Azərbaycan-İtaliya strateji
tərəfdaşlığı
Azərbaycanın xarici siyasət kursunda Avropa İttifaqı ilə əməkdaşlıq, xüsusilə
İtaliya ilə strateji tərəfdaşlıq
xüsusi yer tutur. İtaliya Prezidentinin 2025-ci ilin sentyabrında Azərbaycana
həyata keçirdiyi
rəsmi səfər və dövlət başçıları arasında
keçirilmiş görüşlər
iki ölkə arasında çoxşaxəli
münasibətlərin yüksək
səviyyəsini bir daha nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin
mətbuata verdiyi bəyanatda vurğulandığı
kimi, Azərbaycan və İtaliya arasında əlaqələr
yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda enerji
təhlükəsizliyi, elm, təhsil və mədəniyyət sahələrində
də uğurla inkişaf edir.
Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasından
etibarən ikitərəfli
əlaqələr ardıcıl
olaraq genişlənmişdir.
Xüsusilə 2015-ci ildə
imzalanmış Strateji
Tərəfdaşlıq haqqında
Birgə Bəyannamə
və 2020-ci ildə təsbit olunmuş Hərtərəfli Strateji
Tərəfdaşlıq haqqında
sənəd iki ölkənin münasibətlərinə
yeni məzmun qazandırmışdır.
Bu sənədlər yalnız
siyasi iradənin ifadəsi olmaqla kifayətlənməyib, real əməkdaşlıq
layihələrinin də
əsasını qoymuşdur.
Son yeddi il ərzində
dövlət başçılarının
qarşılıqlı səfərləri
və yüksək səviyyəli görüşləri
bu münasibətlərin
davamlılığını təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri, eləcə
də İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana
ikinci dəfə rəsmi səfəri strateji tərəfdaşlığın
güclü siyasi bazasının olduğunu
sübut edir.
Azərbaycan-İtaliya
əlaqələrinin əsas
dayaqlarından biri enerji sektorudur. İtaliya Azərbaycanın
neft və qazının əsas alıcısı kimi çıxış edir.
Hazırda Azərbaycan
nefti İtaliyanın neft balansında birinci, Azərbaycan qazı isə ikinci yeri tutur.
TAP (Trans-Adriatik Qaz
Kəməri) layihəsi
bu əməkdaşlığın
bariz nümunəsidir.
2020-ci ildən etibarən
TAP vasitəsilə Azərbaycan
qazı İtaliyaya və Avropanın digər ölkələrinə
ixrac olunmaqdadır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu
layihənin icrası zamanı İtaliya Prezidenti şəxsən təşəbbüslə çıxış
etmiş, mövcud çətinliklərin aradan
qaldırılmasına mühüm
töhfə vermişdir.
Nəticədə, Azərbaycan
bu gün 14 ölkəyə təbii qaz ixrac edən
etibarlı tərəfdaş
kimi tanınır və boru kəmərlərinin
coğrafi əhatəsinə
görə dünyada
birinci yerdədir.
Enerji əməkdaşlığı
təkcə qaz və neftlə məhdudlaşmır. Hazırda
Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində
də mühüm təşəbbüslər həyata
keçirir. Xəzər
dibi ilə çəkiləcək kabel
layihəsi gələcəkdə
Orta Asiyadan Avropaya enerji transferini təmin edəcək. Bu isə Azərbaycan-İtaliya əməkdaşlığının
yeni mərhələyə qədəm qoymasının
göstəricisidir.
İki ölkə arasındakı
əməkdaşlığın mühüm istiqamətlərindən
biri də humanitar sferadır. Prezident Mattarellanın cari səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin
açılışı bu əməkdaşlığın
ən mühüm nailiyyətlərindən biri
oldu.
2020-ci ildə Prezident
İlham Əliyevin təşəbbüsü
ilə əsası qoyulan bu layihə
2022-ci ildə ADA Universiteti
ilə İtaliyanın
beş aparıcı ali təhsil müəssisəsi arasında
imzalanmış əməkdaşlıq
sazişləri əsasında
gerçəkləşmişdir. Hazırda universitetdə 8
bakalavr və 2 magistr proqramı üzrə 640-dan çox
tələbə təhsil
alır. Tədris sahələri mühəndislik,
memarlıq, kənd təsərrüfatı texnologiyaları,
menecment və dizayn ixtisaslarını əhatə edir.
Universitetin müasir laboratoriyaları,
ikili diplom proqramları və beynəlxalq akademik mühit iki ölkənin elmi və mədəni inteqrasiyasına xidmət edir. Burada yetişən
tələbələr yalnız
peşəkar biliklərə
deyil, həm də Azərbaycan-İtaliya
dostluğunun daşıyıcılarına
çevrilirlər.
Azərbaycan-Avropa İttifaqı münasibətlərində
İtaliya hər zaman
körpü rolunu oynayıb. İtaliya Azərbaycanın enerji layihələrinin reallaşmasında
dəstək göstərməklə
yanaşı, Bakı
ilə Brüssel arasında dialoqun inkişafında da mühüm
vasitəçi kimi çıxış edir.
Son illərdə Aİ-Azərbaycan
əlaqələrində müşahidə
olunan müsbət dinamika məhz İtaliyanın dost mövqeyi
və səmərəli
təşəbbüsləri ilə də bağlıdır.
Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq münasibətləri
bu gün artıq sadəcə diplomatik və iqtisadi müstəvidə
deyil, həm də genişmiqyaslı humanitar və elmi layihələrlə özünü göstərir.
Enerji təhlükəsizliyi,
yeni nəsil təhsil
layihələri və
Avropa İttifaqı ilə əməkdaşlıq
istiqamətlərində əldə
olunmuş nailiyyətlər
bu münasibətlərin
davamlı inkişafını
təmin edir.
Prezident cənab İlham Əliyevin
də bəyan etdiyi kimi, Azərbaycan-İtaliya
tərəfdaşlığı rəsmi sənədlərdə
deyil, real həyatda və konkret layihələrdə öz
əksini tapır. Bu münasibətlər bir-birindən
uzaqda yerləşən
ölkələrin necə
səmərəli əməkdaşlıq
qura biləcəyinin nümunəsi olaraq beynəlxalq münasibətlər
sisteminə töhfə
verir.
Şəfa Qurbanova
525-ci qəzet.- 2025.-3 oktyabr (№179).- S.7.