"Kəlbəcər Böyük
Qayıdışla ən gözəl şəhərlərdən
birinə çevrilir"
İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış çərçivəsində
noyabrın 26-da Kəlbəcər şəhərinə
növbəti köç karvanı yola salınıb.
Kəlbəcər şəhərinə köç
edənlər respublikanın müxtəlif yerlərində, əsasən,
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Bu mərhələdə
Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər)
köçürülüb.
Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin
xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib ki,
tarixi abidələri, zəngin flora və faunası ilə
canlı muzey sayılan Kəlbəcərin tezliklə mədəniyyət
və turizm mərkəzinə çevriləcək. Kəlbəcərdə
mədəniyyət, turizm, təhsil və ictimai həyatın
dirçəlişini izləmək qürurvericidir: "Kəlbəcərdə
tikintisi davam etdirilən təhsil kompleksinin gələn il təhvil
verilməsi gözlənilir. Şəhər parkı,
İşğal və Zəfər muzeyləri kompleksinin, habelə
İstisu qəsəbəsinin layihələndirmə işləri
aparılır. Bölgənin sağlamlıq və turizm
potensialının artırılmasında mühüm əhəmiyyət
daşıyan İstisu Müalicə İstirahət
Kompleksinin də 2026-cı ildə təhvil verilməsi
gözlənilir".
Onun sözlərinə görə, gələn ilin
sonuna qədər Kəlbəcərin Zar kəndinə sakinlərin
köçürülməsi planlaşdırılır. Kənddə
artıq tikintiyə başlanılıb: "Kəlbəcərə
özəl investisiyanın cəlb olunması istiqanətində
müvafiq addımlar atılır. Ticarət və
çoxfunksiyalı zonaların yaradılması üzrə
irəli sürülən təşəbbüslərə
aidiyyəti qurumlarla baxılmaqdadır. Bir neçə layihə
icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak təlabatını
ödəmək üçün modul tipli sahibkarlıq
obyektləri qurulub. Kəlbəcərdə bir neçə su
elektrik stansiyasının inşasının gələn il
yekunlaşması nəzərdə tutulur. Şəhərin
su və kanalizasiya sisteminin qurulması istiqamətində də
işlər mərhələli şəkildə davam
etdirilir. Su anbarları və təmizləyici qurğular
tikilir".
Millət vəkili Vüqar Rəhimzadə deyir ki,
çoxəsrlik tariximizin Zəfər səhifəsinin
yazılmasından sonra ölkəmizin həyatında
başlanan yeni mərhələnin əsas hədəflərindən
biri işğaldan azad edilmiş ərazilərimizin bərpası,
Böyük Qayıdış proqramının uğurlu
icrasıdır. Azərbaycan şanlı Qələbəmizin
ilk günündən təkmil dirçəliş modeli ilə
dünyanın diqqətində olub. Tarixi sahibinə qovuşan
torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin
miqyasını təsəvvür etmək üçün
son beş ildə 6 şəhərin, 2 qəsəbənin və
20-dən artıq kəndin doğma sakinlərinə
qovuşduğunu yada salmaq kifayətdir. Bu şəhərlərdən
biri də Kəlbəcərdir: "Nazirlər Kabinetinin
2024-cü il 1 may tarixli Qərarı ilə "Kəlbəcər
şəhərinin 2040-cı ilədək inkişafına
dair Baş planı" təsdiq edilib. Kəlbəcər
şəhərinin işğala qədərki son Baş
planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7 min
500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək
inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər
iki dəfədən çox artacaq. Şəhərin mərkəzi
ortamərtəbəli çoxmənzilli və inzibati
binalardan ibarət olacaq. Ətrafda isə fərdi
yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin
ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək
ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin,
46 min kvadratmetri isə ortamərtəbəli
yaşayış binalarının payına düşəcək.
Ümumən 2040-cı ilədək əhalinin 4 min 250 mənzillə
təmin olunması nəzərdə tutulub. Şəhərdə,
həmçinin məktəb, uşaq
bağçasının, iki xəstəxananın,
reabilitasiya mərkəzinin, İşğal və Zəfər
muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə
obyektlərinin və idman meydançalarının tikintisi
planlaşdırılır. Plana əsasən, şəhər
ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər
şəhərində 524 ailəlik yaşayış məhəlləsi
tikiləcək. Yaşayış məhəlləsi 19,5
hektar ərazidə layihələndirilib. Artıq kompleksdə
dördmərtəbəli 6 bina, həmçinin
"townhouse" tipli ikimərtəbəli 39 ev də inşa
olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin
köçürülməsi planlaşdırılır.
Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli
16 çoxmənzilli yaşayış binası,
"townhouse" tipli ikimərtəbəli 57 ev inşa
olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı
üçün hər cür şərait yaradılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva bu il avqustun 21-də Kəlbəcər şəhərində
birinci yaşayış kompleksinin ərazisində fərdi və
çoxmərtəbəli evlərdə yaradılan şəraitlə
tanış olub, buraya köçən sakinlərlə
görüşüblər. Həmçinin 20 ailəyə mənzillərin
açarları təqdim edilib. Bu günədək Kəlbəcərə
81 ailə, 338 nəfər köçürülüb".
V.Rəhimzadə qeyd edib ki, Kəlbəcərdə
tikinti-quruculuq işləri sürətlə davam etdirilir:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər
şəhəri indi dünyanın ən gözəl mənzərəli
şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə
Böyük Qayıdış proqramı çərçivəsində
Kəlbəcər şəhərində dörd
yaşayış kompleksinin inşası nəzərdə
tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii
ki, lazım olan bütün digər infrastruktur layihələri
də icra edilib. İşıq, su, təbii qaz çəkilib,
yollar salınıb, minalardan təmizləmə işi aparılıb.
Kəlbəcər artıq canlanır və buraya həyat
qayıdır. Ümumiyyətlə, işğaldan azad edilən
bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə
görülən bərpa-quruculuq işlərinin miqyası
böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ
doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata
başlaması hər birimizi sevindirir. Dövlətimizin
başçısı İlham Əliyevin "Bizim işimiz
quruculuqdur" çağırışı Böyük
Qayıdış proqramının birinci mərhələsi
üçün nəzərdə tutulan hədəflərin
reallıqda öz əksini tapması ilə təsdiqlənir.
Bu mərhələ üçün əsas hədəf 140
min keçmiş məcburi köçkünün doğma
yurd-yuvalarına qayıdışını təmin etməkdir.
Azərbaycanın gücü, potensial imkanları bu hədəfə
yüksək səviyyədə nail olunmasını təmin
edəcək".
Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki,
bir vaxtlar çadırlarda, uşaq bağçalarında və
uyğunlaşdırılmış binalarda məskunlaşmağa
məcbur olan kəlbəcərlilər bu gün doğma yurda
dönürlər. Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə
həyat qayıdır. Azərbaycan dövlətinin həyata
keçirdiyi "Böyük Qayıdış"
Proqramı çərçivəsində artıq ilk
yaşayış kompleksi istifadəyə verilib və
lazımi infrastruktur qurulub. Yaxın illərdə burada
dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması
nəzərdə tutulur. Bu, təkcə məskunlaşma
deyil, həm də ədalətin, xalqın iradəsinin və
tarixi qələbənin təntənəsidir.
Millət vəkilinin dediyinə görə, Kəlbəcərin
işğalı Azərbaycan üçün həm faciə,
həm də strateji zərbə olub. Bundan sonra isə Ermənistan
bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq
danışıqlarda iştirak edib. Uzun illər davam edən
nəticəsiz danışıqlar xalqın səbrini
sınağa çəksə də, Azərbaycan heç
vaxt işğalla barışmayıb: "Prezident İlham
Əliyevin vurğuladığı kimi, xalqımız hər
gün, hər saat Zəfər gününü
yaxınlaşdırmaq əzmi ilə yaşayıb. 44
günlük Vətən müharibəsi isə
xalqımızın bir yumruq kimi birləşdiyini
bütün dünyaya sübut edib. Qəhrəman əsgər
və zabitlərimiz canları, qanları bahasına
torpaqlarımızı azad ediblər. Düşmən
kapitulyasiya aktını imzalamağa məcbur olub. Bu dövr ərzində
Ermənistan ordusunda 12 min fərarinin olması isə
onların acizliyinin göstəricisidir. Vətən müharibəsi
başa çatdıqdan sonra Kəlbəcər işğal
altında qalsa da, Azərbaycan diplomatik və hərbi
gücü ilə düşməni təslim olmağa məcbur
edib. Ölkəmiz qarşı tərəfə əşyalarını
yığıb köçmək üçün bir
neçə gün vaxt verib, ancaq təəssüf ki,
işğal zamanı bu vaxt bizə tanınmayıb. Buna
baxmayaraq, Kəlbəcərdə yaşayan ermənilər
onlara verilən vaxtdan sui-istifadə edərək bölgədə
bir dənə də olsun, salamat bina qoymayıblar.
İşğalçılar şəhəri talan edib,
küçələri yandırıb, məscidləri
dağıdıb. Çıxarılmaları
üçün vaxt verilsə də, onlar bütün şəhəri
viran qoyaraq tərk ediblər. Bu faciələr, Xocalı
soyqırımı və digər vəhşiliklər
xalqımızın yaddaşından heç vaxt silinməyəcək".
O vurğulayıb ki, Azərbaycan xalqı 30 il ərzində
bütün dünyaya göstərdi ki, işğalla
barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata
keçirilən uğurlu əməliyyatlar Azərbaycanın
gücünü təsdiqləyib: "Prezidentin dediyi kimi, son
80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər
tam və mütləq qələbə qazana bilməyib. Bu,
yalnız hərbi qələbə deyil, həm də
xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və
beynəlxalq hüququn bərpasıdır. Bu gün Azərbaycan
yalnız qalib dövlət deyil, həm də regionda
sülhün təminatçısıdır".
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə
əsasən, "Böyük Qayıdış" proqramı
yalnız məskunlaşmanı deyil, iqtisadi inkişafı da
nəzərdə tutur: "Kəlbəcərdə kənd təsərrüfatı,
turizm və bərpa olunan enerji sahələrində geniş
potensial var. Dövlətin gördüyü işlər bu
imkanların reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə
bölgənin iqtisadi cəhətdən özünü təmin
edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən
bir məkana çevriləcəyini göstərir. Sosial
baxımdan da bu prosesin böyük əhəmiyyəti var.
Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi
bağlılığı möhkəmlənir, həmçinin
gələcək nəsillər üçün güclü
vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan
ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək,
həm də bölgədə yeni ictimai həyatın təməlini
qoyacaqlar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 28 noyabr(№217).- S.12.