Bakıda TDT-nin media
və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli
rəsmilərinin 7-ci toplantısı keçirilib
Noyabrın 28-də Bakıda Türk Dövlətləri
Təşkilatının (TDT) media və informasiya üzrə
məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin
7-ci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda
çıxış edən Türk Dövlətləri Təşkilatının
Baş katibinin müavini Ömer Kocaman son illərdə media
sahəsində əməkdaşlığın getdikcə
daha sistemli və institusional çərçivədə
inkişafını qeyd edərək üzv dövlətlərin
media qurumları arasında məzmun mübadiləsinin
genişləndirilməsi, strateji kommunikasiya sahəsində
koordinasiyalı fəaliyyətin gücləndirilməsi və
dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin
formalaşdırılmasının Türk dünyası
üçün əsas prioritetlərdən birinə
çevrildiyini vurğulayıb. O, Təşkilatın bu əməkdaşlıq
xəttini daha da dərinləşdirməkdə qərarlı
olduğunu, xüsusilə informasiya təhlükəsizliyi və
strateji kommunikasiya istiqamətlərində yeni təşəbbüslərin
və birgə layihələrin icrasının nəzərdə
tutulduğunu bildirib.
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov bildirib ki, TDT-nin media və informasiya sahəsində
əməkdaşlığı üzv ölkələri
ortaq tarix, mədəni və dil birliyi ətrafında birləşdirən
strateji platforma kimi xüsusi əhəmiyyət
daşıyır. O, informasiya mübadiləsinin genişləndirilməsi,
saxta xəbərlər və hibrid təhdidlərə
qarşı birgə mübarizə, eləcə də
ümumtürk informasiya məkanının daha
dayanıqlı və koordinasiyalı şəkildə
qurulmasının bu əməkdaşlığın əsas
hədəflərindən olduğunu vurğulayaraq Azərbaycan
tərəfinin qlobal media trendlərinin təhlili, media
savadlılığının artırılması və
strateji kommunikasiya üzrə birgə təşəbbüslərin
davam etdirilməsində maraqlı olduğunu diqqətə
çatdırıb.
Qazaxıstanın mədəniyyət və informasiya
nazirinin müavini Kanat İskakov bildirib ki, Türk
dünyası ortaq tarixi, mədəniyyəti və digər
sahələrdə irsi olan coğrafiyadır. Biz bu gün
müştərək kontent və layihələrimizi həyata
keçiririk. Ortaq proqramlarımız var ki, bu da bizim
üçün konkret nəticələrin əldə edilməsi
baxımından böyük fürsətdir. “Qazaxıstan
xalqlarımızın və ölkələrimizin rifahına
xidmət edən təşəbbüslərə
açıqdır və təklifləri var. Biz sənədli
film layihələrini, turizm, mədəniyyət və digər
TV məzmunlarını hazırlamalıyıq. Bu istiqamətlərdə
müəyyən işlər var, amma onları canlandırmaq
lazımdır. Uşaqlar üçün ortaq mədəniyyət
əsasında cizgi filmləri təqdim etməliyik. Bu,
xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracaq. Media sahəsində hansısa material
yaradırıqsa, süni intellektdən elə istifadə etməliyik
ki, yaradılan məlumatın etibarlılığı təmin
olunsun”, - deyə nazir müavini vurğulayıb.
Qırğız Respublikasının Azərbaycandakı
səfiri Maksat Mamıtkanov diqqətə çatdırıb
ki, bu gün TDT-yə üzv ölkələr müxtəlif
sahələrdə geniş əməkdaşlıq edirlər.
O deyib: “Bu əməkdaşlığın əsas
aparıcı sütunlarından biri də informasiya və
media sahəsidir. Çünki düzgün məlumatın
vaxtında və etibarlı şəkildə təmin edilməsi,
qarşılıqlı faydaya əsaslanan sağlam informasiya
axınlarının yaradılması bizim üçün
böyük əhəmiyyət kəsb edir”. Səfir
vurğulayıb ki, rəqəmsal platformaların sürətlə
inkişafında yeni çağırışlar və təhdidlər
də ortaya çıxarır. Təhlükəsiz, şəffaf
və ədalətli media mühiti yaratmaq bu təhdidlərin
qarşısının alınmasına mühüm töhfə
verir.
Türkiyə Prezidenti Administrasiyasının
İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin
müavini Ferhat Pirinççi isə bu toplantının
yalnız bir iş platforması deyil, eyni zamanda, ortaq
coğrafiyamızın kommunikasiya, media və informasiya sahəsində
daha güclü birlik yaratması üçün strateji
addım olduğunu deyib. O, həmçinin bildirib: “Hər bir
üzv dövlətin media, informasiya və kommunikasiya sahəsində
ortaq mövqeyə sahib olduğunu görürük. Türk
dövlətlərinin təmsilçiləri olaraq yeni həll
mexanizmlərini inkişaf etməyimiz üçün bu
toplantını mühüm fürsət kimi qiymətləndiririk.
TDT regional bir qurum olmaqdan çıxaraq qlobal bir aktor olma
yolunda irəliləməkdə və nümunəvi əməkdaşlıq
modelinə çevrilməkdədir. Bu yanaşma ilə
Türk Dövlətləri Təşkilatının qlobal
beynəlxalq aktora çevrilməsi, regional səviyyəni
aşaraq dünya miqyasında bir çox məsələdə
söz sahibi olması olduqca önəmlidir. UNESCO tərəfindən
Dünya Türk Dili Ailəsi Gününün elan edilməsi
isə Türk dünyası üçün böyük bir
qazanc olmaqla, türk dillərinin zənginliyini, dərin
köklərə malik mədəni irsini və dünya
sivilizasiyaları içindəki önəmli yerini bir daha
göstərib”.
Özbəkistan Prezidentinin Administrasiyası yanında
Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun
İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov nəzərə
çatdırıb ki, biz artıq media sahəsində gələcək
əməkdaşlıq istiqamətlərini
formalaşdırırıq. Hazırladığımız tədbirlər
planının həyata keçirilməsi ilə bağlı
müzakirələr davam edir və bu prosesdə üzv
dövlətlərin fəal iştirakı böyük əhəmiyyət
daşıyır. Peşəkarlıq səviyyəsinin
artırılması, təcrübə mübadiləsi, ortaq
məzmunun yaradılması və informasiya mühitinin
gücləndirilməsi qarşıdakı əsas prioritetlərimizdir.
Tədbirdə, həmçinin TDT-nin müşahidəçi
üzvü Şimali Kipr Türk Respublikasının xarici
işlər naziri Tahsin Ertuğruloğlu
çıxış edərək bildirib ki, media və
informasiya məsələləri abstrakt sahələr deyil.
Media həm yaddaşımızı, həm kimliyimizi, həm
də mübarizəmizi özündə ehtiva edən strateji
bir alətdir. Ortaq media əməkdaşlığının
gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb
etdiyini qeyd edən nazir bildirib: “Şimali Kipr TDT çərçivəsində
yaradılan mexanizmlərə, eləcə də media sahəsində
əməkdaşlığa hazırdır.
Düşünürəm ki, bu addım Türk
dünyasının həmrəyliyini gücləndirir və
informasiya sahəsində daha balanslı, obyektiv mühitin
formalaşmasına töhfə verir. Biz artıq rəqəmsal
təbliğatın, manipulyativ məlumatların və
dezinformasiyanın ciddi təhlükə yaratdığı
bir dövrdə yaşayırıq. Bu səbəbdən
peşəkar təlim proqramlarının keçirilməsi,
jurnalistlərin, gənc kontent istehsalçılarının
və media mütəxəssislərinin
bacarıqlarının artırılması son dərəcə
vacibdir. Ortaq fəaliyyətlərimiz Türk
dünyasının media gücünü daha da artıracaq və
səsimizin qlobal arenaya daha səmərəli şəkildə
çıxmasına imkan verəcək”.
Toplantı çərçivəsində üzv
dövlətlərin qarşıdakı dövr
üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən
keçirilib, Türk Dövlətləri Təşkilatının
media və informasiya üzrə məsul nazirlərinin və
yüksəkvəzifəli rəsmilərinin 8-ci
toplantısının və Media və informasiya üzrə
işçi qrupunun 13-cü iclasının Qazaxıstanda
keçirilməsi qərara alınıb.
Türk Dövlətləri Təşkilatının
media və informasiya üzrə məsul nazirlərinin və
yüksəkvəzifəli rəsmilərinin 7-ci
toplantısının sonunda Kommünike qəbul edilib.
525-ci qəzet .- 2025.- 29 noyabr (¹218).- S.4.