Böyük Qayıdış
Proqramı nəhəng bərpa və quruculuq prosesini təmin
edir
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə
növbəti köç karvanları yola salınıb. Bu mərhələdə
Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduna isə
11 ailə (38 nəfər) köçürülür. Bu kəndlərə
köçürülənlər ölkənin müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və
inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Təzəbinə
kəndinə köçürülən ailələrin
sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin
sayı isə 110-a (378 nəfər) çatacaq.
Millət vəkili Musa Quliyev deyir ki, Qarabağa və
Şərqi Zəngəzura Böyük Qayıdış,
sürətlə inkişaf edən və fayda gətirən,
xalqımızın arzularının içində
olmasına xidmət edən gözəl və dəyərli
bir layihədir. Üç il bundan öncə Prezident
İlham Əliyevin Sərəncamı ilə bir layihə qəbul
olundu. Qarabağa və Şərqi Zəngəzura
Böyük Qayıdışla bağlı birinci dövlət
proqramı artıq üç ildir ki, icra olunur. Onun sözlərinə
görə, indiyə qədər bu proqramın icrası
üçün 25 milyard manat vəsait ayrılıb və gələn
ilin də büdcəsində işlərin davam etməsi
üçün daha 3 milyard 500 milyon manat vəsait
ayrılması nəzərdə tutulur: "İlk növbədə
minalardan təmizləmə, dağıntıların
abadlaşdırılması və infrastruktur layihələrinin
həyata keçirilməsi xeyli zaman aldı və eyni zamanda
çoxlu vəsait xərclənməsinə səbəb
oldu. Bunlar da təbiidir, çünki 30 il ərzində
torpaqlarımız işğal altında qaldığı
müddətdə orada bir daş da daşın üstündə
qalmamışdı. Bir salamat bina, bir salamat infrastruktur
qalmamışdı və biz torpaqlarımızı
işğaldan azad edən kimi, 2020-ci ilin 10 noyabrında
üçtərəfli bəyanatdan sonra səhərisi
günü artıq Qarabağa və Şərqi Zəngəzura
elektrik enerjisinin verilməsi, yolun çəkilməsi, suyun
çəkilməsi və sair işlərin həyata
keçirilməsinə başlanıldı. Bütün bu
işlər Prezidentin nəzarəti altında və onun
tapşırıqları əsasında həyata
keçirilir. Artıq infrastruktur layihələrinin
böyük bir qismi icra olunub. Orada həm elektrik təchizatı,
həm qaz təchizatı həyata keçirilib. Bütün
bölgələrdə artıq xətlər çəkilib.
Su təchizatı ilə də lazım olan bütün
işlər görülüb. Yol infrastrukturu artıq çəkilibdir
və artıq Zəngilanda, Laçında, Füzulidə
aeroportlar açılıbdır. Bunlar olduqca böyük
layihələrdir. Artıq Ağdama qatar gedir, Kəlbəcərə
tunellər işə düşməkdədir. O sərt,
qorxulu aşırımlardan aşıb getməyə əvəzinə
insanlarımız cəmi saat yarım vaxt sərf etməklə
Gəncədən Kəlbəcərin mərkəzinə
çatacaqlar. Bunlar hamısı qısa müddət ərzində
görülən çox böyük işlərdir. Yəni
nəinki otuz il ərzində, bəlkə də əlli ilə
görülə biləcək işlərdir ki, bunlar
böyük sürətlə həyata keçirildi. Şərqi
Zəngəzur və Qarabağda artıq həm də məskunlaşma
prosesi sürətlə həyata keçirilir. Bu ilin sonuna qədər
orada 50 min insanın məskunlaşması nəzərdə
tutulur. Gələn ilin sonuna isə daha 100 min insanın ora
köçməsi nəzərdə tutulur. Bunlar olduqca
böyük işlərdir. Kəndlər salınır, qəsəbələr
salınır, şəhərlər salınır. Demək
olar ki, bizim artıq Xankəndində böyük işlər
gedir, Füzulidə, Ağdamda, Qubadlıda böyük
işlər gedir. Əlbəttə ki, artıq məskunlaşma
prosesi başlayacaq. Şuşa və Laçın artıq nəinki
məskunlaşıb, hətta orada böyük beynəlxalq tədbirlər
həyata keçirilməyə başlayır. Bu proseslər,
ümumiyyətlə, davam edəcək. Cənab Prezidentin
apardığı beynəlxalq səviyyədə,
böyük diplomatik səylərlə həyata keçirilən
siyasət nəticəsində bizə yetərincə daha
çox dəstək verən dövlətlər də
olacaqdır. İndi Türk dövlətlərinin hərəsi
orada müəyyən işlər görüb - məktəb,
yaradıcılıq evi, seçilməsi ilə bağlı
və s. işlər görülüb. Daha böyük işlər
görmək üçün xarici biznesmenlər, investorlar da
gələcəklər. Cənab Prezident Elmlər
Akademiyasındakı çıxışında çox
maraqlı və olduqca bizi sevindirən bir məsələyə
toxundu ki, yaxın vaxtlarda Şərqi Zəngəzurdan və
Qarabağdan daha gözəl xəbərlər eşidəcəyik.
Orada olduqca böyük ehtiyac olan faydalı qazıntı
yataqlarımız var və yəqin ki, onların da
istismarına başlanması gələcəkdə
böyük gəlirlər gətirəcəkdir. Hazırda bu
ilin dövlət büdcəsinə, gələn ilin dövlət
büdcəsinə Qarabağdan və Şərqi Zəngəzurdan
artıq daxil olmalar var. Deməli, orada həyat var, orada iş
var, əmək var və məhsuldarlıq da get-gedə
artacaqdır. Yəqin ki, gələn ildən başlayaraq Zəngəzur
dəhlizinin açılması prosesi daha da intensivləşəcək.
Zəngəzur dəhlizi açılandan sonra o bölgənin
turistik imkanları da daha da genişlənəcəkdir.
Yaşıl enerji bölgəsinə çevrilmək var.
Qarabağda orada da günəş enerjisi ilə bağlı,
külək enerjisi ilə bağlı olduqca böyük
potensial var. Onlardan da istifadə olunacaq. Kənd təsərrüfatı
və emal sənayesinin inkişafı üçün böyük
potensialımız var. Yəni get-gedə ilbəil bizim orada həm
gördüyümüz işlər, qoyduğumuz sərmayə
genişlənəcək, həm də artıq o sərmayədən
yeni-yeni dividentlər əldə edəcəyik. Amma ən
böyük, ən qiymətli dividentimiz isə orada
köçüb yaşayan və orada həyatı əbədiləşdirən
bizim insanlarımız olacaq".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
görə, artıq bir neçə ildir ki, Azərbaycan
xalqı və dövləti işğaldan azad olunmuş
torpaqlarda böyük quruculuq və bərpa prosesinə start
verib. Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların
nümayəndələri və müxtəlif diplomatik korpus
üzvləri Prezident İlham Əliyevin köməkçisi,
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi
ilə Qarabağa səfərlər edirlər: "Bu səfərlər
zamanı qonaqlar azad edilmiş şəhər və kəndlərdə
həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa
və abadlıq işləri ilə tanış olurlar. Onlar
illərlə işğal altında qalmış,
dağıdılmış, viran qoyulmuş ərazilərdə
bu gün aparılan yenidənqurma işlərinin
miqyasını və sürətini öz gözləri ilə
görürlər. Ermənistanın işğal
dövründə məqsədli şəkildə məhv
etdiyi şəhərlər, yandırılmış kəndlər,
dağıdılmış məscidlər, məktəblər
və tarixi abidələr bu gün Azərbaycan dövlətinin
gücü və xalqımızın iradəsi sayəsində
yenidən dirçəlir. Füzuli, Cəbrayıl, Zəngilan,
Şuşa, Laçın, Kəlbəcər və digər
bölgələrdə yeni yollar, hava limanları, məktəblər,
xəstəxanalar, yaşayış massivləri və sənaye
parkları inşa olunur. Azərbaycan hökuməti bu prosesə
"Böyük Qayıdış" adını verib. Bu, təkcə
binaların, yolların və infrastrukturların bərpası
deyil - bu, həm də 30 ilə yaxın həsrətdən
sonra həmin torpaqlara həyatın, mədəniyyətin və
insan nəfəsinin qayıdışıdır. Bu gün
azad edilmiş ərazilərdə aparılan hər bir layihə
təkcə regionun inkişafına deyil, bütövlükdə
Azərbaycanın iqtisadi, sosial və mənəvi
gücünün artmasına xidmət edir. Qarabağ və
Şərqi Zəngəzur bölgələri artıq tədricən
yenidən Azərbaycanın ən gözəl guşələrinə
çevrilir, yeni həyatın, dirçəlişin rəmzi
kimi formalaşır".
Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya
Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib ki, ilk
növbədə, Azərbaycanın iqtisadi dirçəliş
prosesi həm də idarəetməyə tətbiq
olunmalıdır. Fikir versəniz, torpaqlar azad olunduqdan sonra həmin
ərazilərin idarə olunmasında Prezidentin xüsusi
nümayəndəlik institutu tətbiq olundu və əldə
olunan təcrübələrin növbəti mərhələdə
dövlət inzibati-ərazi idarəetmə sisteminə
keçirilməsi gözlənilir. Onun sözlərinə əsasən,
bu təcrübədən istifadə edilməsi məqsədəuyğundur:
"Şübhə yoxdur ki, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları bütövlükdə ölkənin ən
potensiallı iqtisadi bölgələrindəndir. Bu ərazilər
böyük turizm imkanları ilə yanaşı, zəngin təbii
ehtiyatlara və yeraltı sərvətlərə malikdir.
Dövlətin diqqətinin bu regionlara yönəlməsi
ölkə iqtisadiyyatının bütün sahələrinə
inteqrasiyası baxımından mühüm əhəmiyyət
daşıyır. Bu, həm də ona görə vacibdir ki,
iqtisadi fəaliyyət yalnız Abşeron yarımadasında,
Bakı şəhərində və digər böyük
şəhərlərdə cəmləşməməlidir.
Ölkənin əsas hədəfi iqtisadiyyatı şaxələndirmək
və bu proses fonunda Qarabağa, azad edilmiş torpaqlara, o
cümlədən Şərqi Zəngəzura böyük
investisiyalar cəlb etməkdir. Bu yanaşma əhalinin bölgələrə
qayıdışını və iqtisadi inteqrasiyasını
təmin edir. Əsas məqsəd həmin ərazilərdə
qalıcı əhalinin məskunlaşmasını gerçəkləşdirməkdir.
Təxminən 1 milyon şəxsin bölgəyə
köçürülməsi nəzərdə tutulur və
bu, məntiqi baxımdan əsaslandırılmış
yanaşmadır. Bölgənin keçmişi və gələcəyi
nəzərə alındıqda, orada güclü iqtisadi
bazanın formalaşdırılması zəruridir. İş
yerlərinin yaradılması, sənaye müəssisələrinin
qurulması və istehsala yönəlik iqtisadi sənayeləşmənin
təmin olunması əsas hədəflər
sırasındadır. Bu, həm investisiya axınını
artıracaq, həm də bölgənin ölkə üzrə
ümumi istehsalda payını yüksəldəcək.
Ümumilikdə, ölkənin inşaat meydanına
çevrilən əraziləri məhz "Böyük
Qayıdış" coğrafiyasını təşkil
edir. Bu yanaşma, eyni zamanda, ölkəyə daxil olan
investisiyanın yalnız Bakı və Abşeron
yarımadasında cəmlənməsinin
qarşısını alacaq. Prezidentimiz digər türk
dövlətlərini də böyük qayıdış və
yenidənqurma prosesinə investisiya yatırmağa təşviq
etməkdədir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 27 noyabr (№216).- S.12.