Ayran
Hekayə
Vəli Ukraynada yaşayır. Həyat yoldaşı
rusdu. Özü ona gah ömür-gün yoldaşı, gah da
boyunduruq yoldaşı deyirdi. Boyunduruq yoldaşısa Vəlini
Vanya deyə çağırırdı.
Vəli sevib evlənməmişdi. Sevməmişdisə,
bəs bu üzüçilli, burnudik, sarışın rus
qızını niyə almışdı?
Vəli Tanyanı illər ərzində tanısa da,
evləndiyi günə qədər onunla nikaha girmək fikri ən
ötəri xəyalından belə keçmirdi. Bəyənməyinə
bəyənirdi. Üzünurlu rus qızlarını kim bəyənmir
ki, Vəli də bəyənməsin!
Tanya televiziyada rusdilli xəbərlər üzrə
diktor işləyirdi. Vəli həmin şöbədə səs
rejissoru idi.
Dəfələrlə olub Vəli, idarənin
çayxanasında tələm-tələsik çay içən
Tanyanı tələsmədən gözaltı süzüb.
Süzəndə nə olar? Hər süzən süzəni
almır ki?
Amma sonradan, daha doğrusu, qəflətən Vəliylə
Tanyanı əbədi birləşdirən böyük siyasi
hadisə baş verdi.
Deyərsiz, siyasi hadisənin vətəndaş
nikahına nə dəxli? Dəxli var, özü də necə!
Böyük siyasi hadisə dedim, siyasi fəlakət
desəm, daha düz olar. Bəli, həmin möhtəşəm
siyasi fəlakət Vəliylə Tanyanın səadət
toyuna səbəb oldu, başqa sözlə, vaydan toy törədi.
Məsələ burasındadır ki, SSRİ dağılandan sonra keçmiş
müttəfiq respublikalarda, o cümlədən (adında
"ucqar-kray" sözü olsa da) Ukraynada da rus dilli
verilişləri bağlamaq, efir məkanından sezilmədən
çıxarmaq dəbi düşdü.Vəliylə Tanya
işlədiyi televiziyada da həmçinin. Gündə
üç dəfə verilən rusca xəbərlər əvvəlcə
ikiyə, sonra birə, daha sonrasa heçə endiriləndə,
dünənə qədər bu kollektivdə hamıdan gərəkli
olan Tanya qəflətən gərəksizləşdi.
Müdriyyət çağırıb işdən könüllü
çıxması barədə ərizəsini aldı. Belə
çıxdı ki, gül kimi, daha dəqiq, sarı gül
kimi qızı çölə atdılar.
Hər şey Vəlinin gözüqabağında
baş verdiyindən, Vəli buna başqa ad verə bilmədi.
Belə qızı atarlar!? - deyə ürəyində deyindi.
Həmin ərəfədə Vəli evlənmək
fikrində olmasa da, əlində əmək kitabçası
qapıdan çıxan Tanyaya heç tərəddüd etmədən
yaxınlaşıb "Davay pojenumsya" (gəl evlənək)
dedi.
Tanya əvvəlcə karıxdı. Özünü
dünyanın ən bədbəxt adamı hesab etdiyi anda
dünyanın ən xoşbəxt adamına çevrildiyini ürəyinin
lap dərinliyində hiss etdi. Qənşərinə qəfil
çıxan xoşbəxtliyini anlayar-anlamaz "Oy Vanya!"
(oy Vəli!) dedi.
Vəli qızın azca pörtmüş üzünə,
sevincdən alışıb yanan gözlərinə baxıb
bir də dedi:
- Davay pojenimsya!
Qız:
- Tı seryozna,Vanya? (ciddi sözündü, Vəli?)
- gülümsünərək soruşdu.
Vəli Tanyanın əlini sıxıb:
- Seryozna. Çto skajeş?" (ciddi
sözümdü, nə deyirsən?) - deyə soruşdu.
- Çto skazat, yesli seryozno, to ya soqlasna..." (nə
deyim, ciddi sözündürsə, mən razıyam).
Tanya bunu deyəndə, Vəli hiss etdi ki, qızın
zərif əli onun ovucunda dinşidi. Elə o tutmaq tutdu, Vəli
Tanyanın əlini (məcazi mənada) bir daha buraxmadı,
dediyi kimi də elədi, onu doğrudan da, özünə
arvad aldı.
Bu minvalla Vəli oldu Vanya, Tanya isə Vanyanın
boyunduruq yoldaşına çevrildi, boyunduruğu o gündən
bu günə çox sədaqətlə çəkdi. Vəliyə
iki sarışın, bir qarayanızın göyçəyi
qız doğdu.
...Vəli eşidib... daha doğrusu, srağagün
azca çallaşmış saçını vurdurduğu məhlə
dəlləkxanasında qulağı tutdu, deyəsən,
işlər belə getsə, çox çəkməz, su
axdığı yerdən bir də axar, yəni ruslar
qoyub-getdikləri cənnət-məkana yenidən qayıda bilərlər.Vəlinin
başını qırxan rus dəllək dedi, qayıda bilərlər
yox, qayıdacaqlar.
- Vəli evə qayıdanda, qəflətən
qucaqlayıb Tanyanı öpdü.
- Tı çto Vanya! Devçonki uvidyat, stıdno! (Sənə
nə oldu, Vəli, qızcığazlar görərlər,
ayıbdı), - deyə Tanya yalandan deyindi.
Vəli Tanyaya heç nə demədi, üzündə
xoş təbəssüm mətbəx stolunun arxasına
keçdi. Deməyinə demədi, amma ürəyində
fikirləşdi: "İndi Tanyanın qızılı
çıxacaq, bax! Televiziyalar ləlik düşəcəklər.
İndi görərik, kim gərəkli, kim gərəksizdi!
Yalvardacam! hamısına ilan dili
çıxartdıracağam! Amma qoymayacam gedib onların
yalan-gerçək xəbərlərini oxusun. Nə istəyirsiz,
qardaş, gərəksiz idi, indi qəflətən
dönüb gərəkli oldu?" - Vəli fikrinin bu yerində
mətbəxdə qurdalanan Tanyanın arxasınca qürurla
baxıb pürrəngi çay istədi.
"Qayıtmasalar?" - Burasını çay stolun
üstünə gələndə fikirləşdi, sonra isti
çaydan bir qurtum alıb ürəyinə soyuqluq verdi:
"Qayıtmazlar, arvadımdı, uşaqlarımın
anasıdı, canı sağ olsun! Necə deyərlər,
tutar - qatıq, tutmaz - ayran".
İmir Məmmədli
525-ci qəzet.- 2023.- 28 noyabr(№217).- S.14.