Zaman unutsa da, Vətən xatırlayır
Şəhid Əliheydər
Rüstəmovun xatirəsinə
Unudan zamandır, yoxsa insan zamanla unudulur?!
Düşünürəm ki, sualın ikinci hissəsi,
haqqında danışacağım şəhidin həyat
hekayəsini sanki müşayiət edir. Bildiyimiz qədərilə
zaman mahiyyəti kimi geniş məfhum olub, özündə
bir çox mətləblər yaşadır. Müdrik el ağsaqqallarımız,
tanınmış ziyalılar, filosoflar zamanla bağlı
müxtəlif fikirlər söyləyiblər. Onların
arasında görkəmli Azərbaycan şair və mütəfəkkiri
Füzulinin: "Adəmi zində edər namı, əgər
ölsə cəsəd" beyti diqqət çəkir.
Burada Füzuli demək istəyir ki, ömür qısa olsa
da, insanın yaxşı əməlləri onu əbədiləşdirir.
Bu fikir sanki Əliheydər Rüstəmovun ömür hekayəsinə
uyğun yazılmış kimi səslənir: O, cəmi 19 il
yaşadı, amma Vətən sevgisi ilə adını
zamanın yaddaşına yazdı. Bu səbəbdən,
zamanı tutmaq mümkün deyil, lakin ondan geriyə qalan izləri
yaşatmaq mümkündür. Həmin izlər bizi yaxın
tarixə, Birinci Qarabağ müharibəsinin
yaşandığı o illərə aparır.
Bunun üçün bir qədər də əvvələ
51 il öncəsinə, 1974-cü ilin 27 may tarixinə
qayıtmaq lazım gələcək. Həmin tarix bizi, Azərbaycanın
yaşıllıqlar diyarı, vüqarlı
Şahdağı, səfalı havası, şəfalı
suları, alma bağları ilə məşhur Qubaya
aparır. Həm də Qudyal çayının sağ sahilində,
yüksəkliklər üzərində qərar tutan ulu
türk yurdu, qəhrəman və ziyalı nəsilləri ilə
tanınan Zizik kəndinə, Əliheydər Rüstəmovun
dünyaya göz açdığı bir yaz səhərinə.
O gün Rüstəm kişinin evində əlamətdar bir
hadisə baş vermiş, oğlu Əliheydər dünyaya gəlmişdi.
Oğul deyirəm sizə, elə bir qəhrəman ki, şəhadətindən
ötən 32 il Vətən torpağını qanı və
ruhu ilə şərəfləndirən igid. Zaman onu unutsa da,
Vətən əsla unutmayıb, əksinə, "Bu
dünyadan bir şəhid keçdi" deyib onun pak ruhunu
göylərə yüksəldib.
"Zaman unudub, Vətən xatırlayır..." deyən
Xalq şairi Bəxtiyar Vahabzadə dərin və
düşündürücü misraya dönüşən həqiqəti
sanki unudulmuş qəhrəmanlarımız üçün
söyləyib. Bu sətir bir çox hallarda tarixin kölgəsində
qalan, amma Vətənin yaddaşında yaşayan qəhrəmanların
həyat yolunu ifadə edir. Azərbaycan xalqının hər
bir igidi Vətən torpağının azadlığı
uğrunda öz canını fəda edərkən, əslində,
ölümsüzlüyə qovuşur. Bu yazı da məhz
belə bir qəhrəman - Zizik kəndindən olan Əliheydər
Rüstəmovun xatirəsinə ithaf olunur.
Uşaqlıq illərindən zəhmətsevər, səmimi
və təvazökar bir gənc kimi tanınıb. İlk təhsilini
doğma Zizik kənd orta məktəbində alan Əliheydər
sonradan Quba şəhərindəki 103 nömrəli
texniki-peşə məktəbində təmirçi-çilingər
ixtisasına yiyələnib. Onun həyatında zəhmətə,
hünərə və əməksevərliyə böyük
önəm verildiyi, ailəsində milli və mənəvi dəyərlərin
qorunduğu hər kəsə bəlli idi.
Əliheydər 1993-cü il aprelin 18-də Milli Ordunun
sıralarına çağırıldı. O dövr Azərbaycanın
ən ağır, ən gərgin illərindən biri idi.
Qarabağ cəbhəsində döyüşlər səngimirdi,
hər gün yeni igidlər səngərə
yollanırdı. Əliheydər də Vətənə borcunu
şərəflə yerinə yetirmək üçün cəbhəyə
yollandı. Kəlbəcər uğrunda aparılan
döyüşlərdə ön sıralarda erməni
faşizminə qarşı mücadilə edən Əliheydərin
bu, ilk və son döyüşü oldu.
Vətənin ulu Kəlbəcər diyarı öz
şəhidini qəbul edib onu səmalarına ucaltdı.
İndi Əliheydərin şəhid düşdüyü
torpaqda güllər açıb - qanı, canı, nəfəsi
qarışan Vətən torpağı öz qoynunda şəhidinə
layla deyir. Azad və firavan, inkişaf etməkdə olan Azərbaycan
bölgələrindən biri kimi Kəlbəcərdə, Zəfər
günündən ötən beş il ərzində xeyli
işlər görülüb, dövlət layihələri həyata
keçirilib. Hazırda tikinti-quruculuq işləri davam edir və
diyarın əsl sakinləri öz doğma yurd-yuvalarına
geri dönür.
Əliheydərin hərbi xidmətdə olduğu,
döyüşə qatıldığı günlərin
sayı barmaqla sayılacaq qədər az, cəmi on olsa da, hər
günü bir qəhrəmanlıq salnaməsinə, hər
anı bir tarixə çevrildi. Qeyd olunduğu kimi, 1993-cü
il aprelin 18-də hərbi xidmətə yollanan Vətən
oğlu elə aprelin 27-də, mürəkkəb
döyüşlərin getdiyi müharibənin 10-cu
günündə, 19 yaşında düşmən snayperinin
gülləsinə tuş gəldi. Güllə düz onun
ürəyinə dəydi. Əliheydər ömrünü elə
Vətən uğrunda şəhidlik zirvəsində
tamamladı. O, həyatının ən gözəl
çağında Vətən sevgisini öz qanı ilə
möhürlədi.
Artıq uzun illərdir "27 may" və "27
aprel" tarixləri şəhidin həyat fəlsəfəsinə
çevrilmişdir. Yeddi rəqəmi ilahi ədaləti və
vəhdəti tərənnüm edərək Əliheydəri
yaşadan, ona şəhadət bəxş edərək, əbədiyyət
ünvanı qazandıran tarix olmuşdur. Həyatda təsadüf
olmur. 1974 və 1993-cü ilin həmin tarixləri öz
daxilindəki gizli həqiqəti aşkar edərək şəhidlik
kimi uca zirvəyə hər kəsin layiq
olmadığını, seçilmişlərin bu yolla gedə
biləcəyini bir daha təsdiq etmiş oldu. Vətəni
yaşadanların sırasında Qubanın Zizik kəndinin qəhrəman
oğlu Əliheydər Rüstəmovun adı fəxarətlə
çəkilir.
Vətən oğlu doğma kəndi Zizikdə dəfn
olunub. Kənd camaatı onun cənazəsini göz
yaşları içində qarşılayıb. Zizik kənd
qəbiristanlığında uyuyan gənc yaşlı igidin məzarı
bu gün də ziyarət olunur. Onun adı kəndin
yaddaşında, köhnə məktəb siniflərində,
yaşlı insanların söhbətlərində
yaşayır.
Hazırda Qubanın Zizik kənd tam orta məktəbi
Birinci Qarabağ şəhidi Əliheydər Rüstəmovun
adını daşıyır. Onun şəhadətindən
ötən az bir müddət ərzində adı həmin məktəbə
verilmiş, təhsil ocağının qarşısında
büstü ucaldılmışdır. Artıq 30 ildir ki, məktəb
şəhidin adı ilə şərəflənir. Lakin
haqqında açıq mənbələrdə məlumatların
olmaması, son 32 ildə və 2020-ci ilin Vətən
müharibəsindən sonra, ilk dəfə bir məqalə
çərçivəsində, tərəfimizdən
geniş ictimaiyyətə təqdim olunması şəhidin
adının əbədiləşdirilməsi istiqamətində
növbəti addımlar atılacağına böyük
ümidlər yaradır.
Kənddə doğulub boya-başa çatan qəhrəmanın
adını daşıyan məktəbdə hazırda
xoşbəxt gələcək yetişir. Əliheydərin
valideynləri, bacı və qardaşı, onların
övladları da həmin məktəbdə ilk təhsillərini
almışlar. Qabaqcıl müəllimlərinin,
aralarında əməkdar müəlliminin olduğu Zizik kənd
məktəbində şagirdlər vətənpərvər
ruhda böyüyür. Gənclər təhsilə, xüsusilə
ali təhsilə əhəmiyyət verir. Hər il kəndin
tam orta məktəbindən xeyli sayda şagird yüksək
balla respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul
olurlar. Bu göstərici şəhidin yurdunda intellektual nəslin
formalaşdığından xəbər verir.
Vətənpərvərlikdən söz
düşmüşkən, Əliheydərdən sonra Zizik kəndinin
adını şöhrətləndirən, kənd məktəbinin
məzunlarından biri olmuş Şahin Hüseynbala oğlu
Allahyarovdur (1993-2020). İkinci Qarabağ müharibəsində
xüsusi igidlik, təşəbbüs və
dözümlülük nümayiş etdirdiyinə görə,
şəhadətindən sonra Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görülmüş Şahin məhz həmin məktəbdə
təhsil alıb və Azərbaycan tarixi fənnini xüsusilə
sevmiş, bunu 44 günlük şanlı savaşda öz əməli
ilə sübut edib.
Zizik kəndi son bir əsrdən yuxarı vaxt ərzində
Vətən uğrunda şəhidlər verib. Bu kənddə
əsrin əvvəllərində, 1918-ci ildə mənfur daşnaklara
qarşı vuruşmuş Əlibəy Zizikski önə
çıxıb. Görkəmli polkovnik, Cümhuriyyət
parlamentinin İttihad fraksiyasının üzvü Əlibəy
dövrün qanlı sovet rejimi tərəfindən 18 sentyabr
1929-cu ildə güllələnərək şəhid edilib.
Əslində Əliheydər haqqında məqalə
yazmaq fikri 8 noyabr Zəfər gününün beşinci
yubiley ildönümündə yarandı. Qarşıma Milli
Kitabxanadan 1996-cı ildə kiril əlifbası ilə,
üç min tirajla nəşr olunan "Quba şəhidləri"
kitabı çıxdı. Düşünürəm ki, bu
da bir təsadüfün nəticəsi deyildi, əksinə,
bir təvafuq (ilahi uyğunluq) idi. Haqqında heç bir
dolğun yazının, araşdırma məqalənin
olmadığı Əliheydərlə bağlı məlumat
almaq ümidi ilə kitabı vərəqləməyə
başladım. 180-ci səhifəyə çatanda həyəcanla
gözlədiyim məlumata rast gəldim və şəhidimizin
adına çox sevindim. Bu, qəhrəman Əliheydər
Rüstəmov haqqında təxminən bir səhifə həcmində
bioqrafik məlumat idi. Məlumat qısa, lakin böyük səmimiyyət
və doğmalıqla, sanki qayğı ilə qələmə
alınmışdı.
Qubanın tanınmış ziyalılarından olan
Şıxəmməd Seyidməmmədovun tərtibçisi
olduğu 256 səhifəlik həmin dəyərli kitabı
böyük maraq və həvəslə oxudum. Birinci
Qarabağ müharibəsində şəhid olmuş,
adları hələ də, bir çox hallarda kölgədə
qalan və mənim üçün əhəmiyyət kəsb
edən qubalı şəhidlərin həyatından nümunələri
oxuduqca insan bir anlıq o illəri yaşamış kimi hiss
edir özünü.
Ən çox da məni təsirləndirən və
mövcud məqaləni yazmağa ilhamlandıran, kitabdan
Əliheydərin çox qısa, cəmi 10 günlük
döyüş yolunun onuncu günündə şəhid
olmasını öyrənmək oldu. Heç
düşünmədən klaviatura arxasına keçərək
məqaləni yazmağa cəhd etdim. Buna nə dərəcədə
nail ola bildiyimi oxucuların mühakiməsinə buraxıram.
Əliheydərin şəhid olduğu tarix kitabda
"27 aprel", başdaşı üzərində isə
"28 aprel" qeyd olunur. Böyük ehtimal ki,
başdaşı üzərindəki tarix onun torpağa əmanət
edildiyi tarixdir.
Kitabda həmçinin 1988-ci il dekabrın 11-də Ermənistanda
baş vermiş zəlzələ ilə əlaqədar
köməyə gedərkən təyyarə qəzasında
həlak olmuş, 1990-cı ilin qanlı yanvar ayında
Bakıda Azərbaycanın azadlığı və suverenliyi
uğrunda canından keçmiş şəhidlər
haqqında da məlumatlar var. Kitabın sonunda qanlı
müharibədə itkin düşmüş
oğullarımızın siyahısı verilir.
Əliheydərin bioqrafik məlumatlarında müəllifin
şəhid haqqında yazdığı kövrək məqam
Ş.Seyidməmmədovun duyğularını dilə gətirib
və o, şəhidi şəhadətə aparan yolu belə
tərənnüm edib: "Axı Əliheydər hardan biləydi
ki, hər tərəfə boynubükük bənövşələrin
məstedici qoxusu yayıldığı, quşların
baş-başa verib incə bir musiqi çaldığı o
yaz günü tufanlı bir günə çevriləcək,
axı hardan biləydi ki, yalquzaq erməninin gülləsinə
tuş gələcək". Əliheydər şəhadət
yoluna çıxaraq, ölümün gözünə dik
baxmış və arxaya dönmədən irəliləmişdir.
O, bunu yaxşı bilirdi, lakin həyat ilə belə tez
vidalaşacağını və əbədi aləmə
köç edəcəyini tezliklə gözləmirdi.
Ş.Seyidməmmədov şəhid haqqında poetik və
emosional fikirlərini bir abzasla ifadə edərək sanki
Əliheydərin nakam qalmış arzularını dilə gətirmişdir.
Şəhidimiz ailə qurmamışdı.
Üç uşaqlı ailənin ən böyüyü
bacısı Sənəm, ikinci övladı Əliheydər,
ailənin son beşiyi isə qardaşı Buxsaydır.
Bacı və qardaşı ailəlidir, anası Xanbikə (Məkanət)
hazırda həyatda deyil. Zizik kənd qəbiristanlığında
uyuyan şəhidin və onun anasının qəbri ailə
üzvləri, məktəbin müəllim və şagirdləri
tərəfindən ziyarət olunur.
Hər il 27 mayda Əliheydərin anadan olduğu
gün ailə üzvləri - atası, bacı və
qardaşının iştirakı ilə məktəb
kollektivi, şagirdlərlə birlikdə qeyd olunur. Bu, təqdirəlayiq
haldır, lakin şəhid haqqında sənədli bioqrafik tədqiqatın
aparılmaması, haqqında film və ya
videoçarxların çəkilməməsi zamanla unudula
biləcəyi narahatlığı yaradır.
Düşünürəm ki, haqqında kiçik məktəb
tədbiri çərçivəsindən kənar, rayon səviyyəsində
və daha artığını etmək heç də
çətin deyil. Bu səbəbdən, mövzu hazırkı
yazının qələmə alınmasına əas
yaratdı və gələcəkdə şəhid
haqqında digər məqalələrin yazılmasına bir vəsilə
olacaq.
Əliheydər Rüstəmovun ömrü qısa
oldu - cəmi 19 il. Amma onun şəhadəti Azərbaycan gəncliyinə,
Vətən sevgisinə və qeyrətə nümunədir. Zaman
unuda bilər, lakin Vətən hər zaman qəhrəman
oğullarını xatırlayacaq. Çünki şəhidlik
ölümlə bitən yol deyil, əbədiyyətə
açılan bir qapıdır. Ruhu şad olsun!
Dos.Dr. Aqil P.ƏHMƏDOV
agilahma@gmail.com
525-ci qəzet.- 2023.- 28 noyabr(№217).- S.15.