Azərbaycan Nəşriyyatları
Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak
edir
Noyabrın 26-da Qazaxıstanda Türküstan Kitab Sərgisinin
açılış mərasimi keçirilib.
525.az xəbər verir ki, sərgidə Azərbaycan Nəşriyyatlar
Assosiasiyasının (ANAİB) üzvü olan Hədəf Nəşrləri,
XAN Nəşriyyatı və Altun Kitab Nəşriyyatı da
öz stendləri ilə iştirak edirlər.
Sərgiyə fəxri qonaq kimi qatılan ANAİB
İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə
doktoru Şəmil Sadiq qeyd edib ki, kitab milli kimliyin qoruyucusu və
mədəniyyətimizin ipək yoludur.
“Bu festival yalnız kitab təqdimatı deyil, türk
dünyasının ortaq mədəni xəritəsinin yenidən
çəkilməsi, oxucularla nəşriyyatlar arasında
körpünün qurulmasıdır. Festival türk
dünyasının sözə, kitaba və mədəniyyətə
olan sevgisinin bayramıdır”, - deyə Şəmil Sadiq
öz çıxışında vurğulayıb.
Türk dünyasının filosof şairi, azərbaycanlı
mütəfəkkir Hüseyn Cavidin “Turana qılıncdan daha
kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət” fəlsəfəsini xatırladan Şəmil
Sadiq tədbiri Azərbaycan nəşriyyatlarının və
türk dünyası oxucularının mədəni əlaqələrini
möhkəmləndirən, fikir mübadiləsinə imkan
yaradan və gələcək üçün yeni əməkdaşlıq
imkanlarını açan mühüm platforma kimi dəyərləndirib.
Sərgi çərçivəsində TÜRKSOY-un
Baş katibi Sultan Raev Azərbaycan stendini ziyarət edib.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.10.