Xatirələrdə yaşayanlar:
"Həyatda da ata-oğul, səhnədə də"
Lənkəran Xalq Teatrının səhnələrində
saysız-hesabsız obrazlar yaratmış Vəliəhəd
Əhmədov yaşlı nəslin yaddaşında silinməz
izlər buraxıb. 1960-cı illərin ortalarında rayon
teatrında Səməd Vurğunun "Vaqif"
tamaşası göstərilirdi. Həvəskar aktyor Vəliəhəd
Əhmədov tamaşada oğlu Davudla birgə
çıxış edirdi. Ata - Vəliəhəd Əhmədov
Vaqif, oğul - Davud Əhmədov isə Əli bəy rolunu
oynayırdı. Tamaşadan sonra o dövrün mətbuatında
"Həyatda da ata-oğul, səhnədə də
ata-oğul" məzmunlu başlıqlarla bir-birindən
maraqlı yazılar dərc olundu. Səs diapazonuna görə
Vəliəhəd Əhmədovu Xalq artisti Ələsgər
Ələkbərovla, oğlu, uzun illər Azərbaycan radiosu
və televiziyasının diktoru olmuş Davud Əhmədovu
SSRİ-nin Xalq artisti, tanınmış diktor Levitanla müqayisə
edirdilər.
Səhnə gül-çiçəklərlə bəzənmişdi.
Tamaşaçılar ata və oğulu sürəkli
alqışlarla səhnədən buraxmaq istəmirdilər.
Lənkəran teatrının inkişafında
mühüm xidmətləri olan Vəliəhəd Musa
oğlu Əhmədov 2 may 1918-ci ildə Lənkəran şəhərində
anadan olmuşdu. İxtisasca əczaçı idi. Azərbaycan
Dövlət Tibb İnstitutunun əczaçılıq
fakültəsinin ilk buraxılış tələbələrindən
olmuşdu. Ömrünün axırınadək Lənkəranda
aptek müdiri işlədi.
Vəliəhəd Əhmədov həvəskar aktyor
kimi səhnə fəaliyyətinə 1938-ci ildə Lənkəran
Xalq Teatrında başlamış, teatrın aparıcı
aktyorlarından olmuşdu. Müxtəlif əsərlərdə
inandırıcı və parlaq obrazlar yaratmışdı.
C.Cabbarlı və S.Vurğunun əsərlərində parlaq
obrazların ən yaxşı ifaçılarından idi.
Elxan, Aqşin ("Od gəlini"), "Oqtay Eloğlu",
C.Cabbarlı, Eyvaz ("1905-ci ildə", C.Cabbarlı), Vaqif
("Vaqif"), S.Vurğun), Fərhad ("Fərhad və
Şirin", S.Vurğun) obrazları Lənkəran teatrı
tarixində əhəmiyyətli yer tuturdu. Vəliəhəd
sanki səhnə üçün doğulmuşdu. Səsindəki
səlis diksiya, hər bir obrazın fərdi xüsusiyyətini
qabarıq vermək bacarığı ilə bu gün də
yaddaşlardadır.
Vəliəhəd Əhmədov sonralar Ü.Hacıbəyovun
"Leyli və Məcnun", Zeynal Xəlilin "Qatır Məmməd",
S.S.Axundovun "Eşq və intiqam", A.Şirvanzadənin
"Namus", S.Rəhmanın "Xoşbəxtlər" və
sair əsərlərdə baş rollarda oynadı.
Yadımdan çıxmaz: Kəndimizdə orta məktəb
olmadığından təhsilimi şəhərdəki 1
nömrəli məktəbdə davam etdirirdim. Bir dəfə
sonuncu dərsdən sonra şəhərdə S.Vurğunun
"Fərhad və Şirin" tamaşasına baxdıq.
Bizdən yuxarı sinifdə oxuyan Elduza adlı qız dilini
dinc saxlamadı və fəxrlə:
- Əsas rollarda atam və qardaşım oynayırlar,
- dedi və ətrafdakıları özünə cəlb
etdi. Biz də Elduzə xanımı təbrik etdik. Sonralar vaxt
tapan kimi Vəliəhəd atanın və oğul Davudun
iştirak etdikləri tamaşalara baxır və fikir
mübadiləsi aparırdıq. Hər tamaşadan sonra Elduzə
xanımı sorğu-suala tuturduq. Elduzə Əhmədova
sonralar Lənkəran Şəhər Komsomol Komitəsinin
birinci katibi oldu. Rayonun ictimai-siyasi həyatında fəal rol
oynayır, bizi də rayon tədbirlərinə dəvət
edirdi.
Xalq artisti Ələsgər Ələkbərovun vəfatından
sonra Vəliəhəd Əhmədovu Azərbaycan Dövlət
Dram Teatrına dəvət etmişdilər. Lakin amansız
ölüm buna imkan vermədi. Vəliəhəd Əhmədov
ömrünün 63-cü ilində, 1981-ci il mayın 9-da
dünyasını dəyişdi.
Davud atasının ümidlərini doğrultdu. 1961-ci
ildə Lənkəran şəhər 1 saylı orta məktəbini
bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət
Universitetinin kino və dram aktyorluğu fakültəsinə
daxil oldu.
Davud institutda oxuduğu dövrdən - 1962-ci ildən
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində
diktor işlədi. Çox keçməmiş respublika radio
və televiziyasının aparıcı diktorlarından oldu.
Davud Əhmədov hökumət və dövlət rəhbərlərinin
iştirak etdikləri müxtəlif mədəni-kütləvi
tədbirlərin fəal aparıcılarından idi. Səlis,
aydın, ürəyəyatımlı səsi ilə
olanları tamaşaçılara çatdırırdı.
Buna görə sevilir, alqışlanırdı.
Aradan bir neçə il keçəndən sonra
Davudla Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində
rastlaşdıq. Onda Lənkəran radio verilişləri
redaksiyasında baş redaktorun müavini işləyirdim.
Komitənin sədr müavini, yazıçı Cəmil
Əlibəyovu axtardığımı biləndə ayaq
saxladı, məni onun yanına apardı. Cəmil müəllim
iş otağında məni gözləyirmiş. Dedi ki,
baş redaktorumuz Məmmədhüseyn Əliyev onunla
danışıb. Dərhal telefonla kiminləsə zəngləşdi
və Davuda tapşırdı ki, məni texniki şöbəyə
aparsın. Beləliklə, radio üçün lazımi
texniki avadanlıqların alınması işi qaydaya
salındı.
...Ölkədə ictimai-siyasi vəziyyətin gərgin
olduğu dövr idi. Bir səhər Davud Əhmədovla Lənkəranda,
studiyamıza yaxın yerdə rastlaşdıq. Harasa tələsirdi.
İşsiz olduğunu eşitmişdim. Həqiqətən
Davud kimi təcrübəli diktorlara çox yerdə ehtiyac
vardı. Az da olsa, Lənkəranda bir yerdə işlədik.
Davudun gəlişi ilə radiomuzun fəaliyyəti daha da
canlandı. Dinləyicilər də bu təcrübəli
diktorun səsinə alışmışdılar.
1992-ci ildə Davudun səsi Türkiyədən gəldi.
Bir müddət ömür-gün yoldaşı Xalidə
Əhmədova ilə Türkiyə televiziyasında işlədi.
Xalidə xanım da Azərbaycan Dövlət İncəsənət
Universitetini bitirmişdi. 1979-cu ildən Davudla birgə Azərbaycan
televiziyasının diktoru kimi fəaliyyət göstərmişdi.
Bu gün Azərbaycan radiosu və televiziyasında fəaliyyət
göstərən diktorlar arasında Davud Əhmədovun
yetirmələri az deyil. Aralarında müxtəlif mükafat
və fəxri adları olanlar da vardır. Nə yaxşı
ki, heç nə itmir, heç nə yaddan
çıxmır. Lənkəran teatrının cəfakeş
aktyoru Vəliəhəd Əhmədovu, Azərbaycan radiosu və
televiziyanın tanınmış aparıcı diktorları
Davud Əhmədovu və Xalidə xanımı yaşadan xalq
məhəbbəti, tamaşaçı sevgisidir.
Davud Əhmədov Bakının Biləcəri qəsəbəsində
yaşayırdı. 2015-ci il avqustun 23-də
dünyasını dəyişdi. Qəsəbə qəbiristanında
da dəfn olunub.
Onun itkisi ailəsi üçün xüsusən
ağırdır. Ömür-gün yoldaşı Xalidə
xanım, övladları Aytən, Nərmin və Vəliəhəd
vaxt tapan kimi Davud atanın məzarına baş çəkir,
ruhunu şad edirlər. Həyat öz axarı ilə gedir. Dəyişən
çox şey var. Baba Vəliəhəd ilə ata Davudun səhnə,
teatr üçün gördükləri işlər
unudulmayıb, yaddaşlara köçüb.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 27 noyabr(№216).-S.13.