Dərddən ötrü ölmək
Aysel Əlizadə
Belə
giley çox eşitmisiniz: "Dostlarım
mənə xəyanət
ediblər". Mənə
pislik edən çoxdur. Çox çətinlik yaşamışam.
Acılar çəkmişəm.
Çox, çox, acı, acı, xəyanət, yazıqlıq,
narazılıq... bitmir.
İnsanı bu şeylər haqda durmadan düşündürən
nədir? Eqo? Yazıqlıq? Aldığı
zədələr?
Aydınlaşdırmağa çalışaq.
Dönüb-dönüb keçmişi eşələyib içindən
ağrı-acı tapıb
çıxarıb özümüzü
dayanmadan incidirik. Keçmiş isə artıq yoxdur. Olmayan şeylər haqda nə qədər
düşünürük. Dünənki dava haqda bu gün
də danışırıq.
Sabah da danışacağıq. İllər keçəcək,
yenə danışacağıq.
Bütün ömrümüzə
daşıyacağıq o davanı.
Səbəb nədir? Yaddaşımız.
Yaddaş bütün
olanları toplayır.
Gözəl şeyləri
də. Biz isə gözəl şeyləri
çox az xatırlayırıq. Tez-tez
yadımıza düşən
yalnız acılardır.
İnsanlar bir-birinə,
"görüşüb dərdləşək"
deyirlər, "görüşüb
sevincləşək" yox.
Ops!
Burda bir qəribəlik hiss etdiniz?
Sanki əminik, dərdimizə acıyacaqlar. Sevincimizə
sevinməyəcəklər.
Sevinci bölüşməyə xəsislik
edən saysız adam var. Sevincləşək...
qulağa da yad gəlir.
Dərdləşək... bah-bah, necə doğma sözdür.
Gözə gəlməkdən qorxanlar
var, məsələn. Harda
görsə, şikayət
edər. Həmişə
narazıdır. Həyatında
heç bir yaxşı hadisə baş vermir sanki. Elə hey gileylənir. Evinə qonaq gedərsən, yekə bir qazan
asıb, "sonuncu ətimiz idi" deyər. Maşın alar,
nəyimisə satıb
aldım izahı verər. Səyahətə
çıxar, xəstəlikdən
danışar. Dərdi
çağırar, çağırar,
axırda dərd gələr başına.
Hamıya canı yanan adamların da başına gələr.
Onun işinə qaçar, buna yanar, həyat özünə elə bir problem çıxarar ki, başı
qarışar. Kimsəyə
yetişməyə nə
həvəsi, nə imkanı qalar. Bir də səbəbsiz, eləcə dərdlənən
adamlar var. Onlar lap çoxdur.
Dərd
stiqmatizasiya edilib. Dərdə güzəşt
olunur. Dərd həmdərd yığır.
Bir cəmiyyət təsəvvür
edin. İnsanlar görüşür. Bir-birinə
xoş sözlər deyir. Yaxşı şeylərdən danışırlar.
Ola bilər kimsə həyatında baş verən uğurlu hadisə haqda heç nə demir. Bu da normaldır. Hər adamla özəl şeyləri bölüşməzlər. Mısmırıq
da sallamır. Gülüb-danışıb
ayrılır. Hər
kəs bir-birinə necə müsbət enerji ötürər!
Bir də cəmiyyət düşünün. Kim kimi
harda tutsa, problem yükləyir. Deyinir, narazılıq edir.
"Ar" məsələsindən
danışacağıq. Mental sistemdə AR insanlıq vahididir.
Acısını tez unudan adamı həmin sistemə görə - arsız kimi qiymətləndirirlər. Yaxşı
insan olduğunu göstərmək üçün
acı çəkməlisən.
Dəyərin çəkdiyin
acı qədərdir.
Əri ölmüş
qadın çox yas saxladıqca "yaxşı qadın" sayılır. Yas saxlamayana
"arsız" deyilir.
Bədbəxt cəmiyyətlərdə
bu ənənə yaşayır. Xoşbəxt
cəmiyyətlərdə insanlar
ucadan ağlamağa
da utanırlar. Mədəniyyət
o həddə çatıb
ki, acını ortaya sərmək ədəbsizlikdir.
Bədbəxt cəmiyyət isə
gülən adama
"dəli", ağlayana
a-nı bir az da uzadaraq "yaazıq" deyib yanımcıllıq edir. Özü öz gözündə qalxır:
"Gör necə ürəyi yumşağam".
Öz-özünə gülsən, dəlisən. Öz-özünə
ağlasan, dərdlisən.
Əl-ayağa düşüb sakitləşdirəcəklər.
Beləcə, acı çəkməyə vərdiş
edəcəksən. Acın
olmayanda onu keçmişdən axtarıb
tapacaqsan. Əsrlərcə
insanlığın ən
ciddi ölçüsü
"acı" olub. Acı çəkirsənsə,
yaxşı adamsan. Vicdanlısan. Kövrəksən.
Özünə yazıçı deyənlərdən
biri guya kefimi xəbər alırdı:
- Necəsən?
- Əlayam.
Ardına
diqqət!
- Bir yazıçı niyə
əla olsun?
Təsəvvür edirsiniz? Adamın
yazıçılıq parametrinə
baxın. Adi ünsiyyətdə
məndən necə olduğumu soruşan birinə neqativ ötürməliyəm ki, əsl
yazıçı olum.
Mental sistem belə yetişdirib. Gözümüzün
önündə ünvansız
kədər uyduranlar çoxdur. Daha ciddi, daha çəkili
görünməyə çalışıblar
dərdlənərək. Ən
qorxulusu, bunun yoluxucu olmasıdır. Epidemiyadır. Rast gələn kimi qaçıb həyatınızı
qurtarın.
Ağlamaq - manipulyasiya metoduna
çevrilib. Özünü
ağladanlar ordusu formalaşıb. Ağlayıb
yumşaldanlar əslində
aldadıb yumşaldanlardır.
Bir qadın danışır:
"Evimizin kirayə pulunu çətinliklə
yığıb saxlamışdım.
Ayın sonunda ödəyəcəkdim. Ərim
ağlamsınaraq təcili
pul lazım olduğunu dedi. Bizim evlilikdən öncə də ailəsi olub. Övladları var. Uşağımın
doğum günüdü
dedi, ona hədiyyə almağa pulum yoxdur. Çox
pisəm. Və ağladı".
Qadın
evin pulunu ərinə verib. Özünü onun uşaqlarına görə
suçlu hiss edirmiş.
Sonra dostları ilə
qonaqlığa getdiyini
öyrənib. Kişi
uşaqlarına heç
vaxt pul vermirmiş.
Bu cür ağlamanın frazeologizmi var - "Timsah göz yaşları".
Termini ilk dəfə belorusiyalı
alim F.A.Boqorad işlədib. Tibdə
"Boqorad sindromu"
deyilən xəstəlik,
yeyərkən göz
yaşının axmasıdır.
Sinonim kimi "timsah göz yaşları" da deyilir.
Timsahlar ovlarkən ağızlarını çox
geniş açırlar.
Bu zaman gözətrafı sıxılır
və yaş axır. Bu frazeologizm demək olar bütün dillərdə
var. Yalandan ağlayan adamlara ünvanlanır.
Hər ağlayana inanmaq olmaz. Bəlkə timsah sizi yeməyə
hazırlaşır?
525-ci qəzet 2025.- 14 oktyabr
(№186).- S.10.