Ölümsüzlük inamı
Kamal Abdulla-75
Xalq yazıçısı, akademik Kamal Abdullanın
75 yaşı tamam olur. Əsərlərinin qeyri-adi
biçimi, ovqatı, üslubu, hətta fərqli dili
yaddaşlarda möhkəm yer tutan yazıçının,
dramaturqun, dilçi-alimin çoxşaxəli
yaradıcılığı onun barəsində geniş
danışmağa imkan yaradır. Mən Kamal müəllim
barədə onun 60 yaşında da, sonrakı - yubiley olan və
olmayan doğum günlərində də, qələmli və
qələmsiz yazdıqlarımda çox
danışmışam.
Kamal Abdullanın böyük hadisələrə, dərdlərə,
problemlərə bir az soyuqqanlı yanaşmasında,
insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri
sakit tərzdə yazmasında onun xarakteri, həyata
baxışı özünü göstərir.
İllər öncə Kamal Abdullanın "Kamal
Mehdi" imzasıyla yazdığı şeirlərdə də
onun qeyri-adi xarakteri nəzərə çarpırdı.
Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli
auranın səbəbi barədə xeyli
düşünmüşdüm. İndi "Seçilmiş
əsərləri"nin 3-cü cildində çap
olunmuş şeirlərini bir də oxuduqca keçmiş illərin
xəfif xiffəti qayıdır. "Soldu nar çiçəkləri
- indi nar yetişəcək", " Ölərik -
ayılıb görrük ki, varıq" misralarında ruhun,
həm də yaradıcılığın, ədəbiyyatın,
əsl sənətin əbədiliyinə və
ölümsüzlüyünə dəli bir inam var.
"Bircə saman çöpü ilə su
üzünə çıxmağın" inamı bu
şeirlərdəki işığın və ümidin
işartısıdır. Sonralar Kamal Abdulla bu seyrək yazdığı
şeirlərindəki sirli ovqatı öz nəsrinə gətirdi.
Kamal Abdullanın nəsrindən danışanda
çox zaman "Yarımçıq əlyazma" və
"Sehrbazlar dərəsi" romanlarından söz
açılır. Yazıçı bu əsərləri ilə
Azərbaycan nəsrinin xaricdə tanınmasına, təbliğinə
də öz töhfələrini verib. Bu əsərlər
rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə
başqa dillərə tərcümə olunub, müxtəlif
ölkələrdə işıq üzü görüb. Hələ
o zamanlar "Yarımçıq əlyazma"nın kitab
halında çapından öncə doğurduğu fərqli,
təzadlı fikirlər məni
düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi
yazmışdım və müəyyən parçaları
"525-ci qəzet"də yayımlamışdıq. O
vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri"
mükafatını da bu romana görə Kamal Abdullaya təqdim
etmişdik.
Fikrimcə, Kamal Abdullanın bu əsərlərindən
sonra yazdığı "Unutmağa kimsə yox"
romanı son illər Azərbaycan
romançılığında ən yaxşı əsərlərdən
biridir. Çağdaş dünya
romançılığının, müasir nəsr
estetikasının bütün tələblərinə cavab
verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir.
Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə
lazımi reaksiya verməməsi, əsərin alt qatlarına
enən dəyərli təhlili yazıların
azlığı məni heyifsiləndirir.
Dayanmadan, şövqlə yazıb yaradan Kamal
Abdullanın son illər "Sirlərin sərgüzəşti"
romanı , daha sonra "Laokoon... Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
adlı kitabı işıq üzü görüb. Son aylarda
"Unutmağa kimsə var" xatirə-romanı adlandıra
biləcəyim əsərindən hissələr mətbuatda
çap olunmağa başlayıb. Dostlar və yaşanan illər
haqqında nisgil dolu bu yazılar həm də bir dövrün
salnaməsidir və yəqin ki, biz yaxın vaxtlarda bu xatirə-romanın
da kitab halında çapının şahidi olacağıq.
Kamal Abdulla, özü demiş, janrı bəlli
olmayan bir kitab da nəşr etdirib və böyük maraq
doğurub: "Seçmələrin seçməsi -
qranulalar". Xalq yazıçısı Kamal Abdulla fərqli
olmağı, yenilik etməyi sevir və bunu bacarır.
Polemikanı da xoşlayır: "Sən əgər əlinə
qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan".
"Qranula cümlədən (mətndən)
bütün artıq hissələri siləndən sonra yerdə
qalan cövhərdir". Bir növ daha çevik,
yığcam, dolğun cümlələr, qısa təəssüratlar,
sevimli şeir parçaları və sair. Kamal müəllim
kitabın ön sözündə bu qranulaların həm
özlərini, həm də aid olduqları ilkin mətnləri
xatırladacaqlarına ümid edir. Qranulalar hərəsi bir səhifədə
yerləşdirilib. Bu da oxuduqca nəfəs dərməyə
və düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla
yaradıcılığına bələd olan oxucunu onun
tanış əsərlərinə qaytarır, sevimli
mövzularını, obrazlarını canlandırır, təkrarlayır,
yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün
də maraqlıdır. Üzdən oxuyanlar üçün
kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir
özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm
eləmək", Xalq yazıçısının daxili
dünyasına, düşüncələrinə dalmaq
üçün kitabı aram-aram, nəfəs dərərək
oxumaq vacibdir.
Fikrimcə, Xalq yazıçısı Kamal Abdulladan
danışarkən, onun ancaq Azərbaycan nəsrinə bəxş
etdiyi romanlarından söz açmaq heç də kifayət
etmir. Çünki Kamal Abdulla həm də böyük
qorqudşünas alimdir. Onun uzun illərdən bəri Türk
dünyasının möhtəşəm abidəsi olan
"Kitabi-Dədə Qorqud" dastanını dərindən
tədqiq etməsi, qorqudşünaslığa verdiyi bir-birindən
dəyərli töhfələrlə onu daha da inkişaf
etdirməsi, eləcə də dastanın bütün
dünyaya bir daha ən yaxşı şəkildə
tanıdılması üçün gördüyü
işlər Azərbaycan filologiyasının mühüm mərhələsini
təşkil edir.
Kamal Abdulla dastana birtərəfli yanaşmır, onu
daha dərindən, ən gizli mətləblərinə
vararaq, bəzən bir qorqudşünas, bəzən bir
dilçi, bəzən də sanki bir xəfiyyə kimi
araşdırır, öyrənir və öyrədir. Onun
"Gizli Dədə Qorqud", "Sirr içində dastan,
yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya,
yaxud Gizli Dədə Qorqud" kimi bir-birini tamamlayan silsilələri,
"Kitabi-Dədə Qorqud"un poetikasına giriş"
monoqrafiyaları mövzuya elmi baxışıdırsa,
"Yarımçıq əlyazma" romanı, "Casus",
"Beyrəyin taleyi" pyesləri, şeirləri, esseləri
isə bədii yanaşmasıdır.
Son illərdə professor Rafiq Əliyevlə
yazıçı Kamal Abdullanı birgə tədbirlərdə
və məclislərdə çox görürəm,
polemikalarının da şahidiyəm. Və bu birgəlik
2022-ci ildə onların həmmüəllifliyi ilə
"Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq"
adlı kitabın ərsəyə gəlməsinə səbəb
oldu. Kitabda qədim dastanımız "Kitabi-Dədə
Qorqud"un "dərinində gizlənən
düşüncə tərzinin qeyri-səlis məntiqin
dörd sütununa aid olan spesifik məntiqi sxemlərin
formalaşmasına gətirib çıxarmasından,
dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər
geniş dil materialının" olmasından söz
açılır. Kamal Abdulla və Rafiq Əliyev indi də
bu yaradıcılıq birgəliyini davam etdirirlər.
Artıq həmmüəlliflərin "Qeyri-səlis məntiq
və dil-nitq" adlı növbəti kitabı da
işıq üzü görüb. Yaradıcılıq birgəliyi
isə davam edir və biz yeni maraqlı kitabların gözləntisindəyik.
Kamal Abdullanın "Əvvəl-axır
yazılanları", "Düma ilə Coys arasında"
esseləri də bir başqa dünyadır. Orda ədəbiyyat,
yazıçı taleyi, yaradıcılığın sirləri
haqda maraqlı fikirlər var! Rahat oxunan bu esselərdə
düşünməyə, müzakirə və mübahisə
etməyə çoxlu məqamlar var. Kamal Abdullanın qələmində
heç bir dəyərli sənət adamı unudulmur. Nə
klassiklər, nə müasirlər, çağdaşlar.
Dünyadan köçən sənət adamları,
dostları da onun xatitələrində dipdiridir. Öz
istedadı, enerjiləri, xatirələriylə. "Ədəbiyyat
həmişə nəyinsə qırıldığı,
sındığı yerdən başlayır" - deyən ədib
əsl ədəbiyyat axtarışında oxucunu fikir,
düşüncə toqquşmalarına cəlb edir.
Düşüncələrin sirli aləmində əsl həqiqətin
işığını da göstərir.
Müəmmayla doldurur zehnimizi Kamal Abdulla, fərqli
yollara işarə edir, bu yollarla cavablar axtarışına
çıxırsan onunla birgə. Özü isə hər
suala cavabında yeni suallar yaradır. Misraları, cümlələri
dillərə düşür, az qala şüara
çevrilir.
Feysbukda on il boyunca paylaşdığım
statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz
yazılanlar" kitabımda Kamal Abdullanın bu esselərini
xatırlamışdım. Düşündüm ki,
statusların bəzilərində akademik Kamal Abdullanın həmin
o yığcam və dərin mənalara sahib esselərinin təsiri
hiss olunur.
Bir dəfə Bakı Kitab Mərkəzində Kamal
Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi"
kitabının təqdimatında iştirak etdim. Tədbir
iştirakçıları ilə birlikdə əvvəl
kitabın tərcüməçisinə qulaq asdıq, sonra
yazıçının fərqli fikirlərini dinlədik.
Gün Kamal Abdulla Günü idi. Ondan bir neçə saat
öncə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yubiley tədbirində də maraqlı çıxış
etmişdi. Kamal müəllim protokolu da nəzərə
alır, məmurluqdan doğan tələblərə riayət
edirdi, amma yazıçılığını da unutmur -
şablon, standart, çərçivəli
danışmır, obrazlarla, yığcam detallarla hadisələrə
bədii yük qatır, düşündürürdü...
Kamal Abdulla həmişə
düşündürür... Yazdıqlarıyla da, söylədikləriylə
də! Əsas da çoxqatlı mətnləriylə!
"Yazmaq üçün təcrid əsasdır" deyib
"sivilizasiyadan uzaq" bir guşəyə çəkilir
tez-tez! Sonra üzə
çıxıb yeni yazılarıyla düşünməyə
mövzu verir, bizi işıq axtarışına, sözlə
ünsiyyətə sövq edir!.. "Unutmağa kimsə
yox" - deyir! Yəni unudulası kimsə qalmayıbmı,
hamı yaddadırmı?! Amma "Kimsə yox xatırlamağa"
da deyir axı... Bilmirsən, "hamını
unutmuşam" deməkdir bu, ya "dostlar hamısı yerindədir,
unudulmalı kimsəm yoxdur!" - mənasındadır?!
Mənə görə, Kamal müəllimin ən
qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən
biri istedadlı adamı dəyərləndirməsi, istedada
qiymət verməsidir. Həm də Kamal müəllimin bunu
sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi
kimi etməsi xeyli təsirləndiricidir. O,
yaxşılığı özünütəsdiq
üçün, yaxud da dost məclislərində mövzuya
çevirib təriflənməkdən ötrü eləmir.
Elədiyi yaxşılıqları çox zaman unudur.
Yadımdadır, məclislərin birində Kamal müəllimin
əl tutduğu, dəstək olduğu neçə-neçə
adam haqqında danışılanda onun bütün bu deyilənləri
xatırlamadığını və səmimi təəccübləndiyini
müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə
qayğısını, köməyini Bakı Slavyan
Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs
müşahidə edib. Tələbələrin öz
rektorları haqda səmimi, xoş sözləri,
yaradılmış demokratik mühit barədə dedikləri
yaxşı yadımdadır. Onun rektorluğu dövründə
Yaradıcılıq fakültəsinin fəaliyyətə
başlaması, neçə-neçə istedadlı gənci
öz ətrafında birləşdirməsi də çox
mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan
Dillər Universitetinə də eyni yaradıcı ruhla rəhbərlik
edir.
Vətən müharibəsi günlərində Kamal
Abdulla "Müharibə və onun ədəbi-bədii əks-sədası"
adlı yazı qələmə aldı. Nisgil və xiffət,
amma həm də inam dolu yazıda ordumuzun azad etməyə
başladığı torpaqlarımızın həsrətini
dilə gətirir, neçə il işğal altda sızlayan
məkanlarımızı sadalayır, ordumuzun addım səsləriylə
dirilən yurd yerlərini yada salır, həmkarlarına
müdrik tövsiyələrini verirdi:
"Gərəkdir ki, əsgərin ardınca gedib bu
yurdun qərib, hürkmüş künc-bucağını,
dağılmış və dağılmamış evlərini,
tikililərini baxışlarınla əzizləyəsən,
onun don vurmuş qəddini açasan. Bu zaman sən görəcəksən,
yox, sən hiss edəcəksən: odur, baxdığın yerdən
sənin baxışına cavab gəldi. Səni
tanıdılar. Sənin üzünə gülümsədilər.
Bu zaman sən eşidəcəksən. Yox, bu eşitdiyin
söz-filan olmayacaq. Sən torpağın ruhunu eşidəcəksən.
Bu ruhun səsi hıçqırıq dolu bir
pıçıltı olacaq. Bax, o
pıçıltını eşidəndən sonra sən
yaza biləcəksən".
Elə həmin günlərdə də müharibə
keçmiş əsgərimizin psixoloji- mənəvi təlatümlərindən
bəhs edən "Səngərdəki səs" hekayəsini
qələmə aldı.
Kamal Abdullanın hekayələri təkcə bir əhvalatın
təsviri deyil, həm də keçmişə
qayıdışın, yaddaşın kövrək
işartılarıdır. Onun "Qatardakı adam" hekayəsinin
gənclər arasında yaratdığı müzakirə
yadımdadır.
Kamal Abdulla yaradıcılığı haqda
yazılan kitablar və məqalələr sayagəlməzdir.
Bu əsərlərdə ən fərqli müəlliflər
tərəfindən araşdırılan Kamal Abdulla
yaradıcılığının nəhəngliyi
özünü göstərir.
Bu yaxınlarda Türkiyənin Ankara şəhərində
Türk Mədəniyyətini Araşdırma İnstitutu tərəfindən
akademik, Xalq yazıçısı Kamal Abdullanın 75 illik
yubileyinə həsr olunmuş Türk Dünyası
Yazarları I Beynəlxalq Simpoziumu keçirildi. Bu,
böyük yazıçımızın yubiley tədbirlərinin
sanballı başlanğıcı oldu. Simpoziumda Kamal
Abdullanın çoxşaxəli
yaradıcılığı, onun ədəbiyyat,
dilçilik və fəlsəfə sahəsindəki elmi
fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə
verdiyi töhfələr ətrafında geniş müzakirələr
aparıldı. Dörd bölmədən ibarət olan
simpoziuma professorlar Fikrət Türkmen və Bilge Ercilasun,
akademiklər Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik
etdilər.
Kamal Abdullanın "Gülçöhrə xanım
və Əsgər ağa" hekayəsi 2022-ci ildə dərc
olunub. Bu günlərdə isə
Bakıda daha bir möhtəşəm mədəni
hadisə baş verdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
Kamal Abdullanın pyesi əsasında hazırlanmış
"Əsgər və Gülçöhrə"
tamaşasının premyerası böyük anşlaqla
keçdi. Bu tamaşa da Kamal Abdulla
yaradıcılığının yubiley öncəsi təntənəsindən
biri oldu.
Kitab rəfimdə Kamal Abdullanın qalın,
sanballı 7 cildlik "Seçilmiş əsərləri"
var. Tez-tez cildləri nəzərdən keçirir, varaqlayır,
bu sanballı yaradıcılığa dönə-dönə
heyrətlənir və onunla qürurlanıram.
Doğumunun 75-ci ilini qeyd etdiyimiz bu günlərdə ədəbi,
elmi və insani məziyyətləri ilə Xalq
yazıçısı, akademik Kamal Abdullanın
ehtişamlı, sehrli aurası haqqında danışarkən
niyyətim bu böyük şəxsiyyətin çoxşaxəli
fəaliyyətinə bir daha ehtiramımı bildirmək və
bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda,
elmimizdə və dostluqda var olmasını arzulamaqdır.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.10.