Minimum əməkhaqqı gəlir
vergisindən azad oluna bilərmi?
Məlum olduğu kimi, yeni ildən özəl sektorda əməkhaqqı
ilə bağlı güzəşt müddəti başa
çatır. Növbəti ildən özəl sektorda
çalışan vətəndaşların (2500 manata qədər
maaş alan) əməkhaqqından üç faiz vergi
hesablanacaq. Neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində
işləyən fiziki şəxslərin muzdlu işdən
aylıq gəlirlərindən 2026-ci il yanvarın 1-dən
2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən
3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75
manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000
manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə
çıxılacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək
2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000
manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan
8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir
8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin
14 faizi gəlir vergisinə çıxılacaq. 2028-ci il
yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən
7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən
175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat
+ 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir
vergisinə çıxılacaq.
Minimum əməkhaqqı alanların
maaşlarının vergidən azad olunması
mümkündürmü?
Millət vəkili Vüqar Bayramov deyir ki, həm
dövlət, həm də özəl sektorda 200 manatadək
olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər
özəl sektorda çalışan vətəndaşımızın
əməkhaqqısı 1000 manatdırsa, həmin məbləğdən
200 manat çıxılır, qalan 800 manat üç faiz
vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır. Bu,
müəyyən xərc yaratsa da, ciddi izafi xərc
yaratmadığı üçün həmin xərclərin
sahibkarlar tərəfindən maaş artımlarına gedilərək
kompensasiya edilməsi də mümkündür. Mərhələli
yumşaq keçid biznes bu mexanizmə hazır olmağa imkan
yaradacaq: "Əksər dövlətlərdə minimum əməkhaqqının
gəlir vergisindən azad olunduğunu nəzərə alaraq
oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur.
Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı
alan vətəndaşlarımızın maaşlarının
vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur.
Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ
400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın
maaşları yüksək olmadığı
üçün əməkhaqlarının vergiyə cəlb
olunması arzuolunan deyil. Bu baxımdan həm dövlət, həm
özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın
maaşlarının vergidən azad olunmasını təklif
edirəm".
Vergidən azad olunan məbləğ 200 manat deyil, 400
manat olsun
Millət vəkilinin sözlərinə görə, həm
dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin
minimum əməkhaqqı ilə əlaqələndirilməsi
nisbətən az maaş alan vətəndaşlarımızın
da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir
vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat
deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir
göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək
əməkhaqqı alan vətəndaşlarımızın
maaşlarında artım qeydə alına bilər: "Uzun
müddətdir ki, dövlət sektorunda gəlir vergisi
intervelları dəyişmir və iqtisadiyyatın
inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min
manatadək qaytarılması məqsədəuyğun
olardı. Bu da dövlət sektorunda əməkhaqqı
artımına gətirib çıxarar".
Bu, həssas qrupların rifahını yüksəldən
və iqtisadi aktivliyi artıran müsbət addım ola bilər
İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə
görə, minimum maaş alan şəxslər
maaşlarının böyük hissəsini gündəlik
istehlaka sərf etdiklərinə görə, verginin ləğvi
onların aylıq xalis gəlirini artırar. Minimum əməkhaqqının
vergidən azad olunması həssas qrupların rifahını
yüksəldən və iqtisadi aktivliyi artıran müsbət
addım ola bilər. Hazırkı məqamda minimum əməkhaqqı
vergidən azad edilməlidir. Buna ehtiyac var. Xüsusən də
sosial durumu aşağı olan insanların. Hazırda minimum əməkhaqqıya
görə Dövlət Sosial Müdafiə Fonduna ödəniş
edilir və bu vergi məbləği cəmi 6 manat təşkil
edir. 2026-cı ilin yanvarın 1-dən etibarən özəl
sektor və qeyri-neft sektorunda vergilərin 3 faiz, 2027-ci ildə
5 faiz, 2028-ci ildən isə 7 faiz artırılması nəzərdə
tutulur. Burada əsas məsələ minimum əməkhaqqının
hansı məbləğdə müəyyən ediləcəyidir:
400 manat çıxılmalı, qalan məbləğ
vergiyə cəlb edilməlidir
"Hazırda minimum əməkhaqqı 400
manatdır. Bu halda əməkhaqqından vergi hesablanarkən əvvəlcə
həmin 400 manat çıxılmalı, yalnız qalan məbləğ
vergiyə cəlb edilməlidir. Bir çox ölkələrdə
də məhz bu yanaşma tətbiq olunur. Məsələn, vətəndaş
1000 manat maaş alırsa, əvvəlcə 400 manat
çıxılır və yalnız yerdə qalan 600
manatın vergisi hesablanır. Bu yanaşma dəfələrlə
təklif edilib. Fikrimcə, bu ən doğru yanaşmadır.
Bu formada hesablanma aparılsa, bu, həm vətəndaşlar həm
də dövlət üçün sərfəli olar.
Ümid edirəm ki, təklif qəbul edilər, minimum əməkhaqqı
vergidən azad olunar və yalnız minimum əməkhaqqını
aşan hissədən vergi tutular".
İqtisadçı-ekspert Rəşad Həsənovun
sözlərinə əsasən, 2018-ci ilə qədər
ölkədə minimum əməkhaqqı vergidən azad idi.
Lakin sonrakı dövrdə minimum əməkhaqqı ilə gəlirin
vergidən azad olunan hissəsi arasında
asılılığı aradan qaldırmaq məqsədilə
müvafiq göstərici 200 manat rəqəmi ilə sabitləşdirildi.
Nəticədə minimum əməkhaqqının artım
tempinin bu və ya digər şəkildə gəlir vergisindən
azad olma ilə əlaqəsi kəsildi: "Hazırkı
hesablamalara görə, minimum əməkhaqqının
artımından yaranan xərc yükünün bir qismi bu və
ya digər şəkildə gəlir vergisinin toplanması
hesabına kompensasiya edilir. Hesab edirəm ki, manatın dəyər
itirməsini nəzərə alaraq buna yenidən
baxılmalı və dəyişiklik edilməlidir. Bununla
yanaşı, özəl sektorda minimum əməkhaqqıdan
vergi tutulması nəticəsində nominal dəyərinin
daha da aşağı düşməsi və bunun əhalinin
alıcılıq gücünə mənfi təsir edəcəyini
nəzərə olsaq, əməkhaqqının minimum səviyyəsinin
vergidən azad edilməsini ən doğru addım hesab edirəm".
Bu model həm sosial, həm ədalətli hesab olunur
İqtisadçı ekspert Razi Abasbəyli qeyd edib ki,
minimum əməkhaqqı alanlardan DSM, İcbari Tibbi
Sığorta və s. çıxılmalar olur. Bu da təbii
ki, minimum əmək haqqı alanların gəlirlərinin
aşağı düşməsinə səbəb olur:
"Ölkədə minimum əməkhaqqı alanların
DSMF ödəmələrindən azad edilməsi mümkün
deyil. Çünki işləyənlərin 65-70 faizi minimum əməkhaqqı
alanlardır. Həmin sosial müdafiə üzrə tutulmalar
ləğv edilsə, bu zaman Dövlət Sosial Müdafiə
Fondunun gəlirləri ciddi şəkildə azala bilər. Bu
da əlbəttə ki, gələcəkdə peksiya
kapitalının formalaşmasına mənfi təsir göstərə
bilər. Lakin qeyd etmək lazımdır ki, minimum əməkhaqqı
vergi bazasında yüksək paya malik deyil və itki
uzunmüddətli perspektivdə iqtisadi aktivliyin artması ilə
qismən kompensasiya oluna bilər. Fikrimcə, minimum əmək
haqqının vergidən azad edilməsi yalnız dövlətin
müvafiq dotasiya proqramları çərçivəsində
həyata keçirilə bilər. Məsələn, bir
sıra Avropa ölkələrində dövlət minimum əmək
haqqı alanların gəlirlərindən tutulmalarının
yarısını ödəməklə onların
yükünü azaldır. Belə deyək, vətəndaş
tərəfində DSMF-yə ödənilən məbləğin
yarısını dövlət özü
qarşılayır. Bəzi ölkələrdə vətəndaşın
maaşından asılı olmayaraq, hər kəsin
maaşının yalnız minimum əməkhaqqına qədər
olan hissəsi vergidən azad edilir. Bu model həm sosial, həm
ədalətli hesab olunur. Əgər bizdə də bununla
bağlı kömək, dəstək proqramı tətbiq edərsə,
mümkündür. Amma yaxın zamanlar üçün bu təklifin
irəli sürülməsi real görünmür. Hesab edirəm
ki, yaxın illər üçün minimum əməkhaqqı
alanların vergidən azad edilməsi mümkün deyil".
Bu, əmək bazarında şəffaflığı
artırar
İqtisadçının sözlərinə görə,
aşağı gəlir qrupları üçün vergi
kreditləri, aşağı maaş alan şəxslərə
illik vergi qaytarılması tətbiq edilə bilər. Lakin bu
siyasət düzgün icra və nəzarət mexanizmləri
ilə müşayiət edilməlidir ki, həm büdcə
sabitliyi qorunsun, həm də işəgötürənlər
tərəfindən sui-istifadə riski minimuma ensin: "Minimum
maaş alan işçilərə vergi güzəşti tətbiq
edilməsi işəgötürənləri əmək
müqaviləsini rəsmiləşdirməyə,
işçilərin real gəlirlərini gizlətməməyə
və kölgə iqtisadiyyatının azalmasına səbəb
olar. Bu da əmək bazarında şəffaflığı
artırar. Aşağı gəlirli vətəndaşların
vergi yükündən azad edilməsi yüksək və
aşağı gəlirlər arasındakı uçurumu bir
qədər azalda bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 27 noyabr (№216).- S.8.