Rza Diqqəti - Erməni
vəhşiliyini dünyaya bəyan edən fotoqraf
O, dünyanın 115 ölkəsində 1 milyondan
çox şəkil çəkib. Çəkdiyi fotolar 25
jurnalın üz qabığı olub. Hər bir şəklinin
də öz hekayəsi və öz nağılı var.
Müxtəlif münaqişə zonalarında - Ruanda, Bosniya,
Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda
çəkdiyi savaş səhnələri hər kəsdə
dərin təəssürat yaradır. Ən təsiredici
anı Xocalıdan olan yaşlı qadının şəklini
çəkərkən yaşayıb. Faciədən sonra
qaça-qaça əllərini göyə açaraq gələn,
amma əzizlərinin hamısının həlak olduğunu
görən, ah-nalə edən qadının fotosunu çəkərkən.
Bütün dünya həmin rəsmə baxaraq məyus olub.
Məşhur fotojurnalist bu şəkli Fransa və Amerika da
daxil olmaqla dünyanın bir çox ölkələrində
sərgiləyib, kitablarına daxil edib. Hətta Avropada buna
görə ermənilərlə münaqişələri də
olub.
1992-ci ildə cəbhə bölgəsində ermənilər
üç dəfə ona snayperdən atəş
açıblar, güllələrdən biri Şuşa
yolunda papağını aparıb, ikincisi qulağını
cızıb, digəri isə ayağının yanından
keçib. O, 20 yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan
- Qarabağ həqiqətlərini dünyaya bəyan edən
fotojurnalist kimi tanınır.
Söhbət 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı
ailəsində anadan olmuş Reza Deqatidən (və ya Rza Diqqətidən)
gedir. 14 yaşından şəkillər çəkməyə
başlayan R.Diqqəti Tehran Dövlət Universitetinin
memarlıq fakültəsində təhsil alırdı. Lakin fəaliyyətinə
görə 22 yaşında həbs olunub, işgəncələrə
məruz qalmışdır. Həbsdən
çıxdıqdan sonra - 1981-ci ildə özünə
qarşı artan təzyiqlər üzündən təhsilini
yarımçıq qoyaraq İranı tərk etmişdir.
Fransaya getmiş, 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti
ilə əməkdaşlığa başlamışdır.
1992-ci ildə həyat yoldaşı, yazıçı
Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto
Agentliyinin əsasını qoyub.
Biz bu yazıda qısaca olaraq R.Diqqətinin ancaq Azərbaycanla
bağlı fəaliyyətinə diqqəti cəlb etmək
istərdik.
"National Geografic", "GEO" və digər
dünyaca məşhur jurnalların tanınmış
fotoqrafı olan R.Diqqəti Azərbaycan Respublikasına ilk dəfə
1987-ci ildə səfər edib. İki həftə sürən
bu səfər "Vətən" cəmiyyətinin sədri,
yazıçı Elçin Əfəndiyevin dəvəti ilə
baş tutmuşdu. Bu, onun Azərbaycanla, Azərbaycan
ziyalıları ilə ilk tanışlığı
olmuşdu. O, bu səfər zamanı Bəxtiyar Vahabzadə, Fərhad
Xəlilov, Anar Rzayev, Fikrət Qoca və başqa
ziyalılarımızla tanış olmuşdu.
20 Yanvar günlərində də çox çətinliklə
Bakıya gəlib çıxan R.Diqqəti
soydaşlarının köməyi ilə Bakıda
üç gün gizli şəkildə xəstəxana və
meyitxanalarda çəkilişlər etmişdir. O, Şəhidlər
xiyabanında şəhidlərin dəfn mərasimində də
olmuş və çoxlu fotolar çəkmişdir.
Üç gündən sonra Fransaya qayıtmışdır.
Həmin günün axşamı isə bütün Fransa
televiziya və jurnalları Bakıdan xəbərlər
yaymışdılar. R.Diqqəti özü deyir ki,
"sonralar bildim ki, o zaman Azərbaycan DTX-sına təzyiqlər
olub ki, harada yatmışdınız? "Fransız" gəlib,
üç gün çəkiliş edərək gedib, sizin
xəbəriniz olmayıb!"
Onun Azərbaycana növbəti səfəri Xocalı
soyqırımından sonra, 1992-ci il fevralın 28-də
baş tutmuşdu. Həmin gün Bakıya gələn məşhur
fotoqraf azərbaycanlı olduğunu bildirmədən Fransadan gələnlərlə
birlikdə Ağdama getmiş, orada Xocalıdan gətirilən
meyitlərin, onların ailələrinin fotolarını
çəkmişdi. R.Diqqəti müsahibələrindən
birində deyir: "...Bu vaxt erməni əsgərlərindən
biri cibindən çay qaşığını
çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu
neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir
götürəndə bununla gözlərini
çıxarırıq. Mən dünyanın heç bir
yerində belə vəhşilik görməmişdim. Həqiqətən
bizim meyitləri gətirəndə gördüm ki, gözləri
çıxarılıb. Mən həmin fotoları çəkib
sərgilərimdə nümayiş etdirdim. Bu, müharibə
deyildi, əsl soyqırımı idi. Sonra Şuşaya üz
tutdum... Neçə gün orada qaldım. Sonra geri
dönüb Parisə getdim. Qarabağ müharibəsi və
Xocalı soyqırımı ilə bağlı çəkdiyim
bütün fotoları dünyaya yaydım".
Fotojurnalistin "Günahsızların
qırğını" kitabında da 1992-ci ildə ermənilərin azərbaycanlılara qarşı
törətdiyi Xocalı soyqırımı zamanı lentə
aldığı görüntülər toplanıb. Sərgi
zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən
insanların, onların ailə üzvləri və
qohumlarının acıları əks olunur. Xocalıdan didərgin
düşən sakinləri, onların məskunlaşdığı
yaşayış yerlərini, çətin və əziyyətli
həyat tərzini əks etdirən fotolar oxuculara faciənin
ağrısını çatdırır. Kitabda həmçinin
qaçqın və məcburi köçkünlər
üçün salınmış şəhərciklərdən,
Xocalı soyqırımının dünyada tanınması məqsədilə
müxtəlif ölkələrdə keçirilən tədbirlərdən
fotolar da yer alıb.
Dünyanın ən məşhur fotojurnalistlərindən
sayılan həmvətənimiz Rza Diqqəti müharibə
gedən digər bölgələrdə Tərtər,
Ağdam, Zəngilan və Cəbrayılda baş verən
hadisələri də fotoobyektivin yaddaşına
köçürüb. Fotoaparatının obyektivinə
tuşladığı həqiqətləri dünyanın
gözləri önünə çıxarıb.
Birinci Qarabağ müharibəsindən sonra da Rza bəy
qaçqın və məcburi köçkünlərlə
vaxtaşrı görüşərək, onların şəkillərini
çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaq üçün Avropa ölkələrində
sərgilər təşkil edib, buna görə dəfələrlə
ermənilərin hücumuna məruz qalıb. Qarabağda
çəkdiyi fotoları Parisdə sərgiləyən Rza
Diqqətiyə qarşı Fransa mətbuatında onlarla
yazı dərc olunub, özü hədələnib, sərgisi
isə erməni hücumuna məruz qalıb. Rza bəy deyir
ki, "ermənilər mənə üç cür təzyiq
göstəriblər, haqqımda şər, böhtan xarakterli
yazılar yazıblar; fiziki təzyiq göstəriblər, sərgim
olanda foto və kitablarımı cırıblar; ən pis təzyiq
bir neçə böyük layihələrimin əngəllənməsi
ilə olub".
O, 1997-ci ildə o, bir neçə ay Azərbaycan
Respublikasında yaşayıb, ölkəni gəzərək
sadə insanların gündəlik həyatını, məişətini,
adət-ənənələrini fotolarda əbədiləşdirib.
Sonralar da vaxtaşırı ölkəmizə gələn
fotojurnalist eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi
və digər müxtəlif tədbirlərdən çəkdiyi
fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini
yaradıb. Müsahibələrinin birində özü deyir
ki, "Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə
də onun ən ucqar kəndlərini mənim qədər
heç kim tanımır".
O, 2013-cü ildə Parisdə "Azərbaycan.
Tolerantlıq məkanı" sərgisini təşkil
etmişdir. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif
şəhərlərində, eləcə də BMT-nin mənzil
qərargahında, Avropa Parlamentində nümayiş olunub.
2014-cü ildə "Alovun zərifliyi", "Qara
Yanvar", "Dağlıq Qarabağ və Xocalı
soyqırımı" hadisələrinə həsr
edilmiş "Körpələrin döyülməsi"
kitablarını yazmışdır. "Alovun zərifliyi"
kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri
zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları,
ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri
və digər məqamlar öz əksini tapıb.
Vətən müharibəsində qələbədən
sonra da erməni vəhşiliyini davamlı və peşəkar
şəkildə sübut etməkdə davam edən R.Diqqəti
İsveçrənin Lozanna şəhərində sərgi və
konfrans təşkil edərək Azərbaycan şəhər
və kəndlərinin erməni silahlı qüvvələri
tərəfindən darmadağın edilməsini əks etdirən
fotoları nümayiş etdirib. Ağdamın fotosunu
nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri
bu şəhəri "Qafqazın Xirosiması"
adlandırıblar. O, indi də erməni vandalizmini fotofaktlarla
ifşa eyməkdə davam edir. Onun Şuşada M.P.Vaqifin məqbərəsinin,
Ü.Hacıbıyovun büstünün, Bülbülün
ev-muzeyinin, Ağdamda Natəvanın məqbərəsinin
viran qoyulması, Qubadlıda, Laçında və digər ərazilərdə
məscid və qəbiristanlıqların
dağıdılması və s. barədə ifşaedici
fotoları erməni barbarlığından xəbər verir.
Qələbimizə ən azı bizi qədər sevinən
R.Diqqəti MDU-da tələbə və müəllim
kollektivi ilə görüşdə demişdi ki, möhtəşəm
Qələbənin şahidi olduğu və işğaldan
azad edilmiş torpaqları gördüyü üçün
özünü şanslı hesab edir və qürur duyur.
ADU-nin tələbələri ilə görüşdə isə
söyləmişdi: "...Şuşa azad edilən kimi
getdim, oraya gedəndə məni sevinc hissi bürüdü
ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir
yandan da Şuşanın azad edilməsinə inana bilmirdim.
Axı, Şuşanın coğrafiyası fərqlidir. Mən
dünyada dağ müharibələri görmüşəm,
ona görə mənə inanmaq çətin idi ki,
Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan
əsgərləri piyada Cıdır düzünə
çıxmışdılar. Qarabağ azad ediləndə
tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə
qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər
buraları nə vəziyyətə salıblar. Erməni bilir
ki, Qarabağ onun deyil, çünki dünyada heç bir millət
öz evini yandırmaz".
Dünya şöhrətli fotoqraf R.Diqqəti indi də
tez-tez ölkəmizə gəlir, müxtəlif rəsmi tədbirlərdə,
çoxsaylı görüşlərdə iştirak edir,
ustad dərsləri keçir. Qarabağda aparılan möhtəşəm
quruculuq işlərini, ölkəmizin iqtisadi və mədəni
həyatındakı uğurları öz kamerasının
yaddaşına köçürməkdə davam edir.
Rza Diqqəti bizim pis günlərimizi görüb,
indi yaxşı günlərimizin şahidi olur. Çəkdiyi
fotolarla tariximizi yazır. Keçmişimizlə gələcəyimiz
arasında bağ qurmaqda davam edir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 27 noyabr (№ 216).- S.15.