Azərbaycan XI Türk Tibb
Dünyası Qurultayında təmsil olunub
Ankara şəhərində Türkiyə
Respublikası Prezidentinin himayəçiliyi və Türkiyənin
Səhiyyə Nazirliyinin təşkilatçılığı
ilə XI Türk Tibb Dünyası Qurultayı keçirilib.
Qurultayda 19 ölkənin səhiyyə nazirləri və
onların nümayəndə heyətləri ilə
yanaşı, səhiyyə sahəsində tanınmış
elm adamları iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
açılış mərasimində çıxış
edən Türkiyənin səhiyyə naziri Kemal
Memişoğlu XI Türk Tibb Dünyası Qurultayının əsas
mövzusunun “İnnovativ səhiyyə” olduğunu bildirib:
“Builki qurultay Türk dünyası ailəsindən olan alimlərin
töhfələri ilə zənginləşdiriləcək və
"İnnovativ səhiyyə" modeli çərçivəsində
yerli səhiyyə texnologiyalarının inkişafı məsələlərinə
toxunulacaq. Eyni zamanda, qurultay zamanı əczaçılıq,
peyvəndlər, tibbi cihazlar və süni intellekt kimi səhiyyə
məhsulları sahələrində dövlət-özəl
tərəfdaşlıqlarının gücləndirilməsi
ilə bağlı mühüm müzakirələr
aparılacaq”.
Tədbirdə çıxış edən
dünyaşöhrətli alim, Nobel mükafatı laureatı
Əziz Sancar türk dövlətlərinin səhiyyə sahəsində
böyük potensialını qeyd edərək, birgə elmi
araşdırmaların aparılması təklifini irəli
sürüb: “Mənim üçün ən önəmli
amillərdən biri türk alimlərinin müasir elmdə ən
ön sıralarda yer almasıdır".
Azərbaycanın səhiyyə naziri Teymur Musayev
çıxışında XI Türk Tibb Dünyası
Qurultayının yüksək səviyyədə təşkil
olunduğunu vurğulayıb: “Burada iştirak edən
qardaş ölkələrin hər birinin qlobal səhiyyə
landşaftının təkmilləşdirilməsində
özünəməxsus missiyası var. Bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin
zəhməti sayəsində ölkəmiz hərtərəfli
inkişaf edir. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində
saxlanılır”.
Qurultayın əhəmiyyətini vurğulayan T.Musayev
bildirib ki, müxtəlif ölkələrin səhiyyə
nazirlərinin və elm adamlarının iştirakı ilə
yaradılan bu platforma türksoylu peşəkarlarla əlaqələr
qurmaq, qarşılıqlı əməkdaşlıq
imkanlarını müəyyənləşdirmək
üçün möhkəm əsaslar yaradır. Nazirin
sözlərinə görə, hazırda dünya ölkələri
əhalinin sağlamlığı və rifahının
qorunmasında çoxsaylı çağırışlarla
üzləşir: “İnformasiya texnologiyalarının sürətli
inkişafı, sosial dəyərlərin dəyişməsi və
vətəndaş gözləntilərinin yüksəlməsi
ilə xarakterizə olunan bir dövrdə tibbi qayğıya ənənəvi
yanaşmalar kifayət etmir. Müasir dövrdə vətəndaşlar
sağlamlıq qərarlarını sorğulamağa və təsir
etməyə çalışan, sağlamlıq nəticələrinin
birgə yaradıcısı olan səhiyyə sisteminin fəal
iştirakçılarıdır”.
Teymur Musayev qeyd edib ki, dezinformasiya ilə mübarizə
milli səhiyyə təhlükəsizliyinin əsas komponentlərindən
birinə çevrilməlidir: “Texnologiyaya əsaslanan, pasiyent
mərkəzli, emosional və elmi cəhətdən yüksək
hazırlıqlı tibb işçisinin olması zamanın tələbidir.
Həmçinin Türk dünyasının vahid tibb elmi məkanının
yaradılması, elmi-tədqiqatların aparılması, vahid
tibb təhsili standartlarının müəyyənləşdirilməsi,
davamlı tibbi təhsilin təminatını birgə fəaliyyətimizin
aparıcı istiqamətləri kimi görürük.
Fürsətdən istifadə edərək, donor və
resipiyent məlumatlarının sərhədlərarası
mübadiləsini nəzərdə tutan Türktransplant vahid
informasiya sisteminin yaradılmasında göstərdiyi dəstəyə
görə qardaş ölkələrin səhiyyə nazirlərinə
təşəkkürümü bildirmək istərdim”,- deyə
Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində
T.Musayev həmkarları - Türkiyənin səhiyyə naziri
Kemal Memişoğlu, Şimali Kipr Türk Respublikasının
səhiyyə naziri Hakan Dinçyürek və Somalinin səhiyyə
naziri Ali Haji Adam Abobakar ilə ikitərəfli
görüşlər keçirib. Görüşlər
zamanı xalqlarımız arasında münasibətlərin
inkişafında dövlət başçılarının
müstəsna rolu vurğulanıb. Tədbirin mahiyyətini
qeyd edən nazirlər bildiriblər ki, belə qurultayların
keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin
yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına
töhfə baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, XI Türk Tibb Dünyası Qurultayı
çərçivəsində hüceyrə və gen
terapiyaları, iqlim dəyişikliyi və fəlakətlər
zamanı uşaq və qadınların
sağlamlığı, ənənəvi təbabət və
elmi sübutlara əsaslanan təbabət arasında
körpü, sosial media və uşaqların
sağlamlığı kimi mövzuları əhatə edən
panel sessiyalar keçirilib.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.6.