Mirzə İbrahimov "Azərbaycan " qəzetində (1945-1946-cı illər)

 

 

(Əvvəli ötən sayımızda)

 

 

"Üçlük" üzvləri və M.C.Bağırov əvvəlcə yeni İran siyasətini anlamırdı. Onlar Moskvadan gələn əmrlərə əvvəlki kimi tabe olsalar da, M.Bağırova şikayətlənirdilər, o da bunları Moskvaya yazırdı. İ.Stalin müqaviməti hiss edib "Üçlüy"ü ləğv etdi. Lakin onun üzvləri sona qədər İ.Stalinin yeni İran siyasətini - Milli Hökuməti tərk-silah və ləğv etmək - icra etdilər, Pişəvərini də bu işə qoşmağa köməklik göstərdilər. Pişəvəridən tələb edilirdi ki, Tehran hökumətilə müqavilə bağlasın. Bir çox güzəştlərdən başqa, tələb edilirdi ki, Pişəvəri bu müqavilə ilə ADF-nin yaratdığı Milli Məclisin statusunu Əncümən, yəni adi bələdiyyə səviyyəsinə endirilməsinə razılaşsın və bu "müqavilə"ni imzalasın. M.C.Pişəvəriyə qoyulan bu tələblər sovet səfiri İvan Sadçikovun 24 mart 1946-cı il tarixdə, Ordunun İrandan çıxması haqda qərarın verildiyi gün Əhməd Qəvvama Milli Hökumət barədə verdiyi təkliflərin birə-bir eyni idi. Orada deyilirdi: "Azərbaycan məsələsini yoluna qoymaq üçün Azərbaycan Baş naziri - baş qubernatoruna, nazirlər - idarəçilər təsisatına, Milli Məclis isə əyalət əncüməninə çevrilsin".

Əməldə bu, Milli Hökumətin ləğv edilməsi, Moskvanın buna məxfi razılığı demək idi. Bu, dünya Kommunist hərəkatının qanlı və mənfur sifəti idi. Düzdür, İ.Stalin özü Milli Hökumətin qansız ləğv edilməsinə səmimi surətdə çalışırdı. Lakin rəhbər Milli Hökumət və İran ordusu arasında labüd görünən qanlı toqquşmanın qarşısını ala bildi, amma ABŞ-İngiltərə cütlüyü şahın və sərt xətt tərəfdarlarının köməyi ilə Cənubi Azərbaycanın əsas şəhərlərində vətəndaş müharibəsi formasında qırğınlar təşkil etdilər. Nəticədə Cənubi Azərbaycanda hərəkatın azı 30 min iştirakçısı vəhşicəsinə qətlə yetirildi. Lakin İran ordusu formal olaraq intiqam tədbirlərində iştirak etmədi. Yəqin ki, İ.Stalin bunları qabaqcadan görə bilməmişdi. Amma Milli Hökumət liderləri və Pişəvəri Tehranla müqaviləyə müqavimətlə bağlı çıxış və arayışlarında bunu görürdülər. Görünür, hərəkatın faciələri labüd imiş.

Lakin hərəkatın böhranı və dağılması 24 martda Qızıl Ordunun İrandan çıxması barədə qərarın elan edilməsindən başlandı. "Üçlüy"ün üzvü Həsən Həsənov gündəliklərində öz qurumlarında yaranan ümidsizliyi, Moskvaya qarşı şübhə və tərəddüdləri, öz aralarında qeyri-rəsmi söhbət və təklifləri açıq şəkildə qələmə almışdı. M.C.Pişəvəri başda olmaqla əsas hərəkatçılar Milli Hökumətin ləğv edilməsi ilə razı deyildilər və bunu açıq müzakirə edirdilər. Mockvanın bundan xəbəri var idi, bu, partiya və hərbi intizamın pozulması idi. Amma "Üçlük" ancaq 28 apreldə Bakıya qaytarıldı. Hərəkatın ləğv edilməsi şəraitində də Moskvada yaranmış qurum indi onu ləğvetmənin sakit və qalmaqalsız aparılmasını təmin etməli idi. İ.Stalindən tük salan Bağırov da ləğvetməyə kömək üçün Sovet Culfasına gəlir və hərəkatın əsas rəhbərləri ilə görüşüb onları müqavimət göstərməmək üçün dilə tuturdu. Nəhayət, ləğvetməni hərbi cəhətdən tamamlayan məxfi əmr də gəldi 2 apreldə Təbrizə: şəhərdəki sovet qoşunlarının komandanı general Olinskiyə tapşırıldı ki, Milli Hökumətə verilmiş bütün sovet silahları geri alınıb orduyla Bakı hərbi dairəsinə qaytarılsın. Bu da Milli Hökumətin tərk-silah əmri idi Moskvadan. M.C.Bağırov Moskvaya xoş gəlmək üçün bu kampaniyaya qoşuldu, bütün ağır silahları Bakıya aparmaq, Milli Hökumətin İran ordusundan müsadirə etdiyi silahları belə Tehrana qaytarmağı tələb etdi. Həm də bunların hamısı SSRİ-yə qarşı ola biləcək "təxribatlardan qorunmaq" zərurəti ilə bağlanırdı. Əslində isə Moskva İran Kommunist partiyası ilə ADF-nin birləşib Tehrana qarşı silahlı üsyan qaldırması ehtimalından qorxurdu. Hər iki partiyanın rəhbərləri Moskvanın Qəvvam hökuməti ilə yaxınlaşmasında İran kommunist hərəkatı üçün fatal bir fəlakət və xəyanət görürdü, bu barədə açıq danışır və yazırdılar. Qızıl Ordu İrandan çıxandan sonra gözlənilən qanlı fəlakət doğrudan da baş verdi. İndi nəticə çıxarmaq olar: Milli Hökuməti Moskva ləğv edib, yoxsa Əhməd Qəvvam?

Burada Milli Hökumətin ləğvinə İ.Stalinin şəxsi münasibəti haqda demək lazımdır. Çünki ADF-yə bağlı bəzi araşdırıcı və jurnalistlər İ.Stalini türk xalqlarının düşməni adlandırmağı xoşlayırlar. Ədalət naminə demək lazımdır ki, Milli Hökumət layihəsinin əsas müəllifi İ.Stalin özüdür. Onun ləğvi ideyasının müəllifi də İ.Stalin özüdür. Bu qənaət rəhbərdən İran məsələsi BMT səviyyəsinə çıxandan sonra, Müttəfiqlərin mətbuatında SSRİ-yə qarşı yaranan kütləvi kampaniya ilə bağlı idi. Bu meyllər İ.Stalinin dünyada kommunist sistemi və dövlətləri yaratmaq planlarına mane ola bilərdi. Ona görə Milli Hökuməti ləğv etmək qərarına gəldi, amma bunun əsl səbəblərini gizlətmək üçün bu qərarı ordunun İrandan çıxması ilə bağladı. Əsl səbəb isə dünya kommunist sistemi yaratmaq planını Müttəfiqlərin müqavimətindən və qısqanclığından qorumaq idi. Hələ Qəvvamın iki həftəlik Moskvaya səfəri zamanı İ.Stalin onun yazılı memorandumlarından birinin üstünə dərkənar əvəzinə söyüş yazmışdı: "Əclaf (podleü)!" Bu söyüş göstərir ki, İ.Stalinin İran Baş nazirinə güzəştləri aldanma deyildi, sadəcə Müttəfiqlərin müqavimətindən qorxuya düşməsini pərdələmək cəhdi idi. Çox güman ki, İ.Stalin neft konsessiyasının baş tutmayacağını da anlayırdı. Bunları sübut edən faktlardan biri odur ki, Qəvvamla Milli Hökumətin ləğvi haqda qərarı İ.Stalin özü qəbul etdi, amma özü heç nə imzalamadı. Güzəştlər haqda rəsmi Sovet-İran Müqaviləsini SSRİ tərəfdən bu iş üçün təyin olunmuş yeni səfir İvan Sadçikov, İran tərəfdən isə Əhməd Qəvvam özü aprelin 5-də gecə saat 3-də Tehranda imzaladı. Bu, Qəvvamı aşağıladı, amma o, buna getdi, çünki onun strateji məqsədi Qızıl Ordunun İrandan çıxması barədə qərarın icrası idi. Bundan sonra Qəvvam Milli Hökumətin ləğv edilməsi işini rahat tamamlaya bilərdi və tamamladı.

Lakin İ.Stalinin "Əclaf" saydığı Əhməd Qəvvamın sovetlər tərəfindən himayə edilməsi 1946-cı ilin sentyabrına qədər davam etdi. Əslində isə ABŞ Prezidenti Trumenin İranda siyasi sabitlik yaratmağın zəruriliyi haqqında Qərarına qədər Moskva Qəvvamdan istifadə edirdi. Sayırıq ki, bu məsələdə bizə məlum və aydın olmayan şeylər var. Bunlar isə, ilk növbədə, İranın antiingilis dairələrindəki şahı devirib İranda da respublika elan etmək planları ilə bağlı idi. Bu, Moskva kimi ABŞ-a da yəqin ki, məlum idi. Qəvvam ingilis agenti Seyid Ziyanı həbs etməklə bu yöndə böyük addım atmışdı. Lakin ABŞ şahı gücləndirib bunun qarşısını aldı, çünki Respublikanın və ya Qacarlardan olan yeni şahın ruspərəst çıxacağından qorxdu.

Qəribədir ki, Pişəvəri ilə görünməmiş təzyiqlər şəklində gedən iyun "danışıqlarinda" Mirzə İbrahimov da sovetlərin nümayəndəsi kimi iştirak edirdi. Onun mövqeyi haqda Həsən Həsənovun gündəliklərində müəyyən detallar vardır. Moskvadan Qəvvam hökumətinə güzəştlər etmək tələbi M.C.Pişəvəriyə bitkin əmr şəklində ilk dəfə deyiləndə onun halı əsəb tutması çəkili almışdı, buna qəzəbli reaksiya vermiş və vəziyyəti birmənalı şəkildə 1921-ci ilə bənzətmiş və "bu, Gilan respublikasının ləğvinin təkrarıdır, onda da inqilabçı dostlarımız bizi aldatdılar", - demişdi, yəni yeni xəyanət adlandırmışdı, bu sözü işlətmədən.

M.C.Pişəvərinin Moskvanın tələb etdiyi güzəştlərə ilk reaksiyası göstərir ki, onun əvvəlcədən Sadçikovla Qəvvamın müqaviləsinin şərtlərindən xəbəri vardı və cavabı hazır idi.

Məclis sədri Şəbüstərinin, ADF katibi Padeqanın, daxili işlər naziri Cavidin adından dedi: "Biz bu güzəştlərə gedə bilmərik. Gəlin bizim əvəzimizə vəzifələrə təzə adamlar seçək, qoy onlar Qəvvamla Müqaviləni imzalasınlar. Bizə isə icazə verin, məsələn, Bolqarıstana gedək və orada İran hökumətinin intiqamından gizlənək". Dəfələrlə müzakirədən və İ.Stalinin məktubundan sonra M.C.Pişəvəri yumşaldı, Moskvanın təkidinə təslim oldu. Müqaviləni imzalayıb özünü aşağıladı, yəqin ki, bununla özünü ölümdən xilas etdiyini düşündü.

M.C.Pişəvərinin belə qəti mövqeyini dostu Mirzə İbrahimov himayə etmədi. O, sözügedən yığıncağa Bakıdan gəlmişdi, yəqin ki, orada Mirzənin qulağını doldurmuşdular artıq. Həmin epizodda "Pişəvəri xahiş etdi ki, söhbət zamanı onun əsəb gərginliyi keçirməsini Bağırova xəbər verməsinlər". Söhbətin sonunda o, Mirzə İbrahimova üzünü tutub zarafatyana: "Getməyimiz ərəfəsində mən bir-iki söz deyəcəyəm, sizinlə də dalaşacağam". Burda Pişəvəri yəqin ki, "Üçlüy"ün tezliklə geri çağırılacağına işarə edir. Həm də, görünür ki, iki dost arasındakı münasibətlərdə müəyyən çat yaranıb və bu çatın Ayrılma arayışı vaxtında ortaya gəldiyini güman etmək olar. Amma "Üçlük" ancaq 25 gün sonra, 28 apreldə Bakıya qaytarıldı.

Buna baxmayaraq, Moskva artıq "Üçlüy"ə etibarını itirmişdi, onun üzvləri arasında Nizamnaməyə zidd münasibətlərin yaranması mərkəzə məlum idi. General A.Atakişiyev, şübhəsiz, Nizamnaməyə zidd faktları mərkəzə çatdırırdı, amma bu, az hesab edilmişdi. Belə faktlardan biri Mirzə İbrahimovun hərəkat rəhbəri Pişəvəri ilə dostluğu və nizamnaməyə sığmayan yaxın münasibətləri idi. İrandan ayrılmaq haqda Arayışların hazırlanması və müzakirəsi zamanı istər-istəməz "Üçlük"də gündəliyə az dəxli olan qeyri-rəsmi söhbətlər olurdu. A.Atakişiyev və Həsən Həsənov nə qədər məharətli stenoqraf olsalar da, İrandan ayrılma, kürdlərin müstəqil dövlət arzuları və sovet Azərbaycanına yekəxana münasibətləri barədə uzun-uzadı söhbətləri mərkəzə göndərilən hesabatlara sala bilməzdilər, hesabatlar yolverilməz dərəcədə uzun alınardı. Elə bu səbəbdən "Üçlüy"ün tərkibində və iclaslarında Azərbaycan milli təhlükəsizlik nazirinin digər bir müavini, general Eyyub Kərimov peyda olmuşdu. Tehrana güzəştlər barədə sözügedən birinci iclasdan başlayaraq o, Pişəvərinin Tehranla təslim Müqaviləsini imzalayana qədər təslim prosesinə Pişəvərinin hazırlanması işində iştirak edirdi. Hadisələr barədə "Üçlüy"ün hər üzvü Bağırova ayrıca hesabat yazırdılar, amma Moskvanın müsəlmanlara etibarsızlığı, görünür, patoloji dərəcədə idi.

 

(Ardı var)

Rəhim ƏLİYEV

525-ci qəzet .- 2025.- 28 noyabr(№217).-S.11.