Mətbuat Şurasının Dil
Komissiyası işini intensivləşdirəcək
Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illiyinə həsr
olunmuş yığıncaqdakı
çıxışında ana dilimizlə bağlı həssas
məqamlara toxundu. Dilimzə yad təsirlərin artmasından
narahatlığını ifadə edən dövlətimizin
başçısı onun saflığını
qorumağın hər bir vətəndaşın işi
olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm
televiziya, həm də yazılı media məkanındakı
mənfi tendensiyalara diqqət çəkərək, dilimizin
lazımınca qorunmamasının milli kimliyimizə təhlükə
yaratmasından da söz açdı, bu istiqamətdəki
durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini
bildirdi.
Məlum olduğu kimi, Medianın İnkişafı
Agentliyi və Azərbaycan Mətbuat Şurası Prezident
İlham Əliyevin çıxışındakı tezisləri
rəhbər tutaraq, noyabrın 7-də “Mediada Azərbaycan ədəbi
dilinin normalarının düzgün tətbiqi” mövzusunda
konfrans keçirdi. Hesab edirəm ki, konfransın
ayrı-ayrı panellərində mövzu, kifayət qədər,
əhatəli müzakirə edildi, peşəkarlar və
mütəxəssislər ümumi işə faydalı təkliflər
səsləndirdilər, mənfi tendensiyaları diqqətə
çatdırdılar. Heç şübhəsiz, təkliflərin
praktikada tətbiqi istiqamətində də müvafiq və
ardıcıl iş aparılmalıdır və aparılacaq.
Ümumən, Mətbuat Şurası
yarandığı gündən mediada ana dilimizin
saflığının qorunması məsələsinə həssas
yanaşıb. Şura tərəfindən ölkəmizin
aparıcı media vasitələrinin monitorinqi aparılıb.
Bu işi Mətbuat Şurasının Dil Komissiyası qurumun
“Mediada ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə
dair Təlimat”a uyğun şəkildə həyata
keçirib.
Qeyd edim ki, Təlimatda leksik və qrammatik pozuntu
hallarına diqqət yetirilir. Leksik pozuntular dedikdə bura
alınma, dialekt sözlərin, şivələrin, terminlərin
işlədilməsi, habelə yeni sözlərin (neologizmlərin)
yaradılması və işlədilməsi ilə bağlı
pozuntular aiddir. Təbii ki, qrammatik pozuntular özünə
daha geniş yanaşmanı tələb edir. Bu baxımdan
morfoloji qaydalara əməl olunmaması, yəni isimlərdə
şəkilçilərin, feillərdə nəqli
keçmiş zaman şəkilçisinin işlədilməsi,
feili sifətlərdə və ismi xəbərlərdə
zaman anlayışının istifadəsi, feili
bağlamaların işlədilməsində Azərbaycan
dilinin morfoloji xüsusiyyətlərinin nəzərə
alınmaması ilə bağlı pozuntular
vurğulanmalıdır.
Şuranın Təlimatına əsasən qrammatik
pozuntuların müəyyənləşdirilməsində
daha bir cəhət kimi sintaktik qaydalara əməl
olunmamasına dair pozuntulara diqqət yetirilir. Bu baxımdan
cümlələrdə söz sırasının
pozulması, cümlə və söz birləşmələrində
sintaktik əlaqələrə əməl edilməməsi,
tabesiz mürəkkəb cümlələrdə komponentlər
arasında məna əlaqələrinin pozulması, tabeli
mürəkkəb cümlələrdə baş cümlə
ilə budaq cümlə arasında məntiqi
bağlılığın yoxluğu, durğu işarələrinin
düzgün işlədilməməsi halları nəzərdən
keçirilməlidir.
Əlbəttə, qrammatik pozuntulardan
danışırıqsa, üslub pozuntularının da üzərində
dayanmalıyıq. Bura isə sözlərin
yazılışında orfoqrafiya lüğətinin tələblərinə
əməl olunmaması, müxtəlif funksional üslublara
aid dil normalarının qarışdırılması,
danışıq dili normalarının və xüsusiyyətlərinin
yersiz olaraq yazılı nitqə gətirilməsi, müəllifin
bəhs olunan mövzuya və yazının həsr edildiyi sahəni
bilməməsindən irəli gələn,
bütövlükdə dilimizi praktik olaraq yaxşı bilməməkdən,
habelə dilimizin nəzəri qayda-qanunlarına bələd
olmamaqdan törəyən pozuntular daxildir.
Göründüyü kimi, kifayət qədər,
dolğun yanaşma bucağımız var. Fəaliyyətin
gerçəkləşdirilməsi üçün Mətbuat
Şurasının İdarə Heyətinin yaxın günlərdəki
iclasında Şuranın Dil Komissiyasının tərkibinin
komplektləşdirilməsi həyata keçiriləcək.
Zaman-zaman komissiyanın işində peşəkar dilçi
alimlər iştirak edib. Medianın monitorinqi də onlar tərəfindən
aparılıb. Sonradan hazırda fəaliyyəti
dayandırılmış Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
yaradıldı ki, Mətbuat Şurası bu qurumun işinə
də öz töhfəsini verdi. Mərkəz monitorinqlərinin
nəticələrini kitab şəklində nəşr
etdirir, habelə pozuntu hallarının müzakirə edildiyi
toplantılar düzənləyirdi.
Mətbuat Şurası da vaxtilə media məkanındakı
dil pozuntularının müzakirəsini media rəhbərlərinin
bilavasitə iştirakı ilə aparırdı. Hesab edirəm
ki, yenə eyni fəaliyyətə üstünlük verilməlidir.
O cümlədən, Dil Komissiyasının işinə, əvvəllər
olduğu kimi, dilçi alimlərin və mütəxəssislərin
cəlb edilməsi vacibdir. Şuranın İdarə Heyəti
üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə,
ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə
dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə
əminəm.
Rəşad Məcid,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.6.