Dünya dinlərində cinayət və
cəza paradiqmasına hüquqi-fəlsəfi baxış
Müasir cinayət hüququnun nəzəri əsasları
haqqında aparılan elmi müzakirələr göstərir
ki, cinayət və cəza institutunun dərki yalnız
hüquqi kateqoriyalar çərçivəsində
mümkün deyil. Cinayət hüquqi fakt olmaqla yanaşı,
eyni zamanda dərin fəlsəfi, etik-əxlaqi, mənəvi,
dini, antropoloji və mədəni bir hadisədir.
Respublikanın Əməkdar hüquqşünası, Rusiya
Elmlər Akademiyasının həqiqi üzvü, professor
İlham Rəhimovun "Dünya dinlərində cinayət və
cəza. Tarixi, dini, hüquqi və fəlsəfi aspektlər"
monoqrafiyası məhz bu çoxqatlı strukturu açmaq
üçün ortaya qoyulan sistemli elmi-nəzəri məxəz
kimi cinayət fenomeninin təkamülündə dinin və
dini normativliyin əvəzedilməz rolunu elmi əsaslarla
sübuta yetirir.
Bu araşdırmasının mühümlüyü
müxtəlif dini ənənələrdəki cəza
mexanizmlərini hüquq nəzəriyyəsinin müasir
prinsipləri ilə bir səviyyəyə gətirə bilməsindədir.
Əsər hüquq elminin klassik ənənəsinə -
hüququ cəmiyyətdən, mədəniyyətdən və
dindən təcrid olunmuş şəkildə öyrənməyin
mümkünsüzlüyü fikrinə yenidən
qayıdır.
Qloballaşan dünyada çoxkonfessiyalı sosial məkan,
artan hüquqi müxtəliflik və sivilizasiyalararası təmaslar
fonunda müəllifin tədqiqatı gündəmə belə
bir hipermühüm sorğunu kilidləyir: müasir cinayət
hüququnu dini-mənəvi ənənələrdən təcrid
olunmuş şəkildə anlamaq mümkündürmü?
Emil D.Dürkheymın sosial normativlik haqqında fikirləri
(cəmiyyətin mənəvi təməl olmadan mövcud ola
bilməsi barədə), alman filosof-sosioloqu Maks Veberin dini
etikanın hüquqi düşüncəyə təsiri
haqqında tezisləri, hüquqşünas-filosof Qustav
Radbruçun hüququn dəyər əsaslı təbiətini
izah edən nəzəriyyəsi və amerikalı
sosioloq-dinşünas Robert Bellahın sivil dini konsepti İ.Rəhimovun
yanaşmasının nəzəri dayaqlarını
formalaşdırır. Bu mənada monoqrafiya təkcə
hüquq-din münasibətlərinin empirik müqayisəsi
deyil, həm də dərin nəzəri inteqrasiyadır.
Qloballaşma şəraitində dini sistemlərin həm
mənəvi, həm də hüquqi davranışa təsiri
daha da güclənmişdir. Bir çox çoxmillətli və
çoxkonfessiyalı dövlətlər öz hüquq sistemlərində dini normativliklə
dövlət hüququ arasında tarazlıq axtarmaq məcburiyyətindədir.
Bunun fonunda cinayət hüququnun sırf sekulyar çərçivədə
şərhi artıq kifayət etmir. Cinayət hüququnun
tarixi göstərir ki, Tövratın "qadağalar
sistemi", İncilin etik humanizmi, Şəriətin sərt və
ardıcıl normativ strukturu, Hinduizmin dharma-karma modeli və
Buddizmin cahillik konsepsiyası - məcmu şəklində cinayət
və cəza ideyasının ilkin mənbələrini
formalaşdırmışdır.
Professor İ.Rəhimovun əsərinin daha bir
aktuallığı həmin mənbələri sadəcə
müqayisə etməklə kifayətlənməyib
onların müasir sekulyar hüquq sistemlərinə təsirini
fundamental şəkildə izah etməsi ilə şərtlənir.
Müəllif araşdırmada "cinayət və cəza"
fenomeninə Yer üzündəki səkkiz milyard nəfərdən
artıq insanın tapındığı İudaizm,
Xristianlıq, İslam, Hinduizm, Buddizm və Konfutsiçilik
kontekstindən yanaşır. Həmin inancların hər biri,
xüsusilə də son ikisi eyni zamanda fəlsəfi təlim
olduğu üçün tədqiqat alətlərinə
multidissiplinar yanaşma tələb etmişdir. Başqa
sözlə, müəllifin "Cinayətin və cəzanın
fəlsəfəsi" kitabının təqdimat mərasimində
bir suala cavabında dediyi kimi, hüquqşünaslıq və
hüquq elmi cinayət və cəzanın elmi "etiologiyasını"
öyrənməkdə aciz olduğu üçün o, cinayət
və cəzanın araşdırılması məsələləri
ilə fəlsəfi nöqteyi-nəzərdən məşğul
olmağa başlamışdır.
"İudaizm: Cinayət - günah, cəza - əvəzçıxma"
Professor İ.Rəhimov yeddi fəsildən ibarət
olan kitabın eyniadlı birinci fəslində
"Tövrat" üzərindən yəhudilikdə cinayət
və cəza institutunun təkamülü, Musanın Qanunu və
Şərq cinayət məcəllələri, həmçinin
Beşkitabın cəzasının mahiyyəti kimi qisasla
bağlı düşüncələrini
bölüşür.
Toranın normativ hissəsinə (ivritcə "təlim",
"qanun") müraciət bu məcmuəni təşkil edən
qaydaların və kazusların əksəriyyətinin
aydın şəkildə cinayət-hüquq xarakteri
daşıdığını göstərir. Musanın
qanunvericiliyində cinayət hüququ metodunun
üstünlük təşkil etməsi bir tərəfdən
onun yaranması və inkişafının tarixi şəraiti,
digər tərəfdən cinayət hüququnun sosial təyinatı
ilə izah edilir.
İnsan üçün - istər qədim, istər
müasir dövrdə, cəmiyyət üçün - istər
monodini, istər çoxkonfessiyalı mühitdə, dövlət
üçün - istər teokratik, istər dünyəvi idarəçilik
şəraitində ən dəyərli olan hər şey
cinayət-hüquq mexanizmi vasitəsilə qorunmuşdur və
qorunmaqda davam edir. Bu mexanizm cinayət tərkibli əməllərə
qarşı imperativ qadağalara və onların pozulmasına
görə sərt sanksiyalara əsaslanır.
Müasir cinayət hüququ sistemlərinin, yalnız
İsrailin deyil, həm də Avropa (roman-german), ingilis-sakson və
müsəlman hüquq ailələrinə mənsub dövlətlərin
ümumi tarixi və dini-əxlaqi əsası məhz
Beşkitabın qədim "cinayət və cəza" təlimi
olmuşdur. Digər qədim hüquqi təlimlərdən fərqli
olaraq, Beşkitabın hüquqi sisteminin bu gün də aktual
olaraq qalması fikrini professor İ.Rəhimov da mübahisələndirmir.
Bu, yalnız onun müddəalarının dünyanın
müxtəlif ölkələrinin cinayət qanunvericilikləri
tərəfindən qismən qəbul edilməsi səbəbindən
deyil, həm də onun yəhudilik, xristianlıq və islam
dinlərinə mənsub milyonlarla insanın mənəviyyatına
və hüquq şüuruna birbaşa təsir göstərməyə
davam etməsi ilə izah olunur.
İ.Rəhimovun təhlilində yəhudi hüquq
sistemi ("Halaxa") dini-fəlsəfi baxımdan ən
"sakral hüquq" modellərindən biri kimi təqdim
edilir. Bu yanaşma müəllifin monoqrafiyasında çox dəqiq
görünür, çünki Tövratın hüquqi
strukturu sırf normativ deyil,
ontoloji əhəmiyyət daşıyır. Yəni yəhudi
hüququnda qanun Allahın iradəsinin birbaşa vəhyidir və
qanunun pozulması daha çox metafizik cinayətdir, nəinki
sosial hüququn pozulması.
İ.Rəhimov bunu çox düzgün
vurğulayır: "... prinsip etibarilə cinayət,
Tanrının müəyyən etdiyi doğru yola uyğun hərəkət
etməyən bir insanın davranışı kimi başa
düşülür". Başqa sözlə, cinayət sadəcə
"qanunun icrasızlığı" deyil, Allahla
bağlanmış müqavilənin pozulmasıdır. Bu
nöqtədə alimin mövqeyi yəhudu əsilli fransız
filosofu Emmanuel Levinas və yəhudi mütəfəkkir,
filosof-teoloq Abraham Joshua Heschelin görüşləri ilə
üst-üstə düşür. Levinas yazırdı:
"Qanun - Allahın sifətidir. Qanuna qarşı
çıxan, Allahın üzünə qarşı
çıxır". İ.Rəhimov da Müqəddəs
Yazılarda qanunun transsendental mənbəyə malik
olduğunu göstərərək yazır: "Burada
açıq şıkildə Allahın qanunların mənbəyi
olması fikri ifadə edilir".
İ.Rəhimov Tövratın cəza modelini "qisas
mədəniyyəti" kimi yozmur, o, göstərir ki,
"lex talionis" (gözə-göz) prinsipi qədim Şərqdəki
intiqam sistemindən fərqli olaraq, ədalətin
ölçülərinə qədər məhdudlaşdırıcı
mexanizm idi: "Cəza sistemində talion prinsipi yer alır, yəni
cinayətin subyekti (cinayətkar - İ.R.) və zərərçəkmiş
sosial vəziyyətinə görə bərabər olduqda
şəxsə qarşı cinayələr "gözə
göz, dişə diş"prinsipi ilə cəzalandırılır".
Bu prinsip, təbiri caizsə, "ani emosional
intiqamın qarşısını alan hüquqi sərhəddir".
Müəllif Tövratdakı bu modeli İslam hüququ ilə
də paralelləşdirir (İslamda qisasın mütənasibliyi).
"Xristianlıq: cinayət günahdır, cəza
qisas deyil"
Kitabın ikinci fəslində müəllif cinayət
və cəza institutunun təkamülü üçün
yeni ideyanın əsası kimi İsa Məsihin təlimlərinə
istinad edir, xristianlıqda cinayətin səbəbləri və
cəzanın mahiyyəti məsələlərinə toxunur.
Xristian etikası dini-fəlsəfi düşüncədə
cəzalandırma mexanizmini kökündən dəyişən
yeganə təlimdir. İ.Rəhimov bunu çox düzgün
qeyd edir: "...bəşəriyyətin mənəvi və
hüquqi inkişafına töhfə məhz İsa Məsihin
təlimləri ilə olmuşdur. Əlbəttə ki,
söhbət yalnız Allaha və insana olan sevgi fikrindən
getmir, məsələ ondadır ki, burada söhbət cəza
anlayışına və mahiyyətinə olan münasibətdəki
əhəmiyyətli bir dəyişiklikdən gedir".
Əgər yəhudi hüququnda günah müqəddəs
qaydanın pozulması idisə, xristianlıqda günah
artıq ontoloji və psixoloji haldır. Vurğu olunan əsas
məqam budur ki, xristianlıq insanı cinayətkar kimi deyil,
düşmüş və zəif varlıq kimi dəyərləndirir.
Müəllifin bu baxışı alman
ilahiyyatçısı və fəlsəfi hermenevtikanın
banilərindən Fridrix Şleyermaxerin, Sorn Kierkeqaard və
Nikolay Berdyayev kimi filosof-teoloqların insan təbiəti
haqqında söylədikləri ilə səsləşir.
Monoqrafiyada dinlər kontekstində qisasın təbiəti
də araşdırılır. Xristianlıqda qisasın ləğvi
yeni etik-hüquqi paradiqmadır. Müəllif burada
mühüm bir izaha toxunur: İncil (əsasən Matta
İncilinin Sermon on the Mount hissəsi) qisası tamamilə rədd
edir. "Sizə deyilir: Gözə-göz diş əvəzinə
diş" deyildiyini eşitmisiniz. Amma Mən sizə deyirəm:
şərə qarşı durmayın" (Matta 5:38-39).
Bu nə deməkdir? Xristianlıq qisas hüququnu
yalnız etik müstəvidə deyil, hüquqi müstəvidə
də şübhə altına alır. Bu, hüquq-fəlsəfə
tarixində unikal hadisədir.
İ.Rəhimov xristian sistemini "mütləq
bağışlanma hüququ" kimi təqdim etmir. O,
göstərir ki, İncilin özündə də cəza
mexanizmləri qalır. Lakin məqsəd dəyişir: intiqam
yox, islah. Cəzanın mənası dəyişir: ədalət
yox, xilas. Cinayətkarın statusu dəyişir: düşmən
yox, xəstə insan. Cəza hüquqi tədbir deyil, mənəvi-psixoloji
şəfa statusu alır. Bu, Avqustin və Foma
Akvinalının da təsdiq etdiyi doktrinadır.
"İslam: cinayət - günah, cəza ədalətli
qisasdır"
Monoqrafiyanın üçüncü fəslində
İslamda cinayət və cəza institutunun mənbələri
və təkamülü, cinayət-günah-cəza sisteminin
dini-fəlsəfi arxitekturası, onun əxlaqi, dini və
hüquqi əsasları, həmçinin cinayət və cəza
fenomeninin fəlsəfəsi təhlil edilir. Bu bölmə
İslam hüquq düşüncəsində cinayət,
günah, cəza və ədalət kateqoriyalarının həm
ilahi, həm hüquqi, həm də əxlaqi səviyyədə
bir-biri ilə üzvi şəkildə bağlı
olduğunu göstərən çoxsahəli teoloji-fəlsəfi
sistem təqdim edir. Müəllifin yanaşması Qurani-Kərimin
ayələri, Peyğəmbər hədisləri, klassik fiqh ənənəsi
və sosiomənəvi prinsiplər arasında sintetik harmoniya
qurur. Nəticədə İslam hüququndakı sanksiya
sistemi yalnız cəza vermə mexanizmi yox, həm də kosmik
nizam, sosial harmoniya, mənəvi təmizlənmə və
ilahi ədalətin həyata keçməsi kimi
çoxlaylı struktura malik fenomen kimi təqdim olunur.
Müəllifin konsepsiyasında İslam hüququ həm
sakral, həm hüquqi, həm də psixoloji sistem kimi təqdim
edilir: bir tərəfdən hüquqi sanksiyalar
formalaşdırır (hudud, qisas, ta'zir), digər tərəfdən
günahın mənəvi-mistik ölçüsünü
müəyyənləşdirir (şirk, küfr, fasiqlik),
üçüncü tərəfdən insan
davranışına psixoloji-tərbiyəvi təsir göstərən
mexanizmlər qurur (əfv, tövbə, niyyətin
saflaşdırılması).
İslam cinayəti yalnız hüquqi nəticəyə
görə deyil, həm də psixoloji və əxlaqi
motivasiyasına görə təsnif edir. Müəllif Məhəmməd
(s) Peyğəmbərin hədislərinin məzmununa əsaslanaraq
yazır: "Allah Rəsulunun məqsədi insanlara real həyatda
necə davranmağı, müəyyən bir hadisə, fakt, əməl
və s. qarşılaşdıqda necə hərəkət
eməli olduğunu öyrənmək idi".
İslam cəza sisteminin mərkəzi kateqoriyası
olan qisas, Qərb hüququnda yanlış şəkildə
sadəcə "intiqam" kimi təqdim olunur. İ.Rəhimov
göstərir ki, qisas nisbilik və ekvivalentlik prinsipidir (Hegel
"ədalətin bərpası" konsepsiyası);
tarazlığın bərpasıdır (Aristotelin "təşəbbüb
ədaləti" - corrective justice); cəmiyyətin mənəvi
immunitetidir. Müəllif qisasla bağışlanma
arasında Quranda yaradılmış balansı xüsusi
vurğulayır: qisas haqdır, amma əfv daha yüksək dəyərdir.
Bu, İslam hüququnun unikal cəhətidir: cəza sərtdir,
amma əfv istənilən an qapını açır. Bu
baxış Kantın retributiv ədaləti ilə müqayisədə
daha elastik və mənəvi yönümlüdür.
Monoqrafiyada vurğulanan maraqlı məqamlardan biri də
budur ki, İslam hüququnda qisasın sərtliyinin tam
içində əfv institutu "gizli metafizik qapı"
kimi açıq saxlanılır. Qisas hüququ zərərçəkənə
verilir, lakin onun bu hüquqdan imtina edib fidiyəni qəbul etməsi,
yaxud tamamilə bağışlaması həm hüquqi, həm
də mənəvi baxımdan təşviq olunur. Quranda
"Kim bağışlasa, bu, onun üçün kəffarədir"
kimi ayələrin hüquqi interpretasiyası İ.Rəhimovda
çox düzgün bir məqamı öndə tutur -
İslam hüququnda əfv sırf psixoloji və ya dini
tövsiyə deyil, normativ dəyər daşıyan
aktdır. Bu nöqtədə İslamın cinayət-cəzalandırma
sistemi xristian ənənəsindəki "mərhəmət
və bağışlanma" etikası ilə kəsişsə
də, ondan fərqli olaraq əfvi institusional mexanizmə
çevirir.
Hinduizmdə cinayət və cəzanın fərqli
mahiyyəti
Monoqrafiyanın dördüncü fəslində dinlərin
özü qədər qədim olan cinayət və cəza
düyünü bir də hinduizm nöqteyi-nəzərindən
çözülür. Hinduizmdə cəza
anlayışı iki səviyyəyə bölünür:
dünyəvi cəza (kral və ya məhkəmə tərəfindən
tətbiq olunur); kosmik cəza (karma qanunu ilə tətbiq
olunur).
Bu, başqa dinlərdə olmayan bir ikiləşmədir.
Karma qanunu mexanizmi belədir: hər hərəkət (kriya)
bir iz (samskara) yaradır; bu iz insanın gələcək təyinatını
müəyyən edir; nəticə dərhal olmasa da, növbəti
doğuluşda gerçəkləşir. Buddizmdən fərqli
olaraq, hinduizm karmanı kosmik ədalət sistemi kimi
görür: cəza qaçılmazdır, çünki
kainat öz-özünü tarazlayır.
Hinduizmdə cinayət və cəza
anlayışı digər dini sistemlərdən kəskin
şəkildə fərqlənir. İlham Rəhimovun əsərində
həmin fərqlər göstərilir. Müəllifin
mövqeyinin digər Hinduizm tədqiqatçıları ilə
dialoqunu aparmağa cəhd edək.
Robert Linqat (The Classical Law of India) göstərir ki,
hindu hüququ sosial-siqnalçı funksiyaya malikdir - cəza cəmiyyətin
qoruyucusudur. İ.Rəhimov bununla razıdır, lakin əlavə
edir ki, bu nizam kosmikdir.
Patrik Olivelle (Manu's Code of Law) Manunun hüquqi sistemində
ideoloji qatın güclü olduğunu vurğulayır.
İ.Rəhimov bunu mənəvi sistemin
üstünlüyü kimi şərh edir.
Mirça Eliade cinayəti "sakral nizamın
pozulması" kimi təyin edir. İ.Rəhimov hindu
hüququnu bu nəzəri çərçivəyə
çox uyğunlaşdırır.
İ.Rəhimovun bir tədqiqatçı kimi fərqi
ondadır ki, o bu konsepsiyaları sadəcə təsvir etmir,
onları İslam və yəhudi hüququ ilə müqayisə
edərək daha perspektivli model qurur. O, hindu hüququnu sadəcə
dini fenomen kimi deyil, metafizik-hüquqi sistem kimi şərh edir
və onu Qərb hüquq fəlsəfəsinə inteqrasiya
edir. Cinayət təkcə insana qarşı deyil, kosmik nizama
(rta, dharma) qarşı transqressiyadır. Cəza sosial hadisə
deyil, kosmik tarazlığa qayıdış mexanizmidir. Bu
konsepsiya Yaxın Şərq monoteizmindən radikal dərəcədə
fərqli olaraq, hüququ ilahidən gələn əmr kimi
yox, kainatın öz daxili qanunu kimi görür.
Buddizm və konfutsiçilik fəlsəfəsində
cinayət və cəza institute Monoqrafiyanın beş və
altıncı fəsilləri buddizm və konfutsiçilik fəlsəfəsində
cinayət-cəza hadisəsinə yanaşmaları təhlil
edir. Bu müqayisə çox maraqlıdır. Məsələn,
hinduizmdə cəza karmanın bərpası, dünyəvi cəza
kosmik tarazlığın təzahürüdür. Cəzanı
icra edən hakim yox, kainatdır. Buddizmdə isə cinayət
zehni xəstəlik, cəza terapevtik proses, dövlət cəzası
zəruri pislikdir, əsl cəza isə karmadır, insan passiv
varlıqdır, cinayət nadanlığın nəticəsidir.
İ.Rəhimov yazır: "Tamah, nifrət və aldanma
karmaya, yəni hərəkətə, nitqə və
şüura səbəb olur. O zaman güman edə bilərikmi
ki, cinayətkar davranışın mənbələri məhz
bu insan xassələridir? Budda cavab verir: etdiyimiz və söylədiyimiz
hər şey şüurumuz tərəfindən idarə
olunur. Odur ki, cinayətkar davranışımızın mənbəyi
təmizlənməmiş, tərbiə olunmamış
şüurdur".
Buddizmdə cinayəti yaradan əsas səbəb:
avvidya - cahillik, şüurun qaranlıq vəziyyəti,
gerçəyi dərk etməmədir. Bu termin yalnız
intellektual "bilməmək" deyil; insanın,
bütövlükdə, gerçəkliyi, özünü,
başqasını, əməlin nəticəsini
düzgün qavraya bilməməsi deməkdir. Bu baxımdan
buddist təlimə görə cinayət, müəllifin də
ifadə etdiyi kimi şüurun xəstəliyidir.
Əgər bu ideya Qərb hüquq fəlsəfəsində
yalnız XX əsrdən başlayaraq Fuko, Lombrozo və Freyd
kimi müəlliflərdə formalaşmağa
başlamışdısa, Buddizmdə həmin prinsip min illər
əvvəldən mövcud idi.
Beləliklə, buddizmdə cinayət
davranışın hüquqi statusundan çox, onun psixoloji-mənəvi
mahiyyətindən asılıdır. Bu baxış utilitarist
prinsiplə (C.Bentam, C.S.Mill) qismən səsləşsə də,
buddizmdə zərər həm maddi, həm də karmatik nəzəriyyədə
həll edilir.
lll
Professor İlham Rəhimovun "Cinayət və cəza
dünya dinlərində" adlı monoqrafiyası cinayət-günah-cəza
münasibətlərinin tarixi, metafizik və hüquqi
inkişaf xəttini rekonstruksiya edən dəyərli əsərlərdəndir.
Müəllif dinlərin hüquqi düşüncənin
formalaşmasındakı rolunu tək-tək yox, sistem
halında təqdim edir ki, bu da müasir hüquq-nəzəriyyə
məkanında nadir rastlanan epistemoloji cəhddir - hüququn
kökünü axtarmaq üçün mütləq dini
semantikanı bilməyin vacibliyini xatırladır. Əsər
cinayət və cəza institutlarını yalnız hüquqi
konstruksiyaların məhsulu kimi deyil, insanlığın
arxaik yaddaşında formalaşmış sakral-normativ mexanizmlər
kimi təqdim edir.
Müəllifin cinayəti yalnız hüquqi
transqressiya kimi deyil, dini-ontoloji pozuntu kimi təhlil edir və
bununla da hüquq elmini onun ilkin - sakral və ritual
qaynaqlarına qaytarır. Bu yanaşma Mirça Eliadenin
"sakralın antropologiyası", Rudolf Ottonun
"numinoz" konsepti, Emil Durkheymin "kollektiv
şüur" nəzəriyyəsi və Maks Müllerin
müqayisəli dinlər antropologiyası ilə birbaşa
elmi dialoqa girir.
Xalid NİYAZOV
Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor
525-ci qəzet .- 2025.- 29 noyabr(№218).- S.17;20.