"Yorulmaz əkinçi:
Həsən bəy Zərdabi" kitabının təqdimatı
keçirilib
Noyabr ayının 25-də "Libraff"ın
"Park Akademiya" filialında ədəbiyyatşünas-alim
və diplomat, Azərbaycanın Bosniya və Hersoqovinada
fövqəladə və səlahiyyətli səfiri, filologiya
elmləri doktoru, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabiyə həsr olunmuş,
"TEAS Pres" nəşriyyatında çapdan
çıxmış "Yorulmaz əkinçi: Həsən
bəy Zərdabi" kitabının təqdimatı və
imza mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan
Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın
150 illik yubileyinin qeyd edilməsi ilə bağlı
imzaladığı sərəncamı xatırladaraq professor
Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy
Zərdabi" kitabının milli mətbuatımızın
yubileyinə layiqli töhfə olduğunu bildirib. Vilayət
Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri
ilə bağlı ən müxtəlif mövzuları
yorulmadan, davamlı şəkildə
araşdırdığnı, onun bu zəhmətinin xüsusi
rəğbət və ehtirama layiq olduğunu qeyd edən R.Məcid
hörmətli professorun tədqiqatlarının istər elmi,
istərsə də ictimai mühitimiz və oxucu
auditoriyası tərəfindən böyük məmnunluqla
izləndiyini vurğulayıb: "Vilayət müəllim
"525-ci qəzet"in ən ardıcıl və ən
çox arzulanan müəlliflərindəndir. Bu kitabdakı
məqalələrin də bəzilərini "525-ci qəzet"də
ayrı-ayrı vaxtlarda çap eləmişik. Ümumilikdə
kitabda Həsən bəy Zərdabiylə bağlı
çox qiymətli araşdırmalar yer alıb. "Xatirələr",
"Nekroloqlar və vida sözləri", "Məktublar"
bölümlərindəki materiallar mətbuatımızın
banisinin həyat yolunu öyrənmək baxımından
olduqca qiymətli məxəzlərdir".
Tədbirdə çıxış edən Azərbaycanın
dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən
Həsənov Vilayət Quliyevlə şəxsi münasibətlətinin
tarixinin 50 il əvvələ təsadüf etdiyini, bu
münasibətlərin sonradan dostluğa çevrildiyini
bildirib, onun ölkəmizin Polşa və Macarıstanda səfiri
işlədiyi dövrdə diplomat kimi öz vəzifə
borcunu məsuliyyət və şərəflə yerinə
yetirməklə (təsadüfi deyil ki, hər iki ölkənin
yüksək ordenlərinə layiq görülüb) bir
sırada arxiv və kitabxanalarda fəal çalışaraq
Azərbaycan-Polşa və Azərbaycan-Macarıstan əlaqələrinə
dair qiymətli tədqiqat əsərləri
yaratdığını qeyd edib. H.Həsənov V.Quliyevin
Polşa tatarlarına dair əsərlərinin Polşada da
diqqəti çəkdiyini, iki kitabının polyak dilinə
tərcümə olunaraq bu ölkədə çap edildiyini,
"Bəkir Çobanzadə. Budapeşt illəri"
monoqrafiyasının isə hazırda macar dilində nəşrə
hazırlandığını yada salıb. Natiq Həsən
bəy Zərdabi haqqında kitabın təkcə Azərbaycanın
mətbuat tarixinə deyil, müasir dünya millətinə
çevrilmək yolundakı tariximizə də ciddi töhfə
olduğunu vurğulayıb. O, yeni tipli məktəb, milli
teatr, qəzet, xeyriyyə cəmiyyəti, qızlar
üçün təhsil, Bakını Azərbaycanın mədəni-mənəvi
və iqtisadi paytaxtına çevirmək uğrunda istiqamətində
Zərdabinin gördüyü işlərin əslində
müstəqil Azərbaycan dövlətçiliyinin -
Cümhuriyyətin bünövrə daşları olduğunu
deyib. Hazırda Vilayət Quliyevlə birlikdə
Ə.Topçubaşovun 4 cildlik əsərlərini ana dilində
nəşrə hazırladıqlarını, bu əsərlər
içərisində Zərdabi haqda yazılmış "Azərbaycanın
yol göstərəni" essesinin mühüm yer tutduğunu
yara salan natiq ölkəmizin dünyada tanıdılmaq
işində Vilayət Quliyev kimi vətənpərvər
ziyalıların əvəzsiz xidməti olduğunu xüsusi
vurğulayıb.
Azərbaycanın Ukraynadakı keçmiş səfiri,
Xalq yazıçısı Elmira Axundova
çıxışında Vilayət Quliyevlə birlikdə
AMEA-nın Nizami adına Ədəbiyyat İnstututunda, Azərbaycan
Xarici İşlər Nazirliyində birlikdə uzun illər
çalışdıqlarını, vaxtı ilə Ukraynaya səfir
təyin olunanda ən qiymətli məsləhətləri
ondan aldığını xatırladıb. O, Vilayət
Quliyevin köməyi və yaxından iştirakı ilə səfirlikdə
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin,
xüsusən də Kiyev universitetinin məzunu, Azərbaycan
Cümhuriyyətinin Ukraynada ilk nominal səfiri Yusif Vəzir
Çəmənzəminlinin fəaliyyətinin öyrənilməsi
sahəsində bir sıra tədbirlər həyata
keçirdiklərini yada salıb. Elmira Axundova onun
bütün digər əsərləri kimi Zərdabi
haqqındakı kitabının da fakt-sənəd
bazasının zənginliyi, təhlil dərinliyi, münasibət
yeniliyi, özündən əvvəl qələmə
alınan əsərlərə ehtiram və diqqət ruhu ilə
səciyyəvi olduğunu qeyd
edib. Bu yaxınlarda həmkarının hələ çap
prosesində olan "Naxçıvandan dünyaya. Bir bəhai
ailəsinin tarixçəsi" kitabının əlyazması
haqqında rus və Azərbaycan dillərində böyük
bir məqalə yazdığını, məhz Vilayət
Quliyevin əsəri olduğu üçün kitaba indidən
cəmiyyətdə böyük maraq olduğunu deyib.
Çıxışının sonunda Elmira Axundova
yazıçı-diplomat həmkarının tək Azərbaycanın
ədəbi-mədəni fikrində deyil, ictimai-siyasi həyatında
və diplomatiya tarixində də mühüm, yaddaqalan izlər
qoyduğunu bildirib.
Həsən bəy Zərdabinın Azərbaycan
xalqının ictimai fikir tarixində parlaq mövqe
tutduğunu vurğulayan Bakı Dövlət Universitetinin
professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli
ölümündən sonra Zərdabi irsinin Fərhad
Ağazadədən, Ziyəddin Göyüşovdan İzzət
Rüstəmova, Rəhman Bədəlova kimi bir çox
görkəmli tədqiqatçılar tərəfindən
müntəzəm olaraq
araşdırıldığını, professor Vilayət
Quliyev də həmin o görkəmli tədqiqatçılardan
biri olduğunu bildirib: "Kitab çox maraqlı tərtib
olunub. Vilayət Quliyevin öz tədqiqatları, Zərdab
haqqında xatirələr, məktublar, dəfnində olan
çıxışlar bir-bir o dövrün qəzetlərindən
seçilərək bu kitaba salınıb. Həsən bəy
Zərdabi sözün həqiqi mənasında millət
qurucusudur və bu quruculuq yolunda, bu mübarizədə Həsən
bəy Zərdabi elə böyük çətinliklərlə
üzləşib ki, elə böyük fədakarlıqlarlar
göstərib ki, bəzən düşünürsən, bu,
bir insan ömrünə sığan böyük işlər
deyil. O, Azərbaycanda ilk xeyriyyə cəmiyyəti yaradan, ilk
teatrın bünövrəsini qoyan, ilk qəzet yaradan, ilk
qız məktəbi layihəsini verən, Bakı şəhər
Dumasında sözün həqiqi mənasında millətin mənəviyyatı
və hissiyyatı uğrunda mübarizə aparan böyük
bir fədakar, əvəzssiz şəxsiyyət olub".
Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli
bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinin
qeyd edildiyi bir zamanda professor Vilayət Quliyevin "Yorulmaz
Əkinçi Həsən bəy Zərdabi" adlı kitabının
geniş oxucu auditoriyasına təqdimatı
"Əkinçi"nin əsryarımlıq yubileyinə ən
sanballı töhfələrdən biridir: "Onun 21 il əvvəl
eyni mövzuya həsr edilmiş "Böyük
Əkinçi" monoqrafiyasını da xatırlayıram. Hər
iki kitabının adında "Əkinçi" kəlməsindən
əvvəl işlətdiyi və Həsən bəy Zərdabiyə
aid etdiyi "böyük", "yorulmaz" keyfiyyət
xüsusiyyətləri həm də Vilayət müəllimin
özünə, fəaliyyət prinsiplərinə şamil
etmək olar. Yazılarımın birində onun haqqında
vurğulamışdım: faktların yeniliyi, zənginliyi,
dil-üslub cazibədarlığı, təhlil və dəyərləndirmənin
orijinallığı, mükəmməlliyi,
yaradıcılıq prosesinin intensivliyi, səmərəliliyi,
mövzuların aktuallığı, bənzərsizliyi
baxımından möcüzələrin də adiləşdiyi
çağdaş dünyamızda məni heç kəs
professor Vilayət Quliyev qədər heyrətləndirməyib.
Müəllifin təqdim olunan yeni kitabı da deyilən
kriteriyaların tələblərinə yüksək səviyyədə
cavab verir".
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbacan
Dillər Universitetinin prorektoru, professor Həmidə
Əliyeva, "Ədəbiyyat qəzeti"nin baş
redaktoru, filologiya elmləri üzrə fəlsəfə
doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin
icraçı direktorunun müavini Natiq Məmmədli və
digər çıxışçılar Həsən bəy
Zərdabinin ölkəmizin ictima-mədəni və
maarifçilik sahəsindəki misilsiz xidmətlərindən
danışıb, böyük Zərdabinin bu xidmətlərini
əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim
Vilayət Quliyevin tədqiqatının
aktuallığından söz açıblar.
Təqdimat mərasiminin sonunda kitab müəllifi Vilayət
Quliyev çıxış edərək əsəri nəfis
şəkildə çap etdiklərinə görə
"Teass PRESS" nəşriyyatına, təqdimat mərasiminin
təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat
Şurasına, tədbir iştirakçılarına minnətdarlığını
çatdırıb. Milli Mətbuatımızın 150
illiyinin bayram edildiyi bir vaxtda bu müzakirənin, söylənən
fikir və mülahizələrin xüsusi ilə yerinə
düşdüyünü qeyd edib. Kitab üzərindəki
işindən danışarkən bu günümüz
baxımından XX əsrin əvvəllərindəki mətbuat
fədailərimiz, xüsusən də Zərdabi şəxsiyyəti
və irsində öyrənilməsi, yaşadılması,
estafet kimi gələcəyə ötürülməsi vacib
olan məqamları vurğulayıb. V.Quliyev
iştirakçıları maraqlandıran bəzi suallara da
cavab verib.
Tədbirin sonunda "Yorulmaz əkinçi: Həsən
bəy Zərdabi"
kitabının imza mərasimi keçirilib, xatirə
şəkilləri çəkilib.
525-ci qəzet .- 2025.- 28 noyabr(№217).-S.10.