AMEA-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Sentyabrın 30-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları AMEA-da Türk dünyasına dair aparılan tədqiqatları əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, hazırda konfransın keçirildiyi AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında baş tutduğunu bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyi, bəzilərinin isə güllələndiyini söyləyib. Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademik İsa Həbibbəyli sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla Qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur  zaman buna doğru gedir.

Türk Dil Qurumunun prezidenti professor Osman Mert “1926-cı il Bakı Birinci Türkoloji Qurultayından günümüzə Türk dünyasında ortaq əlifba məsələsi” mövzusunda çıxış edib. Belə bir tədbirin təşkilinə görə, AMEA ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Osman Mert Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixində onları bir araya gətirmək məqsədi daşıyan önəmli hadisə olduğunu bildirib. Qeyd edib ki, bu Qurultay Türk dünyası tarixinin dönüş nöqtəsidir, onun ideyaları Türk dünyasının ortaq yaddaşı, dili mədəniyyətinin xatırlanması baxımından yaşadılmalı gələcək nəsillərə çatdırılmalıdır.

Sonra Birinci Türkoloji Qurultayı haqqında film nümayiş olunub.

Tədbirdə Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Türklərin Birinci Türkoloji Qurultayı və ya Birinci Türkoloji Qurultayda türklər”, Türk Dil Qurumunun prezidenti professor Osman Mert “1926-cı il Bakı Birinci Türkoloji Qurultayından günümüzə Türk dünyasında ortaq əlifba məsələsi”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultay sənədlərdə” mövzularında çıxış ediblər.

 

525-ci qəzet. - 2025.- 1 oktyabr (№177).- S.7.