İşığa təşnəlik
İmza var, oxuyursan, müəllifi tanımağa
çalışırsan, bir obraz yaradırsan öz aləmində.
İmza da var, müəllifi görmək, tanımaq
imkanın olur, amma sonra tərifləyənlər olsa da, oxuya
bilmirsən.
O isə fərqlidir. İmzasını görəndə
sevinirsən, qaranlıqda işıq tapan kimi.
Özünü görəndə insanları sevirsən -
insanlığı görən kimi. Zemfira Məhərrəmli
belədir. Yazıları, yazı dili aydın,
anlayışlı, şirin - özü kimi.
Mən, dünyaca məşhur olsalar da, insanları bədbəxt
olduqlarına inandırmağa yönləndirən, həyatdan
bezdirən əsərləri, müəllifləri sevmədim.
Hər kəsin işığı olmalıdır və o
işığı paylaşmalıdır.
Həyat - yaşam asan deyil, problemlər, çətinliklər,
ağrı-acılar olur. Yazıçının
ustalığı o işığı tapmağa kömək
etməkdir, o işığı göstərə bilməkdir.
Zemfira Məhərrəmli belələrindəndir: özü
də, sözü də işıqpaylayandır, sevimlidir,
seviləndir, sevgi doludur.
Zemfira xanım addım-addım gəzib bütün
yaradıcılıq yollarını, bütün mərhələrindən
keçib, pillə-pillə yüksəlib. Bakı Dövlət
Universitetini fərqlənmə diplomu ilə bitirib əmək
fəaliyyətinə müxbir kimi başlayıb.
İndi isə mən tələbə həyatından
sonra müxbir kimi çalışmağa başlayan pedaqoq
alim, yazıçı, publisist Zemfira xanımdan - Əməkdar
jurnalist Zemfira Məhərrəmlidən danışıram.
Bu illərdə o, böyük bədii, elmi, publisist söz xəzinəsi
yaradıb. Baxdığım son tamaşa Zemfira Məhərrəmlinin
son əsərlərindən olan "Ümid
işığı"dır. Tamaşaya baxanda mövzusundan
çox əsərin verdiyi mesajı düşündüm.
Adi baxışla mühakimə yürütsək, gənclərin
dolaşıb qaldıqları məhəbbət mövzusudur.
Amma diqqətli oxucu, tamaşaçı, valideyn, vətəndaş,
insan kimi düşünsək, bir
pedaqoq-yazıçının bizə məsləhətidir:
ailədə qarşılıqlı anlaşma
mühümdür. Uşaqlara yalnız övlad kimi
baxmayın - onların hər biri ayrı fərddir, şəxsiyyətdir.
Onlarla dost olun. Sirdaş olun. Sizinlə bölüşsünlər. Kənarda özlərinə
sirdaş axtarıb, daha böyük səhvlərə yol verməsinlər.
Zemfira xanımın çox yazılarında bunu izləyirsən.
Hadisələrə, həyata münasibəti yaradıcı
olsa da, pedaqoq yazıçı olmaya da bilər. Amma bir
söz adamının, yazıçının pedaqoq
olması üçün çox vacibdir. O öz
yazılarında mütləq cəmiyyətə - insanlara
doğruya üz tutmağı, problemlərə düzgün
yanaşmağı, sevinməyi bacarmağı... və bu kimi
mesajlar ötürməlidir. Zemfira Məhərrəmli bunu
bacarır.
Onun dissertasiya mövzusu da diqqətimi çəkdi.
Jurnalistika fakültəsinin məzununun "İbtidai məktəb
və məktəbəqədər tərbiyə"
jurnalında tərbiyə problemi" mövzusunda müdafiə etməsi
də maraqlı oldu mənimçün. Bu elmi tədqiqat
işinin pedaqogikaya və jurnalistikaya nəzəri yenilik gətirən
bir əsər kimi qiymətləndirilməsi də təsadüfü
deyil. Bu fərqlilik onun yazılarında da hiss olunur. Onun
publisitikasında, hekayələrində, ümumilikdə
yaradıcılığında bir öyrətmən
yanaşması var. Məsələn, "12 yaşın
sevinci" kiçik bir hekayədir - bədbəxt bir ailənin
kədərli həyat hekayəsi. İçki aludəçisi
ata, xəstə ana və bu ağır yükün altında
böyüyən uşaq. Bu bədbəxtliyi necə
çözür yazıçı? Qələbə ilə!
Pula ən çox ehtiyacı olduğu vaxtda 12 yaşlı
oğlan zorakılığa məruz qalmış gənc
qızın bahalı telefonunu tapır. Telefonu sahibinə
qaytarmaqla bir ailəyə sevinc yaşatması onun içində
olan saf duyğuların, dürüstlüyün, sevginin qələbəsidir.
Bu qələbə sevincini 12 yaşlı oğlan bir ailəyə
yaşadır və özü də yaşayır.
Qızın anası çoxlu hədiyyələrlə məhz
oğlanın doğum günündə onlara gəlir, onun
alicənablığından, gözəl tərbiyə
görməsindən söz açır. Və bu zaman hekayənin
əsas mahiyyəti aydın olur: Oğlu haqqında xoş
sözlər eşidən sərxoş ata ayılır, xəstə
ana yataqdan qalxır... Nağıllardakı kimi xeyir qalib gəlir!
Zemfira xanımın ən çox sevdiyim cəhəti
onun yazılarında işığın olmasıdır. Onun
qəhrəmanlarının oxucuya da yansıyan Ümid
işığı var. İnsanın özünü görməsi
var. Zemfira xanım deyir ki, hər insan səhv edə bilər,
yanlış seçə bilər yolunu. Amma hər bir insan da
öz səhvini görə də bilər, öz yanlış
yolundan dönə də bilər. "Özünüzə
baxmağı, özünüzü görməyi
bacararsınız" deyir oxucusuna.
Onun yaradıcılığında müxtəlif
mövzular, eləcə də Vətənpərvərlik,
Qarabağ mövzusu özünəməxsusluğu ilə
seçilir. Qələbədən əvvəl də, sonra da
bu, onun mövzusudur: "Döyüşə qızlar
gedir", "Qarabağda savaş var", "Ötür
durna qatarı", "40 qız dastanı" kimi nəsr
nümunələri bunun göstəricisidir. Zemfira xanım təkcə
bu mövzuda yazmayıb, həm də bu mövzuda yazan müəlliflərin
yaradıcılığına nəzər salıb, təhlil
edib və oxuculara təqdim edib. Dəyərli Vaqif Yusiflinin
qeyd etdiyi kimi, "Zemfira Məhərrəmli müasir nəsrimizdə,
publisistikamızda Qarabağ həqiqətlərini əks etdirən
əsərlər haqqında yazıları ilə mətbuatda
çıxış edib və o yazılar heç də
faktların sıralanması deyil, Qarabağ ruhunu - Azərbaycançılıq
ideyasını nəsrimizdə və publisistikamızda ədəbi
hadisəyə çevrilə biləcək nümunələridir".
Zemfira Məhərrəmli
yaradıcılığının mənəvi yükü,
klassik səslənsə də, tərbiyəvi əhəmiyyəti
çoxdur. Onun yazılarında bütün gözəl
duyğuları qoruyan, yaşadan sevgi öndədir. Həyata
sevgi ilə dopdoludur özü də, yaratdıqları da.
Zemfira xanım ruhən, içdən duyduqlarını
yazır. Onun dilinin belə rahat anlaşılması, aydın
olması bunun nəticəsidir.
Zemfira xanımın özünün dediyi kimi:
"Deyirlər, hər bir qələm sahibinin həyatı
onun sənət, yaradıcılıq taleyinə güzgü
tutur, işıq salır". Zemfira xanımın bu
işığı var: həyat yoldaşı, qadın, ana, nənə,
yazar kimi. Yaradıcılığı da belə
işıqlıdır. Həyatı
yaradıcılığına, yaradıcılığı
həyatına işıq salır. Bu işığın oxuculara
ötürə bilməsi
Zemfira xanımın yaradıcı adam kimi xüsusi
istedadıdır. Və bu işıq həmişə
qaranlığa qənim olacaq.
Kamalə ABİYEVA
525-ci qəzet.- 2023.- 28 noyabr(№217).- S.13.