Ötən günlərin xatirəsi...
Xəyyam Mirzəzadə-90
Hər insanın, xüsusilə
yaradıcı fərdin, yaşamı zamanı ətrafında
kiçik bir dünya yaranır. Həyatı
boyu təsadüf və zərurətdən
doğan yeni ünsiyyət
vasitəsilə həmin
dünyanın sərhədləri
genişlənir, təmasında
olanları öz hərarəti ilə isindirir. Əbədiyyətə
qovuşandan sonra isə ötən günlərdən qalan xatirələr sevənlərinin
qəlbinə köçür.
Bəstəkar Xəyyam Mirzəzadəyə
telefon açan hər kəsin eşitdiyi ilk kəlmə
"...Mirzəzadə" cavabı idi. Həmin jestdə bir rəsmiyyətlik duyulsa da, onu yaxından tanıyanlar belə ünsiyyət üslubunun bəstəkara
xas duzlu yumor hissi ilə
bağlı olduğunu
yaxsı bilirdilər.
Digər tərəfdən,
Xalq rəssamı Böyükağa Mirzəzadə
və Xəyyam müəllim eyni soyadı daşımaqla yanaşı, həyatda yaxın dost idilər. Rəssam ona zəng edənlərə
də "Mirzəzadə"
deyərək cavab verərmiş. Bəstəkar
isə öz növbəsində dostunun
şərəfinə həmin
cavab tərzini mənimsəmişdi.
M.F.Axundov
adına Milli Kitabxananın
otaqlarından birinin divarlarını görkəmli
bəstəkarlarımızın tanınmış fırça
ustalarımız tərəfindən
çəkilən portretləri
bəzəyir. Onlardan
biri B.Mirzəzadənin
"Bəstəkar Xəyyam
Mirzəzadənin portreti"
adlı əsəridir.
İçərişəhər
ruhu
Dünyanın coğrafi xəritəsində
elə tarixi guşələr vardır
ki, əsrlər boyu oralarda istedadlı insanların təbəqəsi
formalaşıb. Sanki Tanrı
tərəfindən proqramlaşdırılan
proses kimi, o məkanda
yetişən zəngin
zəka sahibləri vətənini sərhədlərindən
uzaqlarda layiqincə təmsil etmək missiyasını öz üzərinə götürmüşlər.
Bakının mərkəzində, qala divarlarının əsrlər
boyu qoruduğu İçərişəhərin özünə məxsus mühitində yetişən
şəxsiyyətlər siyahısına
nəzər salsaq, kimləri görmərik? Peşəkar milli bəstəkarlıq
məktəbinin nümayəndələri:
Tofiq Quliyev, Ədilə Hüseynzadə,
"Kəsmə şikəstə"nin
unudulmaz ifaçısı,
xanəndə Fatma Mehrəliyeva,
milli tar ifaçılığının
Mansurovlar səcərəsi,
caz-muğam sintezinin yaradıcısı, pianoçu
Vaqif Mustafazadə,
milli kinomuzun çağdaş
siması rejissor Arif
Babayev, rəssamlıq sənətinin
öncüllərindən Elbəy
Rzaquliyev, tabloları dünya salonlarını bəzəyən Tahir Salahov
və daha kimlər...
Məhz belə bir məkanda
dünyaya göz açan X.Mirzəzadənin bəstəkarlığa
olan marağı Azərbaycan Dövlət Konservatoriyası nəzdində
10 illik musiqi məktəbindəki bəstəkar
Midhət Əhmədovun
"uşaq yaradıcılığı"
sinifinə gətirir.
Üzeyir bəyin xeyir-duası
ilə Sankt-Peterburqda və Bakıda mükəmməl təhsil
almış: "...M.Əhmədovun
milli musiqi mədəniyyətimizdə
ən böyük əməyi... Azərbaycan
bəstəkarlarının böyük bir nəslini yetişdirməsindədir.
İstər konservatoriya
nəzdində 10 illik
orta ixtisas musiqi məktəbində,
istərsə də, musiqi texnikumunda dərs
dediyi müddətdə
M.Əhmədov böyük
sayda istedadlı gəncləri və yeniyetmələri aşkar
etmiş, onların gələcəkdə bəstəkar
kimi yetişməsində
böyük rol oynamışdır..." (Oktay.
"Xalq Cəbhəsi"
qəzeti - 2012. - 12 iyun.
- s.13.)
Tələbə,
həmkar, məsləkdaş
Xəyyam müəllim milli musiqi tariximizin müasirlik sərkərdəsi Qara Qarayevin tələbəsi
olduğu üçün
həmişə fəxr
edərdi. Sonralar bəstəkar müəllimi
haqqında bu fikirləri söyləyirdi:
"...O, bizim hamımızı
daima öz üzərində işləyərək
müxtəlif istiqamətli
mükəmməl mütəxəssis
olmağa çağırırdı.
Bəstəkarlıq sənətində
diletant, yarı peşəkar elementləri,
musiqi folklorundan milli kimliyi göstərmək xətrinə sitat formasında istifadəni qəbul etməyən
"Dəmir əl",
sənətin dərin
qatlarına baş vuraraq öz dəst-xəttimizi tapmağa
yönləndirirdi... Nəticə
etibarı ilə onun sinifindən çıxan çox saylı məzunların fərdi dəst-xətdə
malik mütəxəssisə çevrilməsi, Qara Qarayev şəxsiyyətinin
dahi ucalığının
bir hissəsidir..."
Hər iki şəxsiyyət arasında pedaqoq-tələbə
ünsiyyəti illərin
sınaqlarından ləyaqətlə
çıxaraq sıx
əqidə həmrəyliyinə,
həmkar birliyinə çevrilmişdi. Ustadının
çağdaş estetik
dəyərlərinin carçılarından
biri də Xəyyam Mirzəzadənin
"Oçerklər-63" simfonik poemasının çoxlaylı
məzmununun əsas qayəsində yeni estetik tendensiyalara bir çağırış nidası
vardı. Təsadüfi
deyil ki, əsərin
ilk ifası Bəstəkarlar
İttifaqında müzakirəyə
çıxarılarkən sərt mövqe ilə qarşılanmışdı.
Həmin hadisənin şahidi bəstəkar Fərəc Qarayev çıxışlarının birində X.Mirzəzadənin
ona qarşı ünvanlaran "tutarlı"
iddialara qarşı, dolğun faktlara əsaslanan inamlı müdafiəsini xüsusi
vurğulayır.
Bəstəkarın
vəfatından sonra F.Qarayevlə müsahibə-dialoqunda Rauf Fərhadovun:
"...Xəyyam Mirzəzadə
yaradıcılığı XX-XXI əsr musiqisində üslub vəhdətinin və vahidliyinin son nümunələrindən biridir.
Daim inkişafda olan, təkrarsız bəstəkar
üslubunun tərkibində
50-ci illərin rəngarəng
janrlı əsərlərindən
tutmuş, 60-70-ci illərin
intellektuallıq və
texnoloji təkmilliyinə,
1980-2000-ci illərin fərdi
musiqi dilinin sərhədlərini aşmaq
axtarışlarına qədər
hər özəllik mövcuddur. Xatırlayırsansa,
qərb həmkardan biri belə bir fikir söyləmişdi:
"Dahi əsərlər
digərlərindən həm
də onunla fərqlənir ki, o, yalnız
yaranış tarixində
olan ən yaxşı cəhətləri
özündə ehtiva
etmir, eyni zamanda özünün bir parçasını gələcəkdə müəyyən
edir. Bu fikir elə əsl Xəyyam Mirzəzadə haqqındadır!.." kimi dəyərli
mülahizələri yer
almışdır ("Yol"
jurnalı (№ 4 (70), 2018).
Nostalji
lirika
X.Mirzəzadənin
bəstəkar kimliyi sorğulananda musiqisevərlərin
yaddaşına Bəxtiyar
Vahabzadənin sözlərinə
"Yadındamı" mahnısı
düşür. Müğənni
Oqtay Ağayevin təkrarsız ifasında
səslənən nəğmənin
yaranması bəstəkarın
bu janrda ilk təcrübələrindən biri olmuşdur. Onun atası, görkəmli dilçi
alim Hadı Mirzəzadə
bir gün oğluna yeni poetik addımlarını atan gənc şair Bəxtiyar Vahabzadənin
"Ceyran" adlı
kitabını verir. Məhz həmin şeirlərin birindən
"Yadındamı" adlı
mahnı yaranır.
Həssas dinləyicilər sözügedən
mahnı ilə Bethovenin "Aylı sonata"sının I hissəsinin
müşayiəti arasında
oxşarlıq cizgilərinin
olduğunu hiss ediblər.
Xəyyam müəllim
Vyana klassikinin dünyaca
məşhur sonatasının
özəyi olan romantik motivin B.Vahabzadənin şeirinin fəlsəfi yükündəki fikirlə
ümumi cəhətlərini
duyduğu üçün
müvafiq ifadə vasitəsini seçib.
İllər sonra şair bəstəkarın "Triptix"
adlı ikinci simfoniyasına görə
Dövlət mükafatı
alarkən bu fikirləri söyləmişdir:
"Xəyyam Mirzəzadə
ilə məni uzun illərin şəxsi və yaradıcı ünsiyyəti
bağlayır. O, bir sıra şeirlərimə
müxtəlif ruhlu bəstələr yazmışdır.
Bəstəkarın istər
mahnılarında, istərsə
simfonik yaradıcılığında,
həmçinin ali dövlət mükafatına
layiq görülən
"Triptix" simfoniyasında
diqqətimi bir məqam çəkir. Adı çəkilən
əsərlərdə Avropa
musiqisinin müxtəlif
üslublarından təkanlar
duyulsa da, onun mayasında, gövhərində
milli dayaqlar çox dolğun şəkildə
özünü büruzə
verir".
Bəstəkar mahnı yaradıcılığında
nostalji hisslərin əks olunduğu mətnlərə üstünlük
verir. Məsələn,
Nəriman Həsənzadənin
sözlərinə yazdığı
"Yaşıl söyüd"ün:
O, burdan gedəli
mən bura gəlmirəm.
Soruşma niyə bəs?
Bilmirəm, bilmirəm, ay yaşıl
söyüd
misralarında, eləcə də Anarın "Qayalar", Nəbi Xəzrinin "Bir
səhər" şeirlərinə
həzin nəğmələrdə
qeyd elədiyim fikirlər sezilir.
Nəriman müəllim xatırlayır:
"Xəyyam Mirzəzadə
kimi mürəkkəb
dramaturji simfonik yaradıcılığa üstünlük
verən sənətkarlar
mahnı janrına ara-sıra müraciət edirlər. Estrada musiqisi kimi kütləvi janrda hər müəllifin yaratdığı
mahnının həyata
vəsiqəsi uzunömürlü
olmur. Lakin X.Mirzəzadənin
düzgün yaradıcı
mövqeyi, yaratdığı
bu səpkili nəğmələrin indi
də gündəmdə
olmasını şərtləndirir.
70-ci illərin ortalarında
Xəyyam müəllim
yeni mahnı üçün
şeirlərimi xahiş
elədi. Mən yenicə çapdan çıxan kitabımı
ona hədiyyə göndərdim. "Yaşıl
söyüd" mahnısının
yaranışı belə
oldu. Şadam ki, belə qüdrətli sənətkarla yaradıcı
ünsiyyət mənə
də nəsib olub..."
Kino musiqi dramaturqu
Hamıya bəllidir ki, bədii filmin bir çox
məna çalarlarını
duymaq və musiqi vasitəsilə ümumi dramaturji xəttin tamlığına
nail olmaq bəstəkardan
çevik yaradıcı
həllər tələb
edir. Bu baxımdan Qara Qarayev kino musiqini bəstəkar üçün gözəl
treninq adlandırırdı.
Xəyyam Mirzəzadənin bu sahəyə ilk gəlişi
1961-ci ildə rejissor Əlisəttar Atakişiyevin
"Bizim küçə"
bədii filmi ilə bağlıdır. Həmin
illərdə bəstəkarlıq
kafedrasının buraxılış
imtahanları filarmoniyada,
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında keçirilirdi. Bu tədbirə
musiqi ictimaiyyətinin
nümayəndələri ilə
yanaşı, teatrların,
kinostudiyanın rejissorları,
musiqi redaktorları dəvət olunardı. Müstəqil yaradıcı
həyata başlamaq istəyən bəstəkarların
ictimaiyyətlə ilk tanışlığı
bu səpgidə baş verirdi.
Xəyyam müəllim bu barədə söhbətlərimizin
birində demişdi:
"Milli kinomuzun azman
rejissorlarından biri Əlisəttar müəllimin
mənə - gənc,
mövcud sahədə
təcrübəsi olmayan
bəstəkara - əməkdaşlıq
təklifi gözlənilməz
oldu. Adətən belə qisim sənətkarlar bərkə-boşa
düşərək püxtələşmiş
mütəxəssislərlə işləməyi xoşlayırlar.
Amma Əlisəttar müəllim
mənim diplom işimin səslənməsindən
müsbət təəssürat
aldığını bildirəndə
göstərilən etimaddan
məmnun oldum".
Bəstəkar ümumən 40 filmə musiqi yazmışdır. Həmin ekran əsərlərinə baxarkən
kadrlarda bütün iştirakçı və
elementlərin fərdi
cizgilərinin musiqi vasitəsilə qabardılması
diqqəti cəlb edir. Digər tərəfdən bəstəkarı
təkcə ümumi planda yox, həmçinin
epizodlarda yer alan obrazların daxili aləminin təsviri xüsusi olaraq maraqlandırır.
Rejissor Arif Babayevin yazıçı
Elçinin "Ox kimi
bıçaq" kinopovesti
əsasında çəkilən
"Arxadan vurulan zərbə" filmində
əsas diqqət insanın tale qismətini dəyişən obyektiv və subyektiv səbəblər üzərinə
yönləndirilib.
Film dedektiv janrda
çəkilib. Bölgələrin
birində müəmmalı
qətl hadisəsinin açılması üçün
müstəntiq, mayor Gündüz
Kərimbəylinin (Şahmar
Ələkbərov) rəhbərliyi
ilə aparılan tədqiqat prosesi nəticəsində baş
verən qətlin əsl səbəb və günahkarının
tapılmasına qədər
mürəkkəb hadisələr
baş verir. Kinolentin əvvəlində
hüquq-mühafizə orqanları
cinayət baş vermiş məkanda ilkin tədqiqat aparırlar. Həmin vaxt fonda təkrarlanan
musiqi xarakter etibarı ilə prokuror (Adil İsgəndərov),
kapitan Cabbarov (Ələsgər İbrahimov) və
kriminal ekspertin (Nicat Bəkirzadə) dialoqundan hiss olunan çaşqınlıq və
narahat hissləri ilə səsləşir.
Xüsusilə, eskpertin
prokurora müraciətlə,
üzərində "A.Q." baş hərfləri əks olunduğu portsiqarı
nümayiş etdirərkən,
sonuncunun: "A.Q. bu, hələ heç nə demir" replikasının səsləndiyi
zaman bəstəkar trubaların
ifasında dissonans akkordla növbəti epizoda bağlantı yaradır.
Söhbət etdiyimiz epizodun ardınca məkan lokomotivin hərəkət
etdirdiyi sərnişin
qatarının gəlişi
təsvir olunan dəmir yolu körpüsünə dəyişilir.
Musiqi materialının
tətbiqi baxımdan bəstəkar da, mexaniki və təbii səslənmə anlarını
montaj vasitəsilə
əlaqələndirir. Yəni
lokomotivin hərəkəti
zamanı xəbərdarlıq
fiti ilə trubaların dissonansı üst-üstə düşür.
Qatar təkərlərinin xarakterik
ritmik səslənişi
ardınca dərhal
fortepiano passajlarından təkan
alan orkestrin müdaxiləsi baş verir. Bəstəkarın mövcud janrda daha bir cəhəti
- kadrlardakı hərəkətin
sinxronluğu ilə musiqi materialının səsləniş zamanının
saniyə hesabı qədər uyğunlaşdırılmasıdır.
Musiqinin susması ilə qatar dəmir yol stansiyasında dayandıqda
Xan Şuşinskinin ifasında
"Küçələrə su səpmişəm" xalq mahnısının
lent yazısı eşidilir.
"Küçələrə su səpmişəm" məqam istinadı baxımdan "Bayatı Şiraz" üstündədir.
Epizodda səslənən
orijinal musiqi materialı isə "Humayun"a bağlıdır.
Nəzəri və praktiki tərəfdən hər iki məqam
arasında intonasiya uyğunluğu vardır. Həm də "Humayun"unun "Şüştər"ə
keçidi məqamlar
arasında intonasiya qohumluğunu gücləndirir.
Nəticədə orijinal
bəstə ilə xalq mahnısı arasında məntiqli ahəng bağlılığı
yaranır. Eyni halı rejissor Tofiq Tağızadənin
"Yeddi oğul istərəm" bədii
filmində Cəlalın
ölüm səhnəsinin
"Yanıq Kərəmi"
aşıq havasından
orijinal musiqiyə keçiddə görürük.
"Arxadan vurulan
zərbə" kino filminin
süjet xəttində
müəlliflər həbsxana
cəzası çəkərək
yenidən azadlıqda
sakit, normal yaşam tərzinə dönmək
istəyən şəxsin
rastlaşdığı süni
problemlərini də qabardırlar. Qətl hadisəsi baş verən bölgədə
İmaş (Hamlet Xanızadə)
adlı keçmiş
məhkumun əleyhinə
faktların üst-üstə
düşməsi, ona
qarşı "şübhələrin"
yaranmasını şərtləndirir.
G.Kərimbəylinin də, ilkin müşahidələrindən
aldığı aldadıcı
təəssürat İmaşa
qarşı yanlış
mövqe nümayişinə
gətirib çıxarır.
Amma proseslərin gözlənilməz
gedişatı əsl
həqiqətin başqa
səmtdə olduğunu
şərtləndirir. Qətl
baş verən məkanı yenidən nəzərdən keçirərkən
G.Kərimbəylinin İmaşa ünvanladığı:
"Niyə işləmirsən?"
sualına İmaş:
- "Məsəl var, naçalnik,
deyərlər: "İgidin
adı çıxınca
canı çıxsa,
yaxşıdır". Oğru
İmaşa iş verən kim, onunla işləyən kim... İçim özümü yandırır,
çölüm özgəni.
Mən bir də ora qayıtmaq
istəmirəm..." sözləri
ilə keçmişlə
əlaqəni tam kəsib
yeni həyata başlamaq
istəyini büruzə
verir. Həmin səhnənin gedişatı
boyu fleyta, klavisin və simli orkestrin ifasında
barokko ruhlu melodiya İmaşın daxili aləminin səmiyyətini əks etdirir.
Professor Mirzəzadənin
sinifində...
Xəyyam müəllim 1957-ci ildən
2005-ci ilə qədər
Ü.Hacıbəyli adına BMA-nın bəstəkarlıq kafedrasında
məhsuldar pedaqoji və ictimai fəaliyyətlə məşğul
olmuşdur. Bu illər
ərzində Qara Qarayevin pedaqoji prinsiplərinə söykənən
metodikası ilə çoxsaylı bəstəkar
kadrları yetişdirmişdir.
Onlardan iki məzunun müəllimləri
haqqında xatirəsini
burada yerləşdirmək
istərdim.
Xalq artisti,
Prezident təqaüdçüsü,
bəstəkar Sərdar
Fərəcov: "Əgər
Xəyyam Mirzəzadəni
xarakterizə etmək
istəsəm, onu böyük musiqiçi, böyük müəllim,
böyük insan kimi dəyərləndirərdim.
Mənim onunla qiyabi tanışlığım
hələ A.Zeynallı
adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsil aldığım zamandan başlayır. Dövlət
filarmoniyasında bəstəkarların
növbəti plenumu çərçivəsində konsert keçilirdi. Proqramda müxtəlif bəstəkarların əsərləri
ilə yanaşı,
Xəyyam müəllimin
də, Bəxtiyar Vahabzadənin sözlərinə
xor və simfonik orkestr üçün odası səsləndi. Açığı,
başqa bəstələrlə
müqayisədə, onun
yaratdığını aydın
intonasiyalı faktura, orkestrin
ayrı-ayrılıqda tərkiblərinin
tarazlı ahəngi və nəhayət xor ilə münasibətdə
dəqiq düşünülmüş
ansambl fərqləndirirdi.
Həmin konsert mənim bəstəkarlıq
ixtisası üzrə
gələcək təhsil
taleyimin həllində
ilk mərhələ oldu.
Nəhayət Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasına qəbul
olunduqdan sonra bölgü əsasında
Xəyyam Mirzəzadənin
sinifinə düşdüm.
Hələ qəbul imtahanları qabağı onun ağır xasiyyətli, zəhmli birisi olduğunu çox eşitmişdim. Lakin özü
ilə müəllim-tələbə
müstəvisində qarşılaşarkən
duyduqlarımla müqayisədə
tam fərqli mənzərə
ilə qarşılaşdım.
O, tələbələrinə qarşı həmişə
tələbkar olmaqla yanaşı, qayğıkeş
Ustad idi. Klassik bəstəkarlıq ənənələrinə
sadiq qalaraq hansı üslub və janrdan asılı olmayaraq, bizdən çox diqqətli olmağı, yüngül araşdırıcı
yollardan çəkinərək
hər xanəni kamil şəkildə ərsəyə gətirməyi
tələb edirdi. Yaxsı xatırlayıram,
I kursda ilk prelüdümün
iyirmi dörd variantda işlədikdən
sonra, ancaq dekabr ayında onun qane olduğu
nümunəni ərsəyə
gətirdim.
Xəyyam müəllimlə münasibətdə
təhsil illərim çox maraqlı və məhsuldar keçirdi. Texnikumda oxuduğum zaman bəstəkarlıq
üzrə müəllimim
Əziz Əzizli olmuşdu. Q.Qarayev
sinifinin məzunlarından
biri, olduqca intellektual və alicənab Əziz müəllim, bəstəkarlıq
haqqında müfəssəl
bilgilərini mənimlə
bölüşür, yazdığım
əsərlərdə artıq,
ya əskik tərəflərinin müxtəlif
həll yollarını
göstərirdi. Ali təhsil
ocağında isə
X.Mirzəzadə tərəfindən ilk müəllimimdən
aldığım baza
yüksək səviyyədə
inkişaf olundu.
Onun bəstəkar
kimi milli musiqi tariximizdə yeri və rolunun uzun illərinin elmi tədqiqat işlərinin materialı
olacağına şübhə
etmirəm. Çünki
uşaq-gənclər üçün
yaratdıqlarından başlayaraq, kamera
instrumental və simfonik
opuslara qədər Xəyyam Mirzəzadə imzası dərin özüllü peşəkarlıq
nümunəsidir. Həmin
əsərlərin yaranması
müəllifin gərgin
intellektual zəhmətinin
məhsulu idi. X.Mirzəzadə imzasının
əzəmətli mövqeyi
həm sağlığında,
həm də haqq dünyasının əbədi sakini olduğu zamanda da, bizi daima düşündürür,
maraqlandırır və
həmişə bu mövqedə olacaq. Ruhu şad olsun".
Almaniyanın Detmold Musiqi Akademiyasının və Paderborn Universitetinin
dosenti, Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru bəstəkar və müsiqişünas
Xədicə Zeynalova: "Sevimli
professorum, yubilyar Xəyyam Mirzəzadə haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hələ də inana bilmirəm ki, artıq o, həyatda yoxdur. Xəyyam müəllim təkcə
Bakı Musiqi Akademiyasında bəstəkarlıq
sinfinin pedaqoqu deyildi - bir sözlə,
əsl Maestro idi!
O, məsuliyyətli peşəkarlığının
ən böyük göstəricisi idi. Mən öz müəllimimdən bəstəkarlıq,
orkestrləşdirmə, musiqi
forması, musiqi analizi və ən əsası - dəqiqlik öyrəndim.
O, hərtərəfli və
yüksək erudisiyalı,
xalq dili ilə desək, "Allah vergisi" olan bir müəllim idi.
Xatırlayıram ki, ilk dəfə onun sinfinə gedəndə çox həyəcanlı
idim. Amma o, məni gülərüz, səmimi
qarşıladı və
bu, mənim qorxumu aradan qaldırdı. Kursumda onun sinfində olan yeganə tələbə idim. Xəyyam müəllim məni həm xarakterim, həm də çalışqanlığıma
görə sevir və başqalarına həmişə nümunə
göstərirdi.
Onun dərsləri
açıq keçirilirdi
- hər tələbə
digərinin əsərini
dinləyə bilərdi.
Bu, həm maraqlı, həm də məsuliyyətli idi. Hər dəfə yeni əsər aparanda çox həyəcanlanırdım:
"Görəsən, müəllimim
nə deyəcək?"
Mənim tələbəlik illərim
onun rəhbərliyi altında çox məhsuldar olmuşdur - bu müddət ərzində simfonik poemalar, kvartet, preludiyalar, sonata, variasiyalar
və hətta solo arfa və orkestr
üçün konsert
yazdım. İndiyə
qədər də hər yeni əsərimi bitirəndə düşünürəm:
"Görəsən, bu
əsəri Xəyyam
müəllim bəyənərdi?
O, mənim işimdən
razı qalardımı?"
Onun incə,
amma iti tənqidləri
həmişə tutarlı
olurdu. "Yaxşı,
keyfiyyətli musiqi yazmaq lazımdır, ucuz bir şey
yox!" devizi ilə əsl sənətlə orta səviyyəli əsərlər
arasında aydın sərhəd çəkirdi.
Görüşlərimizin birində Xəyyam müəllimə dissertasiyamda
onun əsərini təhlil edəcəyimi deyəndə çox sevindi. "Concerto grosso" əsərinin
partiturasını mənə
verərkən öz maraqlı fikirlərini və tövsiyələrini
söylədi. Almaniyada
çıxan kitabımın
ilk nüsxəsini məhz
ona hədiyyə etdim. Bu, mənim üçün böyük
şərəf idi.
Mən çox xoşbəxt və şanslıyam ki, həyatımda mənim belə bir professorum
olub. Onun musiqisi və şəxsiyyəti mənim
qəlbimdə həmişə
yaşayacaq. Mənim üçün Xəyyam
Mirzəzadə - müəllim,
maestro, bəstəkar, sənət
fədaisi və unudulmaz bir insan
olaraq qalacaq".
Gələcəyə
ümidlərlə
Oktyabrın 5-i Xəyyam müəllimin
90-cı mövlududur. "Əvəzolunmaz
insan yoxdur" kimi bir klassik
ifadə var. Bu fikrin kim tərəfindən səsləndirildiyini bilməsəm
də, kiçik bir düzəliş etmək istərdim: "Əvəzolunmaz insan çoxdur". Son illərdə
milli mədəniyyətimizdə baş verən və yeri görünən
itkilər sırasının
sürətlə genişlənməsi
ilə yaranan boşluğun dərinləşdirdiyi
böhran bunu deməyə əsas verir.
Bu məqamda bəstəkarın
daha bir tələbəsi, hal-hazırda
Qarabağ Universitetində
İncəsənət fakültəsinin
dekanı Türkər
Qasımzadənin Ustadı
haqqında aşağıdakı
tezislərini sadalamaq yerinə düşər:
"- Xəyyam müəllim
yaşadığı dövrdə
Azərbaycan bəstəkar
musiqisinin vicdanı idi.
- Xəyyam müəllim
yüksək peşəkarlıq
nümunəsi idi ki,
o nümunənin yerləşdiyi
məqama yetişmək
və o akustikada yaşamaq üçün
can atmalısan. Yalnız
bu halda nəyəsə nail olmaq mümkündür. Bu proses nəticədən
asılı olmayaraq davamlı və ömürlük olmalıdır.
- Xəyyam müəllim
Qara Qarayevin də təbirincə özündən sonra ən uğurlu bəstəkarlıq müəllimi
nümunəsidir, yəni
əsl ustaddır. Əsl ustad isə tələbəsini özünə
oxşatmağın yerinə
ondakı özünəməxsus
xüsusiyyətləri aşkar
edib inkişaf etdirəndir".
Yuxarıdakı fikrin davamı olaraq X.Mirzəzadənin
vətəndaş mövqeyinə
toxunmaq istərdim. Sənətinə sonsuz sadiq olan, eyni
zamanda qeyri-peşəkarlığa
barışmaz əqidə
nümayiş göstərən
sənətkarı təhsildə,
mədəniyyətdə, incəsənətin
təbliğ və təşviqi baxımdan baş verən neqativ məqamlar çox narahat edirdi. Bacarıqlı yazar qələminə
malik bəstəkar publisistik
məqalələrdə, müsahibələrdə
musiqi sənətinin problemli durumu haqqında mütəmadi fikirlər səsləndirir,
mövcud vəziyyətdən
təhlil olunaraq çıxış yollarını
təklif edirdi. Razılaşaq ki, onun timsalında nüfuzlu və ciddi sənət
nailiyyətli peşəkarın
tövsiyələri boş
sözlərdən ibarət
olmazdı. Məsələn,
2005-ci ildə müəllifi
olduğu "Çox
not yazısı hələ
simfoniya deyil" məqaləsində
musiqi sahəsində görülən təhlükələrin
qarşısının alınmayacağı
təqdirdə hansı
fəsadlar törədəcəyini
öncədən demişdi.
Onlardan ikisinə toxunmaq istədim. Xəyyam müəllim musiqi təhsili sahəsində ibtidaidən
aliyə qədər pedaqoji kadrların hazırlıq səviyyəsinin
kifayət qədər
yüksək olmamasını
xüsusi olaraq vurğulayırdı. Digər
tərəfdən bəstəkarlıq
sənətinə yüngül,
əyləncəli peşə
münasibətinin sərgilənməsinin
akademik musiqi strategiyasının inkişafına
ciddi maneə olacağını səsləndirirdi.
Artıq bizi həmin zamandan iyirmi il ayırır. Bəstəkarın
o zaman döyəclədiyi həyəcan təbilinin sədası bütün açıqlığı ilə
özünü büruzə
verir. Bu il Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin sistemindəki
musiqi və incəsənət məktəblərində
çalışan təhsilverənlərin
peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi
məqsədilə əmək
qanunvericiliyinin tələbləri
əsasında attestasiyası
həyata keçirildi.
Həmin tədbir mövcud sahədə çox ciddi problemlərin tam açıqlığı
ilə üzə çıxartdı. Attestasiya
zamanı bir çox məktəblərdə
pedaqoji kontingentin bir hissəsinin heç bir peşəkar meyarlara cavab vermədiyi müəyyənləşdi. İndi təsəvvür edin ki, həmin "müəllim"lər
şagirdlərə necə
dərslər keçiblər,
onların ilkin təfəkkürlərinin formalaşmasına
necə arzu olunmaz zərər yetiriblər.
Müasir media sahəsinin akademik musiqi cameəsi, xüsusilə bəstəkar
zümrəsi ilə təbliğat-təşviqat baxımdan
peşəkar ilişgiləri
ürəkaçan vəziyyətdə
deyil. Belə ki, ekran-efirdə mahnı adı altında keyfiyyətsiz "musiqi inciləri"nin sürətlə
artması bu sahədə "zərbəçi
sənətkar təbəqəsinin"
yaranmasının sərgiləmişdir.
İllər boyu davamlı neqativ proseslər cəmiyyətdə
bəstəkar anlayışının
nüfuzdan düşərək
cılızlaşması təhlükəsi
yaratmışdır. Nəticədə
kəmiyyət çoxluğu
keyfiyyət səviyyəsinin
aşağılamasına səbəb
olmuşdur. Di gəl
ki, Xəyyam Mirzəzadənin
timsalında, ciddi musiqi sahəsində dəyərli bəstələr
irsinə malik neçə-neçə
bəstəkarın yaradıcılığında
mahnı janrında müəllif olduqları qiymətli nümunələr
az deyil. Bu həqiqət bir daha onu deməyə
əsas verir ki, bəstəkar musiqinin istənilən janrında
əsl peşəkar mövqe göstərərkən
yaratdığı əsərlər
əbədi yaşam dəyərini qazanır. Görünür, müasir
müğənnilərin retro mahnılara doğru marağının artmasının
əsas səbəbi də sadalanan amillərdir.
Amma son dövrlərdə akademik bəstəkar musiqisi sahəsində ümidverici hadisələr
də baş verməkdədir. Artıq
beşinci mövsümdür
Bakı Müasir Musiqi Cəmiyyəti keçdikcə püxtələşərək
yeni ideyalarla diqqəti
cəlb edir. BMMC-nin tərkibində yaranan Cadenza kamera orkestrinin müxtəlif nəsil milli və xarici bəstəkarlarla fəal əməkdaşlığı
nəticəsində dinləyicilər
yeni əsərlərlə tanış olurlar. Əlavə olaraq cəmiyyətin təsis etdiyi Bakı Müasir Musiqi günləri çərçivəsində
həyat keçirilən
maraqlı layihələr
rəngarəngliyi ilə
seçilir. Yeri gəlmişkən, həm
təşkilati, həm
də yaradıcı müstəvidə aktiv üzvlər içərisində
Xəyyam müəllimin
yetirmələri az deyil. Deməli, hələ hər şey itirilməyib. Adətən yenilik özündən əvvəlki
keçmişin dayaqları
üzərində qurulur.
Təbii əgər
həmin keçmiş
möhkəm özül
üzərindədirsə... Ümidimizi itirməyək.
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru
525-ci qəzet. - 2025.- 3 oktyabr
(№179).-S.12-13.