digər məcburi qərarların qəbul edilməsi və həyata
keçirilməsi deməkdir. Buraya 2015-ci ildə COP21-də
razılaşdırılmış Paris Sazişi də
daxildir".
Deputat əlavə edib ki, 2024-cü ildə COP29 Azərbaycanda
təşkil olundu: "Bizdən öncə COP28 2023-cü
ildə Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində, bizdən sonra COP 30 10-22 noyabr
tarixlərində Braziliyanın Belem şəhərində
keçirildi. 6-7 noyabrda isə sessiyanın Liderlər Zirvəsi
təşkil olundu. Ümumiyyətlə, BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının 198 tərəfi
geniş şəkildə beş regional qrupda təşkil
olunub ki, buraya Afrika, Asiya, Şərqi Avropa, Latın
Amerikası və Karib dənizi, Qərbi Avropa və digər
dövlətlər (Avstraliya, Kanada və ABŞ) daxildir. COP-un
prezidenti adətən ev sahibi ölkənin yüksək vəzifəli
dövlət məmurudur. COP birgə mübarizə deməkdir.
Qlobal istiləşmə ilə mübarizə aparmaq və
iqlim dəyişikliyinin pisləşən təsirlərinə
uyğunlaşa bilməyi təmin etmək üçün
artıq masada əsas öhdəliklər olduğu
üçün danışıq aparanlardan istəkləri hərəkətə
çevirmək üçün alətlər, göstəricilər
və proseslər müəyyənləşdirmək gözlənilir".
A.Badamov bildirib ki, Belem şəhərində
keçirilən Liderlər Zirvəsində Azərbaycanı
Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi nümayəndə heyəti
böyük uğurla təmsil etdi: "Milli Məclisin sədri
Azərbaycan adından bəyanat səsləndirdi, həmçinin
bir sıra ölkələrin rəhbər şəxsləri
ilə ikitərəfli görüşlər keçirildi. Bu
görüşlər həm tədbirin profili
baxımından, həm də qeyd etmək istərdim ki, Azərbaycan
xarici siyasətinin, Sahibə xanımın rəhbərliyi ilə
parlament diplomatiyasının son dərəcə uğurla təmsil
olunması baxımından yüksək diqqətə layiqdir.
Azərbaycan COP30-un təşkil olunmasında COP29-da əldə
etdiyi tarixi nəticələri, öz təcrübəsini
bölüşdü. Belə ki, COP29-un sədri, Azərbaycan
Prezidentinin İqlim məsələləri üzrə
nümayəndəsi Muxtar Babayev tədbirlərdə
iştirak və çıxış edib, fikir mübadilələrində
aktiv rol alıb. Bu, özünü konkret nəticələrdə
göstərdi. Belə ki, COP29 çərçivəsində
qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına
uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal
iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə
dair "Bakıdan Belemə Yol Xəritəsi"ni
hazırlayaraq COP30 çərçivəsində təqdim
edib. Bir daha məlum oldu ki, hədəflərə çatmaq
birgə, koordinasiyalı iş ortaya qoyulduğu zaman
mümkündür. Təbii ki, artıq görüşlər
nəticəsində də vurğulandığı kimi, bu hədəfə
çatmaq mümkündür. Əsas məqam odur ki,
sözügedən məsələ ənənəvi mənbələrdən,
eləcə də yeni və innovativ maliyyə mexanizmlərinin
hazırlanmasından əhəmiyyətli səy tələb
edəcək".
Deputat söyləyib ki, Paris Sazişinin daha sürətli
həyata keçirilməsi üçün iqlim tədbirlərinin
real iqtisadi və maliyyə islahatlarına daxil edilməli
olduğu fikri üzərində ciddi müzakirələr
gedir. Artıq fikir mübadilələrindən təcrübəyə
keçmək lazımdır: "Buna görədir ki,
prezidentlər Muxtar Babayev və Andre Korrea do Laqo
görüşərkən praktiki erkən tədbirlər təklifi
üzərində dayanıldı. Buraya məlumatları təkmilləşdirmək,
islahat müzakirələrini təşviq etmək və
şəffaflığı və əməkdaşlığı
gücləndirmək daxildir. Bu addımlar impulsun
yaradılmasına, prioritetlərin
formalaşdırılmasına və mümkün olanları
nümayiş etdirməyə kömək edəcək.
İqlim maliyyələşdirməsində bu dövrü həqiqət
dövrünün başlanğıcı kimi də xarakterizə
edirlər. Paris Sazişinin daha sürətli həyata
keçirilməsi üçün iqlim tədbirlərinin
real iqtisadi və maliyyə islahatlarına daxil edilməsi
reallığı artıq aydın görünür.
Bir daha sübut olundu ki, planetimiz bizdən təcili
addımlar, koordinasiyalı iş tələb edir. Bunun
üçün resurslar mövcuddur. Qalan şey odur ki, tərəflər
qətiyyət ortaya qoymalıdırlar. Mənəvi
baxımdan biz özümüzdən son dərəcə
böyük məsuliyyət tələb edərək bu birgə
işə töhfə verməliyik. Bəşəriyyət
qloballaşmanın mənfi təsirlərinə
cavabını göstərdiyi məsuliyyətin miqdarı ilə
verməlidir. Belemdə müəyyən fikir
ayrılıqları olsa da, ölkələrdən
qazıntı yanacaqlarından uzaqlaşmaq üçün
birlikdə işləməyə davam etmək istiqamətində
güclü ambisiyalar da gördük".
Pərvanə
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.5.