Azərbaycan xalçalarının
“İkinci həyat”ı: İtirilmiş ornamentdən
müasir incəsənətə
Biz yalnız klassik restavrasiya üçün
yararsız olan, yəni ilkin strukturu və dekorativliyi tamamilə
itmiş xalçalarla işləyirik. Məhz buna görə
onların əvvəlki görünüşünü bərpa
etməyə çalışmırıq, əksinə,
onları yeni bədii ifadə üçün əsas kimi
istifadə edirik.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində
“Arts Council Azerbaijan” təşkilatının direktor
müavini, “İkinci həyat” layihəsinin müəllifi Sona
Quliyeva deyib.
Onun sözlərinə görə, onlar tərəfindən
hazırlanmış “texnologiya”nın mahiyyəti orijinal
naxışdan qalan bütün elementlərin diqqətlə
qorunması və həmin fraqmentlərin müasir rəngkarlıq
texnikaları ilə zərif şəkildə birləşdirilməsindən
ibarətdir.
“İstənilən xalça əvvəlcə vəziyyətinə
görə qiymətləndirilir, daha sonra yumşaq konservasiya
mərhələsindən keçir və bundan sonra rəssam
materialla dialoqa girərək yeni, bütöv bir təsvir
yaradır”, – deyə layihənin müəllifi bildirib.
S.Quliyeva vurğulayıb ki, rəssamın hədəfi
ənənəvi ornamentləri örtmək və ya
onları əvəzləmək deyil. Elə bir harmoniya
yaratmaqdır ki, müəllifin rəngkarlığı
xalçanın təbii davamına çevrilsin.
“Biz köhnə naxışları imitasiya etməyə
və ya onları “təmir etməyə”
çalışmırıq, əksinə, zamanın izlərini
qoruyaraq onların gözəlliyini önə
çıxarmağa çalışırıq. Sərhəd
o yerdən keçir ki, müdaxilə xalçanın mədəni
koduna hörmətlə yanaşır və onun yenidən təzahür
etməsinə xidmət edir. Nəticədə klassik anlamda
restavrasiya deyil, incə, diqqətli bədii yenidən
düşünmə ortaya çıxır”, - deyə o əlavə
edib.
BMT-nin Baş qərargahında Azərbaycanın bu təşkilat
yanında daimi nümayəndəliyinin və “Arts Council
Azerbaijan” təşkilatının dəstəyilə
keçirilən “İkinci həyat” sərgisinin
hazırlanması barədə danışan S.Quliyeva bildirib
ki, bu proses son dərəcə uğurlu keçib.
“Nümayəndəliyin əməkdaşları hər
bir detalı ən xırda nüanslara qədər
düşünən peşəkar insanlardır. Onların dəqiq
təşkilatçılığı, eləcə də
bütün texniki və logistika məsələlərinə
göstərdikləri diqqət sayəsində sərgiyə
hazırlıq prosesi maksimum dərəcədə rahat və
şəffaf olub”.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.10.