Sevgi dolu misralar
Şair Məmməd
Tahirin 70 illik yubileyinə gecikmiş yazı
Məmməd Tahiri 40-45 il öncədən
Naxçıvandan tanıyıram. Onda cavanca oğlan idi, iki
şeiri hansısa qəzetdə (deyəsən, "Ədəbiyyat
və incəsənət" idi) dərc olunmuşdu. Həmin
o heca vəznində yazılmış şeirlərin
ayrı-ayrı bəndləri yadımda qalmasa da,
misralarının havası məni necə məftun eləmişdisə,
yadımdadı. Şair payıza bələnmiş bir
ömrün şirinli-acılı məhəbbət macərasını
bədii sözə çevirmişdi. Nostalji duyğuların
təzəliyi sevgi dolu misraları pərvazlandırmış,
məni ovsununa almışdı...
İndi yaşıdım (bir bayram fərqimiz var) Məmməd
də 70-i aşıb, mən də. Hərdənbir kitabxanamda
rəfləri bəzəyən, tez-tez vərəqləyib
oxuduğum şeir toplularına nəzər yetirirəm.
Sayı çox deyil, biri "Könül verdiyim
dünya"dır ("Qanun" nəşriyyatı,
Bakı, 2022), digəri "Bir azdan Günəş
doğacaq" ("Elm və Təhsil" nəşriyyatı).
Lap unutmuşdum, Məmməd Tahirin poeziyası və şəxsiyyəti
haqqında çıxan məqalələr toplusu da
masamın üstündədir.
Akademik Möhsün Nağısoyludan tutmuş tənqidçi-ədəbiyyatşünas
Vaqif Yusifliyəcən xeyli söz adamının "Səmimiyyətin
poeziyası" adlanan kitabda məqaləsi var. Ancaq 70
yaşlı şair dostum çağdaş dövrü mətbuatda
daha fəaldır. Tez-tez sevdiyi "525-ci qəzet"də,
"Ədəbiyyat qəzeti"ndə, "Ədalət"də,
"Azərbaycan" və "Ulduz" dərgilərində
əsərləri yer alır.
Xaraktercə təvazökar və bir qədər də
"ağır oturub batman gələn" Məmməd
dostumuz nə haylı-küylü yubiley tədbirlərinə
tələsdi, nə də hansısa bir xahişlə kimsənin
qapısını döydü. 70 yaş ərəfəsində
Naxçıvandan gələn bəd xəbərdən (orada
yaşayan oğlunun qəfildən vəfatı)
sarsıldı. Biz nə qədər təsəlli versək də
(Tofiq Nurəli, Maarif Soltan, Oqtay Abbas və başqaları),
şairin qırışığı oğlunun ilinəcən
açılmadı. Yalnız çox-çox sonra biz imkan
tapdıq "gecikmiş yubileyi" xatırlamağa, Məmməd
Tahiri özünə qaytarmağa...
Qələmi yerə qoymadı həssas, kövrək
təbiətli Məmməd Tahir. Yenə "525-ci qəzet"də,
"Ədəbiyyat qəzeti"ndə silsilə nəğmələri
dərc edildi. Şairin sənsizlik sükutu yayın
cırhacır istisində adamı dondurdu, qanını
damarında titrətdi. "Tut yarpağını yeyən
qurd kimi", oxucunun içini yedi sənsizlik. Ancaq "baxanda
adamın üzgün halı kənardan sezilsə"də.
Ayrılığın min adı hallandı şairin
dodaqlarında. Heç bir təsəlli hicran əbədiyyətinin
yerini doldurmadı:
...Kirpiyimin altında
İynənin ucu boyda
Donub qalmış buz.
Sənsizlik -
Yarama səpilmiş duz.
Nəfəs kəsən "Sənsizlik"
şeirindəndir ("Ədəbiyyat qəzeti", 14 noyabr
2025-ci il). Məmməd Tahirin "Payızı,
yağışı, bir də yolları", "Bizim
aramızda küləklər əsir", "Mən səni
niyə unutdum?"qəlb parçalayan haraylardır.
Payız, yağış, yol nostallji duyğular oyadır.
Payıza bələnmiş pənbə buludlar
yağışa çevrilib göz yaşıtək
ayrılıqlara yağır. Eh, yol, yol. Bircə gedər-gəlməzin
olmayaydı. Təəssüf ki, çox zaman axırın
"ölüm" yoxuşuna dirənir.
Əyilir üfüqə gün aram-aram,
Olur göy üzünün belə halları.
Bir gün dönüb yenə xatırlayaram,
Payızı, yağışı, bir də
yolları.
"Bizim aramızda küləklər əsir"
şeirində şair yenə payız ovqatına köklənir.
Müəllif göynəyə-göynəyə "elə
ki, yağışı yağır payızın, bizim
aramızda küləklər əsir" - deyir.
Yağış araya nəinki göylərin soyuğunu, eləcə
də dəli rüzgarın qızmarını da gətirir.
Misra-misra bu şaxta yalnız yalqız Məmməd Tahiri
üşütmür, çoxsaylı oxucusunu da titrədir.
Koroğlu demişkən, "titrəyir ağzım
içində, dil bir yana, diş bir yana"... Müasir
türk lirikasının ən ünlü simalarından
birinin sözüdür: "zəmanəsindən şikayətçi
olmayan şair görmədim". Eləcə də XVI əsrin
ən nəhəng qəhr-qəm şairi Məhəmməd
Füzulinin bütün bədbin təsiri
bağışlayan qəzəliyyatı nikbinlik əhvalı
aşılayır... "Bir sakit gecə" şeirində
bu mənzərənin şahidi oluruq:
Bir ana qucağında
mışıl-mışıl uyuyan körpə
Sakit bir küçə,
Sakit bir səhər,
Sakit bir gecə.
Misal çəkdiyimiz sərbəst parçada
artıq oxucu bambaşqa bir aləmə düşür. Məmməd
Tahir qələm fırçasıyla bütöv
günün tam obrazını tabloya alır. Qaranlıq,
zülmət gecəni də, səhər
işığını da, eyni zamanda küçənin və
gecənin səssizliyini də müəllifin diqqətindən
yayındırmır. Xoşbəxtlikdən Məmməd
öz sözünə tələbkar şairdir, onu
misranın və ya bəndin hansı yerində işlətməyini
ustalıqla bilir. Buna görə sözlər pərəm-pərəm
yeyil, yığcam surətdə mətnin "bətnində"
pərvəriş tapır. El-ailə gizlinlərini şeirə
şəkən şair qadının ülviliyi
qarşısında səcdə qılır, bu dünyayla
arasındakı körpünün tağlarının
möhkəmliyinə inanır.
Yerlə, göylə aramda
Gözəl bir qadın durur.
Bütün günü
ağlımda
Ağlım canımı alır.
Məmməd Tahir haqqında qeydlərini ümumiləşdirən
görkəmli dilçi alim Möhsün Nağısoylu
yazır: "Məmməd Tahirin lirikasında şairin milli
ruha söykənən, mənəvi dəyərlər üzərində
köklənən fikirlərinin bədii ifadəsini
özündə əks etdirən, insanı bəzən
kövrəldən, lakin ona daha çox ümid hissləri bəxş
edən şeirləri də aparıcı yer tutur".
Filologiya elmləri doktoru Vaqif Yusiflinin də fikirləri
maraqlıdır: "Məmmədin şeirlərində
işlənən təşbehlər təzədir, bədii təyinlər
metaforalar özünəməxsusdur, deyərdim, lap təzədir,
kimsə onları şeirlərində işlətməyib".
Bu qənaətlərin doğruluğuna və səmimiliyinə
şübhə yoxdur!
70 yaş bəlkə də ömrün 70-ci yuxusudur.
Yuxun çin olsun, şair!
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2023.- 28 noyabr(¹217).- S.14.