Nigaranlıq məngənəsində
Zahirən o, sakit, rəvan həyat yaşamış
bir insana bənzəyirdi. Danışığı da,
davranışı da aram, arxayınlıqla dolu idi. Üzdən
baxarkən heç cürə təsəvvür edə bilməzdin
ki, bu insanın içərisi bir zamanlar inqilab havasıyla
daşmış ola. Uzun da bir ömür
yaşamışdı. İlk baxışdan yaranan təəssürat
belə idi ki, bu xoşbəxt kişinin enişsiz-yoxuşsuz,
rəvan yollu bir ömrü olub.
Ancaq əslində belə deyildi. O şeir ki lap gəncliyində
bu insanın qələmindən çıxmışdı,
həmin misralardakı adamı qarsan od-alovla müəllifinin
ahıl çağlarındakı görünüşü əsla
bir-birinə oxşamırdısa da, bütün bunlar
olmuşdu, bu duyğuların hamısı təlatümlü
illərin qoynunda yaşanmışdı:
Bir bahar ətri vardır hər şeirimdə,
sözümdə,
Baharın həsrətilə yaşayıram
özüm də.
Mən əl açıb göylərdən diləmədim
azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab
şairiyəm,
Azadlığın carçısı, inqilab
şairiyəm.
Bu misraları 20 yaşlı bir cavan
yazmışdı. Uzaq 1941-ci ildə. 20 yaşı vardı,
ancaq artıq onun həyatı məhvərindən
çıxmışdı. İyirmi yaşı vardı.
Artıq özünə inqilab şairi deyirdi və sözlərində
həqiqət də vardı. Onu burulğanlı həyatının
özü, təlatümlü vaxt inqilab şairi etmişdi.
Artıq səksənini keçdiyi vaxtlar idi. Azərbaycanın
xalq şairi, mənə də qəlbən çox yaxın
olan Balaş Azəroğlu təzəcə əməliyyat
olunmuşdu. Artıq xəstəxanadan çıxıb evə
gəlmişdi. Getmişdim onu yoluxmağa. Xeyli söhbət
edəndən sonra mənə masanın üstündəki
bir daşı göstərdi. Soruşdum, o daş nə
daşdır? Dedi, bəs əməliyyat elə bu daşdan
ötrü idi, böyrəyimdən çıxarıblar. Məəttəl
qaldım. Çünki həddindən artıq iri idi. Təəccübümü
də gizlətmədim. Dedim ki, ay Balaş müəllim, bu
daş böyrəyin özündən böyükdür ki,
onu bədəninizdə necə
daşıyırmışsınız?
Qayıtdı ki, əməliyyatdan iki gün sonra həkim
bu daşı mənə göstərəndə mən də
heç cürə inana bilmirdim. Ancaq görürsən ki,
insan çox dözümlü olarmış. İllərcə
bu daşı mən bədənimdə, vücudumda gəzdirmişəm.
Sonra da kədərli-kədərli əlavə etdi ki, bu
daş nə daşdı ki, mən ömrüm boyu ondan da
ağır daşı daşımışam.
Həqiqətən də, düz deyirdi. Balaş
müəllimin həyatı elə gətirmişdi ki,
ömrü uzunu ürəkdə daş daşımağa bərabərdi.
Dəyişdi əsrlər, döndü fəsillər,
İllərin ardından qalxan nəsillər
Ümman dalğası tək durdu yan-yana,
Dağların zirvəsi şahiddir buna.
Onun bir macəra filminə bənzəyən həyat
yolu haqqında həqiqətləri öz dilindən eşitmək
istəyim 1994-cü ilin yayında yaranmışdı.
Unudulmaz Ulu Öndər Heydər Əliyev Azərbaycan
Respublikası prezidentliyinə yenicə başlayırdı.
1994-cü il iyun ayının 29-u idi. Binə Hava Limanında
idik. Azərbaycan Prezidenti ətrafının böyük dəstəsi
ilə İran İslam Respublikasına səfərə yola
düşürdü. Azərbaycanın bir çox
yazıçıları, alimləri, ictimai xadimləri də
ölkə prezidentini müşayiət edən dəstənin
tərkibində, Balaş Azəroğlu da həmin səfərə
çıxacaqların arasındaydı. Gözləyirdik ki,
pasportlarımız qeydiyyatdan keçsin və asta-asta təyyarəyə
minməyə başlayaq. Ancaq bu ara gördüm ki, Balaş
müəllimin əhvalı xeyli dəyişib. Nə baş
verdiyini soruşdum. Dilxor-dilxor qayıtdı ki, deyəsən,
mən gedə bilməyəcəyəm.
Həqiqətən də, pasportla bağlı
hansısa suallar ortaya çıxdığından onun getməsi
mümkünsüzləşmişdi. Pasportun müddətimi
bitmişdi, ya ayrı bir səbəb vardı, - hər halda
Balaş Azəroğlu çox arzuladığı bu səfərə
çıxa bilməyəcəkdi.
Bu səfərə hamımız çox böyük
həvəslə yollanırdıq. Çünki irəlicədən
eşitmişdik ki, ölkə prezidenti Tehranda, İsfahanda
olacaq, həm də Təbrizə səfər edəcək.
Təbrizə getmək, Təbrizi görmək
hamımızın arzusu idi.
Balaş Azəroğlu isə Güneydən
olduğundan, təbii ki, bu səfər onu bizdən də
artıq sevindirirdi. Çünki uzun onillərdi, təxminən
yarım əsrə yaxın bir zaman idi ki, o, Təbriz,
Güney həsrəti ilə yaşayırdı. Ancaq indi də
iş elə gətirmişdi ki, hamı gedə biləcəkdi,
o qalırdı. Təbii ki, nümayəndə heyəti
içərisindən bircə Balaş Azəroğlunun gedə
bilməməsi xəbəri Heydər Əliyevə
çatmışdı.
Təyyarəyə qalxmazdan əvvəl hava
limanında onu əhatələmiş jurnalistlərə
müsahibə verən Heydər Əliyev sonra nümayəndə
heyətinə yaxınlaşdı. Balaş Azəroğluya
üz tutaraq gülə-gülə, zarafatla dedi ki, deyəsən,
getməyin baş tutmur. Balaş Azəroğlu dodaqaltı
pasportu ilə bağlı nəsə dedi. Heydər Əliyev
yenə gülərək dedi ki, təyyarə bizimkidir, mən
səni götürərəm. Ancaq oradakı dostların
buraxmazlar. Amma narahat olma. Hər kəs asta-asta təyyarəyə
qalxmağa başladı. Çox pərişan olmuş
Balaş müəllimə yaxınlaşdım ki, qəm yeməyin,
belə şeylər hərdən olur, cənab prezident də
sizə söz verdi, yaxın zamanlarda, yəqin ki, bir başqa
səfərə çıxarsınız.
Balaş müəllim qayıtdı ki, elə mənim
taleyim əvvəldən belədir. Heç vaxt istəklərimə,
niyyətlərimə rahatca çatmamışam. Həmişə
qarşıma nəsə bir maneə çıxıb.
Aradan sayılı günlər keçdi. İyulun
2-də İrandan qayıdıb gəldik. Düz bir həftə
sonra, 1994-cü il iyulun 9-da ölkə prezidentinin təyyarəsi
rəsmi səfərlə Səudiyyə Ərəbistanına
uçurdu və nümayəndə heyətində Balaş
Azəroğlu da vardı. Prezident vədinə əməl
etmişdi və Balaş Azəroğlu çox xoşbəxt
idi. Söyləyirdi ki, buna Heydər Əliyev deyərlər,
İrana səfərim baş tutmadı, əvəzində
gedib Məkkəni, Mədinəni görəcəyəm.
Səfərimiz boyunca hər gün Balaş müəllimlə
birgə idik. Çoxdan arzusunda olduğu Məkkəni, Mədinəni
də gördü və o müqəddəs şəhərləri
gəzib dolaşarkən mənimlə ürəyindəki bir
duyğusunu da bölüşdü. Söylədi ki, taleyim elə
gətirib ki, ömrüm boyu həsrət çəkmişəm.
Vaxt olub ki, Bakı mənim üçün Məkkə, Mədinə
kimi əlçatmaz, ünyetməz olub. Ancaq zaman elə
dövran etdi ki, onillər boyu Təbriz mənim
üçün elə Məkkə, Mədinə qədər
ünyetməz, əlçatmaz oldu. Ancaq ömrün bu
yaşına çatandan, bütün keçmişlər
gözümün önündən ötürkən hər
halda onu görürəm ki, Allah mənə xoşbəxt bir
tale qismət eləyibmiş. Çətinliklərlə də
olsa, daşlı-kəsəkli, mübarizəli yollardan
keçməklə də olsa, hər halda ürəyimdə
bəslədiyim bütün arzularıma yetişdim.
...Balaş Abizadə əslən Ərdəbildən
idi. Ancaq Bakıda doğulmuşdu, 1921-ci ildə. Söyləyirdi
ki, atası da, anası da Ərdəbildən az aralıda yerləşən
Səlimqışlağı kəndindən olublar. Atası
ilə anasının qovuşması da təsadüf nəticəsində
baş vermişdi. Atası çovdarlıq edərmiş. Gedər,
uzaq kəndlərdən, yaylaqlardan ayrı-ayrı
çobanlardan qoyun-quzu alar, gətirib qəssablara
satarmış. Balaşın ana babası da qəssabmış.
Atasının qoyunları gətirib satdığı qəssablardan
biri də elə bu Haşım kişi imiş.
Günlərin birində növbəti gəlişində
Haşım kişinin evində onun çox göyçək
qızını görür. Görüncə də vurulur.
Çox keçmədən atası vəfat edir.
Atasının ölümündən sonra
qardaşlarının soyuq münasibətini hiss edincə
güzəranını gələcəkdə daha rahat qurmaq
üçün bir çarə axtarır. Qərara alır
ki, ümumən buralardan aralansın, çörək
dalınca Bakıya gedən digər həmyerlilərinə
qoşulsun. Gözaltı etdiyi qızın hər axşam səhəngi
ilə bulaq başına su aparmağa gəldiyindən xəbərdarmış.
Bir-iki gün müşahidə aparır. İstəklisinin
bulaq başına gələndə tək olduğu anlarda ona
yaxınlaşır, ürəyini açır və
qızı götürüb qaçır.
Çox keçmədənsə onlar artıq
Bakıdaydılar. Hələlik nə yaşayacaq yerləri
vardı, nə də həyatlarını qurmaq
üçün vəsaitləri. Balaca bir mənzil kirayələyir,
fəhləliyə başlayır. Azacıq pul yığandan
sonra bir araba alır, indi şəxsi maşınını
taksi edib dolananlar sayaq, arabaçılıq edib balaca külfətini
dolandırmağa başlayır. Balaş müəllim
danışırdı ki, Dağlı məhəlləsində
kiçik bir otaqda yaşayırlarmış. Otağın nə
qazı, nə elektriki varmış, buranı güc bəla
ilə isindirən üstündə çay dəmlədikləri,
xörək bişirdikləri balaca neft pilətəsi
imiş.
Balaş müəllim özü çoxdanın
babası idi, amma anasını xatırlayanda həmişə
qüssələnərdi. Deyərdi ki, zavallı anam bir
gün görmədi - həmin balaca otaqda, payızın,
qışın soyuğunda, sazağında xəstəliyə
düşdü, ona görə də məndən sonra daha
övladı olmadı, tək qaldum.
Ancaq Balaş uşaqlığından oxumağa,
kitaba meyilli olmuşdu. 1928-ci ildə 7 yaşı tamam olunca
atası onu Süleyman Sani Axundov adına məktəbə
aparmışdı.
Yada salırdı ki, çatdıq məktəbə,
sənədlərimi qəbul etdilər, bir əlimdə
çanta vardı, dərsliklərimi
yığmışdım, digər əlimdə
şüşə mürəkkəbqabı; demişdilər
ki, gərək hər uşağın iki mürəkkəbqabısı
ola, birini gətirib məktəbdə saxlamalı, o birisi ilə
evdə yazısını yazmalıdır, mən də məktəbə
ilk dəfə gəldiyimdən həmin mürəkkəbqabını
bərk-bərk əlimdə saxlamışdım ki,
çatan kimi müəllimə təhvil verəm. Ancaq bir az
gecikmişdik, ikinci dərs bitib, üçüncü
başlanmışdı, ona görə müəllim söylədi
ki, daha dərsləri pozmayın, gedin, sabah gələrsiniz.
Məktəbdən qayıdanda yolda necəsə
ayağı büdrəyibmiş, mürəkkəb
dağılıb əlini bulayıbmış.
Deyir, evə çatanda artıq əlimdəki mürəkkəb
qurumuş, ləkəsi qalmışdı. Anam dedi ki, əlini
yu, yumadım. Həyətdə tay-tuşlarım, uşaqlar
oynayırdı. Getdim onların yanına.
Çalışırdım ki, əlimi də görsünlər,
şahid olsunlar ki, əlimdə mürəkkəb ləkəsi
var, yəni məktəbə getdiyimdən, oxumağımdan
agah olsunlar.
7 yaşında olanda, hələ bütün həyatı
qarşıdaykən əlinə mürəkkəbin ləkəsi
düşmüşdü və o ləkənin əlindən
getməsini istəmirdi, həmin ləkəni qoruyurdu.
Çünki bu ləkə nə qədər tünd olsa da,
işıqlı, sevimli ləkə idi, çünki bu ləkənin
arxasında bilik ziyası vardı.Sonra uzun bir ömür
yaşadı. Qətiyyən sadə olmayan bir ömür. Elə
bir ömür ki, hər anı sınaqlarla dolu idi. İradənin,
mətinliyin, mərdanəliyin, kişiliyin sınaqlarından
ibarət bir ömür. 90 il ömür sürdü.
Və iftixar edə bilirdi ki, uzun və çətin
ömür içərisində, taleyində, keçdiyi
yolda, tərcümeyi-halında zərrəcə də ləkə
olmadı. Elə bir ömür yaşamışdı ki,
dünyadan gedəndə arxayın idi. Ürəyi sakit idi ki,
bu ləkəsiz ömrünə görə milləti də,
yurdu da həmişə onu minnətdarlıqla, ehtiramla yad eləyəcək.
Oğul-uşağı, nəvə-nəticələri də
heç vaxt onun keçdiyi ömür yoluna görə
gözükölgəli olmayacaqlar. Çünki bu həyat -
Balaş Azəroğlunun ömrü başdan-sonacan şərəflə,
ləyaqətlə yaşanmış bir ömür idi.
...Balaş Azəroğlu farscanı gözəl
bilirdi. Klassik farsdilli ədəbiyyatımızın da cikinə-bikinə
bələd idi. Saib Təbrizi haqqında dəyərli bir
kitab yazmışdı. Bununla yanaşı, Saib Təbrizinin
şeirlərini farscadan ana dilimizə çevirmişdi. Elə
tərcümə edib ki, sanasan, Saib Təbrizi həmin
şeirləri elə azərbaycanca yazıb. Ancaq yolunun
başlanğıcında, uşaqkən, yeniyetməykən,
baxmayaraq ki, əsli Ərdəbildən idi, ata-babası orada
doğulub ömür sürmüşdü, Balaş farsca
bilmirdi. Nəinki farsca bilmirdi, hətta ərəb əlifbasında
yazıb-oxumağı bacarmırdı. Bakıda
doğulmuşdu, buralı digər uşaqlar kimi məktəbə
getmişdi, yazı-pozu öyrənmişdi. Evdə də nə
atası, nə anası farsca danışmışdılar
ki, onlardan nəsə öyrənə.
Söyləyirdi ki, məndə şeirə, ədəbiyyata,
əski sözümüzə, klassik ədəbiyyatın
incilərinə ilk sevgini oyadan müəllimim Cəfər
İsmayılzadə olmuşdu.
Cəfər Rəmzi İsmayılzadə onlara orta məktəbdə
Azərbaycan dili və ədəbiyyatdan dərs deyirmiş.
Balaş Azəroğlu söyləyirdi ki, Cəfər
İsmayılzadə dərslərində şeirlərdə
rast gəlinən ayrı-ayrı fars-ərəb kəlmələrinin
yalnız mənasını xırdalamırmış,
onların mənşəyi, tarixi ilə bağlı
hansısa əhvalatları da nağıl edirmiş. Beləcə,
uşaqların könlündə şeirə, klassik ədəbiyyata
marağı durmadan coşdururmuş.
Bunu da həmişə yada salırdı ki, bizə Cəfər
müəllimin klassik ədəbiyyatla bağlı
aşıladığı vacib bir məqam da vardı. Deyirdi
ki, heç vaxt şeirin, bədii mətnin sadəcə
gözəlliyindən, səsləniş şirinliyindən ləzzət
almayın. Çalışın ki, onun daxilinə nüfuz
edə, dərinliyinə girəsiniz ki, orada hər kəsin
tutmadığı incəlikləri duyub daha artıq zövq
ala biləsiniz.
Cəfər Rəmzinin müəllimliyinin necəliyi
və dərsaparma özünəməxsusluğu ilə əlaqədar
bir əhvalat danışırdı. Deyirdi, sinfimizdə əslən
Gürcüstandan olan bir uşaq da vardı, ona zarafatla öz
aramızda "Qatso" deyərdik. Bir gün dərsə gəlməmişdi.
Ertəsi gün Cəfər müəllim ona dedi ki, bax,
ötən səfər dərsdə yox idin. Odəfəki
şeiri də, bu gün öyrəndiyimiz hekayəni də gərək
mənə yaxşı danışasan. Ancaq bu gün
vaxtım yoxdur, sabah gələn kimi dərsdə birinci səndən
xəbər alacam.
Balaş müəllim söyləyirdi ki, bizim o
şagird yoldaşımızın - "Qatso"nun çox
möhkəm hafizəsi vardı. Səhər dərsdən
qabaq sinifdə qürrələnirdi ki, bax indi müəllim gələcək,
şeiri də, hekayəni də məndən soruşacaq.
Şeir heç, hekayəni mən danışanda siz kitaba
baxın, sözbəsöz əzbər deyəcəm.
Ötmüş onillərin də soyuda bilmədiyi
heyranlıqla xatırlayırdı ki, adətən biz əzbərlənməsi
tapşırılan şeirləri öyrənərdik. Amma
hekayələrin, nəsrlə olan mətnlərin məzmununu
danışardıq.
Zəng çalınır, Cəfər müəllim
girir sinfə. Birinci bizim elə bu "Qatso" deyilən
uşağı qaldırır: "Buyur, şeiri söylə,
hekayəni nağıl elə".
Balaş müəllim anırdı: "Qatso" gəldi
lövhənin qabağına, şəstlə şeiri əvvəldən-axıracan
söylədi. İnsafən də çox yaxşı, bir
yerdə də çaşmadan söylədi. Sonra isə
başladı hekayəni danışmağa. Ancaq hekayəni
dilə gətirməzdən əvvəl öncə şəstlə
bizə baxdı. Yəni ki, açın
kitablarınızı yoxlayın, baxın nə dərəcədə
düz deyirəm. Biz də açdıq dərsliyimizi,
başladıq qulaq asmağa, onun söylədiyini mətnlə
tutuşdurmağa. Həqiqətən də, kitabda necə
yazılmışdısa, sözbəsöz əvvəldən-axıracan
əzbər dedi. Özü də hekayə balaca da deyildi. Bir
neçə səhifəlik uzun hekayə idi. Gözləyirdik
ki, indi Cəfər müəllim bunu tərifləyəcək,
"əla" yazacaq. Ancaq Cəfər müəllim
qalxdı ayağa, dedi ki, şeiri yaxşı söylədin,
əslində "beş" düşür. Ancaq o gün dərsə
gəlmədiyinə görə mən sənə şeirə
görə "dörd" verirəm. Hekayəyə görə
isə "bir" alırsan. "Qatso" da məəttəl
qaldı, biz də hamımız təəccübləndik ki,
axı nəyə görə belə? Hekayəni gözəl
söyləmişdi axı".
Cəfər Rəmzi qayıdır ki, hekayəni
söyləyirdin, ancaq hiss olunurdu ki, sən onun məzmununu dərk
eləməmisən, tutuquşu kimi əvvəldən-axıracan
əzbərləmisən. Bir mətni öyrənəndə,
bir şeiri, bir hekayəni oxuyanda çalış ki, onun
içərisinə girəsən. Məzmununu hiss edincə
hekayə olacaq səninki. Ancaq bu cür sadəcə əzbərləsən,
hekayə sənin ürəyinə daxil olmayacaq. Söylədiyin
də dinləyənin bir qulağından girib o biri
qulağından çıxacaq.
Balaş müəllim etiraf edirdi ki, Cəfər
müəllimin bu sözləri qulağımızda
sırğa oldu, sonralar ömrüm boyu hansı mətni
oxudumsa, çalışdım ki, dərinlərinə
baş vurum, yalnız mətnlər də yox, nə ilə məşğul
oldumsa, səy etdim ki, o işə kamil şəkildə vaqif
olum.
Lakin Balaş Azəroğlu bunu da
ağrılı-ağrılı yada salırdı ki,
6-cı sinifdə oxuduğumuz vaxtlarda bir gün səhər
baxdıq ki, Cəfər müəllimin əvəzinə
içəri başqa müəllim girdi. 1935-ci il idi. Belə
düşündük ki, yəqin, müəllimimiz xəstələnib,
ya hansısa bir işi olub, ona görə bu müəllim bir
dərsi əvəz etməyə gəlib.
Lakin bir neçə gün sonra məlum olur ki, Cəfər
İsmayılzadəni həbs ediblər. Hamı mütəəssir
olur. Onun yerinə həmin gün gələn müəllim
sonra sinifdə ədəbiyyat dərslərini aparmağa
başlayır. İş ondadır ki, bu müəllim də
İsmayılzadənin adaşı imiş, sadəcə
soyadı başqaymış - Cəfər Hacıyev.
İllər keçəcək,
həyatın yolları Balaşı ona orta məktəbdə
ədəbiyyat dərsi demiş Cəfər Hacıyevlə
yenidən görüşdürəcək. Artıq Bakıda
yox, İranda, Təbrizdə.
Və həmin vaxt Cəfərin keçmiş müəllimi
Cəfər daha keçmişlərdə olan təhər
"Hacıyev" kimi yox, artıq Cəfər Xəndan
olaraq tanınırmış.
Bunlar sonrakı söhbətlərdir və sabiq müəllimi
ilə Balaşın Təbrizdəki görüşünə
də səbəb şeir olmuşdu.
Şeirə aludəliyi isə artıq məktəb
illərindən başlamışdı. İçərisindəki
şeir şövqünü coşduran da müəllimi Cəfər
Hacıyev - həmin gələcəyin Cəfər Xəndanı
olmuşdu.
Dərslərdən birində inşa
yazacaqlarmış. Mövzu bəlli imiş. Ancaq kim istəsə,
inşasını sərbəst mövzuda da yazıb təhvil
verə bilərmiş. Balaş qərara alır ki,
inşası üçün sərbəst mövzu
seçsin.
Yazır, ancaq adətən başqa şagird
yoldaşlarının etdiyi kimi inşasını nəsrlə
yox, şeirlə yazır.
İki qırx beş dəqiqə tamamlanır, dərs
bitir. Müəllim uşaqların dəftərlərini
toplayıb gedir.
Ertəsi gün sinif otağına gəlincə
başlayır uşaqların qiymətlərini elan etməyə.
Bir-bir hamının adını çəkir, Balaşdan
savayı. Uşaqlardan biri qayıdır ki, müəllim,
Balaş Abizadənin adı çıxmadı.
Müəllim Cəfər Hacıyev qalxır
ayağa. Əlindəki vərəqdən bir şeir
oxumağa başlayır.
Balaş müəllim məmnunluqla yada salırdı
ki, boyum uca olduğuna görə mən arxa sırada otururdum.
Müəllim şeiri oxuduqca rəng verib, rəng
alırdım. Başımı salmışdım
aşağı. Çünki oxuduğu mənim inşam, mənim
şeirim idi.
Cəfər Hacıyev şeiri oxuyub bitirir, sonra da
soruşur ki, uşaqlar, bilirsiniz bu şeir kimindir? Haradan biləydilər!
Kimsə dillənmir. Özü deyir ki, bu şeiri sizin
şagird yoldaşınız Balaş Abizadə yazıb.
Əlbəttə ki, onun da qiyməti əladı. Bu şeiri
göndərəcəm qəzetə ki, çap etsinlər.
Sonra da çevrilir Balaşa tərəf, onu zənlə
süzüb, mehribanlıqla deyir ki, sənin yaxşı
şairlik qabiliyyətin var, amma gərək çox oxuyasan,
çox öyrənəsən.
Və beləcə, həmin dərsdən sonra
Balaşın ayağı şeir dərnəklərinə
açılır.
Şeir dərnəklərindən birinə
İsmayıl Soltan rəhbərlik edirmiş.
1930-cu illərdə, məktəbli
çağlarında onunla birgə şeir dərnəyinə
gedib-gələnlərin hamısı Balaş müəllimin
yaddaşında idi, adlarını sadalayırdı, hətta
bəzilərinin şeirlərini də unutmamışdı.
Hər dəfə o xatirələrin
cığırı məni də xəyalən həmin
günlərə aparanda təsəvvür edirdim ki, nə qədər
parlaq bir gənclik böyüyürmüş.
Həmin şeir dərnəyinə gedib-gələnlər
kimlərmiş? Şıxəli Qurbanov, Teymur Əliyev
(sonraların məşhur Teymur Elçini), Bəxtiyar Vahabzadə,
İsmixan Rəhimov, elə Balaşın özü.
Onların sağında-solunda canlı klassiklər
yazırdılar, yaradırdılar, böyük istedad sahiblərinə,
artıq şöhrətli olan qələm sahiblərinə
baxaraq uşaqlar, yeniyetmələr də daha çox həvəslənirdi,
içərilərindəki sənət eşqi bir z da
şiddətlə qaynayırdı.
Fəqət sonradan vaxtın sərt küləkləri
əsməyə başlayacaq, qara yellər çoxlarını
perik salacaq, çox çıraqları söndürəcək.
Allah əyləşmişdi göydəki taxtında,
heç kəsə bəlli olmayan senarilərini
yazırdı.
"Allah əyləşmişdi" yazıram, amma
öz qələtimi də dərhal tuturam - Nur əyləşə
bilərmi?!
Dildir, söyləyirik, insan xislətidir, Pərvərdigarı
da adətən sevərək özünə oxşadır,
özünün keyfiyyətlərini, xüsusiyyətlərini
Ona da aid edir.
İntəhasız ucalıqlardakı Tanrıya hər
şey bəlli idi, bütün gələcəkləri
görürdü, tale yazırdı. Yerdəki insanlardı
ki, gələcəkdən, nəinki uzaq gələcəkdən,
elə bir an sonradan xəbərsizdilər.
Ədəbiyyat dərnəyinin növbəti məşğələsi
idi. İsmayıl Soltan Balaşın təzə yazıb gətirdiyi
şeirləri oxumuşdu, bəyənmişdi və söyləmişdi
ki, dur gedək. Əlindən yapışıb onu gətirmişdi
təzəcə nəşr olunmağa başlayan
"Pioner" jurnalının redaksiyasına. O zaman bu dərgiyə
günün tanınmış uşaq
yazıçısı və adıbəlli müəllim
Abdulla Şaiq rəhbərlik edirmiş.
Abdulla Şaiq şeirləri alıb gözucu
baxınca "Yaxşı, gedin" deyir. Üstündən
lap az sovuşur. İsmayıl Soltan ədəbiyyat dərnəyinin
növbəti məşğələsinə gələrkən
"Pioner" jurnalının yeni nömrəsinin bir
neçə nüsxəsini gətirir. Nüsxələrdən
birini də bağışlayır Balaş Abizadəyə.
Deyir: sənin şeirlərin burada çap olunub.
Balaş sevinməyinə sevinir, uçmağa
qanadı olmur, ancaq şeiri dərc olunmuş "Pioner"
jurnalını evdə göstərməyə cəsarəti
çatmır, çəkinir ki, onun oxumağının
üstündə çox əsən, hətta həyətdə
uşaqlarla oynamağa getməyinə belə icazə verməyən
ata-anası şeir yazmağından xəbər tutsalar, rəncidə
olarlar, deyərlər ki, belə məşğuliyyətlər
səni dərslərindən aralı salar, yazma.
Hələ jurnalda şeirinin çıxması
azmış kimi, üstəlik, bir neçə gün sonra
İsmayıl Soltan Balaşı bir neçə başqa
şagirdlə bərabər radioya da aparır. Balaş təzə
şeirlərindən orada, radioda da oxuyur.
Radioda məktəbli Balaşın şeirlərini də,
şeir oxumasını da bəyənirlər və sonradan bir
neçə dəfə də dəvət edirlər, yenə
radioda çıxışları olur.
Balaş bu yeniliyi də ata-anasından gizlədir.
Ancaq yuxarı məhəllədə ortaq bir həyətdə
yaşayırdılar, hamısı birevli kimi idi. İllər
də elə illərdi ki, hamının qulağı radioda
idi. Bir gün qonşuları Narınc xala Balaşın
anasını muştuluqlayır ki, bəs, səni təbrik
eləyirəm, oğlunun jurnalda şeiri çıxıb,
maşallah, səsi radiodan gəlir.
Balaşın anası təəccüblənir ki,
bizim xəbərimiz yoxdu, elə şey olmaz, olsaydı, bilərdik.
Narınc eləmir tənbəllik, gətirib jurnalı da
göstərir.
Axşam evdə söhbət açılır.
Valideynləri məzəmmətlə gileylənirlər ki, a
bala, biz ikimiz də oxumamış adamıq, ümidimiz sənədir.
Məktəbə gedirsən, savad alırsan, arzulayırıq
ki, sonra ali məktəbə də girəsən, əlin
çörəyə çata, böyük adam olasan. Biz nə
hayda, sən nə hayda. Dərsdən kənar olan belə-belə
işlər - şeir yazmaq, radioya getmək səni əsas məsələdən
ayırar, məktəbdə geriləyərsən.
Ağıllı bala, bugündən etibarən nə şeir
yaz, nə radioya get.
Ertəsi gün hər halda dünən axşam dedikləri
ilə ürəyi soyumayan atası yollanır məktəbə,
müəllimlərlə söhbət edir, hamısı Balaşdan
çox razı olduğunu bildirir.
Ata təəccüblənir ki, axı biz evdə
narahat olduq ki, Balaş şeir yazır, radioya gedib-gəlir,
nigaran qaldıq ki, bu cür əlavə məşğuliyyətlər
onun vaxtını alar, məktəbdən, dərslərdən
yayındırar, oxumağı zəifləyər.
Müəllimlər etiraz edirlər ki, nə
danışırsınız, uşağa mane olmayın, əksinə,
nə qədər çox yazsa, oxusa, öyrənsə,
radioda çıxış etsə, bir az da inkişaf edər,
daha gözüaçıq olar, bunların hamısı onun gələcəyi
üçün lazımdır.
Allahın qurduğu və hələ heç kəsin
heç yatanda yuxusuna da girə bilməyəcək senari nədən
ibarət idi?
Yeddinci-səkkizinci sinif şagirdi idi Balaş, Azərbaycan
radiosu da yenicə səslənməyə
başlayırdı, bunun da 9-10 yaşı vardı. Hələ
insanların əksəriyyəti radioya qeyri-adi bir hadisə,
möcüzə kimi baxırdı. Ancaq bu balaca
uşağın səsi o möcüzəli qutudan gəlirdi.
Bu səs hamıya eşidilirdi. Allahın qurduğu, o dibsiz
ucalıqlarda yazdığı senari elə bu imiş. Gün
gələcək, Güneydə, Təbrizdə yaranan Azərbaycan
Milli Radiosunun rəhbərlərindən biri elə Balaş Azəroğlu
olacaq, həmin radiodan səsi hər gün bütün
Güney Azərbaycan boyu eşidiləcək.
"Pionerlər evi açıldı. Bizim məktəbdən
də bir neçə nəfəri apardılar pioner evinə.
Özü də kim apardı? Məmmədsəlim müəllim
- Sabirin oğlu, ədəbiyyat müəllimimiz. Başqa dərnəklər
də vardı, mən ədəbiyyat dərnəyinə
getdim. O pionerlər evi bilirsiz haradaydı? İndi türklərin
səfarəti var ha, Yazıçılar
İttifaqının yapışığında, orada pionerlər
evi vardı (Balaş müəllim bu söhbətləri edəndə
1990-cı illər başlanırdı, o vaxtlar Bakıdakı
Türkiyə səfirliyi Xaqanı küçəsində
yerləşirdi. Sonralarsa qardaş ölkənin səfirliyinə
Səməd Vurğun küçəsi ilə Bakıxanov
küçələrinin kəsişəcəyində
geniş yer ayrıldı - R.H.). Getdik, orada məşğul
olmağa başladıq. İsmayıl Soltan
yazdığımız şeirlərə qiymət verirdi,
ayda bir dəfə, iki dəfə də bizi yığıb
radioya aparırdı".
Vaxt axarındaydı. Sabahlara ümidlərlə dolu
günləri yaşayırdılar. Növbəti bir şeir
gecəsi keçirilirmiş. Təbii ki, digər şeir həvəskarları
kimi, Balaş da həmin məclisdə imiş. Söyləyirdi
ki, o, şeir məclisini həmin gün Mirzə Ələkbər
Sabirin oğlu Məmmədsəlim Tahirli aparırdı.
Qonaqlarımız da irəlicədən elan edilmişdi. Bəbir
Məmmədzadə, Ələkbər Ziyatay,
Böyükağa Qasımzadə, bir də Mikayıl
Müşfiq gəlməli idilər. O birilər hamısı
gəlib çıxmışdı. Bircə Müşfiq yox
idi. Ədəbi gecə başlandı. Məmmədsəlim
Tahirli açılış nitqindən sonra bildirdi ki, bəs
Mikayıl Müşfiq ayrı bir şeir məclisindədir,
oradan çıxıb özünü bu məclisə
çatdıracaq. Elə sözünü qurtarmamış
astaca bir nəfər gələrək qalxdı rəyasət
heyətinə, digər qonaqların yanında əyləşdi.
Tanımayanlar da bildilər ki, bu gələn Müşfiqdir.
Həmin gün Müşfiq yenə adəti üzrə
çox alovlu çıxış etdi, yeni şeirlərindən
də oxudu.
Balaş müəllim bunu da qüssə ilə
söyləyirdi ki, günlərin hər biri bizim
üçün nağıl kimi yaşanırdı. Ancaq
haradan biləydik ki, bu nağılların çox faciəli
sabahı da var. Sonra bizim üçün əziz olan müəllimlərimizin,
sevdiyimiz şairlərin neçəsi bircə-bircə yox
olmağa başladı. Onları həbs edirdilər, güllələnmə
xəbərlərini, sürgünə göndərilməsi
haqda söhbətləri eşidirdik, inana bilmirdik. Deyirdilər,
"xalq düşməni" çıxıblar, heyrətə
düşürdük ki, axı bu necə ola bilər?
"Xalq düşməni" kəlməsi ilə bu
adları heç cür yan-yanaşı qoya, birləşdirə
bilmirdik. Anlaya bilmirdik, axı necə ola bilər ki,
yaratdıqlarının içərisi xalqa məhəbbətlə
dolu belə şairlər, yazıçılar xalqın
düşməni ola?!
Ancaq gün ötdükcə, bu faciələrin əhatə
dairəsi genişləndikcə, ayrı-ayrı insanların
özlərinin də yaxınlarının, qohumlarının
ömründə bu acıların əks-sədası
duyulduqca, hər kəs anlayırdı ki, yox, onlar "xalq
düşməni" deyillər, səmum
dalğasıdır ki, gəlir, qarşısına
çıxan hər safı da, düzü də,
dürüstü də aparır.
Nə idi bu dalğanın sirri, mahiyyəti? Heç kəs
anlamırdı, o sual qarşısında mat qalmışdılar.
Və günlərin birində həmin amansız vaxt
zərbəsi Abizadələr ailəsini də haqlayır.
Balaşın atası sadə bir adamdı, fəhlə
baba idi. 1938-ci ildə gecələrdən birində onların
qapısı döyülür, açırlar, görürlər
vaxtsız qonaqlar milis işçiləridir.
Gecələr evlərə təşrif gətirən
hökumət adamları hər ailədə artıq vahimə
oyadırdı. Çünki bilirdilər həmin gəlişlərin
ardında gedərgəlməzlər dayanır, kimi
aparırlarsa, o gedən olur.
Balaşın atasını da sorğusuz-sualsız
aparırlar.
1938-ci ilin fevralı bitir, martı gəlir. Günlər
ötür, ancaq kişidən heç bir xəbər yoxdur.
Hara müraciət edirlərsə də, gördüm,
eşitdim deyən olmur.
Eşitmişdilər ki, belə qəfil gecə
qonaqları çox zaman şairləri,
yazıçıları, alimləri, dövlət
adamlarını, hərbçiləri, bəzən məşhur
din xadimlərini aparır, bu zavallınınsa nə savadı
vardı, nə vəzifəsi, ondan nə istəyirdilər?
1938-ci ilin
qışının bitər-bitməzində, yazının
astanasında aparılanların əksəri əslən
İrandan olanlardı. Balaşın atası da İran təbəəsi
idi. Ancaq onu niyə aparmışdılar? Tam məchulluq idi.
Qulaqlarına söz dəyir ki, bəs həmin
adamları Bayılda saxlayırlar.
Balaş da qoşulur əzizləri
aparılmış başqalarına, əynində isti geyimi də
yox, qışın zəlo-zəlo soyuğunda onlarla bərabər
hər gün yollanır Bayıl həbsxanası səmtinə,
gecədən-səhərəcən, səhərdən-gecəyəcən
gözləyir.
Bir gün, üç gün, beş gün - heç
bir xəbər-ətər olmur. Onları niyə aparıblar
sorğusuna da cavab verilmir. Camaat arasında
danışırlarmış ki, bu həbs edilənlərin
hamısını Sibirə göndərəcəklər, ya
da elə buradan aparacaqlar Nargin adasına, orada güllələyəcəklər.
Artıq iki aydan çox vaxt keçirdi. Ancaq bu dərd
azmış kimi, növbəti gecələrdən birində
Balaşgilin qapısı yenə döyülür. Yenə
milis işçiləri gəlir.
Balaşa hökmlə deyirlər ki, pasportunu gətir.
Balaş qayıdır ki, axı mənim pasportum yoxdur, 18
yaşına çatmamışam, məktəbliyəm,
yalnız şəhadətnaməm var. Deyirlər, sən də
İran təbəəsisən, getməlisən. Deyir, axı
mən necə İran təbəəsi ola bilərəm?
İran vətəndaşı olmağım üçün
gərək məndə oranın pasportu ola, mənsə
heç İranın üzünü görməmişəm,
burada doğulmuşam. Hirslə qayıdırlar ki, dəxli
yoxdur, isti bir şey götür, bir bağlama düzəlt,
gedirsən bizimlə.
Aparırlar. Anası başlayır
yalvarıb-yaxarmağa. Düşür milis işçilərinin
ayağına ki, axı mənim gözümün
ağı-qarası bircə madar oğlum var. Ərimi
aparmısınız, bu da olmasa, bunu da aparsanız, mən necə
yaşayacam?
Onun nə ah-naləsinə, nə göz yaşına
məhəl qoyurlar, Balaşı da aparırlar.
O qəziyyədən onillər ötəndən sonra
Balaş müəllim söyləyirdi ki, həmin gecədən
əvvəl həftələrlə, günlərlə
Bayıl həbsxanasının dəmir darvazasının
yanında dayanıb gözləyərdim. O darvaza mənim
üzümə qapalı idi. Ancaq bu gecə həmin
darvazanı üzümə taybatay açdılar. Məni
çatan kimi içəri qəbul etdilər - ancaq dustaq
kimi.
Qazamata atılandan sonra Balaş bunun şahidi olur ki,
içəri elə onun kimi cavanlı, yaşlı,
ağsaqqal məhbuslarla doludur. Əksəriyyəti də əslən
İrandan olan adamlar. Hələ heç kəs də nəyin
baş verdiyini, niyə həbs olunduğunu bilmir. Həftələr
sonra mətləb aydınlaşır.
Bu, Balaş müəllimin maqnitofon lentindən gələn
yorğun səsidir: "Sovet hökuməti müharibə
gözləyirdi. Ona görə iranlıları, xarici ölkə
adamlarını ölkədən çıxarırdılar.
Apardılar. Mən də üç ay Bakının müxtəlif
həbsxanalarında - Bayıldan başlayıb Mərdəkana
qədər qaldım. Sonra may ayında apardılar bizi gəmiyə
mindirməyə".
Onillərcə gizli, mübhəm qalan o sirlərin bir
çoxundan mən vaxtilə Dövlət Təhlükəsizlik
Komitəsinin, sonralar Milli Təhlükəsizlik Nazirliyinin
arxivində apardığım axtarışlardan sonra agah
oldum. Xalq dilində bu tutatutlar sonralar "İran
yığdı" deyimi ilə məşhurlaşıbmış.
Hələ 1938-ci il idi. Hələ İkinci Dünya
müharibəsi başlanmamışdı. Ancaq dövlətlərin
kəşfiyyatları işləyirdi. Əlbəttə ki,
bir il sonra başlanacaq müharibə haqqında
ayrı-ayrı dövlətlərin xüsusi xidmətlərinin
məlumatları olmamış deyildi. Başlana biləcək
müharibənin yaradacağı dəyişikliklər
haqqında da hər dövlətin öz mülahizələri,
qənaətləri vardı, buna uyğun da addımlar
atır, tədarüklər, tədbirlər
görürdülər. "İran yığdı"
deyilən bu tərpənişlər də Sovetin heç kəsə
bəlli olmayan, sonrakı onillər boyunca da məxfi qalacaq dərin
siyasəti ilə birbaşa bağlı idi.
XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən
etibarən inkişaf edən neft Bakısına Güney Azərbaycandan,
İrandan çörəkpulu dalınca gələnlər
çox idi. Gəlmişdilər, bir çoxları burada
münasib iş də tapmışdı, ailə də
qurmuşdular, ev-eşik sahibi də olmuşdular, yalnız
Bakıda deyil, artıq Azərbaycanın müxtəlif
rayonlarında da yerləşmişdilər, olmuşdular yerli
adam. Ancaq 1938-ci ildə qəfildən gələn
qasırğa onların birindən də yan keçməmişdi.
Qarşılarında şərt qoymuşdular: kim sovet vətəndaşlığını
qəbul edirsə, burada qalmaq istəyirsə, qalsın. Digərləri
isə təxirə salınmadan İrana göndəriləcək.
Təbii ki, gələcəkdə cərəyan edəcək
siyasətləri nəzərə alaraq sovet xüsusi xidmət
orqanları buradan İrana göndərilənlərin bir
çoxu ilə də işləmişdi, illər sonra onlardan
mümkün istifadə üçün təməllər də
hazırlamışdı. Amma bir başqa nöqteyi-nəzərdən
də Sovetin hələ heç kəsə bəlli olmayan,
yalnız özlərinin çox dərin qatlarda müəyyənləşdirdiyi
xəttə uyğun olaraq dövlətə Bakı məktəblərində,
Azərbaycanın müxtəlif rayonlarında təhsil
almış, müasir savada yiyələnmiş insanlar sabah
orada lazım ola bilərdi.
Gün gələcək, həmin mərhələ də
yetişəcək. Bəlli olacaq ki, bu gedişatda baş verənlərin
heç biri təsadüfi, səbəbsiz deyilmiş. Hər
bir addımın arxasında çox uzaqgörən hədəflər
varmış. Ancaq hələ bunlar sabahkı həqiqətlər
idi. Onlarca, yüzlərcə İran təbəəsi olan
insan sabahından nagüman halda sovet həbsxanalarındaydı.
Hamısı sabah başlarına nə gələcəyindən
bixəbər idi. Özləri həbsxanada namüəyyənlik
içərisində, evdə dörd divar arasında ailələri
nigaranlıq məngənəsində.
6 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.14-15.