Bir şəkil, bir tarix
SƏNGƏRDƏ KEÇİRİLƏN UNUDULMAZ
GÖRÜŞÜN BİR ANI
Tarix bəzən illərlə yazılmır - bir
anın içində çəkilən bir foto ilə yadda qalır. Bəzən
bir şəkil minlərlə sözə, minlərlə xatirəyə,
hətta insan taleyinə bərabər olur. Tarixin elə
anları olur ki, təkcə bir cümlə, bir xatirə, bəzən
isə sadəcə bir fotoşəkil bütöv bir
dövrün ruhunu özündə daşıyır.
Bu gün muzeylərdə, sərgilərdə
nümayiş olunan və çoxlarının
yaddaşında "Səngərdə çəkilmiş
foto" kimi qalan məşhur bir şəkil var. Səngərdə
lentə alınan bu fotoda Ümummilli lider Heydər Əliyevin
cavan zabitlə üz-üzə dayanıb
danışdığı an əks olunub. O an ki, Vətənin
taleyi, ordunun iradəsi və dövlətin əsgərə
güvəni bir kadrın daxilində cəmlənib. Olduqca
maraqlı alınan fotoşəkil diqqətimi cəlb etdi.
Fotoşəklin tarixçəsini araşdırmağı, hətta
videoreportaj hazırlamağı qərara aldım.
Ümummilli lider Heydər Əliyevin
qarşısında duraraq sualları cavablandıran cavan
zabitin Xaçmazdan olan döyüşçü Sabir Yusif
oğlu Məmmədov olduğunu öyrəndim. Əldə
etdiyim məlumatlardan bəlli oldu ki, Sabir Məmmədov Birinci
Qarabağ savaşında cəbhəyə yollanaraq Vətənin
müdafiəsində yaxından iştirak edib. 1992-ci ildən
başlayaraq müxtəlif döyüş bölgələrində
batalyon komandirinin müavini, qərargah rəisi kimi xidmət
göstərib. Ön cəbhədə 5 il xidmətdən
sonra 1997-ci ildə ordudan tərxis olunub. Uzun müddət
Xaçmaz Poçt filialında mühəndis vəzifəsində
çalışıb. Hazırda təqaüddədir. Sabir Məmmədovla
telefon əlaqəsi yaratdım. Telejurnalist olduğumu bildirib səngərdə
çəkilən həmin fotoşəklin tarixçəsi
ilə maraqlandığımı bildirdim. Qarşı tərəfdən
68 yaşlı keçmiş
döyüşçünün təmkinli səsini
eşitdim. "O şəkil 1994-cü ildə Füzuli
rayonunun Aşağı Veysəlli kəndi
yaxınlığındakı səngərdə çəkilib",
- dedi. 31 il əvvəl ölkə prezidenti ilə olan tarixi
görüşün, həmin görüşü əks
etdirən fotoşəklin onun xatirəsində unudulmaz iz
buraxdığını bildirdi. Sabir kişiylə birlikdə
həmin əraziyə getmək, şəklin çəkildiyi
yerdən reportaj hazırlamaq fikrində olduğumu dedim. Amma təklifimin
qəbul ediləcəyinə əmin deyildim.
Düşünürdüm ki, yaşlı adamdır, uzaq yola
çıxmağa bəlkə də razı olmayacaq. Həm
də payızın son günlərində, havaların soyuq
keçdiyi bir vaxtda. Bununla belə, həmin səngəri
birlikdə tapa bilsəydik... Kişi təklifimi dinləyəndə
bir qədər duruxdu. Deyəsən, kövrəldi də. Səsində
həyəcan və sevinc xışıltısı hiss etdim.
Sabir kişi tarixi Zəfərimiz nəticəsində azad
olunan doğma torpaqlarımızı görməyin,
döyüşdüyü ərazilərə qalib ölkənin
vətəndaşı kimi qədəm qoymağın onun ən müqəddəs arzusu
olduğunu bildirdi və təklifimi məmnuniyyətlə qəbul
etdi. Sabahkı gün səhər tezdən Xaçmazdan
Füzuliyə yola düşdük.
Yol boyu Sabir kişi müharibə xatirələrini
yada salır, həmin unudulmaz görüşün baş
tutduğu əraziyə çatacağımız məqamı
səbirsizliklə gözləyirdi. "Zəfər
yolu"nu görüncə Sabir kişi
qürurlanırdı. Ətrafa diqqətlə, həyəcanla
boylanır, işğaldan azad olunan, yeni inkişaf
dövrünə qədəm qoyan ərazilərimizi sevinclə,
fərəhlə salamlayırdı. Nəhayət,
Aşağı Veysəlli kəndinin
yaxınlığına gəlib çatdıq. Avtomobili
saxladaraq tələsik düşən Sabir kişi sanki qanad
açıb uçmaq istəyirdi. Ciyərdolusu nəfəs
alan keçmiş döyüşçü ətrafa diqqətlə
boylandı. Deyəsən, nəsə dedi. Hə, hə,
başa düşdüm. Doğma torpağı, kəndi
salamlayırdı. Amma kəndə tərəf yox,
sarımtıl torpağı olan təpəlik əraziyə
sarı addımlamağa başladı. Getdikcə
addımlarını sürətləndirirdi. Operatorumla mən
ona çata bilmirdik. Birdən Sabir kişi dayanıb dörd
gözlə ətrafa boylandı. Əllərinin titrədiyini,
dodaqlarının əsdiyini gördüm. Onun həyəcanı
mənə də təsir edirdi. Kişi yenə
qaçmağa başladı. Artıq qarşıda köhnə
səngər görünürdü. Sabir kişi səngərə
çatınca üzüqoylu yerə sərildi.
Hönkürtü ilə ağlamağa başladı. Ona
yetişdik, qollarından tutub bir qədər dikəltdik. Həyəcanlıdır.
Təngnəfəsdir. Ayağa durmaq istəmir. Elə səngərin
içindəcə yerə oturdu. Əl uzadıb bir ovuc torpaq
götürərək yaş axan gözlərinə çəkdi.
Dodaqları əsə-əsə qırıq-qırıq
danışmağa başladı: "Buradır. Həmin səngərdir.
Bax, bu səngərdə biz düşmənlə
üz-üzə durmuşuq. Döyüşmüşük.
Şəhidlər vermişik. Gənc bir əsgərim
vardı. Bilirsən necə döyüşürdü.
Əsl qəhrəman idi. Bu torpağa döyüş
yoldaşlarımın qanı hopub. Bura mənim
üçün müqəddəs yerdir. Bura mənim
üçün pirdir. Bu səngər həm də bizi qələbəyə
aparan yolun başlanğıcı oldu. Ulu öndər bu səngərə,
bizimlə görüşə gələndə Vətənin
taleyinin həqiqətən etibarlı əllərdə
olduğunu hiss etdik. Döyüşən əskər
yanında qüdrətli bir rəhbərin
dayandığını görəndə döyüş, qələbə
əzmi möhkəmləndi. Qollarına qüvvət gəldi.
Bilirsən necə sevindik, necə qürurlandıq?"
Sabir kişi danışığını kəsib ətrafa
boylandı. Səngər çoxdan istifadə edilmədiyindən
hər tərəfi ot basıb. Divarların üstü
yatıb. Keçmiş döyüşçü ayağa
qalxıb hər döngəsinə, hər bucağına, hər
daşına, kəsəyinə bələd olduğu köhnə
səngər boyunca irəliləməyə başladı.
Tez-tez əllərini səngərin divarlarına
sürtürdü. Birdən dayanıb səngərin
divarındakı bitkiyə diqqət yetirdi.
Yarpağını dərib qoxladı: "Rəhbər mənimlə
burada danışmışdı. Onda bu bitki təzəcə
çiçəkləmişdi. Ətrafa da xoş ətri
yayılmışdı".
Video-müsahibəyə başlamaq istəyirik.
Telekameranı Sabir kişinin önündə işə
salıb həmin görüşlə bağlı sual verdim.
Bir neçə saniyə kişinin nitqi tutuldu. Bu təkcə
telekameranın qarşısında yaranan həyəcan deyildi.
Sabir kişi çox kövrəlmişdi. Nəhayət,
özünə gəldi:
"Qanlı-qadalı cəbhə xatirələrim
çoxdur. Amma mənim yaddaşıma həkk olunan hadisə
Heydər Əliyevin cəbhəyə səfəri zamanı
onunla səngərdə görüşməyimdir. Həmin
görüş bax burada olmuşdu. 1994-cü ilin aprel ayı
idi. Bizim heç nədən xəbərimiz yox idi. Heydər
Əliyev yaxınlıqdan keçərkən avtomobildən
düşdü və əsgər-zabitlərlə
görüşdü. Sonra qarşı tərəfi diqqətlə
müşahidə etməyə başladı. Elə səngərdəcə
ayaq üstə zabitlərlə 40-45 dəqiqə ərzində
müşavirə keçirdi, tapşırıqlarını
verdi. Sonra birdən mənə yaxınlaşdı.
Silahımı götürüb mənə suallar verdi. Yaşayış yerimlə, ailə
vəziyyətimlə maraqlandı. 5 və 6 yaşlarında
iki övladım olduğunu söylədim. Cəbhədən
çox uzaqda yerləşən bir rayondan döyüşə
gəldiyim üçün məni nümunəvi zabit kimi təqdim
etdi. Sonra döyüş tapşırıqlarının
icrası ilə maraqlandı. Həmin vaxt orada televiziya əməkdaşları,
fotoqraflar vardı. Bax bu məşhur fotoşəkli də həmin
vaxt fotoqraflardan biri çəkib".
Sabir kişi bunu deyib qoltuğundakı fotoşəkli
çıxardı. Sanki ilk dəfə görürmüş
kimi diqqətlə şəklə baxdı:
"O, bütün suallarının cavablarını
diqqətlə dinləyir, təhlil edirdi.
Döyüşçülərə olduqca qayğı ilə
yanaşırdı. Heydər Əliyevin cəbhə bölgəsinə
səfəri biz döyüşçülərdə
böyük ruh yüksəkliyi yaratmışdı".
Bəli, o zaman səngərin soyuq torpaq divarları
arasında olan bu isti görüş əslində bir millətin
gücünü yaradan birlik anı idi. Heydər Əliyev
onunla sanki illərin dostu kimi danışmışdı. Sabir
Məmmədovun mətin görünüşü, inamlı
cavabları isə Azərbaycan zabitinin, əsgərinin
kimliyini, iradəsini, vətənə
bağlılığını göstərirdi.
Prezidentin döyüşçü ilə səngərdə
dayanması isə təkcə dövlət
başçısının cəsarəti deyildi - bu,
bütün Azərbaycan xalqına verilən mesaj idi: "Siz
tək deyilsiniz!" Elə həmin an fotoaparatın düyməsi
sıxılır. Bir saniyəlik işıq... Amma bu
işıq bütöv bir tarixi nurlandırır.
O şəkil illər keçdikcə sadəcə sənəd
olmadı. Həmin anın təsadüfi kadr kimi qənaətbəxş
görünməsinə baxmayaraq, zaman keçdikcə bu
fotoşəkil tarixi simvola çevrildi.
Bu şəkil ölkə
başçısının döyüşən orduya, hər
bir əsgərə olan diqqət və
qayğısını əks etdirirdi.
Bu şəkil dövlət və ordu birliyinin təcəssümü
idi.
Bu şəkil cəbhə həyatının
reallığını əks etdirirdi.
Hər kəs həmin kadra baxanda bu həqiqəti
duydu: Bir xalqın gücü onun əsgərində, əsgərin
gücü isə dövlətindən aldığı dəstəkdədir.
1994-cü ilin səngərində çəkilən
fotodakı lider baxışları,
döyüşçü siması o ağır illərin
içində belə sönməyən ümidin rəmzi
idi. O foto əslində, gələcək Zəfərimizin
ruhsal təməl daşlarından biri idi. O vaxt çəkilən
kadrda görünən iradə, birlik, əzmkarlıq, əminlik
- illər sonra qüvvətli bir yumruğa çevrildi. "Dəmir
yumruq" 2020-ci ilin 44 günlük Vətən Müharibəsində
Azərbaycan Ordusunun qarşısıalınmaz gücünə,
xalqın sonsuz birliyinə, dövlətin qətiyyətinə
çevrildi. Bu görüşlə tarixi Zəfərimizin
möhkəm təməli quruldu. Ümummilli lider ölkədə
ordu quruculuğunu möhkəmləndirdi. Qüdrətlənən
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin böyük siyasi əzmi və uzaqgörən
sərkərdə rəhbərliyi altında
torpaqlarımızı işğaldan azad etməklə ərazi
bütövlüyümüzü bərpa etdi. Biz tarixi Zəfər
qazandıq:
"Mən xoşbəxtəm ki, Ümummilli liderlə
görüşüb söhbət etmək qismətim olub. Bu
görüş qanlı-qadalı cəbhə gündəliyimin
ən isti xatirəsidir. Çox-çox sonralar, rayonumuzda Ulu
öndərlə bağlı foto-stend hazırlayarkən ilk dəfə onda qarşıma
çıxmışdı bu şəkil... Hə,
yaxşı oldu buraya gəldik. 31 il əvvəl bu səngərdə
olan görüşü sanki yenidən yaşadım".
Müsahibəni bitirdik. Səngərə son dəfə
baxıram. Düşünürəm ki, bir fotoşəklin
doğurduğu hekayə indi daha böyükdür: xalqın
Zəfəri, dövlətin gücü, əsgərin qəlbi,
gələcəyin yolu.
Biz səngərdən ayrılıb quruculuq
meydanına tərəf addımlayanda artıq anlayıram ki,
o fotoşəkil sadəcə tarix deyil - bir vəsiyyətdir.
Şəhidlərin qanı ilə möhürlənmiş
bir vəsiyyət. Və bu torpağın üzərində
ucaldılan hər yeni bina, çəkilən hər yol,
açılan hər qapı o vəsiyyətə verilən
cavabdır. Zəfərin qiyməti isə yalnız qürurda
deyil - onu yaşadan əllərdədir.
Mən, operatorum və Sabir kişi irəliyə
doğru addımlayırdıq. Birdən
üçümüz də eyni anda dayandıq.
Qarşımızdakı yüksəklikdə ucalan bayraq vüqarla
dalğalanırdı - üçrəngli Azərbaycan
bayrağı!
Ramiz RAMAZANLI
İctimai Televiziyanın bölgə müxbiri
525-ci qəzet .- 2025.- 27 noyabr (№216).- S.9.