İstanbul reysi
Esse
16 ildən artıqdı, təcili tibbi yardım
maşınının "sos" səsi, ilin on iki ayı
gecələr beynimi vahimə və qorxu sirenası ilə
doldurmuşdu. Sevgi ümidini tibbi xərəkdə məchulluğa
daşıyan bu avtolar mənim və doğmalarımın
üzündəki təbəssümü də özü ilə
aparmışdı.
16 ildən artıqdı - soyuq havalardı. Gecələr
göy üzü ulduzsuz, məşəqqətlidi. Üzlər,
gözlər kədərli, sifətimiz susqun. Demək ki,
gülmək bizim üçün deyilmiş, ha istədim bizə
təbəssüm yaraşmadı. Görünür, Tanrı
belə istəmişdi.
İllər yanımızdan dabanqırma ötüb
keçirdi.
Həyat davam edirdi, insanlar sevirdi, sevinirdi,
gülürdü, əylənirdi. Musiqi səslənirdi,
toyda-düyündə qol götürüb oynayırdı
adamlar.
Həyat həblər kimi çox acı dadırdı.
Başımdakı səs-küy səngimək
bilmirdi.
lll
Bir qərib axşamdır Pirədəbildə.
Şabranın böyük bir vadisinin sıralanmış
ikiqatlı koteclərində sakitlik var.
Bu sakit, geniş ərazi ürəyimcədir...
Bir həftəlik istirahət...
Futbol meydançası kimsəsizlikdən
küsüb...
Yaxınlıqda iki xanım əyləşib,
oturacaqlardan gözümü yayındırıb futbol topunun
olub-olmadığını dəqiqləşdirmək fikriylə
idman paltarında təşər-təşər irəliləyirəm.
Xanımlardan biri üzünü mənə tutub "Siz bu
yaradıcılıq evinə nə adla gəlmisiniz" - deyə
soruşur. Özümü təqdim edirəm, kütləvi tədbirlərdən
qaçaq olduğum üçün, ya da bəlkə gözəgirən
olmadığımdan tanımırlar - axı, qəzetlər
məni tanınmış yazıçı-şair hesab
edirdilər.
Düzü, mən də onları tanımıram,
heç imzalarını da xatırlaya bilmirəm...
Tanış oluruq.
Bir neçə saat sonra onlarsız darıxıram.
Oğrun-oğrun pəncərələrinə tərəf
baxıram. Heç nə görmürəm. Pəncərələr
örtülü, işıqlar söndürülü...
...Sosial şəbəkədən yazılarına
göz atıram. Qiraət istedadına heyran oluram. Təəccüblənmirəm
- səmimi, daxilən azad və açıq fikirli insanlar qəbul
edilən və seviləndilər.
...Dostcasına çay süfrəsi arxasında
otururuq. Beləcə, bir neçə gün ədəbi
mövzuların və zövqlərin əyər-əskiyini
öz düşüncəmiz boyunca təftiş edirik.
...Vaxt çatır, ayrılırıq.
...Dostlarımızdan birinin arabasına minib getdilər.
Yalnız bircə dəfə ayrılıq zamanı O-nun əlindən
öpdüm. Bu yüngül təmas poetik hisslərimi
bilgisayarımın klavdişində beynimə həkk elədi:
əllərinin şəklini göndər mənə,
əzizim,
hər gün öpüb qoyaram gözlərimin
üstünə.
lll
Yüz gün keçdi, münasibətlərimiz istiləşdi,
gündəliyimdə bir vadinin gözəli haqqında
cümlələrin sayı artdı, adına Leyla dedim.
Və yenə şeir, yenə nəzm - yeni şeir,
yeni nəzm.
Qarşıma çıxan qadın,
sən neçənci adamsan?
Sayğısız keçmə belə
məni də bir adam san.
Sənə qəribə gəlir
söylədiyim bu yazı.
Bəlkə yaşlı göstərir
saçlarımın bəyazı.
Mənim də, anam ölsün,
fəxr edirdi adımla.
Məni də sevirdilər
səndən əvvəl qadınlar.
Demə nə cür adamdı,
taleyiylə barışır.
Ta söyləmə, bu sevgi
haramıza yaraşır?
lll
Marifiydi, məniydim,
Mənsurəydi, Əliydi.
Bəri dur, deyim sənə
o biri ... mələyiydi.
Tək o idi ağlımda -
Şabranın mirvarisi.
Xoşbəxt idi o gecə
Pirədəbil vadisi.
Dodağımda donmuşdu,
söz dəlirdi köksümü.
Nərgizmi, süsənmidi,
yoxsa Lalə mövsümü?
Çiçək-çiçək yaş
tökdü
budağından aşağı.
Qara xallı söyüdün
yarağı göy qurşağı.
Günəşin qürub çağı,
bir axşamın röyası.
Nağıl idi -
gözləri
yerin-göyün aynası.
...Pərdə-pərdə çəkildi
Aynası da göylərin.
Yanırdı işıqları
Yaxındakı evlərin.
...Bir gün əvvəl şeir axşamından
qayıtdıq.
Boyu bərabəri seviləsi bu xanımdan tez
aralanıb qaçdım. Özümü bir kimsəni sevməkdən
yayındırıb qaçırdım, özümü
sevgidən qoruyurdum, niyəsini bilmədiyim bu hisslər məni
avtodayanacağa qədər tərk etmədi, birdən sifətimə
əl qatıb yüngülcə sivirdim, ilahi mən onu bir
daha görə biləcəmmi, geriyə - taksinin dönə
biləcəyi yerə yüyürdüm, gec idi. Boş
çantamı çiynimə atıb, əllərimi
salladım.
...Soyuq idi, hava alanına getmək asan, qayıtmaq
çətin olardı. Tərəddüd içində
qalmışdım.
Uçaq İstanbula gedirdi.
...O getdi. Qulağıma şairin səsi gəldi:
"Gəncliyim qapıma gəlmişdi, qovdum,
dalınca ağlaya-ağlaya qaldım".
Və son
Feyxoa çiçəkləri gözəl olur, həm
də qırmızı ləçəklərinin bəyaz
çalarları onu daha da cazibədar edir.
Xosrov NATİL
525-ci qəzet.- 2023.- 28 noyabr(№217).- S.13.