Ermənistanın
KTMT siyasəti: Həm boykot edir, həm də üzv qalır
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) iclaslarını boykot etməkdə
davam edir. Artıq uzun müddətdir ki, İrəvan bu
qurumdakı fəaliyyətini de-fakto dayandırıb. Bir
neçə gün əvvəl Bişkekdə KTMT-nin sammiti
keçirilib. Sammitdə Qırğızıstan prezidenti
Sadır Japarov, Rusiya lideri Vladimir Putin, Belarus, Qazaxıstan,
Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart
Tokayev və Emoməli Rahmon iştirak ediblər. İclasda əməliyyat
və döyüş hazırlığı, böhrana
qarşı sistemin təkmilləşdirilməsi, KTMT-nin
informasiya və analitik fəaliyyəti sahəsində birgə
tədbirləri müzakirə edilib. Ermənistan bu tədbirdə
də iştirak etməyib. Yəni İrəvan rəsmi şəkildə
təşkilatın üzvü olaraq qalır, amma
özünü proseslərdən kənarda saxlayır.
Amma İrəvanın KTMT ilə bağlı
mövqeyi tam aydın deyil. Bunu Bişkek
görüşündən əvvəl iki rəsmi şəxsin
açıqlaması da təsdiqləyir. Məsələn, xarici işlər
nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, Ermənistanın
KTMT-dən çıxması məsələsi müzakirə
edilmir. Onun sözlərinə görə, Ermənistanın
KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib:
"Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin
qəbul edilməsinə də mane olmur. Bu mərhələdə
siyasətimiz belədir".
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə ölkənin
KTMT-dən de-fakto çıxdığını söyləyib:
"Biz faktiki olaraq KTMT-dən çıxmışıq. Məgər
KTMT-dən çıxmaq antirusiya əhval-ruhiyyəsindən
xəbər verir?"
O, həmçinin təşkilatın öz öhdəliklərini
yerinə yetirmədiyini söyləyib.
KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
iştirakını dondurub, müzakirələrdə
iştirak etmir, lakin sənədlərin məhdud formatda qəbul
olunmasına mane olmur: "Bütün sənədlər Ermənistana
göndərilib, biz onların etiraz etmədiklərini təsdiq
edən sənəd aldıq".
Rusiya prezidenti Vladimir Putin də
Qırğızıstana səfərinin yekunları ilə
bağlı keçirdiyi mətbuat konfransında Ermənistanın
KTMT-nin bütün qərarlarını dəstəklədiyini
və təşkilatın üzvü olaraq
qaldığını bildirir: "Ermənistan
özünü KTMT üzvü hesab etdiyini, lakin indiki mərhələdə
təşkilatın iclaslarında iştirakdan çəkindiyini
bildirir. Bu, onların seçimidir, biz onlarla əlaqə
saxlayırıq".
Simonyan KTMT-nin öz öhdəliklərini yerinə
yetirmədiyini söyləyərkən İkinci Qarabağ
müharibəsində Ermənistana dəstək verilməməsini
nəzərdə tutur. Əslində bunun mümkünsüz
olduğunu İrəvanda yaxşı anlayırlar, sadəcə
olaraq qeyd edilən məqamdan Rusiyadan uzaqlaşmaq
üçün bəhanə kimi istifadə edirlər.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Ermənistanın
Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də
üzvlüyünü saxlasa da, oradakı
iştirakını "dondurduğunu"
açıqlayıb. Yada salaq ki, KTMT-nın nizamnaməsində
ümumiyyətlə
"dondurmaq" anlayışı əksini tapmayıb,
yəni ya iştirak edirsən, ya da çıxırsan.
Görünən odur ki, Ermənistana fərqli bir yanaşma
mövcuddur.
Ermənistan təşkilata maliyyə
ayırmağı dayandırıb, əsas qərarlarla
bağlı səsvermədə iştirak etmir və birgə
hərbi təlimlərə qatılmır. Bu ilin mart
ayında Ermənistan XİN yaydığı
açıqlamada bəyan edib ki, ölkə KTMT Katibliyinə
"KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı
imzalamadığını və müvafiq olaraq bu təşkilatın
fəaliyyətinin maliyyələşdirilməsində
iştirak etməyəcəyini rəsmən bildirib.
2023-cü ilin yanvar ayında Ermənistan KTMT təlimlərini
"uyğunsuz" hesab edərək öz ərazisində
keçirməkdən imtina edib.
Ermənistan təşkilatda
iştirakçılığını minimuma endirib. Belə
olan halda İrəvan niyə KTMT-nı de-yure tərk etmir? Qərbə,
Avropa strukturlarına inteqrasiya
kursu götürdüyünü elan edən Ermənistanın
Rusiyanın dominant olduğu təşkilatlarda
qalmasının əsas səbəbləri hansılardır?
Milli Məclsiin deputatı Arzuxan Əlizadə
"525"ə şərhində deyib ki, Ermənistan öz
anlamında balanslaşdırılmış siyasət
aparır. Əslində isə həm Avropa İttifaqı ilə
münasibətlərini normal məcrada yürütmək istəyir,
eyni zamanda, KTMT üzvüdür, Avrasiya İqtisadi
İttifaqında təmsil olunur, Avropa İttifaqı ilə
münasibətlərini normallaşdırmaq siyasəti
aparır: "Faktiki olaraq Rusiyaya bir şıltaqlıq
nümayiş etdirməkdədir. Eyni zamanda, vaxtilə onu hakimiyyətə gətirən
Avropa və Qərb dairələri üzərinə Ermənistanı
Rusiya təsirindən çıxartmaq öhdəliyini qoyub. Yəni
Ermənistan bu istiqamətdə siyasət yürüdür.
KTMT-dən birmənalı olaraq çıxmaq hələ ki,
mümkün deyil. Ona görə də faktiki olaraq tədbirlərdə
iştirak etməsə də, KTMT-nin üzvü olaraq
qalmaqdadır. Görünür, Ermənistan əlverişli məqam
axtarır ki, Rusiyaya arxa çevirib üzünü Qərbə
doğru yönəltsin. Amma məsələ
burasındadır ki, hələ də Rusiyadan
asılılığı kifayət qədər yüksək
səviyyədədir. Həm iqtisadiyyatı Rusiyadan asılıdır,
eyni zamanda, Rusiyanın hərbi qüvvələri Ermənistan
ərazisindədir. Məlum olduğu kimi, Rusiya ilə bununla
bağlı 49 illik müqavilə var. Bütün bunlar Ermənistana
tam olaraq KTMT-nın üzvlüyündən çıxmaq
imkanlarını tanımır deyə, hələlik bu
cür mövqe sərgilənir".
Deputat xatırladıb ki, Emənistanın guya
Rusiyadan, KTMT-dən incikliyi olduğu üçün belə
davranır: "Amma əslində bu qurumda qayda belədir ki,
üzv ölkələrdən birinin ərazisinə təcavüz
edilərsə, digər ölkələr bu prosesə
qoşulmuş olurlar. Ermənistan öz ərazisində
müharibə aparmırdı. Müharibə Azərbaycan ərazisində
gedirdi. Azərbaycan Ermənistan ərazisinə təcavüz
etməmişdi. Ermənistan bizim ərazilərimizi
işğal etmişdi və Azərbaycan öz ərazisində
müharibə apararaq erməni qoşunlarını
çıxarıb, işğala son qoydu. Ona görə də
KTMT üzvləri heç bir halda bu prosesə qoşula bilməzdilər.
Əks halda, bu, artıq Azərbaycana qarşı müharibə
olardı, ərazimizə təcavüz kimi qiymətləndirilərdi.
Bu mənada Ermənistanın gətirdiyi bəhanə də əsassız
idi. Sadəcə olaraq bir inciklik nümayiş etdirdi ki, 30 il əvvəl
necə ki, Rusiyanın dəstəyi ilə
torpaqlarımızı işğal etmişdi, indi də
Rusiyadan kömək gözləyirdi. Təbii ki, bu,
mümkün deyildi. Çünki əgər Rusiya və ya
digər KTMT ölkəsi tərəfindən Azərbaycan ərazisinə
hər hansı müdaxilə olacaqdısa, bu, ölkəmizə
müharibə elan etmək demək idi və bunun acı nəticələrini
KTMT ölkələri, ilk növbədə də Rusiya
anlayrdı. Çünki Azərbaycanın arxasında eyni
zamanda qardaş Türkiyə və digər dost dövlətlər
var idi. Bu mənada regional müharibə ehtimalı mümkün
idi. Həmçinin Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə müdaxilə
kimi qiymətləndirilə bilərdi. Ona görə də
KTMT-nın bu prosesə qoşulması qeyri-mümkün
idi".
Ermənistanın KTMT-də qeyri-müəyyən fəaliyyətinin
nə qədər davam edə biləcəyinə gəlincə,
deputat xatırladıb ki, Ermənistan hələ də
Rusiyanın təsiri altındadır: "Qeyd etdiyim kimi,
iqtisadiyyatı hələ də köklü sürətdə
Rusiyadan asılı vəziyyətdədir. Hərbi qüvvələri
bu ölkənin ərazisindədir. Yəni istənilən
halda Ermənistana Rusiyanın təsir etmək imkanları
kifayət qədər yüksəkdir. Ermənistan Azərbaycan
və Türkiyə ilə münasibətlərini
normallaşdıracağı, Zəngəzur dəhlizinin
açılacağı və artıq fəaliyyətə
başlayacağı təqdirdə bu asılılıqdan
çox böyük ölçüdə qurtarmış
olacaq. Görünür ki, o zamana qədər Ermənistanın
hələ də ikili siyasət yürütməsi davam edəcək".
Pərvanə
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.5.