Zemfira Məhərrəmlinin
70 illik yubileyi qeyd edilib
Mətbuat Şurasında əməkdar jurnalist,
yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik
yubileyinə həsr olunmuş toplantı keçirilib. Tədbir
eyni zamanda yubilyarın yeni çapdan çıxmış
“Arabadakı adam” roman və pyeslər toplusunun və 70 illiyi
ilə bağlı “Qələm sirdaşım oldu”
kitabının təqdimatı kimi yadda qalıb. Əvvəlcə
isə tanınmış qələm sahibinin həyat yolunun
ayrı-ayrı məqamlarının əksini
tapdığı qısa video-çarx nümayiş etdirilib.
Toplantını giriş sözü ilə MŞ sədri
Rəşad Məcid açaraq bildirib ki, mənalı
ömür yolunu jurnalistikaya, ümumilikdə söz sənətinə
bağlamış dəyərli həmkarın əlamətdar
gününün işığına toplaşmaq
sevindiricidir. Şura sədri Z.Məhərrəmlinin BDU-nun
jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə
ustad Nəsir İmanquliyevin dəvəti ilə “Bakı” və
“Baku” qəzetlərində müxbir kimi əmək fəaliyyətinə
başladığını, 1990-2003-cü illərdə həmin
nəşrin Elm, təhsil və mədəniyyət
şöbəsinin müdiri vəzifəsini tutduğunu deyib.
R.Məcid yubilyarın, həmçinin, 2003-2015-ci illərdə
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatının
İnformasiya və İctimaiyyətlə Əlaqələr
sektorunun müdiri, Mətbuat Xidmətinin rəhbəri kimi
yüksək peşəkarlıqla
çalışdığını xatırladıb.
R.Məcid mədəniyyət, elm, təhsil
mövzusunda, habelə mənəvi problemlərə dair
çoxsaylı publisistik yazıların, hərbi
mövzudakı materiallarının müəllifə
populyarlıq qazandırdığını bildirib. O
materiallar ki, cəbhə bölgəsinə, “qaynar” nöqtələrə
müntəzəm səfərlərin, fədakar əməyin
nəticəsində ərsəyə gəlirdi. Həmin
dövrdə Z.Məhərrəmli I Qarabağ müharibəsinin
dəhşətlərini, cəbhədəki
övladlarımızın rəşadətini əks etdirən
silsilə reportajlar hazırlayırdı ki, bu fəaliyyət
sonradan onun bədii-publisistik yaradıcılığına da
böyük təsir göstərdi. Qələm sahibi
“Döyüşə qızlar gedir” (1997), “Karabağda
savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür
durna qatarı” (2000), “Qırx qız dastanı” (2003)
kitablarını yazdı.
Qeyd edək ki, Z.Məhərrəmlinin əsərləri
rus, ingilis, belarus, türk və fars dillərində də
işıq üzü görüb. Bu baxımdan “Garabagh war
witnessed by women” (“Qarabağ müharibəsi qadınların
şahidliyi ilə”, 2005) və Sankt-Peterburqda çapdan
çıxmış “Êàðàáàõñêàÿ âîéíà: ñðàæàëèñü è æåíùèíû” (2005)
kitablarını vurğulamaq olar. Bütün bunlara görə
müəllifin əməyi Beynəlxalq Avrasiya Mətbuat
Fondunun “Qarabağ” Ali Mükafatı ilə qiymətləndirilib.
R.Məcid onu da bildirib ki, pedaqogika üzrə fəlsəfə
doktoru Z.Məhərrəmliyə Həsən bəy Zərdabi
(1997), “Qızıl qələm”
(1998) media mükafatları və “Araz” Ali ədəbi
mükafatı (2001) təqdim olunub, Beynəlxalq Rəsul Rza və
Şahmar Əkbərzadə mükafatlarının
laureatı olub, həmçinin Beynəlxalq Mahmud
Kaşğari mükafatına layiq görülüb. Z.Məhərrəmli
ölkə Prezidentinin Sərəncamları ilə “Tərəqqi”
medalı (2010) və “Əməkdar jurnalist” fəxri adı
(2021) ilə də təltif
edilib.
MŞ sədri Z.Məhərrəmlinin müxtəlif
illərdə “Bir ömürdə üç həyat” (2007),
“Ömür bitər, yol bitməz...” (2015), povest, hekayə,
şeirlər və esselərindən seçmələrin
toplandığı “Oyuncaq” (2015), habelə “Sonbaharın
Ilgımları” («Payız ilğımları») (2017),
“Analıq haqqı” (2018), “Qarabağ müharibəsi: zərif
talelər” (Bakı, 2018)
kitablarının çapdan
çıxdığını diqqətə
çatdırıb və bildirib ki,
yazıçı-publisistin “Bədii düşüncədə
Qarabağ” əsəri Birinci Qarabağ müharibəsinin
başlanğıcından 44 günlük Vətən
müharibəsinədək olan dövrü əhatə edir.
Onun “Zafer yolcuları” (İstanbul 2023) kitabında isə
möhtəşəm Qələbəmizdən söz
açılıb.
Bundan başqa, yubilyar 1990-1992-ci illərdə Azərbaycan
televiziyasında yayımlanmış populyar “Ana sözü”
qadınlar üçün ictimai-siyasi proqramın ssenari
müəllifi və aparıcısı olub. O, “Aranfilm”in
istehsalı olan “Döyüşə qızlar gedir” (2019)
filminin ideya və ssenari müəllifidir. “Çox
kiçikdir bu dünya” (Bakı,2024), roman və pyeslərinin
yer aldığı “Arabadakı adam” (Bakı,2025) kitabları
da oxucular tərəfindən rəğbətlə
qarşılanıb, “Ümid işığı” pyesi əsasında
Şuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilmiş
eyniadlı tamaşa sənət çevrələrində
böyük rezonans doğurub.
R.Məcid Z.Məhərrəmlinin Mətbuat
Şurasının diplomu ilə təltif edildiyini bildirib və
diplomu ona təqdim edib. Toplantıda Milli Məclisin İctimai
Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər
Qoşalı Z.Məhərrəmliyə komitə sədri
Fazil Mustafanın təbrik məktubunu da təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru
Qulu Məhərrəmli çıxışında
yubilyarı həyat yoldaşı və əsl jurnalist kimi
xarakterizə edən cəhətlərə diqqət çəkib,
onun hər zaman məsuliyyəti ilə seçildiyini
vurğulayıb.
Çıxış edənlərdən MŞ
İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş
reaktoru Əflatun Amaşov, “Yada düşdü”
jurnalının baş redaktoru Nəzakət Məmmədli,
şair-publisist və yazıçı Vaqif Bəhmənli,
veteran jurnalist Ənvər Məşədiyev, MŞ İdarə
Heyətinin üzvü Yadigar Məmmədli, Şuranın
Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar
jurnalist Əminə Yusifqızı,
yazıçı-publisist Şərəf Cəlilli, “Bizim
yol” qəzetinin baş redaktoru Bahəddin Həzi, şair və
yazıçı Şövkət Zərrin Horovlu,
şair-publisist Mahcamal Babayeva, BDU-nun kafedra müdiri Əsmər
Əliyeva, əməkdar jurnalistlər İttifaq Mirzəbəyli,
Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, veteran
jurnalistlər Zöhrə Əliyeva və Sevda Əlibəyli,
şair-publisist Giya Paçxataşvili,
yazıçı-dramaturq Aysel Fikrət, şair-yaçısı
Xanım Aydın, pedaqogika üzrə fəlsəfə doktoru
Əminə Qədimova, jurnalist Şahanə Müşfiq və
başqarı Z.Məhərrəmlinin jurnalistikanın təəssübünü
çəkən istedadlı və prinsipial qələm
sahibi, qayğıkeş həmkar, həssas duyumlu
yazıçı və publisist, əsl vətənpərvər
olaraq gördüklərini bildirib, bütün bu keyfiyyətlərin
ona ziyalı obrazı qazandırdığını dilə gətirib,
xatirələrini bölüşüb, təbriklərini
çatdırıblar.
Sonda çıxış edən Z.Məhərrəmli
şəxsinə ünvanlanmış xoş sözlərin
onu yaradıcılığa daha da ruhlandırdığını
vurğulayıb, toplantı iştirakçılarına təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2025.- 29 noyabr (¹218).- S.2.