Xalça Muzeyində “Kəlağayının
yeni tarixi” layihəsi təqdim olunub
Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının
yeni tarixi” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan kəlağayısının
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci
ildönümünə həsr olunub.
Açılışda çıxış edən
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova
bildirib ki, kəlağayı sənətinin qorunmasını
həmişə özünün mənəvi borcu hesab edib.
Onun sözlərinə görə, kəlağayı tətbiqi
sənətin ən qədim növlərindən biri olaraq ev
sənətkarlığı ənənəsi olmaqla
yanaşı, həm də dərin fəlsəfi məna
daşıyan bir irsdir. O vurğulayıb ki, muzeyin
fondlarında bu sənətin nadir nümunələri uzun illərdir
xüsusi qayğı ilə qorunur. Ə.Məlikova, həmçinin
kəlağayının Azərbaycan mədəniyyətindəki
əhəmiyyətindən, onun rəmzi məzmunundan və
milli kimliyin formalaşmasında oynadığı roldan bəhs
edib.
İncəsənətşünaslıq üzrə
doktor, professor Kübra Əliyeva kəlağayının mədəni
və estetik dəyərini, onun müxtəlif növlərini,
kolorit xüsusiyyətlərini, ornamental sistemini və bədii
üslubunu qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, kəlağayı
Azərbaycan qadınının xarakterini, onun daxili mahiyyətini,
həyatımızdakı rolunu və yerini, eləcə də
gələcəyə yönəlmiş
baxışını əks etdirir. Onun sözlərinə
görə, kəlağayının yaradıcıları adətən
kişilər olub və bu fakt Azərbaycan kişisinin Azərbaycan
qadınına münasibətinin simvolik ifadəsidir. Sənətkarlar
qadını kəlağayının özünə bənzər
bir dəyər kimi təsəvvür edirdilər, yəni zərif
və incə, təbiətin rəng çalarlarından
doğan çoxrəngli görünüşə malik,
solmayan gözəlliyə sahib, müxtəlif mərasim və
bayramların ruhuna uyğun şəkildə düşünülmüş
bədii formaya malik bir varlıq kimi.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri,
incəsənətşünaslıq üzrə fəlsəfə
doktoru, CİZGİ brendinin təsisçisi, dizayner Gülnarə
Xəlilova təqdimata görə təşkilatçılara
və qonaqlara səmimi təşəkkürünü
bildirib, təqdim olunan kolleksiya haqqında məlumat verib və
onun yaradılma prosesinin yaradıcılıq hekayəsini
bölüşüb.
Qeyd edək ki, layihə çərçivəsində
G.Xəlilovanın “İpəyin sehrı” adlı geyim
kolleksiyası nümayiş olunub. Dizayner yeni kolleksiyasında
kəlağayının dərin məna qatlarını
müasir dəb dilinin incə estetikasına zərifliklə
birləşdirərək ipəyin ən parlaq və poetik
çalarlarını açıb göstərir. Bu libaslarda
hər bir ornament, hər bir rəng keçidi kəlağayının
qadın taleyi, mədəni yaddaş və milli kimliklə
olan bağlılığını vurğulayır.
Təqdimatın sonunda tamaşaçılara Azərbaycan
Milli Xalça Muzeyinin kolleksiyasından tarixi və müasir kəlağayı
nümunələri nümayiş etdirilib, muzey əməkdaşları
isə kəlağayı hazırlanması üzrə
master-klas təqdim ediblər.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.13.