Azərbaycan və Ermənistan
arasında "Sülh Körpüsü"
Bu günlərdə Ermənistan vətəndaş cəmiyyəti
nümayəndələrinin Azərbaycana səfəri oldu.
İki gün davam edən səfərdə Ermənistan tərəfindən
Arek Koçinyan, Boris Novasardyan, Naira Sultanyan, Narek Minasyan və
Samvel Meliksetyan iştirak edib.
Qeyd edək ki, bundan əvvəl ilk dəfə
oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan
vətəndaş cəmiyyəti nümayəndələrinin
iştirakı ilə görüş keçirilib.
Görüş zamanı avqustun 8-də Vaşinqtonda baş
tutmuş görüşdən sonra formalaşan sülh
gündəliyinin icrası, iki ölkə cəmiyyətləri
arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi
istiqamətində atılacaq addımlar, eləcə də Cənubi
Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın
inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tərəflər,
həmçinin, Azərbaycan və Ermənistan vətəndaş
cəmiyyəti nümayəndələri arasında
birbaşa və uzunmüddətli əlaqələrin
qurulması perspektivləri barədə fikir mübadiləsi
aparıblar.
Bakı görüşündə bu təşəbbüsün
konkret bundan sonra öz adı ilə fəaliyyət göstərməsi
barədə qərar verilib. Bu, "Sülh
Körpüsü" təşəbbüsü adlanmağa
başlayıb. Bundan başqa, görüş zamanı Azərbaycan
və Ermənistan arasında ümumiyyətlə
normallaşma, sülh prosesi barədə fikir mübadiləsi
aparılıb, mövcud vəziyyətlə bağlı
müzakirələr olub. Eyni zamanda Azərbaycan və Ermənistan
vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında
rolu, yaxın gələcəkdə məhz bu rolun həyata
keçirilməsi, yəni icra olunacaq birgə fəaliyyətlər
diqqətdə olub.
Həmçinin yaxın 6 ay ərzində ekspertlərin
əməkdaşlığı, vətəndaş cəmiyyəti
nümayəndələrinin məlumatlandırılması
istiqamətində fəaliyyət və birgə media sahəsində
əməkdaşlıq müzakirə edilib.
"Sülh körpüsü" Təşəbbüsü
üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevlə görüşüb.
"Prezidentin köməkçisi qrup üzvləri ilə səmimi
şəraitdə bir görüş keçirdi, fikir
mübadiləsi apardı. Vaşinqton görüşündən
sonra Azərbaycan və Ermənistan tərəfindən
sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində
addımlar müzakirə olundu, həmçinin sualları da
cavablandırdı. Bu, proqramın rəsmi tərəfi
idi", - "Sülh Körpüsü" Təşəbbüsünün
üzvü Ramil İskəndərli mətbuata
açıqlamasında deyib.
Yeri gəlmişkən, erməni politoloq, Təhlükəsizlik
Siyasəti Araşdırmaları Mərkəzinin rəhbəri,
"Sülh Körpüsü" təşəbbüsünün
üzvü Areq Koçinyan yerli mediaya
açıqlamasında bildirib ki, səfər konstruktiv,
işgüzar mühitdə keçdi, heç bir problem və
ya mənfi insident yaşanmadı. Həm İrəvan, həm
də Bakı görüşləri xoş niyyət və
yüksək effektivliklə fərqlənirdi. O bildirib ki, İrəvanda
başladığımız hər şeyi - həm layihələr
üzərində işi, həm də müzakirələri
Bakıda ardıcıllıqla davam etdirdik: "Texniki irəliləyiş
də var: İrəvan görüşü ilk belə format
idi, bir çox şey ilk dəfə edilirdi, biz bu formatda
işləməyi sözün əsl mənasında öyrənirdik.
Buna görə həm prosesual, həm də texniki baxımdan
irəliləyiş aydındır. Düşünürəm
ki, proses davam etdikcə hər iki istiqamətdə inkişaf
baş verəcək".
Azərbaycanla Ermənistan arasında sülh prosesinin
irəli aparılması istiqamətində praktiki addımların
atılması davam edir. 8 avqust Vaşinqton
görüşü regionda sülhün qurulmasında yeni bir
səhifə açıb. Təbii ki, bu prosesdə vətəndaş
cəmiyyətlərinin də özünəməxsus rolu
var. Sülhün uğurla olması üçün cəmiyyətlərin
barışığı vacibdir.
Politoloq İlqar Vəlizadə mövzu ilə
bağlı "525"ə deyib ki, indiki mərhələdə
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri
nümayəndələrinin görüşü vacibdir:
"Çünki birbaşa təmaslar qurulur, müxtəlif
sahələrin nümayəndələri, xüsusən də
media təmsilçiləri arasında ünsiyyət önəm
kəsb edir. Bu təmaslar hər iki ölkədə baş
verən prosesləri olduğu kimi qəbul etmək, yaxud da onu
anlamaq baxımından da zəruridir. Digər tərəfdən
müxtəlif sahələri təmsil edən şəxslərin,
xüsusilə də ekoloqların görüşünə
ehtiyac var. Hazırda ekoloqlar arasında heç bir təmas
yoxdur, amma ümid etmək olar ki, gələcəkdə bu təmaslar
da olacaq. Eyni zamanda, cəmiyyətin digər nümayəndələrinin
bir-birilə görüşməsi hər iki ölkənin həqiqətlərini
bir-birinə çatdırması baxımından da çox
vacibdir".
Politoloq deyib ki, uzun illər ərzində Ermənistan
cəmiyyətində Azərbaycana Türkiyəyə
qarşı müəyyən xoflar, fobiyalar olub, bunlar da
köhnə iqtidarlar tərəfindən
formalaşdırılırdı: "Ona görə ki, cəmiyyəti
idarə etmək, müharibəyə kökləmək
üçün bu, zəruri bir vasitə sayılırdı.
Lakin bu yanaşma öz mənfi nəticələrini verib. Ermənistan
cəmiyyəti bunu görməyə bilməz. Mövcud vəziyyəti
olduğu kimi çatdırmaq, sülh gündəliyinin onlara
nə verəcəyini başa salmaq üçün bu cür
görüşlər çox vacibdir".
Bəs Ermənistan cəmiyyəti sülhə nə
qədər hazırdır, Azərbaycanla sülh istəyir?
Politoloq bildirib ki, biz mütləq şəkildə
müəyyən sərhədlər qoymalıyıq: "Yəni
sülh istəmək niyyəti heç də o demək deyil
ki, biz, yaxud başqa kimsə sadəlövh olmalıdır, nəyəsə
aldanmalıdır, nəyisə yaddan
çıxarmalıdır. Sülh istəyi o deməkdir ki,
müharibə olmasın və yaxud da müəyyən dərəcədə
dayanıqlı inkişaf həm region, həm cəmiyyət
üçün təmin olunsun ki, bu da normal qloballaşan
dünyada inkişafın vacib bir elementidir. Sülh ona görə
lazımdır. Bu o demək deyil ki, bizə qarşı məsələn,
kimsə islamofobiya,
türkofobiya aparsa, yaxud digər əleyhimizə olan
prosesləri görsək, buna göz yummalıyıq, deməliyik
ki, biz sülhün tərəfdarıyıq. Mən kor-koranə
sülhün tərəfdarı olmağın qəti əleyhinəyəm.
Ermənistan cəmiyyətində də bu proseslər var,
revanşist qruplar mövcuddur. Bizdə hərdən belə
bir səhv təsəvvür yaranır ki, sülh istəyi o
deməkdir ki, bu məsələləri görməzdən gəlməliyik.
Yaxud Azərbaycana, cəmiyyətimizə qarşı başqa
ölkələrdən, erməni diasporundan gələn bu təhdidlərə
göz yummalıyıq, heç bir reaksiya verməməliyik.
Bu, əlbəttə ki, belə deyil. Digər tərəfdən
bizim başqa strateji məqsədimiz var ki, bu da ondan ibarətdir
ki, qərbi azərbaycanlılar nə vaxtsa Ermənistana
qayıtmalıdırlar. Qayıdış əlbəttə
ki, sabah baş verməyəcək. Çünki təhlükəsizlik
şəraiti təmin olunmadığı halda insanların
ora qayıdışı ağlasığmazdır. Amma
hansısa bir perspektivdə həm hüquqi siyasi baxımdan, həm
mənəvi baxımdan müəyyən zəminlər
yaradılsa, əlbəttə ki, bu prosesi aparmaq
lazımdır, çünki bu, tarixi ədalətin bərpası
deməkdir. Biz bunu hansı şəraitdə edə bilərik?
Yalnız sülh şəraitində, yəni zorla, bunu etmək
istəmirik. Bizim sülh mesajlarımız da bundan ibarətdir.
Onlar görməlidirlər ki, biz vəhşi xalq deyilik, gəlib
kiminsə başını kəsmək və s. məşğul
olmayacağıq. Bu strateji düşüncə bizdə
olmalıdır. Onu göstərməliyik ki, doğrudan da
sülh istəyirk. Yenə deyirəm bu o demək deyil ki,
hansısa təhdidlərə qarşı göz
yummalıyıq, yaxud reaksiya verməməliyik".
Ermənistandakı əhval ruhiyyəyə gəlincə,
İ.Vəlizadə söyləyib ki, təkcə
işğal müddətində deyil, ondan daha çox əvvəl
belə xoflar, fobiyalar yaranıb: "Erməni kilsəsinin,
diaspora təşkilatlarının, müxtəlif siyasi
qrupların burda rolu var idi. Hələ sovet dönəmində,
ondan əvvəl burda daşnaklar fəaliyyət göstərirdilər.
Onların bu cür reaksiyaları ona görə baş verir
ki, regionda real transformasiyanı istəmirlər. Xüsusilə
də azərbaycanlıların Ermənistana
qayıtmasının əleyhinədirlər. Bu, bir xəstəlikdir,
onu davam etdirmək istəyirlər ki, erməni cəmiyyəti
proseslərə imkan verməsin. Bizim ali siyasi məqsədimiz
bu xəstə cəmiyyəti sağaltmaqdır. O baxımdan
sülh təmasları, bu cür addımlar vacibdir".
Pərvanə
525-ci qəzet .- 2025.- 27 noyabr (№216).- S.5.