TDT-nın çoxşaxəli fəaliyyəti:
QHT əməkdaşlığının əhəmiyyəti
Bu günlərdə Azərbaycan Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələrin
qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik
forumuna ev sahibliyi etdi. Forum Bakıda və Naxçıvanda
keçirildi. Yekunda isə Naxçıvan şəhərində
TDT üzv ölkələrin QHT Platformasının təsis
konfransı oldu. İlk dəfə idi ki, Azərbaycan,
Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Macarıstan və
Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti
təmsilçiləri Birgə Bəyannamə qəbul edərək
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin QHT Platformasını təsis etdilər.
QHT Platformasına ilk rəhbərlik də Azərbaycana həvalə
edilib. Baş katib hər dəfə Türk Dövlətləri
Təşkilatına hansı ölkənin sədrlik etməsindən
asılı olaraq dəyişəcək, həmin ölkədən
nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi
olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində
yerləşəcək. Azərbaycan TDT-da inteqrasiyanın, həmrəyliyin
güclənməsində, yeni əməkdaşlıq sahələri
üzrə əlaqələrin qurulmasında və
inkişafında mühüm rola malikdir. Bu mənada Azərbaycan
quruma sədrlik edən ölkə kimi həm də vətəndaş
cəmiyyəti təsisatları arasında əlaqələrin
gücləndirilməsinə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev həmrəylik
forumunun iştirakçılarına ünvanladığı
müraciətdə qeyd edib ki, Türk dövlətlərinin
artan potensialı və qlobal müstəvidə gündən-günə
güclənən mövqeyi daha iddialı məqsədlərin
qarşıya qoyulmasını, birgə səylərin
artırılmasını, bütün sahələrdə əməkdaşlığın
dərinləşdirilməsini, çevik mexanizmlərin
yaradılmasını zəruri edir. İlk dəfə
keçirilən Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin qeyri-hökumət təşkilatlarının
həmrəylik forumu bu istiqamətdə atılmış
mühüm addımdır.
Dövlət başçısı vurğulayıb
ki, bu gün Türk dünyası özünün yüksəliş
dövrünü yaşayır: “Beş il əvvəl
qazandığımız Qarabağ Zəfəri türk
xalqlarının ümumi sevinci və qürur mənbəyidir.
İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonları,
açılacaq Zəngəzur dəhlizi türk dövlətləri
arasında əməkdaşlığın inkişafında
və möhkəmlənməsində mühüm rol
oynayacaqdır”.
Prezident bildirib ki, Türk dünyası QHT-lərinin
BMT və digər beynəlxalq təsisatlar çərçivəsində
birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi
ümumi işimizə və məqsədlərimizə
böyük töhfə verə bilər.
Təbii ki, irəli sürülən hər bir təşəbbüs,
yaradılan hər bir platforma Türk dövlətləri
arasında ən müxtəlif səviyyələrdə əməkdaşlığın dərinləşməsinə,
təmasların artmasına hesablanıb. Fakt budur ki, son illər
TDT xeyli güclənib, regional deyil, artıq beynəlxalq
miqyasda əhəmiyyətli rol oynamağa başlayıb. Bu
gün üzv ölkələrin əməkdaşlığının
genişlənməsi, bunun həm beyin mərkəzlərini,
həm QHT-ləri, eyni zamanda, media sahəsini əhatə etməsi
qurumun işinə öz töhfəsini verir.
TDT-yə üzv ölkələrin QHT
Platformasının təsis konfransında
vurğulandığı kimi, burada 8 müxtəlif dövlətdən
təmsilçilər olsa da, hər kəsi türk kimliyi,
ortaq mədəniyyət, dəyərlər bir ailə kimi
birləşdirir, bu ailədə hamı özünü
rahat, təhlükəsiz və güclü hiss edir. Tədbirdə
qeyd olunub ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr
əldə oluna bilər. Bu, son illər Azərbaycan QHT-lərinin
böyük inkişaf yolu keçərək, təşəbbüslərinin
qlobal məkanda geniş dəstək qazanmasının
növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin QHT Platformasının elan edilməsi
bütün üzv ölkələrin təmsilçiləri
tərəfindən alqışlarla qarşılanıb.
Ümumiyyətlə, son illər türk dövlətləri
ilə birgə layihələrin həyata keçirilməsi
silsilə xarakter almaqdadır. QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin icraçı direktoru Aygün Əliyevanın
sözlərinə görə, son 3 il ərzində Özbəkistan,
Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və
digər qardaş türk dövlətlərində fəaliyyət
göstərən QHT-lərlə və tərəfdaş
qurumlarla bir sıra vacib layihələr həyata
keçirilib. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan,
Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin
əməkdaşlıq forumlarını, COP29 çərçivəsində
Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş
Cəmiyyəti forumu”nu misal göstərmək olar. Eyni
zamanda, ilk dəfə olaraq “Azərbaycan-Qazaxıstan QHT-lərinin
I Əməkdaşlıq Forumu” baş tutub ki, qeyd edilən
istiqamətdə əhəmiyyətli addımdır.
Azərbaycan Türk Dövlətləri Təşkilatının
əsas lokomotivlərindən biridir və hər bir təşəbbüsü,
addımı məhz bu çərçivədə birliyin
gücləndirilməsinə yönəlib. Prezident İlham
Əliyev növbəti müddətə prezident seçiləndən
sonra ötən il fevralın 14-də andiçmə mərasimində
çıxış edərkən səsləndirdiyi fikirlər
Azərbaycanın türk birliyinə, vahid türk ailəsinə
verdiyi önəmin aydın ifadəsi idi: “Türk Dövlətləri
Təşkilatı bizim üçün əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim
başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk
dünyasıdır”.
Türk xalqlarının liderləri Prezident İlham
Əliyevin bu istiqamətdəki fikirlərini
bölüşür, dəstəkləyir və
Bakının səylərini yüksək qiymətləndirirlər.
TDT-ı dünyada əsas güc mərkəzlərindən
birinə çevrilmək üçün böyük
potensila malikdir. Azərbaycan Prezidenti TDT dövlət
başçılarının ötən il Şuşada
keçirilən qeyri-rəsmi Zirvə görüşündə
bu məqam diqqət çəkərək deyib: “Türk
Dövlətləri Təşkilatı dünya miqyasında
güc mərkəzlərinin birinə çevrilməlidir.
Biz böyük coğrafi məkanı əhatə edirik,
üzv ölkələrdə müsbət demoqrafik dinamika
müşahidə olunur, hərbi potensialımız
döyüş meydanlarında özünü dəfələrlə
göstərmişdir. Zəngin təbii resurslarımız,
onların nəqli üçün müasir infrastruktur, Mərkəzi
Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları
ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin
və qədim tariximiz, mədəniyyətimiz bizim
böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi
dəyərlərə sadiqliyi və eyni etnik köklərə
malik olmaları ölkələrimizi sıx birləşdirir.
XXI əsr Türk dünyasının inkişafı əsri
olmalıdır".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “525”ə deyib ki,
Türk Dövlətləri Təşkilatı bu gün həqiqətən
də dünyanın ən güclü təşkilatlarından
birinə çevrilib: “Bu kontekstdə biz görürük ki,
TDT ardıcıl, sistemli şəkildə fəaliyyət
göstərməkdədir. Əlbəttə ki, bu ölkələrin
ortaq maraqları var və hətta artıq ortaq geosiyasi və
geoiqtisadi çağırışlarla üz-üzədirlər.
Bundan başqa, iqtisadi, siyasi perspektivlər məsələsi
də onları bir yerdə olmağı sövq edir. Biz bilirik
ki, TDT son beş ildə çox böyük inkişaf yolu
keçib, dövlət liderlərinin münasibətləri,
dövlətlər arasındakı münasibətlər ən
yüksək səviyyədədir. Təbii ki, vətəndaş
cəmiyyətləri institutları arasındakı münasibətlər
də vacibdir, çünki müasir beynəlxalq proseslərdə
QHT-lər, beyin mərkəzləri, medianın rolu xarici siyasətdə
olduqca əhəmiyyətlidir”.
Politoloqa görə, bütün bu aspektlərdə məsələlərə
nəzər saldıqda, sözsüz ki, TDT-ı çərçivəsində
QHT platformasının yaradılması olduqca vacib idi: “Ona
görə də bu həftənin əvvəlində
Bakıda və Naxçıvanda TDT ölkələri
nümayəndələrinin iştirakı ilə baş tutan
QHT həmrəylik forumu və QHT Platformasının
yaradılması tarixi bir məqamdır. Bu, ölkələrin
bir-birinə daha da yaxınlaşmasına, cəmiyyətlərin
bir-birinə daha da inteqrasiya olunmasına kömək edəcəkdir.
TDT-nın platformasının məhz Naxçıvanda elan edilməsi
təbii ki, çox böyük məna kəsb edir, bu o deməkdir
ki, əgər bir zamanlar Zəngəzur torpaqları vasitəsilə
Türk dünyasını bir-birindən
ayırmışdılarsa, torpaqlarımızın
işğaldan azad edilməsindən sonra Naxçıvan birləşdirici
coğrafiyaya, məkana çevrilibdir. Burada artıq biz birləşən
türk dünyasına şahidlik etməkdəyik”.
Politoloq hesab edir ki, bu əməkdaşlıq
sözsüz ki, daha da güclənəcəkdir: “Artıq Azərbaycan
QHT-ləri ilə Özbəkistan QHT-ləri arasında,
Türkiyə QHT-ləri arasında mühüm əməkdaşlıq
var. Bu həftə baş tutan görüşlərdə həm
də Azərbaycan və Qazaxıstan QHT-nin birinci forumu
keçirildi. Bu da vacib tarixi məqamdır, gələcəkdə
isə nəzərdə tutulur ki, artıq bir sıra ölkələrlə
birlikdə müştərək layihələr
hazırlansın, tədbirlər həyata keçirilsin”.
Pərvanə
525-ci qəzet .- 2025.- 28 noyabr(¹217).-S.5.