Gülüşündə
qalan işıq
Vətənin hər qarış torpağında, hər
nəfəsində bir igidin izi yaşayır. Bəzən bu
iz tarix kitablarında yazılır, bəzən bir qəlbin dərinliyində.
Bəzilərinin adı yüz illərlə xatırlanır,
bəzilərinin siması isə insanların yaddaşında
unudulmaz bir məhəbbət kimi qalır. Bu gün
haqqında bəhs etdiyim gənc də yaddaşlarda məhz
belə iz qoyub: ömrü qısa olsa da,
yaşadığı hər günlə böyüklük
göstərən, taleyin amansızlığına uduzmayan,
könüllü olaraq Vətən savaşına yollanan, mərdliyi
ilə şərəf qazanan bir oğuldan - Vətən
Müharibəsi veteranı Ceyhun Xalid oğlu Quliyevdən bəhs
edəcəyik. Bu ad sadəcə bir insanın adı deyil,
igidliyin, mərdliyin və pak bir qəlbin simvoludur.
Ceyhunun üzündəki təbəssüm sadəcə
bir gülüş deyildi: bu gülüşün insanın
içini isidən, qəlblərə işıq saçan
bir halı vardı. Daxilindəki saflıqla insanlara
yanaşır, hər kəsə təmiz niyyətlə
yaxınlaşırdı. Hər bir adamın uğuruna sevinən,
dostunun sevincini öz sevincindən ayırmayan, kədərinə
can yanan bir gənc idi. O, atası kimi zəhmətsevər,
vicdanlı, halalı sevən bir insan idi və bu xasiyyətlər
ona təkcə hörmət yox, gənc yaşında insanlar
arasında xüsusi bir sevgi də qazandırmışdı.
Onun ünsiyyətində elə bir istilik vardı ki, insan bir
dəfə münasibətdə olanda onu illərin dostu kimi
hiss edirdi. Sanki Ceyhun insanların qəlbinə sakitlik gətirən
bir bahar nəfəsi idi. O, bir insanın həyatına daxil
olanda orada iz qoymadan çıxmayan nadir adamlardandır.
Ceyhun üçün həyat sadəcə yaşamaq
deyildi: onun hər açılan səhəri yeni bir ümid,
yeni bir nəfəs idi. Sadə şeylərdə gözəllik
görməyi bacaran nadir insanlardan idi. Dünyaya sevgi ilə
baxdığı üçün də enerjisi tükənməz
idi. Onunla söhbət edən hər kəs içində
gizlənmiş bir gücün oyandığını hiss
edirdi. Ceyhun insanın özünü dəyərli hiss
etdirdiyi gənclərdəndir və yanında olan hər kəs
ona arxayın olurdu. Onun varlığı belə insana güvən
və rahatlıq bəxş edirdi. Hətta susqunluğu belə
bir çoxlarına təsəlli verirdi; çünki onun
yanında adam özünü tənha hiss etmirdi.
Pozitivliyi, özünəinamı, ətrafa motivasiya yayması
onu xüsusi edən, hamıdan fərqləndirən cəhətlər
idi. Bəzən bir cümləsi ilə kiməsə ümid
olur, bəzən sadəcə təbəssümü ilə
bir insanın içindəki yükü yüngülləşdirirdi.
Bu səbəbdən o, heç kimin süni şəkildə
sevdiyi biri deyildi, onu sevənlər ürəyindən sevirdi.
Ceyhun kiminsə həyatına günəş kimi doğan,
qaranlıq məqamlarında işıq olan gənclərdən
idi.
Təəssüf ki, həyat hər kəsə eyni
davranmır. Bəzən sınaqlar insanın yolunu çətinləşdirir.
Ceyhun da bu çətinliklərlə üzləşmiş,
amma heç zaman sınmamışdı. Həyatın sərtliyi
onu əymədi, əksinə, daha da möhkəmləndirdi.
O bilirdi ki, insanı dəyərli edən təkcə xoş
günlər deyil, həm də çətinliklərdir. Ona
görə də hər sıxıntını dərs, hər
çətinliyi daha bir yüksəliş kimi qəbul edirdi.
Onun iradəsi çoxlarının sarsıldığı məqamlarda
belə əyilmirdi, içindəki güc özünə də,
ətrafına da dayaq olurdu. O, həyatın ağır
dalğalarında güclənərək çıxan nadir
insanlardan idi. Onun dözümü və iradəsi bir gəncin
daxilindəki möhtəşəmliyi göstərən ən
parlaq nümunədir.
Tələbə idi, qiyabi təhsil alırdı. Vətən
müharibəsinə səfərbərlik elan olunduğu
gün tərəddüdsüz, bir an belə
düşünmədən könüllü şəkildə
döyüşə yazıldı. Vətən Müharibəsi
Ceyhun üçün sadəcə hərbi borc deyildi, ürəyinin
hökmü idi. O, sözlə yox, əməli ilə vətənpərvər
olduğunu sübut etdi. Gənc yaşında sinəsini irəli
verdi, qorxunu bir kənara qoydu və torpaq uğrunda ən
ön cəbhəyə yollandı. O bilirdi ki, yolun sonunda nə
olacağını heç kim deyə bilməz: ölüm də
ola bilərdi, yaralı dönüş də, qələbə
də... Amma o, nəticəni deyil, borcunu seçdi. Onu məcbur
edən yox idi və bu yolu özü seçmişdi. Nəhayətində
ölüm də ola biləcəyini bilirdi, amma doğru
bildiyi yoldan dönmədi. Gecələrin soyuğunu da,
günlərin yorğunluğunu da eyni təbəssümlə
qarşıladı. Onun gülüşü döyüş
meydanında əsgər yoldaşlarına belə güc
verirdi. Füzuli, Cəbrayıl, Xocavənddən tutmuş
ağır əməliyyat bölgələrinə qədər
ən təhlükəli məntəqələrdə
döyüşdü. Son döyüş yolu Şuşada
yekunlaşdı. Şuşanın azad edilməsini atasına
böyük sevinclə verdi. Qələbənin sevincini
yaşadı, çünki alnı açıq idi, Vətənə
borcunu ən layiqli formada, döyüşçü kimi verdi.
Onun şücaəti bu torpağın qürur səhifələrinə
yazıldı. "Şuşanın azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif olunmuşdu. Bu medallar onun igidliyinin şahidləridir.
O, təkcə döyüşçü deyildi, Vətənin
sinəsinə yazılmış canlı bir qəhrəmanlıq
dastanı idi.
Ağır döyüşlərdən sağ
qayıdan Ceyhunu, təəssüf ki, amansız ölüm
sonradan yaxaladı. Savaşın içindən çıxan
igidi bu dəfə taleyin qəfil qərarı aldı və
onun ömrü gözlənilmədən yarımçıq
qaldı. Arzuları vardı, planları vardı, həyata
dair ümidləri vardı... Amma ömür ona vəfa etmədi.
Lakin bu yoxluq onun qəlblərdə qoyduğu izləri silə
bilmədi. Ceyhun həm dostlarının yaddaşında, həm
ailəsinin ürəyində, həm də xidmət etdiyi
torpağın ruhunda yaşayır. Onun adı hər zaman
ehtiramla çəkiləcək. Çünki bəzi insanlar
yaşadıqları ilə yox, yaşatdıqları dəyərlərlə
əbədiyyətə qovuşur - Ceyhun da onlardandır.
Bu gənc cismən aramızda olmasa da, qoyduğu iz
onun adını mübarək bir xatirəyə çevirdi.
O, yaşadıqları, mərdliyi və sədaqəti ilə
bu xalqın yaddaşına həkk olundu. Həyatı qısa
oldu, amma mənası böyük oldu. O, bir ömürdən
çox, bir həyat dərsi qoyub getdi.
İnsanlığı ilə insanlara, cəsurluğu ilə
Vətənə örnək oldu. Onun taleyi bir gəncin nələrə
qadir ola biləcəyinin ən parlaq nümunəsidir. O,
vaxtsız ayrılan, amma vaxtından çox yaşayan
insanlardan idi.
Bu gün onu sevən hər kəs üçün
Ceyhun unudulmazdır. Onun təmiz ürəyi, mərdliyi,
insanlara olan sevgisi və səmimiyyəti bu torpağın ən
dəyərli miraslarından biri olaraq yaşayacaq. O,
ömrü ilə yox, ruhu ilə bu xalqın övladı
olaraq qalacaq. Onun adı çəkiləndə qəlblərdə
həm qürur, həm də kövrəklik yaranır - bu,
böyük insanların taleyidir.
Bu gün də şəklinə baxanda təbəssümü
adamın ürəyini dağlayır. Onun təbəssümü
sevənləri üçün sadəcə bir
gülüş deyildi, insanın içini yandıran,
keçmiş günlərin həsrətini oyadan, ürəyi
dağlayan bir halı idi. Sanki gülümsəyəndə həm
həyat sevinci, həm də içində gizlənmiş bir
yanğı görünürdü. O təbəssüm
insanın ruhuna toxunur, həm sevindirir, həm kövrəldirdi.
O sevincli gülüşün arxasında elə bir saflıq
vardı ki, adam baxdıqca içi burxulurdu. Ceyhunun təbəssümü
bu gün yaddaşlarda elə bir iz qoyub ki, xatırlayan hər
kəsin qəlbi yanır və həm varlığına
sevinir, həm yoxluğuna üzülür. Amma Vətən
belə oğullarla ucalır. Onun gülüşü bu
torpağın yaddaşına həkk olunmuş
işıqdır - heç vaxt sönməyəcək bir
işıq.
...Belə gənclər unudulmur.
Ceyhun da unudulmayacaq...
Samir ƏSƏDLİ
525-ci qəzet .- 2025.- 27 noyabr(№216).-S.14.