"Olduğu kimi qalsalar, şəhərlər də
ölümə məhkum
olarlar"
ƏMƏKDAR
MEMAR ELBAY QASIMZADƏ: "YAŞIMA BAXMAYARAQ,
HƏMİŞƏ İRƏLİ GEDİRƏM, HƏR
ZAMAN GƏLƏCƏYİ
FİKİRLƏŞİRƏM"
Memarlıq yalnız daş,
kərpic, dəmir parçalarının məhsulu
deyil. Memarlıq ilk növbədə insan düşüncəsinin, onun
estetik zövqünün
və duyğusunun, bir də zamanın
yaddaşının harmoniyasıdır.
Memarlıq insanla məkan arasında bir ünsiyyət yaratmaq, onun formasına bir mənəvi dərinlik qatmaq və sonunda həmin məkana bir kimlik bəxş etməkdir. Əsl memarlıq odur ki, o, həm sənətdir, həm fəlsəfədir,
həm də insanın özünü
dərk etməsidir.
Bakı
sıradan bir şəhər deyil. Bu şəhər zamanın
memarlıq dili ilə danışan canlı bir varlıqdır. Onun hər küçəsində
bir hekayə, hər binasında dövrün nəfəsi
yaşayır. Neft qoxusuna qarışan xəzri küləyi bəzən Avropa üslubundan boylanan eyvanlara, bəzən isə sovet modernizminin ruhuna toxunaraq, nə vaxtsa bu şəhərin
taleyini yazıb. Bakıya diqqətlə, sevgi ilə baxanda adama elə
gəlir ki, şəhər
öz tarixini addımbaaddım danışır.
Bir tərəfdə sükuta
qərq olan Qız Qalası, o biri tərəfdə İçərişəhərin dolanbac küçələrindən
boylanan minillik izlərin sirri hələ də yatıb. Bir əsrin içində dəyişən
şəhərlər az
olmadı, amma Bakı özü kimi qalmağı bacardı. O, keçmişinin
yaddaşını da, bu
gününün nəfəsini
də özündə
daşıya bildi. Qala divarlarından "Alov qüllələri"nə
qədər uzanan memarlıq zənciri bir millətin daş üzərinə hopmuş tarixidir. Bu şəhərdə memarlıq
yalnız sənət
deyil, həm yaddaşdır, həm də kimlik...
Müsahibimiz bu kimliyi yaşadanlardan biri - Azərbaycan Memarlar İttifaqının İdarə
Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadədir.
- Unikal arxitekturaya malik bir binada yerləşir
Memarlar İttifaqı,
sanki adına uyğun məxsusi seçilib...
- Bina məşhur dəyirmançı
və milyonçu Ağabala Quliyevin mülki olub, özü və ailəsinin yaşayışı
üçün ikimərtəbəli
bu binanı tikdirib. Binanın memarı əslən polyak Yevgeni Skibinski Azərbaycanda doğulub, Azərbaycanda yaşayıb.
Yəqin ki, böyük
zala daxil olanda portalı gördünüz. Həmin
portalın kənarlarına
Quran ayələri həkk
olunub. Ola bilsin ki, bunu mülkiyyətçi
özü istəyib,
lakin memarın bu istəyə hörmətlə yanaşmağı
ilə bərabər,
özünün də
məharəti göz
önündədir.
Burada kiçik bir haşiyə yerinə düşər: "XIX əsrin
sonlarında Bakının
mərkəzində Avropa
memarlığının müxtəlif
çalarları ilə
stilistik istiqamət meydana gəlmişdi. Avropadan dəvət olunmuş memarlar layihələrində əsasən
eklektika və modern üslubundan istifadə etsələr də, bir sıra hallarda
milli və romantik istiqamətdə binalar da tikirdilər. Bu dövrdə
təkcə Bakıda
deyil, İranda, Şimali Qafqazda və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə
səyahət edən,
"un kralı" kimi
tanınan Ağabala Quliyev özünə məxsus torpaq sahəsində yerli memarlığın ənənələrində
ev tikdirməyi qərara alır. O, şəhər tikililərində
istifadə olunan Avropa stilistikasına etirazını bildirdiyindən,
polyak əsilli şamaxılı memar
Yevgeni Skibinskini dəvət
edərək milli-romantik
ruhda tikdirmək istədiyi evin layihəsini ona sifariş edib. Memar sifarişçinin istəyinə hörmətlə
yanaşaraq, layihəni
tez zamanda hazırlayıb. Şirvanşahlar
sarayı yaxınlıqda
yerləşdiyi üçün
bina bu qədim
kompleksin memarlığının
təsiri altında tikilib. Memar evin planını sadə həll edərək, bütün
bəzəkləri fasad
və interyerlərdə
üzə çıxarıb.
İnteryer rəsmlərini
işləmək üçün
Rusiyadan dəvət olunan rəssam Vladimir Durov sifarişçinin zövqünü nəzərə
alaraq divarlarda Şərq mövzusunda pannolar əks etdirib" (irs.gov portalından).
- Memarlığı seçməyinizi
ata yolunun davamı hesab etmək olar...
- Sualınız mənə
otuz il əvvəl Ulu
öndərlə görüşlərimizin
birini xatırlatdı,
çünki məhz
bu mövzuya toxunmuşdum. Maraqlı olarsa, danışım.
- Buyurun...
- Ulu öndər ona təqdim olunan bir layihəyə baxırdı və cizgiləri çox yaxşı oxuyurdu. Gördüm ki, plan quruluşuna
baxanda asanlıqla onun izahını verir, fikrini bildirir. Soruşdum ki, cənab Prezident, nə yaxşı bu planları oxuyursunuz? Dedi ki, memarlıq fakültəsində
oxuyanda müəllimlərim
mənə bunları
öyrədib, heyif
ki, müharibə təhsilimin
yarımçıq qalmasına
səbəb oldu. Dedim ki, peşəkar memarlar tanıyıram, planı kəsimdən ayıra bilmir. Gülüb dedi ki, elə memar var? Cavab verdim ki, var. Üzümə baxıb dedi: sən xoşbəxt adamsan ki, memar olmaq istəmisən
və olmusan. Amma mənə bu, qismət olmadı. Söhbətin səmimi davam etdiyini görüb dedim ki, mən heç vaxt memar olmaq
istəməmişəm. Təəccüb
içində soruşdu
ki, necə istəməmisən,
axı sənin atan da memar olub?
Dedim ki, bəli, atam da, böyük bacım da memar idilər. Nəsildə memar çox olub, çünki hamısı atama baxıb bu sənətin
arxasınca gediblər.
- Amma sonunda istəməyərək
belə, memar olmusunuz, hətta şəhərin Baş memarı pilləsinə qədər ucala bilmisiniz...
- İndi
də memarlığa
getməyimin tarixçəsini
sizə danışım.
Arzum diplomat olmaq idi və buna hazırlaşırdım. Humanitar
fənləri yaxşı
bilirdim və onlara meyilli idim. Məktəbi
1966-cı ildə bitirmişdim,
o zaman Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutuna
hər müttəfiq
respublikadan bir nəfər qəbul edilirdi. O da yalnız Mərkəzi Komitənin təqdimatı əsasında
olurdu. Həmin vaxtlarda atam Ənvər Qasımzadə
kifayət qədər
yüksək vəzifədə
idi və o, bu xahişi edə bilərdi. Lakin atam nə etdi?
Səkkizinci sinifdə
oxuyanda məndən soruşdu ki, fikrin nədir, hansı sahə üzrə getmək istəyirsən?
Dedim fikrim diplomat olmaqdır. Atamdan belə cavab eşitdim: "Mən heç kəsə ağız açan deyiləm, sən isə adi qayda
üzrə ora sənəd versən, qəbul olunmaq şansın yoxdur. Fikirləş, seçimini
et və mənə
de". Nə fikirləşim,
dörd tərəfim
memar, evimizə gələnlər memarlar,
atamın kitabxanasının
böyük hissəsi
memarlığa aid kitablar. Mən də fikrimi bildirib dedim ki, memarlıq. O zaman atam Politexnik İnstitutunun (indiki Texniki Universitet) rektoru idi. Dedi ki, rəsm
və rəsmxətt fənlərini əla bilirsən. Həqiqətən
elə idi, bütün sinfimizin rəsmxətdən tapşırığını
mən çəkirdim.
Bunlardan sonra qəbulda riyaziyyat və fizikadan imtahan vardı. Davamında atam dedi ki, bu iki
fəndən sənə
hazırlıq üçün
müəllim tutacağam.
Sabah sən imtahan verəndə üzüm ağ olsun, deməsinlər ki, rektorun
oğludur, qiyməti ona elə-belə yazaq. Dediyi kimi
etdi, uğurla imtahan verib Memarlıq
fakültəsinə daxil
oldum. Amma etiraf edirəm ki, heç zaman heyifsilənmədim. Ömrümün
əlli iki ili memarlıqla bağlıdır. Bu illər
ərzində hər şey olub - uğur da, məğlubiyyət
də, çətinlik
də. Və hər zaman bilmişəm
ki, bu, öz seçdiyim yoldur və nə ilə rastlaşacağamsa,
deməli, qismətim budur.
- Bir peşəkar memarın gözü önündə
Bakı zamanla dəyişə-dəyişə bu günümüzə gəlib çatıb. Hansısa zaman kəsiyinin
Bakısı üçün
yəqin ki, darıxırsınız...
- Bakı üçün həmişə darıxıram.
Antaraktidadan başqa, dünyanın elə bir qitəsi yoxdur ki, orada olmayım. Gözəlliyi
göz qamaşdıran
şəhərlərdən tutmuş Cənubi Afrikaya qədər gedib çıxmışam.
İlk üç gün
maraqlı olur, baxırsan, tanış olursan. Amma dördüncü
gün artıq ürəyim sıxılmağa
başlayır, Bakını
istəyirəm. Nadir hallarda
olub ki, istirahətə
gedim. On gündən artıq qaldığımı
xatırlamıram, qayıdıb
gəlirəm. Bakının
qədim tarixini oxuduğum ədəbiyyatlardan
və bir də gördüklərimdən
bilirəm. Deyə bilərəm ki, 50-ci illərin
Bakısı tamam başqa və fərqli olub. Çünki dövlət
başqa idi - həm siyasi, həm iqtisadi, həm sosial cəhətdən şərait
tamam fərqlənirdi.
Heç vaxt deyə bilmərəm ki, hansı digərindən daha yaxşı idi. Hər zamanın
özünəməxsus mənfi-müsbəti
olub. Elə bu gün də
var. Ümumiyyətlə, məndə
nostalji xasiyyəti yoxdur. Yaşıma baxmayaraq, həmişə
irəli gedirəm və hər zaman gələcəyi fikirləşirəm.
Bir də o var ki, Bakı
ilə genetik bağlılıq olmasa, bu şəhəri ürəkdən, əsl məhəbbətlə sevmək
olmaz.
- Genetik deyərkən...
- Ana tərəfim təmiz içərişəhərlidir. Əmioğlu-əmiqızı olan nənəm və babam İçərişəhərdə
məşhur milyonçu
və xeyriyyəçi
Hacıağa Dadoşovun
nəslindəndir. Özüm
də orada doğulmuşam, müəyyən
müddət İçərişəhərdə
yaşamışam. İçərişəhəri
sevirəm demək azdır, mən oranın xəstəsiyəm.
Qız qalasının
arxasında bir çayçı var, tez-tez
ora gedirəm, özü də təkcə, sanki evimə gəlmişəm.
Orada işləyən
uşaqlar məni görən kimi "dayı-dayı" deyib bilmirlər necə hörmət göstərsinlər.
Bakı dialektində özündən böyüyə
"qədeş" deyə,
müraciət forması
var. Bu gün də İçərişəhərdəki həmyaşıdlarım, bir
qədər kiçiklər
mənə: "Salam, qədeş.
Necəsən, qədeş?
Sözün-qulluğun, qədeş?"
deyəndə, bilirəm
ki, doğma, təbii və səmimi mühitdəyəm və
onu çox sevirəm.
-
60-cı illərdə İçərişəhər
bir sökülmə siyasətilə üz-üzə
qaldı...
- Sovet quruluşunun əsas ideoloji istiqaməti o idi ki,
SSRİ-də yaşayan
millətlərin bir-birindən
fərqliliyini aradan qaldırsın. O dövrdə
eyni tipli layihələr üzrə
yaşayış massivləri
salınmağa başladı,
yəni binalar hamısı bir-birinə bənzədi, hətta kinoteatrlar belə, oxşar idilər. İçərişəhər isə Bakının keçmişini, tarixi mədəniyyətini daima
xatırladan bir məkan idi. O zaman Bakının şəhərsalma
problemlərilə qeyri-azərbaycanlılar
məşğul olurdular.
Şəhərsalma çox
ciddi və ağır bir sahədir. Necə ki, XX əsrin əvvəlində
Bakıda fəaliyyət
göstərən memarlarların
əksəriyyəti əcnəbi
olduğu kimi, o zaman
da elə idi. Məhz bu qeyri-azərbaycanlılar
məsələ qaldırdılar
ki, İçərişəhərin baş planı hazırlanmalıdır. O zaman biz tələbə idik və yadımdadır elə bir baş
plan hazırlandı ki, 22 hektar
olan ərazidə cəmi otuz bina saxlanmalı, qalanları sökülüb
yerində park salınmalı
idi. 60-cı illərin
sonunda Azərbaycana Heydər Əliyev rəhbər təyin edildi. Onun atdığı
ilk addım İçərişəhərlə
bağlı oldu, bu məkana qoruq statusu verildi
və dediyiniz o sökülmə siyasətinin
qarşısı alındı.
Sonralar İçərişəhərdə
aparılan tikintilərlə
bağlı da yəqin
ki, sualınız var.
- Var əslində...
- Bəli, sonrakı illərdə bəzi binalar söküldü, yerində yeniləri tikildi. Lakin tikilən binaların bir-birə olan miqyası saxlanılıb. Bu gün
İçərişəhərdə hündürmərtəbəli, sırf modern binalar yoxdur. Amma əvvəlkilərə
uyğun binalar var və onlar tikilməsəydi,
arada olan boşluqlar nəticəsində
o biri tikililər laxlaya bilərdi, çünki İçərişəhərdəki
evlər bir-birinə bitişikdir. Bu gün İçərişəhər turizmin inkişaf etdiyi bir məkandır,
açıq səma altında muzeydir və ilin istənilən
çağında, istənilən
saatında orada sanki həyat qaynayır. Bu da ölkə
iqtisadiyyatının xeyrinədir.
- On iki il Bakı şəhərinin Baş
memarı olmusunuz. Bu gün Bakı sökülə-sökülə gedir, qurduğu düzənlərini itirən
insanlar oturuşmuş
həyatı olan məhlədən, küçədən
köçürülməklə yanaşı, o yerlərin
sökülməsilə barışa
bilmirlər...
- Əksəriyyətin ağrılı
nöqtəsidir bu. Şəhərlər
də insanlar kimi qocalır. İnsan qocalanda dünyasını dəyişir.
Şəhərlər isə
min illərlə yaşayır,
səbəbi də odur ki, şəhərlər
simasını dəyişmək,
cavanlaşmaq iqtidarına
malikdirlər. Əgər
şəhərlər olduğu
kimi qalsalar, onlar da ölümə məhkum olarlar. Köhnə Qahirəni bu gün misirlilər
ölü şəhər
adlandırır, çünki
orada bir insan belə qalmayıb. Yalnız səfil küçə həyatı yaşayanlar oradakı xarabalıqların
içində daldalanırlar.
Vaxt olub ki, misirlilər dünyasını
dəyişən doğmalarını
öz həyətlərində
dəfn ediblər və nəticədə ölülər diriləri
həmin şəhərdən
didərgin salıb. Əhali oradan çıxıb başqa
yerdə yeni Qahirə
şəhərini salıblar.
Mən istəmirəm
Bakı ölsün.
Bu gün Bakı simasını düşünülmüş
şəkildə, böyük
məhəbbət və
sevgi ilə dəyişməlidir. Elə
binalar var ki, onlar yaşayış üçün
artıq yararlı deyil. Zaman dəyişir, dövran artıq dünənki deyil, insanların baxışı,
dünyagörüşü dar məhəllələr
çərçivəsindən çıxsa da, özləri
oradan çıxmaq istəmirlər. Bu gün
yerli-yersiz tikilən göydələn binaların
aqibətini bir əsrdən sonra nə gözləyir, biz bilmirik. Onlar da zamanla dövrün tələbatına uyğun
hesab edilməyərək
sökülə bilər.
Biz buna inanmaq istəməsək
də, yüzilliklər
öz sözünü
deyir. Yəni şəhərlər dəyişməsə,
gəncləşməsə, insanlar kimi öləcək.
- Bakının haqqında çox danışılan
Baş planı işlənildi, müzakirəyə
çıxarıldı, amma
görünən odur
ki, deyəsən, şəhər
əsasən parklardan
ibarət olacaq...
- Əvvəla, Baş plan kifayət qədər ciddi və mürəkkəb
bir sənəddir. Onu tam başa düşmək üçün
bilavasitə bu işin bilicilərindən
olmalısan. Bakının
Baş planı
"Harada nə olacaq"
sualına cavab vermir və verməməlidir də. Sovet dövründə hazırlanan baş planlar daha dəqiq
və incələnmiş
olurdu. Bilinirdi ki, konkret olaraq harada nə tikələcək. Ona görə
ki, o dövrdə iqtisadiyyat
dövlətə bağlı
idi. Nə əmlak məsələsi
vardı, nə də biznes. Dövlət Plan Komitəsi
görüləcək işləri
əvvəlcədən planlaşdırırdı,
onların yerləri müəyyən edilib layihəsi verilirdi, dövlət də vəsait ayırırdı.
Bəs bu günün mənzərəsindən
baxanda nə görürük? Sosial proqram var, amma əvvəlki kütləvi
yaşayış binalarının
planlı şəkildə
tikilməsi bu gün yoxdur. İndi onları iş adamları əvəz edir, sərmayə qoyub ev tikir,
müxtəlif təbəqədən
olan insanların mənzillə təmin edilməsinə maraq göstərir. O ki qaldı
sualın ikinci hissəsinə, bəli, bu gün Bakıda
sürtətlə yaşıllaşdırma
işləri gedir, sökülən ərazilərin
yerində parklar, xiyabanlar salınır. Bakıda əhalinin sayı qədərindən
artıqdır. Salınan
hər park, əkilən
ağaclar ətraf mühitin sağlamlığı
deməkdir. İnsanlar
həm dincəlir, həm ətraf mühitlə ünsiyyətdə
olurlar. Bunun nəyi pisdir ki?
- Bu gün tez-tez həssas bölgələrimizdə
görünürsünüz...
- Görünürəm ona görə ki, əvvəla, illərlə o yerlərə
həsrət qalmışdıq.
İkincisi də, uzun illərdir rəhbərlik etdiyim
"El&En" inşaat
şirkəti Böyük
qayıdış dövlət
proqramı daxilində
orada işlər görür. İyirmi yeddi il fəaliyyətdə
olan bir inşaat şirkəti öz təcrübəsi və peşəkarlığı
ilə kənarda qala bilməzdi. Bizim tərəfimizdən
Ağdamda iki qəsəbə tam kompleks şəkildə tikilməkdədir - yaşayış
evləri, məktəbi,
xəstəxanası, uşaq
bağçası ilə
birlikdə. Bir qəsəbənin tikintisi
üçün baş
plan təsdiqlənib,
daha iki qəsəbənin baş
planını ilin sonuna qədər tamamlamalıyıq. Bir layihəmiz də Cəbrayılın İranla
sərhəddə yerləşən
Mehdili kəndilə bağlıdır. Onun da baş planı
hazırlanaraq təsdiqlənib.
Tikinti işləri
2027-2028-ci illərə planlaşdırılıb
və gələn il onun işçi
layihəsini hazırlayacağıq.
Ümid edirəm ki, yeni tapşırıqlar
yenə də olacaq. Böyük həvəslə o yerlərə
gedirəm. Həmişə
düşünürdüm ki, görəsən, torpaqların azad olunacağını görmək
mənə qismət olacaqmı? Yaş artdıqca insan Tanrının ona bəxş etdiyi hər günə şükür edir. Televizora heç baxan deyiləm, mənim üçün mütaliə hər şeydən üstündür.
44 gündə televizora
elə yapışmışdım
ki, qopmaq bilmirdim. Yalnız öz kanallarımız vasitəsilə ən kiçik xəbəri belə, ötürməkdən
qorxurdum. Düşmən
o torpaqları elə günə salmışdı
ki, bu vəhşiliklərin
insan əlilə törədildiyinə adamın
inanmağı gəlmirdi.
Olub ki, tədbirlərlə bağlı
gələn qonaqlarımızı
o bölgələrə aparmışam.
Bu yaxınlarda bir neçə dəfə Bakıda olan qonaqlarımızı
oralara aparmaq imkanım olmasa da, "Memar" jurnalında dirçələn
rayon və kəndlərimizin şəkillərini
onlara göstərəndə
heyrətə gəldilər
ki, bütün bu işləri beş ildəmi görmüsünüz? Haqqımız
olan bizə qayıtmalı idi, nə yazıq ki, düşmən buna sülh yolu ilə razılıq
vermədi. Otuz il Ulu öndər,
daha sonra onun davamçısı, ölkəmizin başçısı
qarşı tərəfə
başa sala bilmədilər ki, bizim təklif etdiyimiz sülh onların da xeyrinədir. Beynəlxalq təşkilatların görmək
istədiklərinin hamısı
gözdən pərdə
asmaq idi. Heç kəs heç nə etmək istəmədi. Azərbaycan isə bu illər ərzində
addım-addım irəliləyərək
iqtisadiyyatını qaldırırdı,
hərbi qüvvəsini
dünya səviyyəsinə
qədər çatdıraraq
gücləndirdi və
sonda bu qədər yetər deyərək, məsələsini
özü həll etdi. Azərbaycanın elə ordusu vardı ki, biz nəinki Zəngəzuru, axıra qədər gedib Ermənistanı da ala bilərdik. Amma bizim dövlətimizin
başçısı bütün
dünyaya göstərdi
ki, biz işğalçı
deyilik, torpaqlarımızı
azad edərək özümüzə qaytardıq.
Bununla belə, qarşı tərəf də, dünya da hələ də deyinməyə davam edir. Onlar
deyinməkdə olsunlar,
biz isə öz işini mükəmməl bilən
müdrik dövlət
başçısı ilə
birlikdə inamla irəliləməkdə olaq.
- Elbay Qasımzadənin
uzun illərdir pedaqoji fəaliyyəti də var, yəni
gənclərin əhatəsindədir.
Bir az günümüzün
gənclərindən də
danışaq...
- Adətən yaşlı nəsil gənclərdən gileylənir,
öz gəncliyimizi nümunə çəkərək,
elə narazılıq
edirik onlardan. Bizim dövrümüzdə
dünya da, münasibətlər də,
tələblər də,
baxışlar da başqa idi. Bilik səviyyəmiz, dünyaya baxışımız
indiki gəncliklə müqayisə oluna bilməz. Əgər bu gün mənim
dörd yaşlı nəvəm mobil telefonun xırdalıqlarını
bilirsə, yetişməkdə
olan nəslin gələcəyinə təəccüblənməli
deyilik. Əgər bu gün gənclərdən
gileylənərək desək
ki, sən gərək mənim kimi olasan, deməli,
onların gələcəyini
istəmirik. Çox yaxşı gənclərimiz
var, haqqı danmaq olmaz. Əvvəla,
əminliklə deyə
bilərəm ki, gənclərimiz vətənpərvərdirlər.
Bunu müharibəyə
görə demirəm.
Bu hiss onların
düşüncəsində, dünyaya baxışında
aydın görünür.
Bu günün gənci öz dilində mükəmməl
və səlis danışır, fikir yürüdür. Və bundan əlavə, dünyaya çıxmaq üçün bir neçə xarici dili mütləq şəkildə öyrənir.
Gedir xaricdə təhsil alıb, təcrübə toplayıb
yenidən Vətəninə
qayıdır ki, öyrəndiklərini öz
torpağında inkişaf
etdirsin. Mən bunu təkcə ətrafımda deyil, ailəmin içində də görmüşəm.
Oğlum magistr təhsilini İngiltərədə
aldı, bitirdi, yeddi il qaldı,
sonra dedi ki, qayıdıram Bakıya. Hansı ki yeddi ildən
sonra o, vətəndaşlıq
ala bilərdi. Dedi ki, İngiltərənin
vətəndaşlığı mənə lazım deyil. Böyük nəvəm on dörd yaşından İngiltərədə məktəbdə
oxudu, sonra kolleci bitirdi. Daha sonra Vester
Universitetində təhsil
aldı, magistr dərəcəsini qazandıqdan
sonra qayıtdı Bakıya, çünki Vətəndə yaşamaq
istədi. Budur bizim gənclərimiz və onlarla öyünmək olar.
- Ata yolu
ilə gedən Elbay Qasımzadəni ailəsində yəqin ki, onun davamçısı
var...
- Var... Oğlum
Ənvər Qasımzadənin
oğlu Elbay Qasımzadə hazırda Memarlıq fakültəsində
oxuyur.
- Bakıya olan sevginizin bir adı olmamış deyil...
- O sevginin adı Vətəndir... Şair necə deyib? "Vətəni sevməyən
insan olmaz. Olsa da, ol şəxsdə
vicdan olmaz".
SÖZARDI:
Qazaxıstanın Oş
vilayətində Yeni yol
qəsəbəsi var və
əhalisi azərbaycanlılardan
ibarətdir. Həmin qəsəbədə Altı
evlər adlı bir küçə var, Sovetlərin köçürülmə
siyasəti dövründə
Azərbaycandan bu çöllüyə sürgün
edilənlərin hamısı
o zaman bu ərazidəki
altı baraka yerləşdirilib.
Zaman keçib, insanlar
yavaş-yavaş özlərinə
güzəran qurub, qəsəbə salsalar
da, həmin barakları
qoruyub saxlayaraq, küçəyə Altı
evlər adını verib. Həmin küçəni və o
barakları 1992-ci ilin
fevral ayında görmüşəm. Yəni...
Tamilla M-ZADƏ
525-ci qəzet 2025.- 18 oktyabr
(№190).- S.16;17