Amaliya Pənahovanın
80 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyinin və Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə təşkilatçılığı
ilə milli teatr və kino sənətimizə böyük
töhfələr vermiş Xalq artisti, Dövlət
mükafatı laureatı, “Şöhrət” və “Şərəf”
ordenli Amaliya Pənahovanın 80 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat
verilib. Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Sevinc Mikayılova açıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Xalq artisti Hacı
İsmayılov, teatr və kino aktyoru, Xalq artisti Rafiq
Əzimov, teatrşünas, professor Məryəm Əlizadə,
Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq
artisti Mərahim Fərzəlibəyov, Xalq artisti Əli Nur, eləcə
də sənətkarın digər sənət dostları və
ailə üzvləri iştirak ediblər. Onlar Amaliya Pənahova
ilə bağlı öz xatirələrini
bölüşüb, sənətkarın zəngin
yaradıcılığından danışıblar.
Tədbir çərçivəsində sənətkarın
həyat və yaradıcılığını əks etdirən
fotoşəkillərdən ibarət videoçarx
nümayiş olunub, həmçinin aktrisanın rol
aldığı tamaşalardan və filmlərdən fraqmentlər
göstərilib. Eyni zamanda, Amaliya Pənahovanın vaxtilə
“Unuda bilmirəm” tamaşasında ifa etdiyi eyniadlı məşhur
əsər səsləndirilib.
Sənətkarın övladı, Bakı Bələdiyyə
Teatrının direktoru Aynur Muxtarova muzeyin rəhbərliyinə
və kollektivinə tədbirin təşkilinə görə
minnətdarlığını bildirib. Daha sonra Amaliya Pənahovanın
səhnə fəaliyyətindən qalan ən dəyərli
yadigarlardan birini – aktrisanın 1971-ci ildə Tofiq Kazımovun
quruluşunda Bəxtiyar Vahabzadənin “Yağışdan
sonra” əsəri əsasında hazırlanan tamaşada
geyindiyi libas və həmin tamaşadan bir nadir fotoşəkli
Azərbaycan Dövlət Teatr Muzeyinin fonduna hədiyyə
edib.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.10.