Bakıda beynəlxalq səviyyəli
yeni ali təhsil ocağı: İtaliya-Azərbaycan Universiteti
Məlum olduğu kimi, oktyabrın 1-də Bakıda
İtaliya-Azərbaycan Universitetinin
ilk tədris korpuslarının
açılışı olub. Açılışda
Prezident İlham Əliyev,
birinci xanım Mehriban
Əliyeva və ölkəmizdə rəsmi
səfərdə olan
İtaliya Respublikasının
Prezidenti Sercio
Mattarella iştirak ediblər.
Qeyd edək
ki, İtaliya-Azərbaycan Universitetinin
yaradılması təşəbbüsü
2020-ci ildə Prezident
İlham Əliyev tərəfindən
İtaliyaya dövlət
səfəri zamanı
irəli sürülüb.
Layihəni həyata keçirmək üçün
ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi
- Luiss Guido Carli Universiteti,
Sapienza Universiteti, Turin Politexnik
Universiteti, Alma Mater Bolonya
Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq
sazişləri imzalanıb.
Bu əməkdaşlıq İtaliyada
kiçik və orta sahibkarlığın,
yaradıcı sahələrin,
sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi
təcrübəsini təhsil
və tədqiqat vasitəsilə Azərbaycana
gətirir, iqtisadiyyatımızın
strateji sahələri,
xüsusilə də mühəndislik, kənd təsərrüfatı və
qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları
yetişdirmək məsələsində
mühüm rol oynayır.
İtaliya-Azərbaycan
Universiteti binalarının
təməli 2022-ci ildə
hər iki ölkənin xarici işlər nazirlərinin
iştirakı ilə
Bakıda qoyulub. Universitetə tələbə
qəbulu 2023-cü ildən
magistr səviyyəsində
həyata keçirilir.
Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr,
102-si isə magistr səviyyəsində təhsil
alır. İxtisaslardan
3-ü ikili diplom proqramıdır. Tədris
proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq,
interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd
təsərrüfatı və
qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə
edir. Bakalavr və magistr proqramlarından əlavə,
peşəkarlar üçün
mütəmadi ixtisasartırma
və sertifikat proqramları da həyata keçirilir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya
da fəaliyyət göstərəcək.
Burada memarlığa
aid materiallardan ibarət
kitabxana, şəhərsalma,
landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir.
Yeni binalarda qurulmuş
tədris emalatxanası
isə dərslərin
praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək
üçün texnoloji
və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və
tədqiqatçıların bir yerdə işlədiyi məkandır.
Onların birgə əməyinin nəticəsi
isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi
vasitəsilə sənaye
və biznes strukturlarına çatdırılacaq.
Bir sözlə, bura tədris və tədqiqatın real iş
dünyası ilə birləşdiyi mərkəzdir.
Tədris korpusunda yerləşən
"bazar meydanı" isə
Azərbaycanın tarixi
"İpək Yolu"nun
bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və
müəllimləri ildə
bir dəfə burada bir araya
gələrək öz
layihələri ilə
yarışacaq və
onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər
yerli və beynəlxalq səviyyədə
universitet-sənaye-dövlət arasında üçtərəfli
əməkdaşlığa xidmət göstərəcək.
Prezident İlham
Əliyev bildirib ki, Prezident vəzifəsinə
seçiləndən sonra
demək olar ki, dərhal göstəriş
verib ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı
ali məktəblərinə
Azərbaycan gəncləri
ezam edilsin, onların bütün xərcləri dövlət
tərəfindən ödənilsin
və onlar yaxşı oxuyub Vətənə yaxşı
mütəxəssislər kimi
qayıtsınlar: "Bu günə
qədər dövlət
xətti ilə dünyanın aparıcı
ali məktəblərində
təhsil alan tələbələrin sayı
minlərlə ölçülür.
Ondan sonrakı mərhələdə qərara
gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq
məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə
universitet fəaliyyət
göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir.
Bu universitetin özəlliyi
bundan ibarətdir ki, -
bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulub. Əlbəttə, İtaliya-Azərbaycan strateji
tərəfdaşlıq əlaqələrini
nəzərə alaraq,
biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir".
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, İtaliya-Azərbaycan Universitetinin
açılması iki
ölkə arasında
təhsil, elm və mədəniyyət sahəsində
əməkdaşlığı daha da genişləndirəcək:
"Belə bir ali təhsil ocağının yaradılması
yalnız tədris imkanlarını deyil, həm də gənclərin beynəlxalq
standartlara uyğun bilik və bacarıqlara
yiyələnməsini, Azərbaycanın
qlobal elm məkanına
inteqrasiyasını gücləndirəcək.
İtaliya-Azərbaycan Universitetinin
yaradılması İtaliya
ilə Azərbaycan arasında müəyyən
əlaqələrin daha
da genişləndirilməsinə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş
bir qərardır. Bu universitet hazırda kənd təsərrüfatı
yönümlü ixtisaslarla
yanaşı, dizayn ixtisası üzrə kadrlar hazırlayacaq. İtaliya-Azərbaycan Universitetinin
fakültələri və
ixtisasları hal-hazırda
əmək bazarında
daha çox tələb olunan sahələr üzrə formalaşdırılıb. Həmin
ixtisasları bitirən
məzunların gələcəkdə
daha uğurlu kadrlar kimi əmək
bazarına çıxacağı
gözlənilir".
Təhsil eksperti Rizvan Fikrətoğlunun
sözlərinə görə,
İtaliya-Azərbaycan Universiteti Azərbaycan
təhsil sisteminə bir sıra yeniliklər
gətirəcək. Bu yeniliklərdən
biri də Avropa sisteminin Azərbaycanda tətbiq olunmasıdır: "Bu universitet İtaliya universitetlərinin tədris
petodikası, akademik yanaşmalar Azərbaycana gətiriləcək. Avropa
kredit transfer sistemi həmçinin, keyfiyyat mexanizmləri daha səmərəli tətbiq
olunacaq. Burada təhsil alan tələbələrin diplomu
həm Azərbaycan
da, həm də İtaliya da tanınacaq. Həm Azərbaycan, həm də İtaliya diplomu almış olacaqlar. Həmin tələbələrin
Avropa əmək bazarına çıxışı
asanlaşacaq və xaricə magistatura, doktorantura imkanları genişlənəcək. Bunda
əlaqə, yeni ixtisas
və dərs sistemləri ola bilər, Azərbaycanda boşluq olan mütəxəssis sahələri doldurulacaq, əməkdaşlıq genişlənəcək.
İtaliya universitetləri
ilə birgə labarotoriyaları, tədqiqat
mərkəzlərindən istifadə imkanları olacaq. Tədris mühitində mədəniyyətlərarası
inteqrasiya gözlənilir.
Xarici müəllim,
professor heyətinin cəlb
olunması dərsin keyfiyyətini daha da yüksəldəcək".
Təhsil eksperti qeyd edib
ki, İtaliya-Azərbaycan Universitetinin
açılması digərləri
ali təhsil müəssisələri üçün
rəqabət yaradır:
"Proqramın yenilənməsi,
xarici əməkdaşlığın
güclənməsi və
tədris keyfiyyətinin
yüksəlməsi bir
növ zərurətə
çevrilə bilər.
Bir sözlə, Azərbaycan-İtaliya
universiteti həm tələbələr üçün
yeni imkanlar açacaq,
həm də ölkənin təhsil sistemində Avropa stantardlarının tətbiqinə
nail olunacaq. Tələbələr
semestr tətillərini
və yay məktəblərini
İtaliyada keçirmək
imkanı qazanacaqlar. Dərslərin bir hissəsinin Avropadan gələn müəllimlərin
tədris etməsi ilə elmi yanaşmaları
birbaşa öyrənmə
imkanı yaradacaq".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə
xarici ölkələrin
dünya reytinqli universitetlərinin filiallarının
və birgə fəaliyyət göstərən
ali təhsil ocaqlarının açılması
çox müsbət
bir haldır. Çünki Azərbaycan
Avropa təhsilinə inteqrasiya edir. 2005-ci ildən ölkəmizdə
Bolonya təhsil sisteminə keçid edilib. İtaliya universitetlərinin də Azərbaycanda yaradılması
olduqca mühüm addımdır. Bu ölkənin
universitetləri dünya
reytinqdə olan, müasir dövrün tələblərinə cavab
verən, eyni zamanda özünün maddi-texniki bazasının
güclü olmasına
görə seçilən
universitetlərdir: "İtaliya-Azərbaycan
Universitetinin təsis edilməsi Azərbaycan ali təhsil bazarında rəqabəti
artıracaq. Azərbaycanda
turizm-otelçilik, dizayn-memarlıq
ixtisaslarında xarici ölkələrin, xüsusilə
İtaliya təhsilinin
təcrübəsinə çox
böyük ehtiyac
var. Bu universitetin tədqiqat
mexanizmi ilə yanaşı, praktiki istiqamətdə inkişafı,
praktiki istiqamətdə
fəaliyyəti bizim üçün çox vacibdir. Bizim qarşımızda İtalya-Azərbaycan
Universitetinin timsalında
tədqiqat ilə praktiki istehsalatı sintez olan bir
müəssisə dayanır.
Həmin müəsssisə
Azərbaycan təhsilində
həqiqətən də
böyük bir yenilik gətirəcəyinə
əminəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 3 oktyabr (№179).-S.14.